Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Heç şübhəsiz, gələcək İslamındır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə səfərinin dördüncü günü Gilan-e Qərb şəhərinin mömin, mübariz və sədaqətli əhalisi ilə görüşün rayihəsinə büründü. Gilan-e Qərb əhalisindən ibarət izdihamlı kütlənin qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei mübariz İran xalqının nümayəndələrini, xüsusilə də gəncləri “milli və dini qürurun, şərəf və heysiyyətin sərhədlərini qoruyan ayıq-sayıq müdafiəçilər” adlandırdı. Amerikanın son zamanlar İran İslam Respublikasına qarşı səsləndirdiyi terrorizm ittihamlarına toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düşmən İran xalqını təkləmək, iranafobiyanı yaymaq üçün dəridən-qabıqdan çıxır. Buna baxmayaraq, eynilə bu vaxta qədər olduğu kimi, xalqlarda Amerika dövlətinə qarşı sonsuz nifrətin yaranmasından, İran xalqının qürur dolu şüarlarına qarşı isə sevgi və marağın artmasından başqa heç bir şey əldə edə bilmir”.

Bu gün (şənbə günü) səhər Gilan-e Qərb şəhidlərinin adını daşıyan stadionda baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər şəhərin əziz və qeyrətli əhalisinin Səddam Hüseyn rejiminin hücumları dövründə nümayiş etdirdiyi möhtəşəm mətanətin bu məntəqənin gəncləri üçün qürur mənbəyi olduğunu bildirdi. 8 illik Məcburi Müharibə dövründə Gilan-e Qərbə və ətraf məntəqələrə dəfələrlə səfər etdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu regionun gəncləri bilməlidirlər ki, onlar  Müqəddəs Müdafiədə qəribliyin sıxıntısını yaşamaqla yanaşı, şücaət və qəhrəmanlıq göstərmiş ailələrdə böyüyüb boya-başa çatıblar. Bu, həqiqətən, qürur mənbəyidir və regionda dəyərli mənəvi-insani potensialın mövcud olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei hazırkı dövrü “milli qürur və heysiyyətin, möhkəm dini əqidənin müqəddəs müdafiəsi dövrü” adlandıraraq dedi: “Ölkənin və xalqın hərbi müdafiəsi dövrünü yaşamamış bütün qız və oğlanlar, kişi və qadınlar hal-hazırda məhz həmin milli əhval-ruhiyyə ilə əzəmətli iranlı-müsəlman şərəf  və heysiyyətimizin iftixar dolu müdafiə meydanlarında öhdələrinə düşən rolu ifa etməlidirlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Müqəddəs Müdafiə illəri ilə bağlı dolğun xatirələrin qorunub saxlanması milli kimliyin qorunmasına təsir edən effektiv amillərdən biridir. Ali Məqamlı Rəhbər Gilan-e Qərb şəhərindən olan cəsur bir müsəlman qadınının o dövrdə düşmən hərbçilərindən bir qrupunu məhv edib, əsir götürməsini ehtiramla yad edərək dedi: “Gilan-e Qərb, Qəsr-e Şirin, İslamabad və Sərpol-e Zəhabdakı, habelə ölkənin digər məntəqələrindəki əhalinin mübarizliyi ilə bağlı xatirələrin qorunması milli kimliyin qorunmasında o qədər əhəmiyyətlidir ki, görkəmli şəxsiyyətlər, elm xadimləri, fəal və düşünən insanlar bu işdə məsuliyyət hiss etməlidirlər”.

“Mübariz və qəhrəman İran xalqının müsəlman kimliyini inkar etmək, İslam Respublikasını təkləmək imperialist blokunun arasıkəsilməz hücumlarının ən mühüm hədəfidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika, Avropa və onlardan asılı olan ölkələr İran xalqını müqavimətini qırmaq üçün özlərini oda-közə vururlar. Bu reallıq göstərir ki, əziz xalqımızın uca amallar üzərində möhkəm durmasının tarixi dəyəri hansı həddədir”.

Həzrət Ayətullah Xamenei beynəlxalq sionist şəbəkəsindən asılı olan kütləvi informasiya vasitələrində son günlər İranın terrorizmi himayə etməsi ilə bağlı yer alan qalmaqallı informasiyaya toxunaraq bunu “qlobal istibdadçıların ardıcıl surətdə həyata keçirdiyi məkrli planların daha bir halqası” adlandırdı. O, əlavə etdi: “Onlar bir neçə iranlıya qarşı mənasız və absurd ittihamlar irəli sürməklə bəhanə tapmağa, İran İslam Respublikasını terrorun müdafiəçisi kimi siyasi-təbliğat hücumlarına məruz qoymağa çalışırdılar. Lakin bu plan da baş tutmadı və tutmayacaq! Eynilə digər tədbirləri kimi, faydasız və təsirsiz qalacaq, təsəvvür etdiklərinin əksinə olaraq, onların özlərinin daha da çox təklənməsi ilə sonuclanacaq!”

Dünya və regiondakı reallıqlara toxunan Ali Məqamlı Rəhbər Amerika hökumətinin dünya xalqlarının gözündə təkləndiyini, ən mənfur dövlətə çevrildiyini qeyd etdi. O dedi: “Amerikanın hazırkı prezidenti iki il öncə region ictimaiyyətinin fikrini azdırmaq üçün Misirdə yaltaq-yaltaq danışdı. Bu gün isə həmin ölkədə və regionun digər ölkələrində camaat Amerika əleyhinə şüarlar səsləndirir”.

Amerika prezidentinin region xalqlarından qorxduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu insan hətta ABŞ və NATO qüvvələrinin işğalı altında olan Əfqanıstana səfər etdikdə belə, Baqram aviabazasından çıxmadı, Kabilə getməyə cürət etmədi. Çünki xalqların arasında təklənərək gözdən düşüb və onlardan qorxur”.

“Wall Street” hərəkatının Amerikanın müxtəlif şəhərlərinə yayıldığını qeyd edən Ali Məqamlı Rəhbər bu ölkənin rəsmilərinə xitabən aşağıdakıları vurğuladı: “Siz hətta öz xalqınızın arasında da təklənmisiniz və camaatın əksəriyyətindən qorxursunuz. Bununla belə, mənasız sözlərlə iranafobiyanı yaymaq istəyirsiniz?”

İran xalqının mətinliyini yüksək dəyərləndirərək təqdir edən Həzrət Ayətullah Xamenei imperializmin başçılarına aşağıdakıları xatırlatdı: “Yadda saxlayın ki, İran İslam Respublikası məzlum xalqların tərəfindədir, zalımlara qarşıdır, onlarla mübarizə aparır. Sizin hegemonluğunuza və tamahkarlığınıza qarşı bütün varlığı ilə müqavimət göstərəcək və heç bir amalından geri durmayacaq!”

Xalqların İran İslam Respublikasının şüarlarını maraqla qarşılayaraq dəstəklədiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Günü-gündən artan bu sevgi və marağın müqabilində Amerika rəsmiləri yüzdə bir faizli azlığın dəstəyindən yararlanırlar. Onların bu status və mövqeyi İran İslam Respublikasınınkından 180 dərəcə fərqlənir”.

Ölkə gənclərinə bu yüksək statusun, böyük potensialın qədrini bilməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkəmiz əziz gənclərimizə aiddir. Gənc və dinamik nəsil elm və texnologiya meydanlarında, həmçinin digər sferalarda mümkün qədər daha geniş iştirak etməli, düşmənin müdaxiləsinə qarşı sayıqlıqla mübarizə apararaq İranın parlaq gələcəyi üçün hazırlaşmalıdırlar”.

Ali Məqamlı Rəhbər son dərəcə böyük əhəmiyyətə malik olan Orta Şərq regionunda islami oyanış hərəkatının günü-gündən genişləndiyini qeyd edərək vurğuladı: “Ölkəmizin dərrakəli gəncləri İslam dinini bəşəriyyətə maddi və mənəvi cəhətdən nicat verəcək bir amil kimi qorumalıdırlar. Çünki heç şübhəsiz, gələcək İslamındır!  İnşallah, İslam bayrağı bütün regionun başı üzərində dalğalanacaq və region xalqlarını birləşdirən qüdrətli, yumruq kimi möhkəm və nüfuzlu bir birlik yaradacaq!”

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətində geniş və münasib zəminin mövcud olduğuna toxunaraq vilayətdə işsizlik səviyyəsinin yüksək olduğunu qeyd etdi. O dedi: “Dövlət vilayətdəki problemlərin həlli üçün öz imkanlarından istifadə edərək tədbirlər görməlidir. Həmçinin əziz gənclərimiz də işsizliyin sosial nəticələrinə, o cümlədən narkomaniya və əxlaqsızlığa qarşı mübarizə aparmalıdırlar”.

Görüşün əvvəlində Gilan-e Qərbin imam-cüməsi Ali Məqamlı Rəhbəri salamlayıb ona təşəkkür etməklə yanaşı, vilayət əhalisinin Məcburi Müharibə illərindəki parlaq mübarizə keçmişinə toxunaraq dedi: “Vilayət əhalisinin rəşadət salnaməsində 100 nəfəri qadın və azyaşlı uşaq olmaqla 750 şəhidin, 2300-dən artıq əlilin və azadə statuslu insanın adı yazılıb”.

Çıxışının davamında Höccətül-İslam Rizvani gənclərin işsizlik probleminin, suvarma suyunun çatışmazlığı ilə bağlı problemin aradan qaldırılmasının, mədəniyyət sahəsinə diqqət yetirilməsinin vacibliyini qeyd edərək rəsmilərin vilayətə daha artıq diqqət ayırmasını xahiş etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /