Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasına hücum etməyin xərci və itkiləri böyükdür!

Bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İİR Ordusunun Quru Qoşunlarının 81-ci zirehli briqadasının qarnizonunda Kirmanşah vilayətində yerləşən hərbi və polis birləşmələrinin birgə paradı keçirildi.

81-ci zirehli briqadanın qarnizonuna daxil olan Ali Baş Komandan əvvəlcə şəhidlərin xatirə abidəsini ziyarət etdi. “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olmuş insanların xatirəsini yad edən Həzrət Ayətullah Xamenei Uca Yaradandan onlara dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.

Daha sonra Ali Baş Komandan meydanda təntənəli surətdə düzülmüş birləşmələrin önündən keçərək onları salamladı. Mərasim zamanı çıxış edən Ali Baş Komandan ötən 30 il ərzində İran İslam Respublikasının qüdrətinin gün-gündən  artdığına toxunaraq vurğuladı ki, bu gün İran xalqı, İslam Respublikası quruluşu və onun Silahlı Qüvvələri region xalqları arasında nüfuz və ehtirama malikdir.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperialist dövlətlərin iranafobiya və islamafobiyanı dünyada genişləndirmək istiqamətində göstərdikləri səylərin əsas səbəbi İran İslam Respublikasının nüfuz və iqtidarının regionda gün-gündən artmasıdır. O dedi: “Çaşqın və əlacsız vəziyyətdə olan Qərb siyasətçiləri öz səfeh və kəsərsiz metodlarını yenidən təkrarlasalar belə, bu, heç bir nəticə verməyəcək və onlar məğlubiyyətin acısını bir daha dadmalı olacaqlar”.

Ali Baş Komandan əlavə etdi: “İmperialist Amerika rejimi öz yanlış siyasi fəaliyyətinin nəticəsi olan problemlərin girdabına düşüb”.

Ali Məqamlı Rəhbər aşağıdakı fikri də vurğuladı: “Amerikanın bu girdablardan, həmçinin Əfqanıstanda üzləşdiyi problemlərdən xilas yolu  hansısa maddi metodlar, təkəbbürlü davranışlar və təcavüzkar əhval-ruhiyyə yox, İran İslam Respublikasının rəhbər tutduğu metod – yəni məntiq, ağıl və mənəviyyatdır”.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin özünəməxsus üstün keyfiyyətlərə malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün sferalarda inkişaf və tərəqqinin qarantı olaraq təhlükəsizliyin qorunması və canını fəda etmək üçün möhkəm imana sahib olma İİR Silahlı Qüvvələrinin iki təqdirəlayiq keyfiyyətidir”.

Səddam Hüseyn rejiminin, onu himayə edən dövlətlərin, o cümlədən “böyük Şeytan” olan ABŞ-ın 8 illik Məcburi Müharibədə məğlubiyyətə uğradıqlarına toxunan Ali Məqamlı Rəhbər dedi: “İran xalqının Məcburi Müharibədə müqavimət göstərərək qalib gəlməsi bütün dünyaya sübut etdi ki, İran İslam Respublikasına hücum etməyin xərci və itkiləri böyükdür”.

Ali Baş Komandanın çıxışından öncə Ordunun Quru Qüvvələrinin komandanı briqada generalı Purdəstan bu qüvvələrdə struktur və təşkilat, insan resursları və təchizat baxımından dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutan layihəyə toxunaraq dedi: “Quru Qüvvələrində struktur dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutan layihənin icra mərhələsinə artıq start verilib. Yüksək rütbəli kadrlara ardıcıl olaraq təlim kurslarının keçilməsi, hərbi birləşmələrin yerli istehsala aid olan, ən yeni təchizatlarla təmin olunması prioritet məsələlər sırasındadır”.

Quru Qüvvələrinin Qərb məntəqəsi üzrə qərargahının komandanı ikinci ranq briqada generalı Mənuçehr Kazemi də Quru Qüvvələrinin məntəqədə yerləşən hərbi birləşmələrinin hazırlığı haqda məlumat verdi.

Mərasimin sonunda meydandakı hərbi birləşmələr Ali Baş Komandanın önündən paradla ötüb keçdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /