Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı bəsici psixologiyası sayəsində dünyanın iqtidar zirvələrini fəth edəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 3-cü günündə – bu gün səhər vilayətin minlərlə vüqarlı və cəsur bəsicisi ilə görüşdü. Görüş bəsicilərin İslam İnqilabına və dini rəhbərliyə sevgi və sədaqəti ilə dolu bir atmosferdə keçdi. Ali Məqamlı Rəhbər görüş zamanı bəsicin nədən doğduğu, bu qüvvələrin özünəməxsus xüsusiyyətləri haqda danışdı. O, bəsic dəstələrinin təşkil edilməsini İmam Xomeyninin (r.ə) qalıcı və möcüzəvi təşəbbüslərindən biri kimi xarakterizə edərək bildirdi ki, İslam dövlətinin inkişaf kursunun davam etdirilməsi, qarşıya çıxan maneələrlə mübarizə üçün ölkənin bütün sferalarında bəsici psixologiyasına ehtiyac duyulur. Ali Məqamlı Rəhbər vurğuladı: “Ölkənin bütün başlıca sahələrində bəsic əhval-ruhiyyəsini gün-günüdən artırmaq və genişləndirmək lazımdır. Allahın lütfü ilə, İran xalqı məhz bəsici psixologiyası sayəsində dünyanın iqtidar zirvələrini fəth edəcək!”

İnqilab Keşikçiləri Korpusunu “İnqilabın kökü üzərində göyərmiş bar-bəhərli bir budaq” – adlandıran Həzrət Ayətullah Xamenei bəsicin misilsiz və müstəsna bir hadisə kimi, İslam İnqilabının ümumi prosesləri fonunda necə formalaşdığını izah edərək dedi: “Hər bir hərəkatın gedişində onun hədəflərinə uyğun qurumlar və leksikon formalaşır. Eynilə İslam İnqilabından sonra da dahi İmam Xomeyni (r.ə) bəsic dəstələrinin təşkilinə təşəbbüs göstərməklə gələcəkdə ortaya çıxacaq ehtiyacları nə qədər uzaqgörənliklə hiss etdiyini göstərdi”.

İslam dövlətinin uca amallarına, bu dövlətin imperializmin əleyhinə çıxmasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Belə bir dövlət quruluşu, sözsüz ki, daim müxtəlif maneə və qarşıdurmalarla üzləşəcək. Məhz buna görə də İmam Xomeyni (r.ə) ölkənin daimi müdafiə hazırlığının dayaqlarından biri kimi, bəsicin əsasını qoymuş və elə o zaman buyurmuşdu ki, hansısa ölkədə 20 milyon insan müdafiə hazırlığına malik olsa, heç bir dövlət onun üstünə tamah dişini qıcıya bilməz və həmin ölkə məğlubedilməz olar!”

1979-cu ildə sayı 20 milyon nəfər nəzərdə tutulan bəsicin sıralarında hal-hazırda 10 milyonlarla insanın yer aldığını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, hərbi və müdafiə məsələləri bəsicin yalnız bir aspektidir və bu qurum elm, novatorluq və təşəbbüskarlıq kimi müxtəlif aspektləri də ehtiva edir”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) 1988-ci ildə tələbələrdən ibarət bəsic dəstələrinin təşkili ilə bağlı verdiyi sərəncama toxunaraq qeyd etdi ki, bu, ölkə universitetlərində və teoloji mərkəzlərdə bəsici psixologiyasına ehtiyac duyulduğunu göstərir. O dedi: “Təşəbbüskarlıqla yanaşı olan sevgi, iman və özünəinam bəsici psixologiyasının müxtəlif sferalarda özünü büruzə verən ən mühüm xüsusiyyətləridir. Bu keyfiyyətlər həm müdafiə, həm də siyasət və idarəetmə müstəvisində böyük səmərə verə bilər”.

Ali Məqamlı Rəhbər müdafiə müstəvisində komandanlıq, təşkilatçılıq, döyüşçülük və silahlanma işindəki təşəbbüskarlığın əhəmiyyətinə toxunaraq əlavə etdi: “Siyasi müstəvidə də cürbəcür fitnə və hiylələrin qarşıya çıxa biləcəyi, geniş bir sfera olan  diplomatiya  sferasında təşəbbüskarlıq yüksək səmərəliliyə malikdir. Müdrik, uzaqgörən və təşəbbüskar bir diplomat olmaq üçün isə bəsici psixologiyasına malik olmaq şərtdir”.

Bəsici psixologiyasının əhatə dairəsinin geniş olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bəsici psixologiyası elmi inkişaf, iqtisadiyyat və milli sərvətin istehsalı, siyasət, administrasiya və təşkilatçılıq kimi müxtəlif sferalara şamil oluna bilər”.

Ali Məqamlı Rəhbər bildirdi ki, işində ixlaslı olmaq və ad-san üçün çalışmamaq bəsici psixologiyasının digər qabarıq xüsusiyyətlərindəndir. O, əlavə etdi: “Sadalanan kriteriləri əks etdirən bəsici psixologiyası ölkənin bütün sferalarında özünü qabarıq surətdə göstərə bilər. Əlbəttə, bu, bəsicin müdafiə hazırlığı aspektinin kölgədə qalması anlamında deyil”.

Ali Məqamlı Rəhbər İran xalqının 32 illik müqavimətinə, bu xalqa xas islamçı və inqilabçı təfəkkürün tədricən regionda özünü büruzə verməsinə, habelə dünyanın qüdrətli dövlətlərinin daim ona qarşı məkrli planlar hazırlamasına toxunaraq dedi: “Qəti qələbəyə çatana qədər, sözsüz ki, maneə və qarşıdurmalar olacaq. Buna görə də İslam dövləti bacarıqlı, ayıq-sayıq, möhkəm və işə keçməyə daim hazır olan bir müdafiə qüvvəsinə həmişə ehtiyac duyur. Həmin qüvvə məhz müdafiə müstəvisindəki bəsici əhval-ruhiyyəsidir”.

“Səbir, dözüm və Allahın verdiyi qələbə vədinə inam haqq cəbhəsinin qələbəsinin başlıca amilləridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müdafiə, asayiş qoruyuculuğu, dövlət idarəçiliyi və diplomatiya sferalarında bəsici psixologiyasının varlığı bu qələbəni sürətləndirəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dininin dəyişməz prinsiplərinin müdafiəsi bəsicin ən mühüm vəzifələrindəndir. O vurğuladı: “İnqilabın və İslam dövlətinin ümumi hərəkatında bəsic müvəqqəti rol oynamır.  Əgər inqilabın və İslam rejiminin düzgün kursundan sapınmalar müşahidə olunsa, bəsic buna qarşı mübarizə aparacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, qanunlara və inzibati normalara sadiqlik bəsici olmağın və bəsici psixologiyasının zəruri şərtidir. O vurğuladı: “Bəsic və bəsicilər qanuna riayət etməlidir. Lakin digər tərəfdən bəsicin əl-ayağını bağlayan, bəsici psixologiyasının genişlənməsinin qarşısını alan qanun-qaydalar varsa, qanunda dəyişiklik etmək səlahiyyətinə malik olan şəxslər bu maneələri aradan qaldırmalıdırlar”.

Ali Məqamlı Rəhbər gənclərə, xüsusilə də bəsic sıralarında olan gənclərə dini biliklərini dərinləşdirməyi, ətraf mühitə təsir güclərini artırmağı, mənəvi əlaqələrini gücləndirməyi tövsiyə edərək dedi: “Bugünkü gənc nəslimizin İslam ideologiyasına və dini dəyərlərə bağlılığı inqilabın ilk illərində olduğundan daha böyük və dərindir”.

Həzrət Ayətullah Xamenei müsbət cəhətləri, əldə olunmuş nailiyyətləri görməməzliyə vuran, yalnız bəzi nöqsan və çatışmazlıqları görən şəxsləri tənqid edərək dedi: “Bu, yanlış bir metoddur. Əlbəttə, müəyyən nöqsan və çatışmazlıqlar var, lakin onları görmək çıxış yolu axtarmaq məqsədi daşıyırsa, bunu işlərin düzgün istiqamətdə getməsinin göstəricisi kimi qəbul etmək lazımdır”.

“Ölkəmizin gələcəyi düşmənlərin, qərəzli və bədxah insanların arzusunun tam əksinə olaraq, çox aydın olacaq!” –  deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu günə qədər İslam İnqilabı uğurla inkişaf edib. İran xalqının göz önündə olan təcrübələri, mövcud reallıqlar və 32 il ərzində əldə olunmuş diqqətəlayiq nailiyyətlər buna sübutdur”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İnqilabın irəliyə doğru hərəkəti və inkişafı problem və çətinliklərin mövcud olmadığı demək deyil. Lakin hal-hazırda müxtəlif sahələrdə qazanılmış böyük təcrübə var və bu təcrübə irimiqyaslı və digər sferalara rəhbərlik edən kadrlar üçün ilhamverici ola bilər”.

Görüşün əvvəlində İslam Peyğəmbərinin (s) adını daşıyan korpusun bir neçə bəsici idmançısı qədim idman növlərini və pəhləvan hərəkətlərini nümayiş etdirdilər.

Görüş əsnasında həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı briqada generalı Cəfəri ölkənin qərb regionunda yerləşmiş bütün korpus birləşmələrinin yüksək müdafiə hazırlığına malik olduqlarını bildirərək dedi: “Yarım milyon bəsici dini biliklərini dərinləşdirməklə yanaşı, hərbi və ideoloji təhdidlər qarşısında möhkəm bir qala tək durub”.

Peyğəmbəri-Əkrəm (s) adına Korpusun komandanı II ranq briqada generalı Əzimi də Ali Baş Komandanı salamlayaraq komandanlıq etdiyi korpusun müdafiə hazırlığı haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /