Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fədakarlıq psixologiyası olmadan heç bir cəmiyyət əzəmət və iftixara nail ola bilməz!

Bu gün (cümə axşamı) səhər – Ali Məqamlı Rəhbərin Kirmanşaha səfərinin ikinci günündə şəhid ailələri, əlil və veteranlar şəhidlərin rayihəsi, etdikləri fədakarlığın əziz xatirəsi ilə dolu bir atmosferdə Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Mərasim zamanı Ali Məqamlı Rəhbər şəhid ailələri, əlil və veteranlarla keçirdiyi görüşlərin ən möhtəşəm görüşlərdən olduğunu bildirərək vurğuladı: “Fədakarlıq psixologiyası hər bir ölkəyə və xalqa nicat bəxş edən bir psixologiyadır. Fədakarlıq psixologiyasına malik olmadan heç bir cəmiyyət əzəmət və iftixara nail ola bilməz”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, yaşadığın anın tələbini dərk etmək və həmin anda öhdənə düşən vəzifəyə əməl etmək fədakarlıq psixologiyasının aspektlərindən biridir. O dedi: “Şəhid və veteranların müdrikliyi, yaşadığı anın tələbini dəyərləndirmə bacarığı möcüzəvi bir iksirdir. Ölkəmiz bu iksirə böyük bir ibrət dərsi kimi ehtiyac duyur”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, cəmiyyətdə qəflətin,  yaşanan anın tələbini dərk etməmə hallarının özünü büruzə verməsi insanın varlığındakı əzəmətli potensialdan istifadə olunmamasının nəticəsidir. O dedi: “Hər bir xalqın qürur və heysiyyətinin möhkəm bir divarla mühafizə olunması, ölkəsinin məkrli planlardan xilas olması həmin xalqın müdrikliyindən, ona müdrikliklə rol ayrılmasından asılıdır”.

Ali Məqamlı Rəhbər aşağıdakı fikri də vurğuladı: “İranın dövlət quruluşu İslam dininə əsaslanan xalq hakimiyyəti anlamını verən İslam Respublikası quruluşudur. Xalqın bütün sferalarda, həqiqətən, həlledici rola malik olması, camaatın potensialından formal yox, real istifadə bu quruluşun zəruri tələbidir”.

Şəhid ailələrinin, əlil və veteranların səbir və uzaqgörənliyini yüksək qiymətləndirərək təqdir edən Həzrət Ayətullah Xamenei dedi: “Səbir və uzaqgörənlik insanı zirvələrə çatdıran yeganə amillərdir. Bu iki yüksək keyfiyyətə malik olan bir xalq, sözsüz ki, hədəflərin, habelə o hədəflərə aparan kursun müəyyən olunmasında tərəddüd və çaşqınlığa düçar olmaz”.

Mərhum İmam Xomeyninin (r.ə) uzaqgörənliyini xatırladan Ali Məqamlı Rəhbər dedi: “Hər bir şeyin zahirən ümidsiz və qeyri-mümkün göründüyü anlarda İmam Xomeyni (r.ə) ümiddən, tərəqqi və müvəffəqiyyətdən danışırdı. Sonda isə ümidini üzənlərin hamısı bu sözlərin gerçəkləşdiyinin şahidi oldu”.

Proseslərin daha da mürəkkəb xarakter aldığını qeyd edən Ali Məqamlı Rəhbər müdrikliyin, öhdəsinə düşən vəzifəni lazımi anda dərk etmənin son dərəcə zəruri olduğunu bildirərək vurğuladı: “Allahın lütfü sayəsində, bu gün məsuliyyətli, mömin və prinsipial İran xalqının müdrikliyi və uzaqgörənliyi, uca amallara sədaqəti çox yüksək səviyyədədir”.

Görüşün əvvəlində vilayətdə yaşayan şəhid ailələrindən, əlil və veteranlardan, şəhid övladlarından, Müqəddəs Müdafiədə iştirak etmiş qəhrəman döyüşçü və komandirlərdən bir neçəsi Müqəddəs Müdafiə savaşı və şəhidlərin məqamı ilə bağlı ürək sözlərini dilə gətirdilər, bu mövzuya həsr etdikləri şerləri oxudular.

Görüş əsnasında Şəhid Ailələri, Əlil və Veteranlarla İş üzrə Fondun sədri cənab Zəribafan da Kirmanşah vilayətinin şəhidləri, əlil və veteranları haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /