Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şiə-sünni ixtilafının yaradılması İslamı zəiflətmə metodlarından biridir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə günü) Kirmanşah vilayətinin şiə və sünni təriqətli din alimləri, ruhaniləri, habelə din elmlərini öyrənən tələbələri ilə görüşdü. Ali Məqamlı Rəhbər son dövrdə regionda həyata keçirilmiş hərəkatlardan sonra İslama 3-cü meyllənmə dalğasının müşahidə olunduğuna, Qərbdə baş qaldırmış antikapitalizm hərəkatına toxunaraq qeyd etdi ki, bu şəraitdə ruhanilərin boynuna ikiqat artıq vəzifə düşür. O vurğuladı: “İslam Respublikasının marksizmin heç bir nəticə verməyəcəyi barədə dediyi sözlər bu gün gerçəkləşib. Eynilə kapitalist quruluşu haqda verdiyi analoji proqnoz da gerçəkləşməkdədir. Bu şəraitdə din alimləri və ruhanilər güclü, günün tələblərinə uyğun olan rasional əsaslardan istifadə edərək İslamın köklü və məntiqi təlimlərini bütün dünyada artmaqda olan din aşiqlərinə təqdim etməlidirlər”.

Ali Məqamlı Rəhbər ruhanilərə yeni, daha çətin meydanlara daxil olmaq üçün elmi və mənəvi cəhətdən hazırlaşmağı tövsiyə edərək dedi: “İşin çətinliyindən qorxmaq lazım deyil. Əksinə, həmişə zahirən qeyri-mümkün görünən işlərin arxasınca getmək lazımdır”.

“İran İslam İnqilabının, həmçinin müasir dövrün ən böyük inqilabı olan Misir inqilabının qələbəsi zahirən qeyri-mümkün görünən hadisələrdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dini təbliğ edən ruhanilər öhdələrinə düşən vəzifələri yerinə yetirərkən qarşıya böyük məqsədlər qoymalıdırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, böyük hədəflər meydanına daxil olmağın vacib şərtlərindən biri də İslam dininə düşmən olan qüvvələrin müxtəlif hücum metodlarına qarşı mübarizəyə hazırlaşmaqdır. O vurğuladı: “Bu gün dinin əleyhinə olan qüvvələr İslama hücumlar etmək, gənclər arasında şübhə və tərəddüd toxumu səpmək üçün modern texniki vasitələrdən və proqram təminatlarından istifadə edirlər. Bütün bunlara qarşı mübarizə aparmaq üçün gənc nəslin tələblərinə cavab verən üsul və metodlardan istifadə etmək lazımdır”.

“Şiə və sünnilər arasında ixtilafın yaradılması İslamı zəiflətmək üçün istifadə olunan metodlardan biridir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Şiə və sünni alimləri məkrli planlara qarşı son dərəcə ehtiyatlı olmalı, birgə toplantılar keçirib, bir-biri ilə əməkdaşlıq etməklə dinə müxalif qüvvələrə  qarşı mübarizə yollarını axtarıb tapmalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şiə və sünni alimlərin öhdəsinə düşən vəzifələrdən biri də təkfirə – ayrı-ayrı şəxslərin kafir elan edilməsinə qarşı mübarizə aparmaqdır. O, dini təbliğ işində ruhanilərin öhdəsinə düşən daha bir önəmli vəzifəyə toxunaraq dedi: “Təbliğatın ən yaxşı metodu auditoriyaya bələd olmaq, onun ehtiyac duyduğu mətləbləri müasir dildə çatdırmaqdır”.

Qarşındakı insanın təfəkkürünün ən dərin qatlarına təsir etmək üçün İslam təlimlərini sübutlarla əsaslandırılmış və məntiqi formada təqdim etmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Ruhanilərin daha bir vəzifəsi ictimai proseslərdə iştirak etməkdir. Bu iştirak daim etik çərçivədə olmalı, nəsihət, yol göstərmə xarakteri daşımalıdır”.

Dünyada müşahidə olunmuş İslama meyllənmə dalğalarını üç mərhələyə bölən Ali Məqamlı Rəhbər dedi: “İslama birinci meyllənmə dalğası İslam İnqilabının qələbəsi ilə başladı. İkinci dalğa isə marksizm quruluşunun süqutundan sonra start götürdü”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sön dövrdə regionda baş qaldırmış xalq hərəkatları, Qərb ölkələrinin əhalisində kapitalizm quruluşuna qarşı pessimist yanaşmanın özünü büruzə verməsi İslama doğru üçüncü meyllənmə dalğasıdır. O vurğuladı: “Belə bir həssas və taleyüklü şəraitdə müsəlman ruhaniləri elm və mənəviyyat silahı ilə silahlanmalıdırlar ki, müqəddəs kitabdan və Peyğəmbər (s) sünnəsindən istifadə edərək dini təlimləri rasional və dərk olunacaq bir formada müasir nəslə təqdim edə bilsinlər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /