Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasında əsas rolu xalqın iradəsi və əzmi oynayır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Kirmanşahın Azadlıq meydanında bu şəhərin minlərlə əhalisi ilə izdihamlı bir şəraitdə görüş keçirdi. Öz mühüm çıxışı əsnasında Ali Məqamlı Rəhbər İslam Respublikasında əsas meyar kimi, xalqın rolu, mövqeyi, ictimai-siyasi proseslərdə iştirakı və əzmi haqqında ətraflı danışdı. O həmçinin müxtəlif xarakterli qarşıdurmalarda xalqın böyük imkan və potensialından istifadə etmənin effektindən, elm, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sferalarındakı yüksək templi inkişafdan da söz açdı.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hər bir ictimai dəyişiklik və hərəkatın uğuru və miqyası daim həmin hərəkatın xalqla əlaqəsindən, camaata nə dərəcədə yaxın olmasından asılıdır. O, əlavə etdi: “Müasir İran tarixində konstitusiyalı quruluşa keçmə və neft sənayesinin milliləşdirilməsi ilə bağlı iki praktika mövcuddur. Xalqın əvəzsiz rolu bu tarixi təcrübələrdən hər ikisinin ilkin uğurunda effektiv amil olmuşdur. Lakin bu iki proses xalqdan uzaqlaşdığına görə sonda onlar Rzaxan diktaturasının hakimiyyətə gəlməsi və 28 mordad çevrilişi ilə sonuclandı”.

Ali Məqamlı Rəhbər dedi: “İran tarixində İslam İnqilabı kimi ikinci elə bir hadisə yoxdur ki, xalq onun qələbəsində və davam etdirilməsində müstəqim və başlıca rola malik olsun”.  

“İslam İnqilabının ən mühüm xüsusiyyəti budur ki, onun qələbəsindən sonra xalqın rolu yekunlaşmadı” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabının qələbəsindən sonra xalqın rolu və iştirakının davam etdirilməsi İmam Xomeyninin (r.ə) hikmətinin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi idi. O, İran xalqını düzgün qiymətləndirmiş və ona inanmışdı. Xalqın bacarığına və böyük əzminə etimad bəsləyirdi”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabından sonra qısa zaman ərzində İmam Xomeyninin (r.ə) atdığı müdrik addımlara, o cümlədən hökumət quruluşunun müəyyən edilməsi, Xubriqan Məclisinin təşkili, konstitusiyanın təsdiqlənməsi və ilk prezidentin seçilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi tədbirlərinə ötəri nəzər salaraq aşağıdakıları vurğuladı: “Ötən 32 il ərzində Rəhbərlik, Xubriqan Məclisinin üzvləri, ölkə prezidenti, parlament nümayəndələri və islami şuraların üzvləri də  daxil olmaqla İslam dövlətinin bütün rəsmiləri daim xalqın rəyi və seçimi əsasında təyin olunublar”.                                  

O, əlavə etdi: “Ötən 32 ildə hökumət başına müxtəlif siyasi təmayüllü, hətta dövlətin prinsip və əsaslarından yayınmağa meylli olan şəxslər də gəlib. Lakin İslam dövlətinin möhtəşəm insan potensialı səbirsizliyə yol vermədən bütün bu prosesləri arxada qoyub. Bunun başlıca səbəbi isə məhz xalqın iştirakı və imanı, xalqın İslam dövlətinə sədaqət və bağlılığıdır”.

İslam Respublikasının uca amallarına, beynəlxalq imperializm və ədalətsizliyə müxalif olmasına, düşmənlərin bu quruluşun əleyhinə iş aparmasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Belə bir quruluş varlığını qoruyub saxlamaq, öz yoluna davam etmək istəyirsə, onun böyük insan potensialına və qüvvəsinə ehtiyacı var. Bu prinsipi isə İmam Xomeyni (r.ə) öz müdrikliyi sayəsində İslam təlimlərindən əxz etmişdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Respublikası bu müdrikliyə, habelə xalqın imanı, əzmi, ictimai-siyasi proseslərdə iştirakı kimi möhkəm bir dayağa söykənərək müxtəlif xarakterli qarşıdurmalardan qalib çıxıb və Allahın lütfü sayəsində, gələcəkdə də istənilən qarşıdurmada qələbə qazanacaq.

Çıxışının davamında Ali Məqamlı Rəhbər İslam dövlətinin xalqa arxalanaraq qalib çıxdığı bəzi qarşıdurmaları qeyd etdi.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin inqilabın qələbəsinin ilk illərində üzləşdiyi qarşıdurmalardan biri kimi, 8 il davam etmiş Məcburi Müharibəni qeyd etdi. O dedi: “Müqəddəs Müdafiəni idarə edən xalq oldu və İslam dövləti xalqın imanı, sevgisi və saf niyyəti sayəsində, bu qeyri-bərabər müharibədə qalib gələ bildi”.

O vurğuladı: “Müqəddəs Müdafiə dövründə baş vermiş təqdirəlayiq və gözəl hadisələri gənc nəsil üçün yenidən xatırlatmaq məqsədəuyğundur”.

Ali Məqamlı Rəhbər inqilabın qələbəsinin ilk illərindən etibarən düşmənlərin İran əleyhinə tətbiq etdiyi iqtisadi sanksiyaları İslam dövlətinin üzləşdiyi daha bir qarşıdurma kimi dəyərləndirərək dedi: “İqtisadi sanksiya və təzyiqlər İran xalqı üçün yeni bir məsələ deyil. Çünki İslam dövləti xalqın, xüsusən də gənclərin səbir və uzaqgörənliyi sayəsində, bütün bu məhdudiyyətlərdən bir fürsət kimi istifadə edə, novatorluq və təşəbbüs meydanlarında böyük nailiyyətlər əldə edə bilib”.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin üzləşdiyi mürəkkəb qarşıdurmalara misal olaraq, 1378-ci il tir ayının 18-də (1999, 9 iyul) və 1388-ci ildə (2009) Tehranda törədilmiş fitnələri xatırlatdı. O dedi: “Xalqın iştirakı həmin iki fitnəni də məğlubiyyətə düçar etdi. Belə ki 18 tir fitnəsindən 5 gün sonra ölkədə möhtəşəm 22 tir hərəkatı reallaşdı. 2009-cu ildə baş verən iğtişaşlar zamanı isə Aşuradan iki gün sonra xalqın möhtəşəm və misilsiz 9 dey hərəkatı başladı”.

Ali Məqamlı Rəhbər nüvə məsələsini İslam dövlətinin üzləşdiyi, lakin rəsmilərin xalqın gücünə və dəstəyinə arxalanaraq düşmənin təhdidləri qarşısında müqavimət göstərməyə müvəffəq olduğu mürəkkəb qarşıdurmalardan daha biri adlandırdı.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın, xüsusən də gənclərin həlledici rol oyandığı son dərəcə mühüm sferalardan biri də əldə olunmuş elmi-texnoloji tərəqqidir. O, əlavə etdi: “Bu gün iranlı gənclər ölkənin hər yerində, xüsusilə də strateji elmi mərkəzlərdə elmi-texnoloji baxımdan böyük işlər həyata keçirirlər. Bu işlər İran xalqında özünəinamın artması və ölkə iqtisadiyyatının rövnəqlənməsi üçün zəmin yaradır”.

Çıxışının bu qismini yekunlaşdıran Həzrət Ayətullah Xamenei iki mühüm məqamı qeyd etdi: 1. Qərb siyasətçiləri İran İslam Respublikasındakı reallığı, yəni xalqın ictimai-siyasi proseslərdə iştirakını və həlledici rolunu qəbul etməlidirlər; 2. Ölkə rəsmiləri xalqın möhtəşəm potensialından, təşəbbüs əzmindən və iştirakından bütün sferalarda istifadə etməlidirlər;

Ali Məqamlı Rəhbər imperializmin siyasi liderlərinə müraciətlə dedi: “İranı bəzi başqa ölkələrlə qarışdırmayın. Çünki müsəlman İranında xalqın iradəsi və əzmi əsas rola malikdir və camaatın İslam İnqilabında özünəməxsus payı var”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Buna görə də bütün dünya bilsin ki, əgər bizim ölkəmizdə hər hansı bir dövlət rəsmisi doğru yoldan sapınmaq, İslam İnqilabını başqa kursa yönəltmək istəsə belə, xalq onu kənarlaşdıracaq!”

“Kirmanşah əhalisinin bugünkü görüşdə böyük sevgi və canlanma ilə iştirak etməsi xalqın İslam dövlətinə arxa və dəstək olduğuna bir nümunədir” – deyən Həzrət Ayətullah Xamenei bu möhtəşəm iştiraka görə əhaliyə təşəkkürünü bildirərək əlavə etdi: “Mən əhalinin belə qarşılama mərasimləri ucbatından əziyyət çəkməsinə razı deyiləm”.

Ali Məqamlı Rəhbər həmçinin vəzifəli şəxslərə xitabən aşağıdakıları dedi: “Rəsmilərin xalqın potensialını dəyərləndirərək bəhrələndiyi bütün sferalarda İslam dövləti uğur və qələbə qazanıb. Xalqın iştirakı üçün rəsmilər tərəfindən lazımi zəminin hazırlanmadığı bütün sferalarda isə uğursuzluqlar özünü büruzə verib”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mühüm olan odur ki, rəsmilər səriştə, diqqət və təşəbbüskarlıqla müxtəlif sferalarda xalqın iştirakının formul və modelini tapa bilsinlər”.

Qarşıdakı onilliyin “Tərəqqi və ədalət onilliyi” adlandırılmasına, hökumətin makrosiyasətlərinin “20 illik perspektiv plan” çərçivəsində müəyyən olunmasına, 44-cü maddənin və 5 illik planın realist yanaşmaya əsaslanan siyasətlərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu hədəflərin reallaşmasında xalqın iştirakı üçün zəmin yaradılsa, onlar nəzərdə tutulduğundan daha tez nəticə verər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın müxtəlif sferalarda, xüsusən də iqtisadiyyat və istehsalatda iştirakı üçün rasional modellərin müəyyən edilməsi rəsmilərin öhdəsinə düşən bir vəzifədir. O vurğuladı: “Qanunverici, icraedici və məhkəmə hakimiyyətləri xalqın iştirakı üçün zəmin yaratmalı, camaatın, xüsusən gənclərin qüvvə və enerjisindən istifadə etməlidirlər”.

Həzrət Ayətullah Xamenei belə bir məqamı da rəsmilərin diqqətinə çatdırdı ki, xalqın iqtisadiyyat və istehsalat sferalarında istənilən iştirak mexanizmi şəffaf olmalıdır.

Rəsmilərə xalqın qədrini bilməyi, saf ilahi niyyətlə xidmət etməyi tövsiyə edən Ali Məqamlı Rəhbər camaatın onlardan gözlədiyi addımlara da toxundu: “Rəsmilərin, xüsusən də yüksək vəzifə postu tutan şəxslərin öz aralarında birlik və əməkdaşlığı, diqqətin ölkənin prioritetləri üzərində cəmlənməsi, ikinci dərəcəli, kənar məsələlərə önəm verilməməsi, ardıcıl fəaliyyət və səy göstərilməsi, doğruculluq, verilən vədlərə vaxtında əməl edilməsi, münaqişələrdən uzaq olma, düzlük və etimad, xain qanun pozucularına qarşı mübarizə, işsizlik probleminin həlli, istehsalatın, kənd təsərrüfatı və sənayenin gücləndirilməsi xalqın rəsmilərdən gözlədiyi əsas tədbirlərdir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Haradasa vəzifəli şəxslər müəyyən işin öhdəsindən gələ bilməsələr və bunu səmimi surətdə xalqa etiraf etsələr, camaat onlara heç bir şey deməz. Xalq o zaman narazı qalır və narahat olur ki, qanun pozuntularına qarşı mübarizədə və ədalətə riayət olunmasında səhlənkarlığa yol verilir”.

Maliyyə və administrasiya məsələlərində korrupsiyaya qarşı qətiyyətli və tədbirli şəkildə mübarizə aparmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Sevindirici haldır ki, son zamanlar ortaya çıxmış bank korrupsiyası olayı ilə bağlı üçlü hakimiyyət qüvvələri bir-biri ilə müsbət əməkdaşlıq edirlər. Sözügedən olay son nəticə hasil olana qədər araşdırılmalı, kimliyindən asılı olmayaraq, qanunu pozan şəxs barəsində ölçü götürülməlidir ki, başqalarına ibrət olsun”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, korrupsiyaya qarşı mübarizədə başlıca şərt onun qarşısını öncədən almaqdır. O dedi: “Hər hansı bir səbəbdən korrupsiyanın qarşısının alınmasında səhlənkarlığa yol verilibsə və bu mənfi hal ortaya çıxıbsa, sonrakı mübarizə tədbirləri ciddiyyət və ardıcıllıqla aparılmalıdır”.

Həzrət Ayətullah Xamenei xalqın mühüm arzu və istəkləri sırasında İslam mədəniyyətinə riayət olunması, inqilabi dəyərlərin qorunub saxlanması kimi məsələlərin də yer aldığını dedi. O vurğuladı: “Xalqın böyük əksəriyyəti cəmiyyətdə İslam dinini atributlarına və İslam mədəniyyətinə riayət olunmasını istəyir. Rəsmilər bu məsələyə ciddi diqqət yetirməlidirlər”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər bu ilin isfənd ayında ölkədə baş tutacaq parlament seçkilərinə toxunaraq qeyd etdi ki, xalqın siyasi proseslərdə iştirakının təzahürü olan seçki ölkəyə yeni ruh bəxş edir. O, əlavə etdi: “Bütün dövrlərdə seçkilər xalqımız, ölkəmiz və dövlətimiz üçün böyük bir nailiyyət olub. Məhz buna görə də düşmən daim ölkəmizdə seçkilərin baş tutmaması, yaxud zəif keçməsi üçün çalışıb”.

İslami Şura Məclisinin ölkədə mühüm qərarlar verən əsas mehvər kimi, yüksək mövqeyə malik olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Seçkidə iki mühüm məqama diqqət yetirilməlidir: 1. Xalqın yüksək səviyyəli, genişmiqyaslı iştirakı; 2. Qanunçuluq və xalqın rəyinə hörmətlə yanaşma;”

1388-ci (2009) ildə seçki sonrası baş vermiş iğtişaşlara toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “O fitnəni körükləyənlərin əsas günahı qanuna və xalqın seçiminə qarşı dözümsüzlük nümayiş etdirmələri idi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, budəfəki seçkidən sonra da hər hansı bir narazılıq ortaya çıxsa, bunu ifadə etməyin qanuni yolu məlumdur.

Deputat seçkilərinin mühüm bir məsələ olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Camaata can yandıracaq, mömin, işinə maraq göstərən, var-dövlət və hakimiyyətə bağlı olmayan, vicdanla, dinə, öhdəsinə düşən inqilabi vəzifələrə uyğun fəaliyyət göstərəcək bir insanı millət vəkili seçmək lazımdır”.

Ali Məqamlı Rəhbər həmçinin regionda gedən son proseslərə və Amerikada baş qaldırmış “Wall Street” hərəkatına toxunaraq dedi: “Misir, Tunis, Liviya, Bəhreyn, Yəmən və digər bölgələrdə baş qaldırmış hərəkatların əsas görünən tərəfi Amerikanın siyasətlərinin regionda iflasa uğramasıdır”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Əlbəttə, amerikalılar regionda gedən dəyişikliklər üzərində kontrolu ələ almaq üçün çox çalışırlar. Lakin xalqlar artıq oyanıblar və imperializmin siyasətləri heç bir nəticə verməyəcək”.

İran xalqının regionda gedən dəyişikliklərə qarşı mühüm məsuliyyət daşıdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı son zamanlar regionda baş qaldıran hərəkatlar üçün örnək rolunu oynamış bir faktor kimi, bu hərəkatların istiqamətləndirilməsində böyük təsirə malikdir. İran xalqının tərəqqisi, təhlükəsizliyi, hamılıqla iştirakı, milli özünəinam əhval-ruhiyyəsi, sözsüz ki, bu proseslərə müsbət və inkişaf etdirici təsir göstərəcək”.

Amerikada baş qaldırmış “Wall Street”  hərəkatına toxunan Ali Məqamlı Rəhbər bunun mühüm bir məsələ olduğunu deyərək əlavə etdi: “Amerika rəsmiləri əvvəlcə bu hərəkatı kiçik bir etiraz dalğası kimi qələmə verməyə çalışsalar da, hal-hazırda həqiqəti etiraf etməyə məcbur olublar”.

Amerika rəsmilərinin və mediasının “Wall Street” etiraz hərəkatı ilə bağlı bir neçə həftə susub, heç bir açıqlama vermədiklərini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Söz azadlığı iddiasında olanlar bu etiraz hərəkatının baş qaldırdığını etiraf etməyə məcbur olduqdan sonra ona qarşı kəskin tədbirlərə başladılar. Bununla da kapitalizm və liberal demokratiya sistemindəki söz azadlığı, bəşər hüquqlarının müdafiəsi və ictimai azadlıq prinsiplərinin gerçək mahiyyətini nümayiş etdirdilər”.

Həzrət Ayətullah Xamenei Amerikada bir neçə min nümayişçinin yazdıqları bəyannamələrdə özlərini Amerika xalqının 99 faizli əksəriyyəti adlandırdıqlarına toxunaraq dedi: “Amerika xalqı, əslində, onun kapitalını, ödədiyi vergiləri Əfqanıstan və İraqda gedən müharibələrə, sionist rejiminin dəstəklənməsinə xərcləyən 1 faizli azlığın 99 faizli əksəriyyət üzərindəki hakimiyyətinə etiraz edir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Amerika administrasiyası bu etiraz hərəkatını zor gücünə yatıra bilər, lakin onun köklərini məhv edə bilməz”.

Həzrət Ayətullah Xamenei dedi: “Gələcəkdə bu hərəkatın kökləri o qədər şaxələnəcək ki, Amerika və Qərbdəki kapitalizm sisteminin axırına çıxacaq”.

Ali Məqamlı Rəhbər İngiltərədə nümayişçilərə qarşı kəskin tədbirlər görülməsini bəşər hüquqlarının müdafiəsi və azadlıq iddiasında olanların hərəkətlərinə daha bir nümunə adlandırdı.

“Kapitalizm sisteminin bugünkü reallıqları Qərb kapitalizminin yolu ilə getmək istəyənlər üçün ibrət dərsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kapitalizm sistemi hər tərəfdən dalana dirənib. Qərbin böhranı tam olaraq başlayıb!”

Həzrət Ayətullah Xamenei dedi: “Dünya həssas və tarixi bir etapı yaşamaqdadır. İran xalqı və digər müsəlman xalqları bu etapda həlledici rol oynaya, İran İslam dövləti örnək olduğunu sübuta yetirə bilər”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər Kirmanşah vilayətinin insan potensialı, təbii resursları və coğrafi mövqeyi baxımından ölkənin seçilən vilayətlərindən biri olduğunu qeyd etdi. Vilayət əhalisinin comərdlik, şücaət, sədaqət və qəhrəmanlıq kimi gözəl keyfiyyətlərə malik olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Vilayətdə fərqli ləhcələrdə danışan, müxtəlif məzhəblərə qulluq edən etnosların həmrəylik və tolerantlıq şəraitində yaşaması Kirmanşah əhalisinin təqdirəlayiq keyfiyyətlərindən biridir”.

Kirmanşah əhalisinin Müqəddəs Müdafiədə mübarizlik nümayiş etdirməklə oynadığı mühüm rola toxunan Ali Məqamlı Rəhbər həmçinin vilayətdə görkəmli elm, din, ədəbiyyat, incəsənət və idman xadimlərinin varlığını, Kirmanşah qadınlarının  təqdirəlayiq rolunu da qeyd etdi. O vurğuladı: “Yalnız bir vilayət istisna olunmaqla, İranın heç bir vilayətində, yaxud şəhərində şəhid və əlil qadınların sayı Kirmanşahda olduğu qədər deyil”.

Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinin digər özəllikləri sırasında buranın əlverişli təbii şəraitini, bol yerüstü sularını, münbit əkinçilik sahələrini, turizm imkanlarını və ölkənin mühüm iqtisadi mərkəzlərinə yaxınlığını qeyd etdi. O dedi: “Bu əlverişli göstəricilərə baxmayaraq, Kirmanşah vilayətində bir sıra problemlər var. Əlbəttə ki, bu problemlərin başında işsizlik durur”.

Ali Məqamlı Rəhbər vurğuladı ki, rəsmilər Kirmanşah vilayətinin problemlərinin aradan qaldırılması üçün bütün səy və əzmlərini səfərbər etməlidirlər.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi və Kirmanşahın imam-cüməsi Höccətül-İslam vəl-muslimin Oləma Həzrət Ayətullah Xameneini salamladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /