Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı və rəsmiləri böyük hədəfə aparan çətin bir yola çıxıblar!

“Tərəqqi, nüfuz və iftixar zirvələrinə yetişmək üçün İranın ölkəsini və xalqını sevən, xalqının milli qüruru və müqəddəratı haqqında ürək yanğısı ilə düşünən elm xadimlərinə ehtiyacı var” – Ali Məqamlı Rəhbərin bu gün səhər 2 saatdan artıq müddət ərzində görüşüb fikir mübadiləsi apardığı yüzlərlə gənc elm xadiminə verdiyi başlıca tövsiyə bu oldu.

Görüş zamanı əvvəlcə universitetləri təmsil edən gənc elm xadimlərindən 12 nəfəri təxminən 1 saat 45 dəqiqə ərzində ölkənin elmi ictimaiyyətinin elm, ali təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət və sosial vəziyyətlə bağlı rəy və görüşlərini ifadə etdi.

Elm xadimlərini dinləyib, bəzi məqamları özü üçün qeyd edən Həzrət Ayətullah Xamenei üzünü həm siyasət, həm də elm və mədəniyyət xadimləri daxil olmaqla ölkənin ziyalı ictimaiyyətinə tutaraq aşağıdakı mühüm məqamı onların diqqətinə çatdırdı: “Hər bir ziyalı xadim ölkəsinə və xalqına mənəvi bağlılıq hissi ilə öz fəaliyyət sferasında çalışıb fədakarlıq etməlidir. Çünki ölkəsinin və xalqının müqəddəratına ürək yanğısı ilə yanaşmadan heç bir ziyalı xadim yaşadığı cəmiyyətə real və həlledici təsir göstərə bilməz”.     

Keçmişdə və müasir dövrdə rast gəlinmiş bəzi faktları xatırladan Ali Məqamlı Rəhbər qeyd etdi ki, dinə əsaslanmayan hakimiyyətin nəticəsi yalnız zülm və vəhşilikdir. O, aşağıdakı reallığı vurğuladı: “Təlatümlərlə dolu müasir dünyada varlığını qorumaq, dünyanın güc mərkəzlərinin hərbi-kəşfiyyat, eləcə də ideoloji və mədəni-əxlaqi hücumlarından müdafiə olunmaq istəyən hər bir xalq fikrini və əzmini, əsasən, ölkəsinin və xalqının tərəqqi, nüfuz və iftixarına yönəltmiş ziyalı xadimlərə ehtiyac duyur. İnsanda belə bir mənəvi duyğunu tam dərinliyi ilə yarada biləcək amil isə imandır”.

“İran xalqının son 33 il ərzində əldə etdiyi tərəqqi və nailiyyətlər ziyalı xadimlərin imanından, ölkəyə bəslədikləri sevgi və bağlılıqdan qaynaqlanır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yadellilərin hərtərəfli təzyiqlərinə baxmayaraq, müxtəlif sferalarda şəhid Şəhriyari kimi yüzlərlə görkəmli ziyalı xadim və şəxsiyyət fədakar əməklə, böyük və qalıcı işlər həyata keçirməklə məşğuldur”.    

Ali Məqamlı Rəhbər elm sahəsində xarici ölkələrlə qarşılıqlı münasibətlərə “Yox!” deməyin tamamilə qəbuledilməz olduğunu bildirərək əlavə etdi: “Dəfələrlə dediyimiz kimi, biz elmi bilikləri əldə etmək üçün kiminsə şagirdi olmağa hazırıq, lakin həmişə şagird olaraq qalmamalıyıq. Əksinə, İran xalqı elə bir mövqeyə yetişmək istəyir ki, özü nələri isə başqalarına öyrətsin”.  

Pəhləvi hakimiyyəti dövründə siyasətçilərin və hökumət adamlarının Qərbin qarşısında həqarət və alçaqlıq hissi duyduqlarına toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar mədəniyyət və məfkurə baxımından parlaq keçmişə, möhtəşəm potensiala malik olan İranı Qərbin qarşısında bir heç hesab edirdilər. Lakin İslam İnqilabı bu gerilikçi təfəkkür tərzini darmadağın etdi və hal-hazırda ölkəmiz diqqətəlayiq nailiyyətlər əldə edib. İnşallah, ziyalı ictimaiyyətimizin və ümumilikdə xalqımızın məsuliyyət hissi, əzm və iradəsi sayəsində, daha böyük nailiyyətlərə imza atacağıq”.   

Çıxışının davamında Ali Məqamlı Rəhbər hökumət rəsmilərini elmin inkişafına, elmi innovasiyalara mümkün qədər daha çox sərmayə qoymağa çağıraraq dedi: “Son dərəcə zəruri olan bu məsələ universitetlərdə, elmi mərkəz və qurumlarda idarəçiliyin keyfiyyət baxımından yüksəldilməsi ilə müşayiət olunmalıdır ki, öz parlaq nəticələrini versin”.              

Universitetlərlə sənaye sektoru arasında əlaqələrin qurulması məsələsinə də toxunan Həzrət Ayətullah Xamenei hökumət tərəfindən elmi-tədqiqat mərkəzlərinin yaradılması və genişləndirilməsi istiqamətində fəaliyyət proqramlarının işlənib hazırlanmalı olduğunu vurğulayaraq dedi: “Bu tip mərkəzlər sənaye sektorunun innovasiyalara və keyfiyyət artımına olan ehtiyacını təmin edə bilər. Eyni zamanda bu, universitetlərdə aparılan elmi işlərə də qarşılıqlı olaraq canlanma və dinamiklik bəxş edəcək”.

Bəzi sektorlarda kifayət qədər keyfiyyətli daxili məhsulun istehsal olunduğunu qeyd edən Ali Məqamlı Rəhbər bildirdi ki, hökumət orqanlarının xarici məhsulun lüzumsuz idxalından çəkinməsi olduqca zəruri bir məsələdir. O, əlavə etdi: “Ölkə başçısı hökumət strukturlarına müvafiq göstəriş verməlidir ki, həmin sektorlar üzrə qətiyyən xarici məhsul alınmasın”.

Ali Məqamlı Rəhbər son dərəcə zəruri olan digər məqamlar sırasında bunları da qeyd etdi ki, hökumət müxtəlif orqan və bankları daxili istehsalçılara dəstək olmağa vadar etmək istiqamətində tədbirlər görməli, həmçinin kənd təsərrüfatı sektorunu daha geniş himayə etməlidir.

Elmi məqalələrin nəşrində kəmiyyət, bəzən isə keyfiyyət baxımından müşahidə olunan artımın onu sevindirdiyini bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məqalələrin sayının artırılması qarşıya məqsəd qoyulmamalıdır. Əsas prinsip məqalələrin keyfiyyəti, bundan daha önəmlisi isə onların ölkənin ehtiyaclarının təmin edilməsi istiqamətinə yönəldilməsi olmalıdır”.

“İranın qəlbi stimul dolu, imanlı, işə daim hazır olan gəncləri tərəqqi və inkişaf üçün dəyərli bir sərmayədir” – deyən Ali Məqamlı Rəhbər gənc elm xadimlərinin çıxışlarında müəyyən iradların qeyd olunmasını müsbət qarşıladığını bildirərək əlavə etdi: “İran xalqı və rəsmiləri böyük hədəfə aparan çətin bir yola çıxıblar. Bu yolda müəyyən zəif məqamların, yaxud nöqsan və çatışmazlıqların özünü büruzə verməsi təbiidir. Lakin əsas hədəfə, inkişafın davamına aparan yolda bu tip məsələlər ucbatından heç vaxt büdrəmək lazım deyil”.

Həzrət Ayətullah Xamenei gənc xadimlərdən birinin: “Mədəniyyət sahəsində qərar qəbul etmək səlahiyyətinə malik strukturlarda gənc xadimlərin də təmsil olunması, müəyyən rol oynaması üçün şərait yaradılmır” – deyə səsləndirdiyi fikirlərə toxunaraq aşağıdakıları vurğuladı: “Bu istək məntiqə uyğundur. Gənclərin müəyyən sferalarda iştirakı, sözsüz ki, işlərin irəli getməsinə böyük təsir göstərər. Lakin gənclərin fəlsəfi-ideoloji, diskurs formalaşdırıcı təsiri əməli iştiraklarından daha əhəmiyyətlidir. Çünki bu, rəhbər işçilərin və rəsmilərin diqqətini gənclərin önəm verdiyi istiqamətə yönəldəcək”.

Dönə-dönə vurğulandığına baxmayaraq, azad fikir klublarının yaradılması istiqamətində lazımi qədər səy göstərilməməsini tənqid edən Ali Məqamlı Rəhbər dedi: “Azad fikir klublarında iştirak edən gənclər düşünmək, öz ideyalarını yazıda əks etdirməklə ideoloji atmosfer yaratmalıdırlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Son illər həyata keçirilən elmi hərəkat, elmi tərəqqinin cəmiyyət üçün bir dəyərə çevrilməsi ötən on ildən də artıq müddət ərzində ölkədə elmi diskursun formalaşmasının nəticəsidir”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei səylərinə və həyata keçirdikləri müsbət tədbirlərə görə ölkə başçısının elm və texnologiya məsələləri üzrə müavinliyinə və Görkəmli Xadimlər Milli Fonduna qədirdanlığını bildirərək əlavə etdi: “Görkəmli xadimlərlə bağlı milli sənədin işlənib hazırlanması mühüm və vacib məsələlərdən biridir. Çünki bu sənəd istedadların üzə çıxarılmasının, gələcəyin görkəmli xadimi kimi yetişdirilməsinin yolunu, bu statusu qazandıqdan sonra gələn mərhələləri müəyyən edəcək”.

Ali Məqamlı Rəhbər sözügedən sənədin ən qısa zamanda təsdiq olunacağına və icrasına start veriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşün əvvəlində Gənc Xadimlər Qurultayının tərkibindəki 5 komissiyasının aşağıda adları qeyd olunan sözçüləri yüzlərlə tələbə və universitet müəlliminin qurultayda toxunduğu mövzular haqqında qısaca məlumat verdilər:

- Doktor Nima Rzayi – Tehran Universiteti nəzdindəki Tibb Elmləri İnstitutunun Elmi Şurasının üzvü, Səhiyyə Komissiyasının sözçüsü;

- Seyid Səid Sərəfraz – 86-cı olimpiadanın qızıl medalçısı, Enerji Komissiyasının sözçüsü;

- Həsən Nikayin – Kompüter Bilikləri Olimpiadasının gümüş medalçısı, Sənaye Komissiyasının sözçüsü;

- Doktor Əlirza Şayəstə – Ümumdünya Kimya Olimpiadasının qızıl medalçısı, Humanitar Elmlər Komissiyasının sözçüsü;

- Səid Salehipur – Tələbələr arasında keçirilən riyaziyyat üzrə olimpiadanın qızıl medalçısı, Dəqiq Elmlər Komissiyasının sözçüsü;

Görüşün bu qismində başlıca olaraq, görkəmli xadimlərin yetişdirilməsi, müxtəlif səviyyəli idarəetmə strukturlarına, ölkədə gedən dəyişiklik və islahatların tənzimlənməsi prosesinə cəlb olunması kimi məsələlərə toxunuldu. Gənc Xadimlər Qurultayının sözçüləri idarəetmə ilə bağlı bir tənqidi və bir müsbət məqamı da qeyd etdilər. Onlar təkbaşına idarəetmə sistemini əsas götürən, görkəmli şəxsiyyətlərə lazımi səviyyədə əhəmiyyət verməyən rəhbər işçiləri tənqid, hamılıqla məsləhətləşməni, gənc xadimlərdən istifadəni öz idarəetmə sistemində rəhbər tutan məsul şəxsləri isə təqdir etdilər.

5 komissiya üzvünün müştərək surətdə vurğuladıqları daha bir məqam ölkədə müxtəlif sferalarla bağlı müfəssəl planın işlənib hazırlanmasına duyulan ehtiyac oldu.

Görkəmli Xadimlər Qurultayının yekunları ilə bağlı həmçinin aşağıdakı məsələlər də vurğulandı:

- Görkəmli xadimlərin cəmiyyətə təsir gücünü və örnək olma imkanlarını nəzərə alaraq onlarla bağlı mədəni təbliğat işinin aparılmasının əhəmiyyəti:

- Görkəmli xadimlərin qlobal yanaşmaya və ölkədəki şəraitin düzgün dərkinə paralel diqqət yetirməsinin vacibliyi;

- Elmi əsaslı şirkətlərin problemlərinin həlli;

- İdeya müəllifi olan elm xadimləri ilə icra və sənaye strukturları arasında əlaqələrin qurulması;

- İnkişafın və yüksək texnologiyanın başlıca dayağı kimi, dəqiq elmlərə daha artıq diqqət yetirilməsinin vacibliyi;

- Güclü istedada malik şəxslərin elmi cəhətdən təkmilləşməsi üçün ölkədə lazımi imkanların yaradılması;

- Görkəmli Xadimlər Milli Fondunun bəzi nöqsanlarının, o cümlədən görkəmli xadimlərin yetişdirilməsində yol verilən nöqsanların tənqidi;

- İncəsənət sferasında, o cümlədən kino sahəsində cəmiyyətə örnək ola biləcək, sağlam yerli nümunələrin formalaşdırılmasının vacibliyi;

Qurultayın yekunları qeyd olunduqdan sonra görüşdə çıxış etmək arzusunda olan 100 nəfərin içərisindən seçilmiş daha 7 nəfər gənc xadim müxtəlif mövzularla bağlı rəy və görüşlərini ifadə etdilər:

- Mehtab Türk Bayat – İncəsənət müsabiqəsinin üçüncüsü, İncəsənət fakültəsinin bakalavr pilləsinin tələbəsi;

- Seyid Məhəmmədəmin Ağamir – Fizika olimpiadasının üçüncüsü, Şərif Sənaye Universitetinin marketinq ixtisası üzrə magistri;

- Cəfər Həsəni – Pedaqoji Universitetin doktorantura birincisi;

- Azita Bilali Oskuyi – Xarəzmi və Farabi festivallarının laureatı, Təbriz Universitetinin Elmi Şurasının üzvü;

- Mirhadi Rəhqoşayi – Fizika olimpiadasının qızıl medalçısı, Şərif Sənaye Universitetinin tələbəsi;

- Xədicə Müzəffəri – Hüquq olimpiadasının üçüncü yer sahibi, Tehran Universitetinin tələbəsi;

- Nasir Səbağniya – Aqrar mühəndislik üzrə birinci yerin sahibi;

Görüşün bu hissəsində gənc ziyalıların toxunduğu məsələlər ali təhsil, elm, mədəniyyət, ictimaiyyət, siyasət və iqtisadiyyat sferaları daxil olmaqla geniş dairəni əhatə edirdi.

Gənc xadimlərdən bir neçəsinin sosial-mədəni sfera ilə bağlı qeyd etdiyi məsələlər sırasında incəsənət fakültələrində köhnə, əksəriyyət etibarilə qərbyönlü dərslərin keçilməsinin tənqidi, mədəniyyət sferasını idarə edən strukturlarda, xüsusilə də Ali Mədəni İnqilab Şurasında gənc ziyalılardan istifadənin, şəhərlərin ümumi dizaynında İran-İslam memarlığına diqqət yetirilməsinin vacibliyi yer alırdı. Gənc ziyalılar həmçinin universitetlərlə teoloji mərkəzlər arasında qarşılıqlı əməkdaşlığın azlığı, tədqiqatlara və elmi məqalələrə kəmiyyət baxımından yanaşmanın hakim olması, universitetlərlə sənaye sektoru arasında əlaqələrin zəifliyi, daxili məhsula icraetmə, mədəniyyət və iqtisadiyyat baxımından zəif dəstək verilməsi kimi məsələlərə də toxundular. Onlar həmçinin məhkəmə işlərinə daha sürətlə baxılmasını təmin etmək məqsədilə ədliyyə sistemində islahatların aparılması üzrə tədqiqat kafedralarının yaradılması, dövlətin əkinçilik sektoruna daha böyük diqqət ayırması ilə bağlı istək və təkliflərini də bildirdilər.

Ölkə başçısının elm və texnologiya məsələləri üzrə müavini xanım Dr. Soltanxah da görüş əsnasındakı çıxışında bunları dedi: “Görkəmli Xadimlər Milli Fondunun gördüyü işlər sırasında icraedici strukturlara istedadlı ziyalı qüvvəsinin cəlb olunması və həmin strukturlarda onlardan istifadə ilə bağlı nizamnamənin hazırlanaraq təsdiq edilməsini, gənc xadimlərin əməkdaşlığa cəlb olunması işini həyata keçirəcək şuranın təşkilini, gənc elm xadimlərinin elmi əsaslı biznes fəaliyyətinə qoşulmasını təmin etmək üçün zəmin yaradılmasını, gənc elm xadimlərinin təhsillərini ölkədə davam etdirmələri üçün şərait yaradılmasını, doktoranturada təhsil almaq üçün onlara kreditlərin ayrılmasını qeyd etmək olar”.

Görkəmli Xadimlər Milli Fondunun sədri həmçinin gənc xadimlərlə bağlı strateji sənədin hazırlanma mərhələsində olduğu haqda da məlumat verərək dedi: “Bu milli sənədin hazırlanması prosesi son mərhələdədir. Sənəd hazır olan kimi, Ali Mədəni İnqilab Şurasına təqdim olunacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /