Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Builki həcdə düşmənin ümmətin içərisinə ixtilaf salmaq planları daha qabarıq olacaq!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə bu gün səhər baş tutan görüşü zamanı qeyd etdi ki, həcc İslam ümməti ilə ünsiyyətə girmək, mənəvi cəhətdən bəhrələnmək üçün olduqca dəyərli bir fürsətdir. Həcc ziyarəti zamanı düşmənlərin ixtilaf salmağa, islami oyanış dalğasına qarşı mübarizə aparmağa çalışacaqlarına toxunan Həzrət Ayətullah Xamenei bildirdi ki, bu kimi planlara qalib gəlməyin yeganə yolu qəlblərin bir-birinə yaxınlaşması, həmrəyliyin gücləndirilməsidir. Çıxışının davamında Ali Məqamlı Rəhbər həmçinin ölkədə son zamanlar bankçılıq sahəsində təzahür etmiş korrupsiya hallarına toxunaraq qeyd etdi ki, bu kimi sui-istifadə hallarına Rəhbərliyin bir neçə il öncə iqtisadi korrupsiyaya qarşı mübarizə  ilə əlaqədar təkidlə verdiyi tövsiyələrə məsul şəxslərin əməl etməməsi səbəb olmuşdur. O vurğuladı: “Ədliyyə orqanlarında çalışan məsul şəxslər olayı ciddi, dəqiq və tədbirli surətdə araşdırıb, lazımi informasiyanı xalqa çatdıraraq xain əlləri kəsməlidirlər”.

Həzrət Ayətullah Xamenei həcc ziyarətini İslam dininin başlıca simvollarından biri, yer üzünün əzəmət, qüdrət, gözəllik və kərəm mərkəzində verilən ilahi ziyafət kimi xarakterizə edərək dedi: “Ümumi və beynəlxalq miqyaslı bir mərasim olan həcc ziyarəti çərçivəsində milliyyət, etnik mənsubiyyət və məzhəb fərqi qoymadan həmrəyliyin, islami bağların möhkəmləndirilməsinə ciddi diqqət yetirmək, bu şansdan qəlblərin daha da yaxınlaşması naminə istifadə etmək lazımdır”.

“Builki həccin bariz xüsusiyyətlərindən biri regionda, xüsusən Misir, Tunis, Yəmən və Bəhreyndə baş qaldırmış islami oyanışdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu mühüm hadisəni nəzərə alaraq demək olar ki, bu il bədxahların İslam ümməti içərisinə ixtilaf salmaq, pessimist əhval-ruhiyyə yaymaq, fanatik hisləri provokasiya etmək planları daha qabarıq olacaq. Bu kimi planlara qalib gəlməyin yeganə yolu mömin müsəlmanların qəlbən bir-birinə yaxınlaşması, həmrəyliyin gücləndirilməsidir”.

İslam ümmətinin vahid bir orqanizm olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İranlı hacılar həcc ziyarətində belə bir ümumi, qlobal yanaşma ilə iştirak etməli, imperialist düşmənə qarşı mübarizədə 30 il ərzində topladıqları təcrübəni yenicə inqilab etmiş xalqlarla bölüşməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iranlı hacılar üçün vacib olan digər bir məqam etikaya uyğun, gözəl və hörmətcil davranışa önəm verməkdir. O dedi: “Həcc ziyarəti dünyanın çirkinliklərindən təmizlənmək üçün dəyərli bir şansdır. Vacib əməllərin məcmusu olan bu əzəmətli və misilsiz mərasimin dəyərini bilməklə yanaşı, çalışmaq lazımdır ki, burada əldə olunan mənəvi ehtiyatı qoruyub saxlayasan”.

“Beytül-həram”ı ziyarət edəcək zəvvarlara həcc səfərinə çıxmazdan öncə mənəvi cəhətdən hazırlaşmağı, bu ilahi ziyafət üçün mənən hazır vəziyyətə gəlməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “İrandan gedən hacılar öz rəftarları ilə xalqımızı, ölkəmizi, İslam Respublikasını dünyanın gözündə ucaltmalıdırlar”.

Hacılara yüngül davranışlardan çəkinməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Dükan-bazarı dolaşmağa hədsiz maraq və həvəs göstərmək yüngül davranışa nümunə ola bilər. Bu, ölkənin valyutasının hədər yerə keyfiyyətsiz mallara xərclənməsindən əlavə, ibadət və mənəvi bəhrələnmə kimi dəyərli bir fürsəti də puç edir”.

Hədiyyələri yalnız zəruri miqdarda almaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bəzi insanlar həcc zamanı bu misilsiz şansdan maksimum dərəcədə mənəvi fayda almaq üçün bəyənilən bir addım ataraq hədiyyələrini həcc səfərindən öncə hazırlayır, daxili bazardan keyfiyyətli İran malları alırlar”.

Söhbətinin bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Dini təlimlər, Quran, Peyğəmbər (s) sünnəsi və Əhli-Beyt (ə) bizim üçün mənəvi sərmayədir. Onlardan istifadə olunsa, tərəqqi və səadət üçün zəmin yaranacaq. Yox əgər insan özünü bu mənəvi sərmayədən məhrum etsə, sözsüz ki, zərər çəkəcək”.

Həzrət Ayətullah Xamenei ötən illər ərzində, xüsusilə də on il əvvəl imzaladığı sərəncamda iqtisadi korrupsiyaya qarşı mübarizə ilə bağlı məsul şəxslərə dönə-dönə verdiyi tövsiyələrə toxunaraq dedi: “Düzdür, məsul şəxslər iqtisadi korrupsiyaya qarşı mübarizəni müsbət qarşıladılar, lakin həmin tövsiyələrə əməl olunsaydı, bankçılıqda korrupsiya kimi mənfi hallara heç vaxt rast gəlinməzdi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu kimi hadisələrin təzahürü xalqın zehnini və qəlbini məşğul edir, həm də çoxlarının qəlbini sındırır. Heç yaraşarmı ki, səlahiyyətli şəxslərin öz vəzifələrinə əməl etməməyi ucbatından camaat bu tip hadisələrlə üzləşib narahat olsun, hətta bəziləri ümidsizliyə qapılsın?”

Həzrət Ayətullah Xamenei dedi: “Əvvəlki illərdə də dəfələrlə deyilib ki, korrupsiyanın kök atmasına imkan verilməməlidir. Çünki zaman keçdikcə korrupsiyanın kökünü kəsmək çox çətinləşir, bu isə vicdanlı investorları məyus edir. Təəssüf ki, verilən tövsiyələrə əməl olunmadı”.

“Üçlü hakimiyyət qüvvələri korrupsiya əleyhinə mübarizə, analoji halların qarşısının alınması istiqamətində ciddi əzm nümayiş etdirirlər” – deyə xalqı əmin edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, bəziləri bu məsələdən rəsmilərin nüfuzuna şübhə kölgəsi salmaq üçün istifadə etmək istəyirlər. Halbuki hökumət, parlament və məhkəmə hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslər öhdələrinə düşən vəzifələrə əməl edirlər”.

Ötən günlər ərzində sözügedən olayla bağlı mediada əksini tapmış informasiyaya toxunan Həzrət Ayətullah Xamenei dedi: “Media vasitələri bundan sonra bu məsələ ilə əlaqədar hay-küy və ajiotajı davam etdirməməli, rəsmi şəxslərin baş verənləri ağıl və tədbirlə, diqqət və ciddiyyətlə araşdırması üçün imkan yaratmalıdırlar”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Hay-küy və ajiotajın davam etdirilməsi – xüsusən də əgər bəziləri olaydan başqa niyyətlə istifadə etmək istəyirlərsə – işin xeyrinə deyil. Buna görə də hamı diqqətli olmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Camaatımız bilməlidir ki, səlahiyyətli şəxslər bu olayı sona qədər araşdıracaqlar və xəyanətkar əllər kəsiləcək!”

Ali Məqamlı Rəhbər məhkəmə hakimiyyətinə işin istintaqı ilə bağlı xalqı lazımınca məlumatlandırmağı təkidlə tövsiyə edərək dedi: “Ədliyyə sistemi çirkin əməllərin yiyəsi olan, korrupsiyaçı insanlara mərhəmətlə yanaşmamalıdır”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgəri Ali Məqamlı Rəhbərliyin Məkkədəki nümayəndəliyinin həcc ziyarətinin mümkün qədər daha möhtəşəm şəkildə keçirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verdi. Cənab Əsgəri görülən işlər sırasında hacılar üçün təşkil olunan təlim proqramlarının keyfiyyətinin yüksəldiyini, proqramlara rəngarənglik bəxş edildiyini, virtual təlim proqramının istifadəyə verildiyini, həcc ziyarətinə aid xüsusi jurnalların nəşr edildiyini, hacılar üçün içərisində tərcümənin də yer aldığı nəfis Quranların çap edildiyini, Dövlət Teleradiosunun imkanlarından istifadə olunduğunu, ziyarət boyu zəvvarlara yardımçı olacaq yeni ruhanilərin seçilməsi üçün sınaqların keçirildiyini, intellektual klubun təşkil olunduğunu, həcc diplomatiyasından əvvəlkindən də geniş istifadə olunduğunu qeyd etdi.

Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Ləyali də həcc mərasimi ilə bağlı görülən işlər haqqında məlumat verərək dedi: “Bu il 97 min zəvvar 588 karvanın tərkibində, İrana məxsus 2 aviaşirkətin xidmətlərindən istifadə olunmaqla Məkkə və Mədinəyə daşınacaq. İranlı hacıların Məkkədə qalacağı otellər də əvvəlki illərlə müqayisədə “Məscidül-həram”a daha yaxındır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /