Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əlil və veteranların səbir və təqvası onlara ikiqat əcr qazandıracaq!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə həftəsinin son günündə onurğa beynindən travma almış veteranlarla görüşdü. Görüşün baş tutduğu İmam Xomeyni (r.ə) adına hüseyniyə qəhrəmanlıq, dözüm və mübarizlik rayihəsi ilə doldu, vətən oğullarının İslam dininə, İmam Xomeyniyə (r.ə) və İslam İnqilabına olan sevgi və sədaqəti ilə bağlı xatirələri bir daha canlandırdı.

Yeni bir canlanma və mənəviyyat atmosferində keçən görüş əsnasında Həzrət Ayətullah Xamenei səbir və dözümlülük simvolu olan onlarla veteranla yaxından görüşərək söhbət etdi, bu insanların, habelə onların əziz ailə üzvlərinin sahib olduğu güclü iman və mətanəti yüksək dəyərləndirdiyini bildirdi.

Daha sonra əlil və veteranlar, onların ailə üzvləri qarşısında çıxış edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, vətən yolunda sağlamlığını itirmiş insanları yüksək qiymətləndirərək təqdir etmək fədakarlıq simvollarını təqdir etmək deməkdir. O dedi: “Veteranlara göstərilən yüksək ehtiram cəmiyyətin zehnində gerçək fədakarlıq anlayışını təcəssüm etdirir. Bu, günümüzdə dövlətin və cəmiyyətin ciddi ehtiyac duyduğu çox mühüm bir məsələdir”.

“Əlil və veteranların necə böyük bir iş gördüyünü təsvir etmək üçün dil, doğrudan da, gücsüz və naqisdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sağlamlığını, salamatlığını və rahatlığını din və inqilab naminə ömürlük fəda etmək tayı-bərabəri olmayan, yeganə Məbudla bağlanan çox faydalı bir sövdələşmədir və Yaradan Qurani-Kərimdə bunun əvəzində böyük mükafatlar müjdə vermişdir”.

Əlil və veteranların həyat yoldaşlarına, valideynlərinə və övladlarına, onların qulluğunda duran tibb işçilərinə səmimi təşəkkürünü və gerçək ehtiramını ifadə edən Həzrət Ayətullah Xamenei dedi: “Sevimli veteranlarımıza sədaqət və gülər üzlə xidmət etmək ən böyük fədakarlıqlardan, ən yüksək cihadlardan hesab olunur. Bu əməlin Tanrı dərgahında böyük əcri vardır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, insan ağlı əlil və veteranların ailə üzvlərinin illər uzunu davam edən, bitib-tükənmək bilməyən səbrinin əzəmətini dərk və bəyan etməkdə acizdir. Üzünü veteranların ailə üzvlərinə tutan Həzrət Ayətullah Xamenei dedi: “Sizlərin vətən uğrunda sağlamlığını itirmiş bu insanların qulluğunda durarkən etdiyiniz səbri Uca Yaradan anbaan hesaba alır və bu, axirətiniz üçün möhtəşəm bir mükafata, ehtiyata çevrilir”.

Aliməqam şəhidləri böyük ehtiramla yad edən Həzrət Ayətullah Xamenei dedi: “Onurğa beyninin ciddi travması nəticəsində sağlamlığının böyük bir qismini itirmiş əlil və veteranların etdiyi fədakarlığın çəkisi, müəyyən mənada, şəhidlərinkindən ağırdır. Çünki bu insanlar həmişəlik ağrı və əzab-əziyyətlə üzbəüz qalıblar. Əziz veteranlarımızın tükənmək bilməyən təqvası, səbri və dözümü, çəkdikləri ağrı-acıların haqq-hesabını Allah-Taalaya həvalə etmələri onlara ikiqat əcr qazandıracaq, əməllərinin savabı getdikcə artacaq”.

Görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Cəfəri korpusun əlil və veteranları təqdir etmək məqsədilə həyata keçirdiyi proqramlara toxunaraq dedi: “Keşikçi Korpusun mədəniyyət proqramlarında şəhidlik və fədakarlıq mədəniyyətinin təbliği prioritet yer alır”.

Ölkə başçısının müavini, Şəhid və Veteranlar Fondunun sədri cənab Zəribafan da çıxış edərək rəhbərlik etdiyi fondun əlil və veteranlara, onların ailə üzvlərinə təşəkkür və təqdir məqsədilə həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /