Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Polis Qüvvələrində güc və mərhəmət hissi paralel olmalıdır!

Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

Polis Akademiyasının həyətinə daxil olan Həzrət Ayətullah Xamenei əvvəlcə şəhidlərin yad olunduğu məkana gəldi, “Fatihə” oxuyaraq Uca Tanrıdan Polis Qüvvələri sıralarından şəhid olmuş insanlara ən ali dərəcələri nəsib etməsini dilədi.

Daha sonra Ali Baş Komandan meydandakı polis, yol polisi və sərhəd xidməti birləşmələrinin təntənəli düzülüşünü qəbul etdi.

Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər Polis Qüvvələri sıralarında xidmət edən sıravi və yüksək rütbəli kadrları “xalqın təhlükəsizliyinin, asayiş və sakitliyinin keşikçiləri”, “Allah yolunda çalışıb-vuruşan əsl mücahidlər” adlandırdı. O vurğuladı: “Polis Qüvvələri cəmiyyətdə daim həm güc və nizam-intizamın, həm də mehribanlıq və mərhəmətin təcəssümü olmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, istər ictimai, istərsə də əxlaqi-psixoloji təhlükəsizlik ölkənin tərəqqi və başucalığının başlıca dayaqlarındandır. O dedi: “İmperializmin müstəqil xalqların əleyhinə işlətdiyi metodlardan biri də cəmiyyətin ictimai, həmçinin əxlaqi-psixoloji təhlükəsizliyini pozmaqdır”.

Ali Məqamlı Rəhbər imperializmin siyasətini müəyyən edən qüvvələrin narkotik maddələri yaymaq, cəmiyyətdə əxlaqi baxımdan özbaşınalıq atmosferi yaratmaq, mənəvi-əxlaqi dəyərləri sarsıtmaq kimi gizli planlar həyata keçirdiyinə  toxunaraq aşağıdakıları vurğuladı: “Bu gün Polis Qüvvələrinin öhdəsinə çox böyük bir vəzifə düşür. Bu vəzifəni düzgün və dəqiq yerinə yetirmək üçün hətta ehtimal olunan xətər və təhlükələri də aradan qaldırmağa ehtiyac var”.

“Polis Qüvvələri cəmiyyətdə paralel olaraq güc və mərhəmət hissinə malik olmalıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu məsələyə təhsil prosesində, müxtəlif fənlərin tədrisində ciddi diqqət yetirilməlidir. Güc və mərhəmət hissinin yanaşı olması Polis Qüvvələrində mütləq bir təşkilati mədəniyyətə çevrilməlidir”.

Polis Qüvvələrinin nail olduğu irəliləyişə toxunan Ali Məqamlı Rəhbər yeni-yeni nailiyyətlər üçün zəminin hazır olduğunu bildirdi. O dedi: “Yeni irəliləyiş sferalarına yalnız bilik, təcrübə, tədqiqat, düşüncə, bütün imkan və potensialların səfərbər edilməsi sayəsində nail olmaq mümkündür”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Əziz İranımızın nüfuz və başucalığı ölkəmizin gənclərinin və qabaqcıl insanlarının möhkəm əzmindən asılıdır. Allahın lütfü sayəsində, bu əzm gün-gündən əvvəlkindən də artıq müşahidə olunur”.

Ali Məqamlı Rəhbərin çıxışından sonra Polis Qüvvələrinin komandanı, briqada generalı Əhmədi Moqəddəm çıxış edərək bildirdi ki, komandanlıq etdiyi strukturun başlıca məqsədi Polis Qüvvələrində daxili, habelə xarici güc və iqtidarın formalaşdırılması, dindar, gözüaçıq, peşəkar, şücaətli, səmərəli və yenilənmiş kadrların yetişdirilməsi yolu ilə cəmiyyətdə təhlükəsizlik, nizam-intizam və asayişin bərqərar edilməsidir. O dedi: “Polis Qüvvələrinin son illər ərzində əldə etdiyi nailiyyətlər sırasında narkotiklərə qarşı mübarizə üzrə ixtisaslaşmış polis alayının yaradılmasını və ölkəyə keçirilən narkotik maddələrin həcminin azalmasını, sərhəd xidməti birləşmələrinin təşkilini və nəticədə müxtəlif malların, yanacağın, pozucu mədəniyyət məhsullarının qaçaqmalçılığının azalmasını, asayiş və təhlükəsizliyin pozulması və fitnə-fəsad əleyhinə qətiyyətli şəkildə mübarizə aparılmasını, cinayətin aşkarlanmasında müşahidə olunan sürət artımını və kriminalistikada elmi-texniki metodların tətbiqini, cəmiyyətdə mənəvi-əxlaqi təhlükəsizliyin genişləndirilməsini, vətəndaşlara göstərilən elektron xidmətin miqyasının 20 faiz artırılmasını, yol qəzalarının və bunun nəticəsində üz verən xəsarətlərin azalmasını qeyd etmək olar”.

Polis Akademiyasının komandanı, ikinci briqada generalı Əssar da çıxış edərək akademiyanın başlıca strategiyalarının müəyyən edilməsi və rəsmiləşdirilməsinə toxunaraq dedi: “İxtisaslaşmış kafedraların yaradılması, təlimin səmərəli və peşəkar səviyyəyə çatdırılması, elmi biliklərə əsaslanma ideyasının institutlaşdırılması Polis Akademiyasının bakalavr və magistr pillələrində rəhbər tutduğu başlıca yanaşma prinsipləridir”.

Mərasim əsnasında Polis Akademiyasının nümunəvi tələbə, məzun, müəllim və işçi kadrlarından bir neçəsi, həmçinin Polis Qüvvələri sıralarından şəhid olmuş insanların ailə üzvləri Ali Məqamlı Rəhbər tərəfindən hədiyyələr, hərbi rütbə və poqonlarla təltif olundular.

Polis Akademiyasında keçirilən buraxılış mərasimi əlbəyaxa döyüş və desant hərəkətlərinin nümayişi ilə davam etdi.

Mərasimin sonunda meydanda düzülmüş birləşmələr Ali Baş Komandanın önündən təntənəli paradla ötüb keçdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /