Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sünni-şiə ixtilafı beynəlxalq siyasi məqsədlərlə yaradılır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı gecəsi Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin 5-ci toplantısında iştirak edən alimlər, görkəmli ruhani xadimlər və ziyalılarla, həmçinin İran İslam Respublikasını müxtəlif  ölkələrdə mədəni cəhətdən təmsil edən nümayəndələrlə görüşdü. Əhli-Beyt (ə) ardıcıllarının imkan və potensialları, habelə şiə dünyasının və İslam ümmətinin üzləşə biləcəyi təhlükələr haqqında danışan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Son dövrlərdə İslam dünyasında reallaşan möhtəşəm islami hərəkatlar daha böyük bir dəyişikliyin, İslamın hakimiyyətinin müqəddiməsidir. Əhli-Beyt (ə) ardıcılları bu islami hərəkatları dəstəkləmə mövqeyindən çıxış edirlər”.

Müqəddəs Məşhəd şəhərində, İmam Rza (ə) hərəminin güzgülü salonunda keçirilən görüş zamanı Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) məktəbinin geniş potensialı və üstün cəhətləri haqda danışaraq dedi: “İslam dini və Quran əsasında dövlət quruluşu yaratmağa müvəffəq olmuş ilk ölkə və xalq Əhli-Beytin (ə) yolu ilə gedən bir ölkə və xalq olmuşdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün müsəlman ölkələrində yaşayan gənclər öz amal və arzularına yetişmək üçün materialist məktəblər əvəzinə, İslam təlimlərinə diqqət yönəldirlər. Bu qürurverici fakt İran xalqının hərəkatının bərəkəti sayəsində ortaya çıxıb”.

“Misir, Tunis, Liviya, Bəhreyn və Yəməndə son dövrlərdə baş qaldırmış islami hərəkatlar Allahın lütfüdür” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bizim mövqeyimiz bu hərəkatları dəstəkləməkdən, onları daha da möhkəmləndirməkdən ibarətdir. Ümidvarıq ki, bu islami hərəkatlar əsl düşmənlərimizin, yəni Amerika və sionizmin işğalçılıq siyasətinə tamamilə son qoyulması ilə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İmkan və potensiallara, üstün cəhətlərə diqqət yetirməklə yanaşı, təhlükə və xətərlərdən də ehtiyatlı olmaq lazımdır. Müxtəlif İslam məzhəbləri, xüsusilə şiə və sünnilər arasında ixtilafın yaranması da bu təhlükələr sırasına aiddir”.

Şiə-sünni ixtilafının beynəlxalq siyasi məqsədlərlə yaradıldığını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm dünyası islamafobiya siyasəti ilə yanaşı, şiə xofu siyasətini də xüsusi bir formada həyata keçirir. Bütün bu səylərə qarşı tamamilə ayıq-sayıq olmaq lazımdır!”

“Əhli-Beyt (ə) ardıcılları İslam ümməti içərisində vəhdətin vacibliyinə böyük inam bəsləyirlər” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam ümmətinin, xüsusən də şiələrin səadət və xoşbəxtliyi ümmətin içərisindəki vəhdətdən asılıdır”.

Həzrət Ayətullah Xamenei həmçinin materialist məktəblərin bəşəriyyətin ehtiyaclarını, yeni ortaya çıxan sualları cavablandırmaqda məğlubiyyətə uğradığını qeyd edərək aşağıdakıları vurğuladı: “Dini təlimlər, o cümlədən Əhli-Beytlə (ə) bağlı bilgilər günün tələblərinə uyğun olaraq müsəlmanlara və qeyri-müsəlman ictimaiyyətinə təqdim olunmalıdır”.

Sonda Ali Məqamlı Rəhbər vurğuladı: “Hal-hazırda İslam dünyasında gedən dəyişikliklər işıqlı bir gələcəyi müjdə verir. Bu işıqlı gələcəyin və gözlənilən böyük dəyişikliyin nişanələri artıq özünü büruzə verib”.

Görüşün əvvəlində Livan “Hizbullah” Təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasim, Bəhreyn təmsilçisi Şeyx Həsən Soltan, Əfqanıstan təmsilçisi Höccətül-İslam vəl-muslimin Əkbəri, İraq Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkim, Ərəbistan təmsilçisi Höccətül-İslam vəl-muslimin Şeyxəlöməri və Amerikadan gəlmiş xanım Hacər Hüseyni regionda gedən dəyişikliklər və baş qaldırmış islami oyanış, dünyada İslama meylliliyin günü-gündən artması ilə bağlı rəy və görüşlərini ifadə etdilər, İslam ümmətinin düşmənlərinin yaratdığı təhlükə və təhdidlər qarşısında ayıq-sayıqlığın, İslam dünyasında əvvəlkindən də artıq vəhdətə nail olmağın vacibliyini vurğuladılar.

Görüş əsnasında həmçinin Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin baş katibi Höccətül-İslam vəl-muslimin Əxtəri də çıxış edərək cəmiyyətin 5-ci toplantısının gedişi haqda məlumat verdi, toplantıda dünyanın 110 ölkəsini təmsil edən 500-dən artıq ziyalı və görkəmli xadimin iştirak etdiyini qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /