Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dinə əsaslanan xalq hakimiyyəti İmam Xomeyninin (r.ə) region xalqlarına töhfəsidir!

İslam İnqilabının Ali məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı günü) səhər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə baş tutan görüşü zamanı İmam Xomeyninin (r.ə) İslam fiqhinə əsaslanan siyasi dövlət quruluşu yaratmaqla misilsiz və tarixi bir addım atdığını qeyd etdi. Rejimin mahiyyətinin, dövlətin prinsiplərinin qorunub saxlanması ilə bəzi maddi və mənəvi hədəflərin gerçəkləşməməsi arasındakı zahiri ziddiyyət barədə ətraflı danışan Ali Məqamlı Rəhbər “şəriət qayda-qanunlarının mütləq hakimiyyəti” anlayışının düzgün mənasını açıqlamaqla yanaşı, İslam dövlətinin hərəkət kursunun ardıcıl surətdə təkmilləşdirilməsinin və islahının vacib olduğunu vurğulayaraq dedi: “Regionumuzda olduqca böyük hadisələr baş verməkdədir. Dini demokratiya anlayışının mənasını müsəlman xalqlarına doğru-düzgün açıqlayaraq bu hadisələrin gələcək oriyentasiyası ilə bağlı mövcud olan boşluğu doldurmaq lazımdır”.

Şiə fiqhində siyasi fiqhin kifayət qədər qədim tarixə malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu köklü və qədim keçmişə baxmayaraq, əzəmətli İmam Xomeyniyə qədər İslam fiqhi əsasında dövlət quruluşunun formalaşdırılmasına rast gəlinməyib. Bu dahi insan dini demokratiyaya və şəriət qayda-qanunlarının hakimiyyətinə əsaslanan bir siyasi quruluşu nəzəriyyə və praktika səviyyəsində layihələndirib yaradan ilk şəxsdir”.

İmam Xomeyninin özünəməxsus siyasi quruluş yaratmaqla atdığı əvəzsiz və tarixi addımın əhəmiyyətini açıqladıqdan sonra Həzrət Ayətullah Xamenei dedi: “Bu quruluşun irimiqyaslı maddi və mənəvi hədəflərinin gerçəkləşməsi üçün, təbii ki, uzun zamana ehtiyac var. Buna görə də yaxın və orta müddət ərzində bəziləri elə güman edə bilər ki, İslam dövlətinin prinsip və əsaslarının qorunub saxlanması inkişaf və tərəqqiyə, qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə mane olur”.

Zahirən böyük görünən bu ziddiyyətə düzgün yanaşmaq lazım olduğunu bildirən Ali Məqamlı Rəhbər İmam Xomeyninin təzyiq və çətinliklər qarşısında göstərdiyi möhtəşəm səbrə toxunaraq dedi: “İmam Xomeyni istər daxili, istərsə də xarici məsələlərdə heç vaxt prinsip və əsaslara qarşı etinasızlıq etməz, qarşıya qoyulan hədəfləri ciddi surətdə izləməklə bərabər, daim rejimin mahiyyətinə mükəmməl səviyyədə sadiqlik nümayiş etdirərdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, problemin həlli yolu bu zahiri ziddiyyətin hər iki tərəfinə – yəni həm rejimin mahiyyətinin qorunub saxlanmasına, həm də maddi və mənəvi hədəflərə yetişməyə paralel surətdə can atmaqdır. O dedi: “Dövlətin əsaslarının qorunub saxlanması və ölkənin tərəqqisi eyni istiqamətə yönəlmiş, biri-birinə uyğun olan şeylərdir. Bəzi problemlər ucbatından bu əsaslardan geri durub minimum hədlə kifayətlənmək lazım deyil. Bu, bir reallıqdır və onu mühüm və qəti bir prinsip kimi qəbul etmək lazımdır”.

Ali Məqamlı Rəhbər bildir ki, rejimin mahiyyətini qoruyub saxlamaq, eyni zamanda maddi, elmi, mədəni, iqtisadi, siyasi və ictimai hədəflərin gerçəkləşməsinə səy göstərmək mühüm, çətin və dolaşıq bir prosesdir. O dedi: “Prinsiplərin qorunub saxlanması sayəsində əldə edilmiş bugünkü tərəqqi və nailiyyətlər İranın inqilabdan əvvəlki vəziyyəti ilə müqayisəedilməzdir. Bu fakt da onu göstərir ki, İslam dövlətinin prinsip və əsaslarının qorunub saxlanması şəraitində cəmiyyətin tərəqqi və yüksəlişi mümkündür. Eyni zamanda ölkəmizə və xalqımıza Allahın yardımı və dəstəyi də yalnız İslamın əsaslarına sədaqət sayəsində şamil oluna bilər!”

Xubriqan Məclisi üzvləri ilə görüşü əsnasında Ali Məqamlı Rəhbər ikinci bir məqama toxunaraq İslam dövləti quruluşunun hərəkət kursunu ardıcıl surətdə təkmilləşdirmək və islah etmək lazım olduğu haqda danışdı.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, dövlət quruculuğu birdəfəlik başa gələn yox, tədricən davam edən bir prosesdir. O dedi: “Hərəkət kursunun islahı və təkmilləşdirilməsi dövlət quruculuğunun tamamlayıcı elementidir. İşlərə daim nəzarət etmək, səhvləri düzəltmək, nöqsanları aradan qaldırmaq və dövlət quruculuğu işini təkmilləşdirmək lazımdır”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei “fəqihin mütləq rəhbərliyi” məsələsinin dövlət quruculuğu, hakim rejimin hərəkət kursunun islahı məsələləri ilə sıx bağlı olduğunu qeyd etdi. O dedi: “Mütləq rəhbərlik məsələsi ilk öncə Konstitusiyada öz əksini tapmamışdı və İmam Xomeyni bu məsələni “fəqihin rəhbərliyi” prinsipinə sonradan əlavə etdi. Mütləq rəhbərliyin ən mühüm aspekti də yuxarıda qeyd etdiyim dövlət quruculuğu, hakim rejimin hərəkət kursunun islahı ilə əlaqədardır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Fəqihin mütləq rəhbərliyi” dedikdə dini hakimiyyət mexanizminin elastikliyi, dəyişikliklərə açıq olması başa düşülməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, başda Rəhbərlik olmaqla, qərar vermək səlahiyyətinə malik olan strukturların hamısı daim daha düzgün və daha mükəmməl olanı seçərək müntəzəm olaraq dəyişilməli, dövlət quruculuğu prosesini təkmilləşdirərək ölkəni irəli aparmalıdırlar”.

Düşmənlərin “fəqihin mütləq rəhbərliyi” anlayışını tamamilə əks mənada dərk etdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar deyirlər ki, “mütləq rəhbərlik” ədalətli bir fəqihin ölkəni ürəyi istədiyi şəkildə idarə etməsidir. Halbuki ədalətli bir fəqih ürəyi istəyən şəkildə hərəkət edə bilməz”.

Ali Məqamlı Rəhbər məsələni başqa formada izah edərək dedi: “Mütləq rəhbərlik” o deməkdir ki, hakim quruluşun əsas idarəedici simasında dəyişikliklərə açıqlıq, elastiklik kimi keyfiyyətlər olsun və o, lazım olan anda hərəkət kursunda düzəliş etməyi, bu kursu təkmilləşdirməyi bacarsın”.

“Fəqihin rəhbərliyi” məsələsində “elastiklik” anlayışının fərqli şəkildə qavrandığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Elastiklik” anlayışının doğru yoldan sapınma, xarici təzyiqlər qarşısında geri çəkilmə kimi qavranması təhlükəlidir və sözügedən məfhumun bu formada dərkindən uzaq olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da vurğuladı: “İslam dininə və İrana qatı düşmən kəsilənlərin siyasi-təbliğat təzyiqləri ucbatından heç bir məsələdə prinsip və əsaslardan geri çəkilmək, Qərbin müəyyən etdiyi çərçivələr daxilində davranmaq lazım deyil. Çünki bu, elastiklik yox, baxış bucağını dəyişdirmək, doğru yoldan sapınmaq deməkdir”.

“Elastiklik” anlayışının düzgün dərketmə formasını açıqlayan Ali Məqamlı Rəhbər iqtisadiyyat, siyasət, sosial həyat və digər sferalarda yeni olan məsələlərin aktual şəkildə cavablandırılmasına toxunaraq dedi: “Misal üçün, İslam bankçılığı, yaxud digər mövzularda yeni-yeni məsələlər ortaya çıxır. Bu məsələlərə aydınlıq gətirmək fəqihin vəzifəsidir”.

Qum Teoloji Mərkəzi nəzdində Azad fiqh kafedralarının yaradılması ilə bağlı ümidlərinin hələ də həyata keçmədiyini qınayan Ali Məqamlı Rəhbər dedi: “Teoloji mərkəzdə dövlət idarəçiliyi ilə bağlı fiqhi məsələləri güclü arqumentlərə əsasən araşdıracaq fakultativ dərslər təşkil olunmalıdır ki, cürbəcür məsələlər fiqhi baxımdan müzakirə olunsun və nəticələr universitetlərdə, habelə universitetlərdən kənarda fəaliyyət göstərən ziyalı və elm xadimlərinə təqdim olunsun. Ziyalılar və elm xadimləri bu araşdırmaları ictimaiyyətin ümumilikdə istifadə edə biləcəyi təfəkkür məhsuluna çevirməlidirlər”.

Çıxışının davamında İmam Xomeyniyə aid dövlət quruculuğu modelinin ehtiva edə biləcəyi təsirlərdən danışan Həzrət Ayətullah Xamenei Misir, Tunis, Liviya və Yəməndə baş verən son hadisələrə toxunaraq dedi: “Amerika və Qərbə söykənən diktaturalar bir-birinin ardınca süquta uğrayır. Region xalqlarının gələcəyi cürbəcür ehtimallarla bağlıdır və bu ehtimalları dəqiqliklə nəzərə almaq lazımdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, ehtimallardan biri də regionda gedən dəyişikliklərin görkəmli din xadimlərinin əlində cəmlənməsi ilə bağlıdır. O dedi: “Ehtimal olunan digər yollardan biri də keçmiş diktatura rejimlərinin fərqli zahiri forma ilə qayıdışı, həmçinin böyük bir təhlükə kimi, bu ölkələrdə demokratiya və azadlıq pərdəsi altında Qərbdən asılı olan rejimlərin bərqərar olmasıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu mürəkkəb və dolaşıq situasiyada dini əsaslı xalq hakimiyyəti məsələsinin nəzərdən keçirilməsi region xalqlarının köməyinə çata, İmam Xomeyninin töhfəsi və yadigarı kimi, onların ehtiyaclarını cavablandıra, region xalqlarının gələcəyinə işıq salaraq düşmənlərin mövcud boşluqlardan istifadə etməsinə mane ola bilər.

Çıxışının digər bir qismində Ali Məqamlı Rəhbər builki mübarək Ramazan ayının İran xalqı və İslam dövləti üçün keçmişdəkindən də bərəkətli və xoş olduğunu deyərək əlavə etdi: “Gənc və yeniyetmələrin, mömin İran xalqının digər təbəqələrini təmsil edən çoxlu sayda insanın Quran tilavəti, dua və zikr məclislərində yüksək əhval-ruhiyyə və həvəslə iştirak etməsi, Ümumdünya Qüds Günündə müdriklik və möhkəm əqidə ilə nümayiş olunan siyasi iştirak, habelə xalqın mübarək Ramazan bayramında Allaha qarşı sonsuz itaətkarlığı – bütün bunlar Allahın lütf və mərhəmətinin nişanələridir. Allahın xalqımızın üzərinə yağdırdığı bu fəzilət yağışı insanlarımızın qəlbindəki iman və ixlas, İslamın əsaslarına dərin etiqad olmadan, başqa heç bir stimul sayəsində gerçəkləşməzdi”.

Həzrət Ayətullah Xamenei Quran ayələrinə istinadən bildirdi ki, Allah tərəfindən möminlərə göstərilən dəstək və yardım özündə Allahın İslam dövlətinə göstərdiyi dəstək və yardımı təcəssüm etdirir. O dedi: “Xalqın imanı və dəstəyi İslam dövlətinin böyük işlərə imza atması üçün zəmin yaradır”.

Düşmənlərin cürbəcür vasitələrlə gəncləri əxlaqsızlığa sövq etməyə çalışdığını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün bu cəhdlərə baxmayaraq, Allahın mənəvi dəstəyi sayəsində, xalqımız böyük imana malikdir. Fərqli zahiri görünüşə malik cavanlarımızın mənəvi məclislərdə iştirakı onu göstərir ki, gənc nəsil qəlbini Allaha sevgiyə təslim edib. Bu şirin məhəbbət ardınca möminlərin qələbəsini və Allahın yardımını gətirib və bundan sonra da gətirəcək!”

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi Kəni çıxış edərək dedi: “Xubriqan Məclisinin iclas keçirdiyi iki gün ərzində çıxışçılar mədəniyyət, siyasət, iqtisadiyyat və ictimaiyyətlə bağlı mühüm mövzulara toxundular. Bu, onların İslam İnqilabına və ölkəyə canıyananlıqla yanaşmasından irəli gəlir”.

Xubriqan Məclisinin idarə heyətinin üzvü Ayətullah Haşimi Şahrudi də məclisin iki gün davam etmiş iclası haqda məlumat verərək dedi: “Xalqın seçdiyi şəriət ekspertləri iclasın yekun bəyanatında vəhdətin qorunması, seçkidə maksimum iştirak, düşmənin məkrli planlarına, fitnə və iğtişaşların provokasiyasına nəzarət, ölkədə gərginlik yaradan məsələlərin ortaya atılmasından çəkinmək kimi məqamları vurğuladılar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /