Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Ramazan bayramı münasibətilə bir qrup məhkumun əfv edilməsinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahiş məktubuna əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının Ramazan bayramı münasibətilə əfv edilməsi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ayətullah Amoli Laricaninin məktubunun və Ali Məqamlı Rəhbərin məktuba verdiyi cavabın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin mübarək məhzərinə,

Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırır, mübarək Ramazan bayramının yetişməsi münasibətilə təbrik edirəm!

İran İslam Respublikası Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinin icrasına müvafiq olaraq, əfv aktının şərt və kriterilərini Sizə təqdim edirəm. Ali Məqamlı Rəhbərlik tərəfindən müsbət cavablandırılacağı təqdirdə, hazırkı müraciətə əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş, aşağıda şərh ediləcək şərtlər üzrə cəzasının əfvi, yaxud yüngülləşdirilməsi üçün zəruri tələblərə cavab verdiyi müəyyən edilmiş məhkumlara həqiqi əfv, yaxud cəzanın yüngülləşdirilməsi aktı şamil olunacaq, onlar islami mərhəmətdən bəhrələnəcəklər.

a) Hal-hazırda həbsdə olan, əvvəllər məhkum olunmamış şəxslər:

1. 1 ilə qədər həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. 1 ildən 5 ilə qədər həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının 4/5 hissəsi;

3. 5 ildən 7 ilə qədər həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının 3/4 hissəsi;

4. 10 ildən 15 ilə qədər həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının 2/3 hissəsi;

5. İslami Cəzalar Məcəlləsinin 718 və 719-cu maddələrində qeyd olunmuş hallar istisna olunmaqla, qəsdən cinayət törətməmiş bütün şəxslərin cəzasının qalan hissəsi;

6. Himayədarlıq Haqqında Qanuna əsasən, övladlarının himayəsi öhdəsində olan qadın məhkumların cəzasının qalan hissəsi;

7. Çətin müalicə edilən bir xəstəliyi olan, yaxud sağalmaz infeksion xəstəliyə tutulmuş məhkumların cəzasının qalan hissəsi; Həmin məhkumların xəstəlik dərəcəsi Məhkəmə Tibb Komissiyası tərəfindən təsdiq olunmalıdır. Aydındır ki, Ümumi və İnqilab Məhkəmələri Cinayət Prosessual Məcəlləsinin 291-ci maddəsinin icrası istiqamətində məhkəmələrin gördüyü tədbirlər bu əfv aktının tətbiqi üçün maneə deyil.

8. Şəxsiyyətini təsdiq edən sənədə əsasən, yaşı 18-dən aşağı olan məhkumların, yaşı 65-dən yuxarı olan kişi cinsinə mənsub məhkumların və yaşı 50-dən yuxarı olan qadın məhkumların həbs və nağd pulla cərimə cəzasının qalan hissəsi; şəxsiyyətini təsdiq edən etibarlı bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı vilayət mərkəzlərinin Məhkəmə Tibbi Komissiyalarının rəyi əsasında təsdiq olunmalıdır.

b) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumların cəzasının qalan hissəsi;

1. 100 milyon riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

1. 100 milyon 1 rialdan 500 milyon riala qədər olan cərimə cəzalarının 4/5 hissəsi;

c) Əfv aktının şamil olma şərtləri:

1. Daha öncə əfv aktından yararlanmama;

2. Həbs, yaxud icazəli məzuniyyət müddətində yeni bir cinayətə yol verməmə;

3. Xüsusi bir şikayətçinin olmaması; Belə bir şikayətçi olduğu təqdirdə, onun razılığı alınmalı, yaxud 29 isfənd 1390-cı il tarixinə qədər zərərçəkmişə (istər fiziki, istərsə də hüquqi şəxs olsun) dəymiş ziyan kompensasiya edilməlidir;

d) Hazırkı əfv aktı aşağıdakı hallara şamil olunmur:

1. Silahlı, yaxud işgəncə ilə müşayiət olunan soyğunçuluq hallarına görə məhkum olunma, oğurluğa görə 3 ildən artıq həbs cəzasına məhkum olunma;

2. Narkotik və psixotrop maddələrlə bağlı cinayətlərə görə 5 ildən artıq həbs cəzasına məhkum olunma;

3. Silah-sursat qaçaqmalçılığı;

4. Daxili və xarici təhlükəsizliyin pozulmasına cəhd;

5.  Adam oğurluğu;

6. Zorlama;

7. Fəsad və əxlaqsızlıq yuvası qurma;

8. Yeyinti, rüşvətxorluq, dələduzluq;

9. Saxta əsginaz və qəlp sikkələr hazırlama;

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Sadiq Laricani
23 avqust 2011-ci il



Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizə salamlarımı, salamatlıq diləklərimi və mübarək Ramazan bayramı münasibətilə təbriklərimi çatdırıram!

Cənabınızın təklifi ilə razıyam. Sizə və digər səlahiyyətli həmkarlarınıza Uca Yaradandan xeyirli mükafat diləyirəm!

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
30 avqust 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /