Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika İran əleyhinə sanksiyalarında qəti məğlubiyyətə məhkumdur!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət nümayəndələri ilə bu gün günortadan sonra baş tutan görüşü zamanı ümumdünya Qüds günü yürüşündə izdihamlı iştirakına görə İran xalqına səmimi qədirdanlığını bildirərək qeyd etdi ki, dövlətin ədalətpərvərlik, antiimperializm, xalqa sədaqətlə xidmət etmək kimi ülvi prinsip və dəyərlərə sadiq olması vacib və effektiv bir amildir. O vurğuladı: “İqtisadi cihad həyat əhəmiyyətli bir ehtiyacdır və ölkəmizin iqtisadi cəhətdən inkişafı, çiçəklənməsi üçün zəmin yaradacaqdır”.

İştirakçıları Hökumət həftəsi münasibətilə təbrik edərək şənhid Rəcayi və Bahonərin xatirəsini ehtiramla yad edən Həzrət Ayətullah Xamenei xalqın Qüds günü yürüşündə möhtəşəm iştirakına toxunaraq dedi: “Qüds günü yürüşündə öz əzəmətini bir daha nümayiş etdirmiş əziz İran xalqına səmimi qədirdanlıq hislərimi bildirirəm!”

“Builki Qüds günü İran xalqını ictimai-siyasi meydanlarda iştirakının və stimulunun simvoludur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu əzəmətli və möhtəşəm iştirak regiondakı ümid və optimizm əhval-ruhiyyəsini yüksəldəcək, xalqların müqavimət stimulunu ikiqat artıracaq!”     

Xidmətlərinə görə hökumət nümayəndələrinə qədirdanlığını bildirən Həzrət Ayətullah Xamenei elan olunmuş şüar və strategiyalara sadiqliyin əhəmiyyətini vurğulayaraq dedi: “2005 və 2009-cu illərdə baş tutan seçkilərdə xalqın ölkə başçısını dəstəkləməsinin səbəbi məhz həmin cəlbedici və vacib şüarlar idi. Çünki xalqımız öz dəyər və amallarına sadiqliklə bağlı olan bir xalqdır!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hökumətin cəlbedici şüarları sırasına antiimperializm, sadə həyat tərzi, burjua təbiəti ilə mübarizə, monopoliyaların formalaşmasına, iqtisadi və qeyri-iqtisadi əlaqələrdən sui-istifadəyə qarşı mübarizə, xalqa sədaqətlə xidmət şüarları da daxildir. O, əlavə etdi: “İmam Xomeyninin (r.ə) elan etdiyi, xalqların qəlbində ona sevgi qazandırmış dəyər və prinsiplər dövlətin ən əsas şüarlarıdır və onlara mükəmməl surətdə riayət etmək lazımdır”.

“Tanrının dəstək və yardımından yararlanmağın, xalqın qəlbində yer tutmağın sirri Allah yolunda, Allah naminə işləməkdir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dövlətin şüarlarına olan etiqad hər hansı bir səbəbdən azalsa, Allahın yardımı və dəstəyi də azalacaq. Buna görə də xalqa sədaqətli və təmənnasız xidmətinizi əvvəlki həvəs, yüksək əhval-ruhiyyə və səylə davam etdirin”.

Ali Məqamlı Rəhbər nazirlərin və ölkə başçısının müavinlərinin görüş əsnasında müsbət, mötəbər, məntiqli, statistikaya, özəlliklə də müqayisəli statistikaya əsaslanan hesabatlar təqdim etdiklərini deyərək əlavə etdi: “Bütün bu məlumatları ölkənin ziyalı ictimaiyyətinə də təqdim etmək, görülən tədbirlər haqqında onları məlumatlandırmaq lazımdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, universitetlərin və teoloji mərkəzlərin ziyalı ictimaiyyəti arasında az-az olmaları hökumət nümayənədlərinin çatışmayan cəhətidir. O vurğuladı: “Ölkə başçısı və nazirlər ziyalılarla görüşməli, onları dövlətin müxtəlif sferalarda, xüsusilə də ölkənin başlıca məsələlərdən biri sayılan, hökumətin tərəfdarları və müxalifləri arasında ən çox mübahisə və müzakirələrə səbəb olan iqtisadiyyat sferasında gördüyü tədbirlər haqqında məlumatlandırmalıdırlar ki, ziyalıların, görkəmli elm xadimlərinin rəylərindən, həmçinin tənqidi görüşlərindən istifadə olunmaqla koordinasiya təmin olunsun”.

Ziyalı ictimaiyyətinin tənqid və iradlarını müsbət qarşılamaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bəzi şəxslərin ifadə tərzi və tonu ucbatından ziyalıların əksəriyyətinin faydalı, konstruktiv rəy və görüşlərindən məhrum olmamalıyıq”.

Ali Məqamlı Rəhbərin ölkə başçısına və nazirlər kabinetinə verdiyi tövsiyələrdən biri də güclü cəhətlərlə yanaşı, zəif cəhətlərin də qeyd olunması ilə bağlı idi.

“Zəif cəhətlərin qeyd olunması xalqa daha effektiv təsir edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Görülən işləri, güclü cəhətləri vurğulamaqla yanaşı, hansısa işləri görə bilmədiyinizi də xalqa açıq-aşkar etiraf edin. Əmin olun ki, xalq bir işi görmək üçün səy göstərdiyinə, lakin onu edə bilmədiyinə görə heç kəsi sorğu-suala çəkməyəcək”.

Hökumət haqqında KİV-də, yaxud rəsmi orqanlarda yer alan tənqidlərə qarşı düzgün mövqe tutmağın vacibliyinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Tənqidlərə qarşı yeganə düzgün mövqe izah etmək, məsələyə aydınlıq gətirməkdir. Qarşılıqlı ədavət və hücum mövqeyi heç bir müsbət nəticə verə bilməz”.

Ali Məqamlı Rəhbər dövlət adamlarına ictimaiyyətlə keçirdikləri görüşlərdə camaatla söhbət etməyi, vəziyyəti izah etməyi, suallara və qaranlıq məqamlara aydınlıq gətirməyi tövsiyə etdi. O bildirdi ki, belə olan təqdirdə bu məsələlər KİV-də də işıqlandırılacaq və qərəzli insanların bəd niyyəti heç bir nəticə verməyəcək.

Ali Məqamlı Rəhbər hökumət tərəfindən prioritet məsələlərə diqqət yetirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək dedi: “Peşəkar səviyyədə, dəqiq iş apararaq prioritetləri müəyyən etmək və bu istiqamətdə çalışıb hərəkət etmək lazımdır”.

Rəsmilər tərəfindən camaata verilən vədlərin insanların ümid və gözləntilərini artırdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlətin xalqa verdiyi vədlərin gerçəkləşməsi vacib və arzulanan bir məsələdir. Bu, xalqın iman və etiqadının möhkəmlənməsinə səbəb olur. Əksinə, bu vədlərin həyata keçməməsi isə, camaatın təfəkküründə şübhə və narazılıq yarada bilər”.

Həzrət Ayətullah Xamenei hazırkı hökumətin fəaliyyətini əvvəlkilərlə müqayisə etməyin yaxşı iş olduğunu qeyd etsə də, aşağıdakıları əlavə etdi: “Müqayisəni də dövlətin verdiyi vədlərlə görülən işlər arasında aparmaq lazımdır”.

X hökumətin üzvləri qarşısındakı çıxışını iqtisadi cihadın vacibliyi haqda söhbətlə davam edən Ali Məqamlı Rəhbər məsələyə 3 aspektdən yanaşdı:

1. İqtisadiyyatın rövnəqlənməsi və xalqın məişət problemlərinin həlli;

2. “20 illik perspektiv plan”ın qarşıya qoyduğu hədəflərin gerçəkləşməsi;

3. İmperializmin İran xalqına qarşı apardığı düşmənçiliklə mübarizə;

İqtisadi cihadın sırf prioritet məsələ yox, qəti bir ehtiyac olduğunu qeyd edən Ali Məqamlı Rəhbər mövzunu daha geniş açıqlayaraq dedi: “İslam dövləti üçün xalqın rifah səviyyəsi olduqca mühümdür və yalnız inkişaf etmiş, sağlam və güclü bir iqtisadiyyat ölkəni bu məqsədə çatdıra bilər. İnkişaf etmiş, güclü potensiala malik iqtisadiyyata nail olmaq üçün isə cihad ruhlu, gərgin əməyə ehtiyac var”.

Ali Məqamlı Rəhbər bildirdi ki, iqtisadi cihad üçün ikinci motiv “20 illik perspektiv plan”da qarşıya qoyulmuş, həyati zərurət kəsb edən hədəflərə yetişməkdir. O, əlavə etdi: “Son dərəcə mühüm əhəmiyyət kəsb edən bu sənəddə İranın iqtisadi güc baxımından regionun bir nömrəli dövlətinə çevrilməsi nəzərdə tutulur. Bu hədəf gerçəkləşməsə və biz bu sferada rəqiblərimizdən geri qalsaq, əsaslı zərbələr alacağıq. Buna görə də iqtisadiyyatda cihad hərəkatı həyata keçirməkdən savayı əlacımız yoxdur”.

“İslam dininin və İslam İnqilabının qatı düşmənlərinə qarşı mübarizə dövlətimizi, rəsmilərimizi və xalqımızı iqtisadi cihada motivləşdirən üçüncü amildir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müstəmləkəçilər İran iqtisadiyyatına əsaslı zərbələr vurmaq üçün bütün imkanlarını səfərbər ediblər. Buna baxmayaraq, dövlət rəsmilərimizin müdrikliyi, ağlı və tədbirliliyi, xalqımızın mübarizliyi onların arzularını ürəklərində qoyacaq”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Bu ilin əvvəllərində düşmənlər tədbirli və iflicedici sanksiyalardan danışırdılar. Lakin sanksiyalar nəinki iflicedici olmadı, hətta dövlətimizə və xalqımıza xas müdrikliyin bərəkəti sayəsində, onlar bir çox hallarda ölkədə dinamikliyə, özünütəminetməyə və böyük işlərin görülməsinə yol açdı”.

İran əleyhinə sanksiyalarda Amerika və imperialist blokunun qəti məğlubiyyətə  məhkum olduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dünyadakı reallıqlara diqqət yetirsək, görərik ki, sanksiyaların uzun müddət davam etməsi mümkün deyil və onları iqtisadi cihadla, Allaha təvəkkül edib inanmaqla, məqsədyönlü və müdrik fəaliyyətlə  neytrallaşdırmaq lazımdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, “İqtisadi dəyişiklik” layihəsi iqtisadi cihadın göstəricilərindən biridir. O vurğuladı: “Allahın lütfü sayəsində, “İqtisadi dəyişiklik” layihəsinin başlıca mehvərlərindən biri kimi, “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi haqqında qanun”un icrasına start verilib. Lakin hökumətin qarşıdakı iki illik fəaliyyəti müddətində layihənin digər mehvərləri də işə salınmalıdır”.

“Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi haqqında qanun”un icrası haqda danışan Həzrət Ayətullah Xamenei istehsalat sferasının gücləndirilməsinin vacib olduğunu qeyd edərək dedi: “İstehsal müəssisələrinə yardım məqsədilə müvafiq qanunun qəbulu hələ gerçəkləşməyib. Sözügedən qanun qəbul olunmalı və resurslar ehtiyac duyan istehsal müəssisələrinə qısa müddət ərzində təqdim edilməlidir”.

Bəzi məhsulların idxalından narahatlıq duyduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İdxal siyasəti yenidən ciddi şəkildə nəzərdən keçirilməli, bəzi məhsulların, xüsusilə də ölkəmizdə istehsalı üstünlük təşkil edən taxılçılıq və bağçılıq məhsullarının idxalından imtina edilməlidir”.

Hökumət nümayəndələrinə tövsiyələrini davam etdirən Həzrət Ayətullah Xamenei mədəniyyət sferasına olduqca ciddi diqqət yetirməyin vacib olduğunu qeyd edərək dedi: “Kitab istehsalı, incəsənət sahəsində görülən işlər və mədəniyyət qurumları da daxil olmaqla bütövlükdə mədəniyyətlə bağlı məsələlərdə heç bir güzəştə yol vermədən, qəti şəkildə inqilabi və islami tendensiyalar rəhbər tutulmalıdır”.

Mədəniyyətlə bağlı mövzularda mənbələrin məhdudluğuna, bu sahədə prioritetlərin müəyyən edilməsinin vacibliyinə toxunan Ali Məqamlı Rəhbər hökumət adamlarına marginal məsələlərə önəm verməkdən çəkinməyi tövsiyə etdi.

Ölkənin gərgin əmək əhval-ruhiyyəsinə, hökumət nümayəndələrinin riskə hazırlığına böyük ehtiyac duyduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Belə bir şəraitdə hökumətin marginal məsələlərlə baş qarışdırması yaramaz. Əlbəttə, bəzi hallarda hökumət özü diqqətsizlik ucbatından bu tip məsələlərin ön plana çəkilməsi üçün zəmin yaradır, bəzən isə bu məsələlər başqaları tərəfindən ortaya atılır”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasına qarşı marağın artırılması ilə bağlı da bir neçə məqamı qeyd etdi. O, bu barədə aşağıdakıları dedi: “Söhbət İrana marağın artırılmasından gedirsə, bunun ən mühüm yollarından biri fars dili və ədəbiyyatının möhkəmləndirilməsi və təbliğidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İrana qarşı marağın artırılması işində İslamdan öncəki yox, İslamdan sonrakı İran daha çox önə çəkilməlidir. Çünki İranın İslamı qəbul etdikdən sonra əldə etdiyi iftixar və nailiyyətlərə tariximizin heç bir dövründə rast gəlinmir”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İranın İslamı qəbul etdikdən sonra, xüsusilə də deyləmilər, səlcuqilər və səfəvilər dövründə elm, incəsənət, mədəniyyət, hətta hərb sahəsində nail olduğu inkişaf və tərəqqi İslamdan öncəki İranla heç bir vəchlə müqayisə oluna bilməz”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İranı və irançılığı müdafiə etmək istəyirsinizsə, İslamdan sonrakı İranın tarixi bu baxımdan daha əsaslandırılmış və açıq formadadır”.

Hökumət nümayəndələri ilə görüşü əsnasında Ali Məqamlı Rəhbərin toxunduğu daha bir məqam hakimiyyətin üç qolu arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı oldu. Həzrət Ayətullah Xamenei hökumət adamlarına xitabən aşağıdakıları vurğuladı: “Üçlü hakimiyyət qüvvələri arasındakı münasibətlərə gəlincə, güzəştə getmək mümkün olduğu halda güzəştə gedin, məsələni danışıb aydınlaşdırmaqla həll etmək mümkündürsə, aydınlaşdırıb həll edin, dostcasına münasibətlər sayəsində həll etmək mümkün olduğu halda isə bu üsuldan istifadə edin”.

Görüşün əvvəlində ölkə başçısı cənab Mahmud Əhmədinejad çıxış edərək bildirdi ki, hazırkı hökumətin əsas iş prinsipləri mehriban rəftar, ədalətpərvərlik, xalqa xidmət, həmrəylik və koordinasiyadır. O dedi: “IX və X hökumətin əldə etdiyi bütün nailiyyətlər ilahi dəyərlərə və İslam İnqilabının amallarına sadiqliyin nəticəsidir”.

Ölkənin rəsmi orqanlarının dövlət qurumlarının fəaliyyətinə nəzarət etdiyini qeyd edən ölkə başçısı bildirdi ki, yoxsulların himayə edilməsi, sadə xalqın həyat səviyyəsinə yaxın olma, həmrəylik və düzgünlük hazırkı hökumətin sabit və dəyişməz kursudur. Cənab Əhmədinejad əlavə etdi: “İşıqlı kursa malik olan bu hökumətdə mömin, effektiv fəaliyyət göstərən, İslam İnqilabının dəyərlərinə sadiq olan rəhbər kadrların yeni nəsli xalqa xidmət meydanına qədəm qoydu. Onlar işləməyə və xalqa xidmət göstərməyə daim hazırdırlar”.

Ölkə prezidenti aşağıdakıları da qeyd etdi: “IX və X hökumət ölkənin ən çətin şəraitində, düşmənin görünməmiş təzyiqləri altında xalqın havadarlığı və Ali Məqamlı Rəhbərin dəstəyi ilə ölkə üçün geniş sferalı xidmətlər həyata keçirib”.

Ölkə prezidentinin çıxışından sonra onun müavinlərindən, habelə nazirlərdən bir neçəsi öz fəaliyyət sferaları ilə bağlı hesabatlar təqdim etdilər.

Ölkə başçısının birinci müavini cənab Rəhimi qərargahların və xüsusi hökumət şuralarının fəaliyyəti haqda məlumat verdi. Cənab Rəhimi 10 qərargah və işçi qrupunda nazirlərin, rəhbər işçilərin və ekspertlərin iştirakı ilə 5 mindən artıq iclas keçirildiyini qeyd edərək dedi: “Xüsusi İqtisadi Tədbirlər Qərargahında 56 iclasın keçirilməsi və əhəmiyyətli qərarların qəbulu sayəsində, Qərbin ən şiddətli sanksiyaları nəticəsiz qalmış, yaxud onların təsiri minimuma endirilmişdir”.

3 saat davam edən görüşdə sonuncu çıxış edən hökumət nümayəndəsi Xarici İşlər Naziri oldu. Cənab Salehi dedi: “Düşmənin bütün səylərinə baxmayaraq, Allahın yardımı, rəsmilərin tədbirli fəaliyyəti və xalqın mübarizliyi sayəsində, İslam Respublikasının mövqeyi gün-günüdən yüksəlməkdədir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /