Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür!

Bu gün (çərşənbə günü) günortadan sonra Ali Məqamlı Rəhbərin ölkənin görkəmli xadimləri ilə dördüncü Ramazan görüşü baş tutdu. Ölkənin yüzlərlə görkəmli elm xadimi və professoru, habelə ali təhsil müəssisələrinin elmi şuralarının üzvləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək elmi inkişaf, tədqiqatlar, ali təhsil, mədəniyyət, siyasət, ictimaiyyət və iqtisadiyyatla əlaqəli müxtəlif problemlər haqqında fikir mübadiləsi apardılar.

Qeyd edək ki, son həftələr ərzində tələbələr, şair və ədiblər, habelə iqtisadiyyat sferasının fəalları Ali Məqamlı Rəhbərlə ayrı-ayrılıqda görüşərək söhbət etmişlər.

Bu gün baş tutan görüşün başlanğıcında ölkənin ali təhsil müəssisələrinin elmi şuralarına üzv olan 14 nəfər 2 saatdan artıq müddətdə müxtəlif məsələlərlə bağlı rəy və görüşlərini ifadə etdilər, öz təklif və tənqidlərini, problemlərin həlli yollarını ortaya qoydular.

Ali Məqamlı Rəhbər universitet müəllimlərinin çıxışlarını düşünərək dinlədikdən sonra ölkənin elmi inkişafı, universitetlərin rolu və Qüds gününün əhəmiyyəti haqqında danışdı.  

Qüds gününün yaxınlaşdığına toxunan Həzrət Ayətullah Xamenei dedi: “Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür. Qüds günündə İran xalqı və digər müsəlman xalqları haqq sözü – imperializmin ən azından 60 il ərzində susdurmağa çalışdığı, bunun  üçün milyonlarla sərmayə sərf etdiyi haqq sözü dünyaya car çəkirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İranda İslam Respublikasının qurulması, Qüds gününün elan olunması, Tehranda İsrail səfirliyinin Fələstin səfirliyi ilə əvəz olunması müstəmləkəçilərin Fələstini dünyanın siyasi coğrafiyasından silmək məqsədilə həyata keçirdikləri 60 illik məkrli plana qarşı bir hücum idi”.   

Ali Məqamlı Rəhbər dedi: “Qüds günü həm də ölkənin təhlükəsizliyinin dayağıdır və bu gün küçəyə çıxan hər bir iranlı, əslində, ölkənin, xalqın təhlükəsizliyinə, İslam İnqilabının nailiyyətlərinin qorunmasına yardım etmiş olur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın lütfü sayəsində, bu il də Qüds günü ölkəmizdə və digər müsəlman ölkələrində daha əzəmətli şəkildə qeyd olunacaq”.

Çıxışı əsnasında Ali Məqamlı Rəhbər həmçinin ölkədə qazanılmış elmi nailiyyətləri “İran xalqının imperializm cəbhəsi qarşısında əzəmətli müqavimətinin başlıca sütunlarından biri” adlandıraraq aşağıdakıları vurğuladı: “İran xalqına özünəinam, başucalığı, güclü iradə və müqavimət cəsarəti bəxş etmiş bu nailiyyətlər universitetlərin, onların elmi kollektivinin xidmətidir”.

Düşmənlərin ardıcıl surətdə davam edən hərbi, təhlükəsizlik, sosial və siyasi təhdidlərinə, İran alimlərinin terror edilməsinə, ölkəyə tətbiq olunan sanksiyalara, müstəmləkə hərislərinin ölkə daxilində iğtişaş yaratmaq, İslam dövlətini imperializm qarşısında baş əyməyə məcbur etmək səylərinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı düşmən cəbhəsi qarşısında var gücü və müqavimət qabiliyyəti ilə durub, ölkəsinin elmi və praktik nailiyyətlərinə arxalanaraq dünyanın hegemon və müstəmləkəçi qüvvələrinə qətiyyətlə “Yox!” deyib”.

“Universitetlər ölkənin elmi inkişafının, İran xalqının izzət və nüfuzunun mənbəyidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Heç şübhəsiz,  düşmən İran İslam Respublikasına günü-gündən daha artıq qüdrət bəxş edən mehvərin universitetlər olduğundan bixəbər deyil və bundan sonra da bixəbər olmayacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, universitetləri dini əqidədən və mütərəqqi elmi fəaliyyətdən məhrum etmək imperializm cəbhəsinin iki başlıca hədəfidir. Universitetləri elmi inkişafdan məhrum etmə metodlarının nədən ibarət olduğunu açıqlayan Ali Məqamlı Rəhbər dedi: “İran alimlərinin terror edilməsi də bu metodlar sırasına daxildir, lakin düşmənin ən əsas və dolaşıq metodu tələbələri, müəllimləri və ali məktəblərin kollektivini elmdən kənar işlərlə məşğul etmək, bununla da iranlıların ümummilli arzusunun – ölkənin elmi yüksəliş və çiçəklənməsi arzusunun reallaşmasına imkan verməməkdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkəni dünya elminin karvanından uzaq salan boşluğu doldurmaq üçün durmadan, sürətli templə çalışmaq vacibdir. O vurğuladı: “Ölkəmizdəki elmi hərəkata yeni bir ruh verməliyik. Ali məktəblərin bütün potensialı, bütün müəllim və tələbələr ölkənin elmi sıçrayışı naminə bu taleyüklü meydana atılmalıdır”.

Həzrət Ayətullah Xamenei bu barədə onu da qeyd etdi ki, kompleks elmi planın işlənib hazırlanması ölkənin ehtiyac duyduğu elmi sistemin müəyyən olunmasına şərait yarada bilər. O dedi: “Faydalı elm sahələrinin müəyyən olunması prinsipinə əsaslanaraq ölkənin ehtiyacları ilə müxtəlif elmi sferaların fəaliyyəti arasında əlaqələndirmə yaratmaq lazımdır”.

Ölkənin elmi inkişafı haqda danışan Ali Məqamlı Rəhbər həmçinin novatorluq mədəniyyətinin ölkənin çoxmilyonlu professor və tələbə potensialı arasında genişləndirilməsi, mükəmməl elmi sistemin formalaşdırılması, kompleks elmi planın icrası üçün planlı surətdə fəaliyyət göstərilməsinin vacibliyi, universitetlərin ölkədəki problemlərə formal yox, real müdaxiləsinin təmin olunması kimi məqamlara da toxundu.

Elmi ideyanın yaranması ilə başlayıb istehlakda qapanan halqaya diqqət yetirməyin də olduqca əhəmiyyətli olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Hökumət və ali təhsil müəssisələri qarşılıqlı surətdə əməkdaşlıq edərək alimlərin beynində elmi ideyaların yaranması, bu ideyaların elmə, ardınca isə texnologiya və sənayeyə çevrilməsi prosesini idarə etməlidirlər”.  

Universitetlərin elmi fəaliyyətini zəiflətmək planının müxtəlif aspektlərini açıqladıqdan sonra Həzrət Ayətullah Xamenei imperializmin ikinci hədəfindən – yəni elmi mərkəzləri dini əqidədən məhrum etmək planından danışdı.

O dedi: “İran xalqı həqiqətən xoşbəxt olmaq, fiziki və mənəvi cəhətdən asayiş və təhlükəsizlik içərisində yaşamaq istəyir. Elm olmadan, yaxud dindən məhrum olmuş elmi inkişaf şəraitində bu olduqca mühüm hədəfin gerçəkləşməsi mümkün deyil. Buna görə də başda universitetlər olmaqla cəmiyyətimiz sözün həqiqi mənasında dindar olmalıdır”.

Ali Məqamlı Rəhbər “dinə etiqad edən, imanlı universitetlər” ifadəsinin səthi şəkildə qavranmasının qarşısını almaq üçün aşağıdakıları vurğuladı: “Dindar universitet” dedikdə dərin dini bilgilərə, dərin imana malik olan, dinə və dini təlimlərə dərindən etiqad bəsləyən bir ali məktəb nəzərdə tutulur. Bu məsələdə universitetlərdə dərs deyən müəllimlərin rolu son dərəcə əhəmiyyətlidir”.  

“Tələbələr ölkənin elminin, məfkurəsinin və gələcəyinin sahibidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müstəmləkəçilər ölkənin gənc tələbə nəslini imansızlığa, dini əqidəyə qarşı məsuliyyətsizliyə, ideoloji azğınlığa sövq etmək istəyirlər. Bu məkrli plana qarşı mübarizə aparmaq hər kəsin, xüsusilə də universitet müəllimlərinin vəzifəsidir”.

Gənc və imanlı elm xadimlərinin çıxılmaz maneələri aşaraq bu gün əldə olunmuş nailiyyətlərə imza atdıqlarını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmanlı gənclərimiz müdafiə sənayesi, kök hüceyrələri, nüvə enerjisi, aeronavtika, super-kompüterlərin istehsalı və sair sferalarda gözəl surətdə parlayıblar və başqa alimlərin yardımı ilə ölkəni irəli aparmaqdadırlar”.   

Ölkənin görkəmli elm və universitet xadimləri ilə görüşündən son dərəcə məmnun qaldığını bildirən Ali Məqamlı Rəhbər görüş əsnasında toxunulan məsələlərin dolğun və sanballı olduğunu qeyd edərək dedi: “Bu iclasda qeyd olunan məsələlər arasında yeni fikirlər, maraqlı təkliflər də var idi. Bunlar görkəmli elm və universitet xadimlərinin ümumilikdə yeni fikir və ideyalar yürütməyə meylli olduqlarını göstərir”.       

Universitet müəllimlərindən birinin ölkədə perspektiv imkanları, gələcək siyasət və strategiyaları müəyyən edəcək bir qurumun yoxluğu ilə bağlı söylədiyi fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Strateji ideya konfranslarının keçirilməsinin məqsədi də elə bu boşluğu doldurmaqdır. Bu konfransların davamı olaraq, fikir adamlarının əməkdaşlığı ilə böyük işlər görülməlidir”.

Həzrət Ayətullah Xamenei həmçinin aşağıdakıları da vurğuladı: “Cəmiyyətin aktual ehtiyaclarından biri də görkəmli şəxsiyyətlərin, fikir adamlarının iştirakı ilə müəyyən görüşlərin keçirilməsi, onların rəy və görüşlərinin ictimaiyyət müstəvisinə çıxarılması və tədricən cəmiyyətin ümumi diskursuna çevrilməsidir”.

“Universitetlərin ictimaiyyəti, xüsusən də müəllimlər üçün, həmçinin teoloji mərkəzlərdə tədris edən ruhanilər üçün mühüm və zəruri olan ehtiyaclardan biri də ölkənin reallığından agah olmaq, mövcud şərait haqqında düzgün məlumata və analitik rəyə malik olmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Yadelli audio və vizual media vasitələri ölkəyə böyük həcmdə qeyri-real, nöqsanlı informasiya və təhlillər ötürürlər. Universitetlərin və teoloji mərkəzlərin kollektivləri real informasiyaya malik olmasalar, bu zəhərli təhlillərin təsiri altına düşə bilərlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, universitet ictimaiyyətinin ölkənin reallıqları barədə məlumat almasının yollarından biri rəsmilərin ali məktəblərdə müntəzəm olaraq görüşlər keçirməsidir. O vurğuladı: “Hökumət nümayəndələri universitetlərin möhtərəm professor-müəllim heyəti ilə sual-cavab xarakterli görüşlər keçirməli,  onların səmimi tənqidlərini qəbul etməklə yanaşı, elm xadimlərinin rəy və görüşlərindən də istifadə etməlidirlər”.

Ali Məqamlı Rəhbər dedi: “Rəsmilər elm xadimlərinin elmi, konstruktiv, bəzən kəskin tənqidlərini qəbul etməli, bu tənqidləri dövlətə müxalif çıxmaq kimi mənalandırmamalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta bəzi kəskin tənqidlərin əksəriyyəti də canıyananlıqdan irəli gəlir. Hökumət nümayəndələri bu tip tənqidləri səmimiyyət və canıyananlıqla bildirən elm adamlarının qədrini bilməlidirlər”.  

Ali Məqamlı Rəhbər eyni zamanda universitetlərin professor-müəllim heyətinə də aşağıdakı tövsiyəni verdi: “Tənqid edən zaman konstruktiv tənqidlə təxribat arasındakı sərhəddə riayət etmək, sözü elə demək lazımdır ki, düşmənin dəyirmanına su tökməyəsən, cəmiyyətdə pessimist əhval-ruhiyyənin yayılması üçün zəmin yaranmasın”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, universitetlərin professor-müəllim heyəti üçün vacib olan məqamlardan biri də regiondakı problem və reallıqlar, xüsusilə də baş verən son dəyişikliklər haqqında məlumatlı olmaqdır. O dedi: “Regionda gedən hazırkı dəyişikliklər böyük, olduqca mühüm və effektiv hadisələrdir”.

“Regionda baş verən son hadisələrin nəticələrindən biri də Qərbin siyasi-iqtisadi nəzəriyyələrinin yanlışlığının müəyyənləşməsidir” –  deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Regiondakı hadisələr və Qərb ölkələrində iqtisadi vəziyyətin pisləşməsi Qərbin siyasi-iqtisadi nəzəriyyələrinin ümumilikdə yanlış və qüsurlu olduğunu göstərir. Buna görə də islami məfkurənin əvvəlkindən də artıq gücləndirilməsi istiqamətində addım atmaq lazımdır”.

Görüşün əvvəlində aşağıda adları sadalanan universitet müəllimləri və elmi şura üzvləri elm, ali təhsil, tədqiqat, sosial vəziyyət, iqtisadiyyat, siyasət və mədəniyyətlə bağlı rəy və görüşlərini bildirdilər:

- Dr. Seyid Ziyaəddin Tabei – Şiraz Tibb Elmləri Universitetinin professoru;

- Dr. Qulamrza Cəmşidiha – Tehran Universitetinin müəllimi, tarix üzrə professor;

- Dr. Həsən Danayifərd – Pedaqoji Universitetin Dövlət idarəetməsi fakültəsinin professoru;

- Dr. Əşrəf Moini – Tehran Tibb Elmləri Universitetinin dosenti;

- Dr. Seyidcəlal Dehqani Firuzabadi – Əllamə Təbatəbayi adına Universitetin Beynəlxalq əlaqələr fakültəsinin professoru;

- Dr. Həmidrza Fərtukzadə – Malik Əştər adına Sənaye Universitetinin dosenti;

- Dr. İlham Əminzadə – Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin professoru;

- Dr. Rza Rai – Tehran Universitetinin Vergi idarəçiliyi fakültəsinin dosenti;

- Dr. Seyidrza Məcidzadə – Tehran Tibb Elmləri Universitetinin professoru;

- Dr. Davud Pərçəmi – Şəhid Beheşti adına Universitetin Sosiologiya fakültəsinin dosenti;

- Dr. Zeynəddini – İsfahan Sənaye Universitetinin professoru;

- Dr. Rəncbər – Bəsici Professorlar Cəmiyyətinin sədri, Pedaqoji Universitetin elmi şurasının üzvü;

- Dr. Əlirza Cəhangiriyan – Əmir Kəbir adına Sənaye Universitetinin Aeronavtika fakültəsinin elmi şurasının üzvü;

- Dr. Əbdülhəmid Noqrekar – Elm və Sənaye Universitetinin Memarlıq və şəhərsalma fakültəsinin dosenti;

Ali Məqamlı Rəhbərlə görüş əsnasında professorların toxunduğu başlıca məqamlar aşağıdakılardan ibarət oldu:

- İndiyə qədər humanitar elm sahələrində dəyişikliklərin edilməsi istiqamətində görülmüş işlərin real surətdə dəyərləndirilməsi;

- Bəzi elm sahələrində, o cümlədən tibb elmlərində dini-etnik mənbələrə əsaslanan fəlsəfi-ideoloji tendensiyaların yoxluğu;

- Rəhbər işçilərin seçimində elmi-professional meyar kimi, İslam Respublikasının idarəetmə sisteminin işlənib hazırlanması;

- Milli siyasətin müxtəlif sferaları arasında həmrəylik və koordinasiyanın yaradılmasının, bu sferaların imkan və potensialının artırılmasının vacibliyi;

- Milli, regional və qlobal problemlərin həlli istiqamətində İrana və İslam dininə xas nəzəri konsepsiyanın işlənib hazırlanmasının vacibliyi;

- Humanitar elmlər üzrə akademiyanın və ixtisaslaşmış universitetlərin təsis olunması;

- “Humanitar elmlərdə dəyişikliklər” planının işlənib hazırlanmasının əhəmiyyəti;

- Cari siyasət və qərarları ölkənin gələcək mənafeyi baxımından müntəzəm şəkildə dəyərləndirəcək perspektiv qurumun təsis edilməsi;

- Beynəlxalq təşkilat və mərkəzləri yürütdükləri siyasətə və atdıqları addımlara görə hesabat verməyə vadar etmək üçün hüquq müstəvisində fəal mübarizə;

- Beynəlxalq münasibətlər müstəvisində ictimai diplomatiyanın potensialına daha çox diqqət yetirilməsi;

- Ölkənin aeronavtika sahəsində əldə etdiyi nailiyyətlərə paralel olaraq, kosmik hüququn tədrisi istiqamətində proqramlaşdırmanın aparılması;

- Hökumət və xalqın sayıq mübarizəsi sayəsində sanksiyaların nəticəsiz qalması;

- Regionda və dünyada yenicə təzahür edən sosial, iqtisadi və siyasi imkanlardan  İslam sivilizasiyasının intibahı istiqamətində yararlanma;

- Elmi inkişaf diskursunun cəmiyyətin başlıca diskursuna çevrilməsi üçün müvafiq mədəniyyətin formalaşdırılması;

- İstənilən qərarların qəbulu və siyasətlərin müəyyənləşdirilməsi prosesində ölkənin kompleks elmi planına diqqət yetirilməsi;

- Elmi əsaslı şirkətlərin cəlb olunmasında elm və texnologiya parklarının əhəmiyyəti;

- İnkişaf və yüksəlişə aparan başlıca yol kimi, fundamental elmi fəaliyyətin əhəmiyyəti;

- Yenilik və ixtiralar şəbəkəsinin yaradılması;

- Elm və texnologiyanın prioritet məsələlərinə dəstək vermək məqsədilə milli fondun yaradılması təklifi;

- Memarlıq və şəhərsalmada tarixi İran-İslam ənənələrinə diqqət yetirilməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /