Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadi cihad xalqın və rəsmilərin əlində düşmənin sanksiyalarına qarşı effektli bir silahdır!

Özəl sektorun fəal iş adamları, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, bank, informasiya texnologiyaları və xidmət sektorlarında çalışan rəhbər işçilər, habelə sinfi təşkilatların nümayəndələri bu gün (çərşənbə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşərək ölkədəki müxtəlif iqtisadi problemləri müzakirə etdilər, fikir mübadiləsi apardılar.

3 saatdan artıq davam edən görüşün əvvəlində iqtisadiyyat sektorunda fəal olan iş adamlarından 18 nəfəri ölkədəki iqtisadi vəziyyətlə bağlı rəy və düşüncələrini ifadə etdilər.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei “20 illik perspektiv plan”ın qarşıya qoyduğu hədəflərin gerçəkləşməsi üçün daha artıq səy, tədbir və sürət tempinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Düşmən öz yarıtmaz sanksiya silahı ilə İran xalqını və İslam dövlətini yerə vurmaq məqsədi güdür. Lakin bu düşmənanə məqsəd rəsmilərimizin və xalqımızın iqtisadi cihadı sayəsində nəticəsi qalacaq, gələcəyə sonsuz ümidlə baxan böyük İran xalqı öz layiqli mövqeyinə yetişəcək!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hazırkı həssas etapda iqtisadiyyatın dövlət və özəl sektorlarında çalışan fəallarla belə bir görüşün təşkil olunması İslam dövlətinin iqtisadiyyata, bu sferada dinamiklik və inkişafa nə qədər böyük qayğı və maraqla yanaşdığını göstərən simvolik bir addımdır. O vurğuladı: “Bugünkü görüşümüzün mesajı budur: iqtisadi sferanın rəsmiləri və fəalları, həmçinin xalqın hər bir nümayəndəsi iqtisadiyyat məsələsinə daha artıq diqqət və ciddiyyətlə yanaşmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bugünkü görüşün hədəflərindən biri də ölkədəki iqtisadi vəziyyətlə bağlı özəl sektorun fəal iş adamlarının dilindən məlumat almaqdır. O, əlavə etdi: “Fəal iş adamlarından əksəriyyətinin çıxışlarından göründüyü kimi, düşünən beyinlərin, elm və texnologiya sahələrində çalışan görkəmli şəxsiyyətlərin əzmi sayəsində istehsalat, xidmət, kənd təsərrüfatı, elmi əsaslı sənaye sferalarında böyük irəliləyişlər reallaşdırılıb. Təəssüflər olsun ki, camaatın əksər hissəsinin bu barədə məlumatı yoxdur. İran xalqına məxsus olan bu milli qürur faktları xalqın diqqətinə çatdırılmalıdır”.

Ali Məqamlı Rəhbər dedi: “İrəliləyiş və nailiyyətlərin vurğulanması zəif cəhətlərin və çatışmazlıqların görməməzliyə vurulması anlamına gəlmir. Lakin mənfi məqamlar haqqında çarə axtarışı, ümid vermə tonu ilə danışmaq lazımdır ki, ölkədəki reallıqlar tərsinə təqdim olunmasın”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənlərin hal-hazırda psixoloji müharibədə işlətdiyi fəndlərdən biri də xalqa, xüsusilə də ölkənin gənc və fəal nəslinə pessimist əhval-ruhiyyə aşılamaqdır. Buna görə də camaatı ölkədəki böyük irəliləyiş və imkanlar haqda daim məlumatlandırmaq lazımdır”.

Cari ilin hansı səbəbdən “İqtisadi cihad ili” adlandırıldığı barədə danışan Həzrət Ayətullah Xamenei imperializmin mübariz İran xalqına və İslam dövlətinə iqtisadiyyat sarıdan zərbə vurmaq məqsədi güddüyünə toxunaraq dedi: “Düşmənin hədəflərinin, işlətdiyi vasitə və silahların nədən ibarət olduğunu bilmək, bu hədəflərə qarşı iqtisadi cihadla mübarizə aparmaq lazımdır”.

İqtisadi cihadın spesifik cəhətlərini açıqlayan Ali Məqamlı Rəhbər ardıcıllıq, hərtərəflilik, ayıq-sayıqlıq və ixlas kimi keyfiyyətlərə toxunaraq dedi: “Bir məqamı dərk etmək lazımdır ki, iqtisadi cihad, əslində, düşmənin qərəzli və ədavətli davranışına qarşı mübarizəyə yönəlmiş məqsədyönlü bir hərəkatdır”.

İran əleyhinə tətbiq olunan sanksiyaların əsl məqsədinin ölkə iqtisadiyyatını iflic vəziyyətə salmaq olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu sanksiyaların gerçək amili nüvə enerjisi deyil, çünki onların tətbiqinə hələ 32 il öncə – ölkədə nüvə məsələsi haqda bir kəlmə belə olsun danışılmadığı zaman başlayıb”.

İran xalqının və ölkə rəsmilərinin sanksiyalara qarşı müdriklik və uzaqgörənliklə mübarizə apardığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Sanksiyalar effektiv olsaydı və düşmənlərin qarşısındakı maneələri aradan qaldırsaydı, imperialistlərin məqsədləri nəinki indi – xalqın və dövlətin sanksiyalara qarşı getdikcə əks-zərbə vəziyyəti aldığı şəraitdə, elə inqilabın ilk illərində reallaşardı”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqının və rəsmilərinin iqtisadi sanksiyalar təhlükəsini müvəffəqiyyətlə arxada qoymalarını və bundan daha əhəmiyyətlisi, daxili imkan və potensialdan istifadəyə üz tutmalarını sanksiyaları nəticəsiz qoymaq üçün seçilmiş uğurlu metodlardan biri hesab edir. O, əlavə etdi: “İslam dövlətinin sanksiyalara qarşı qürurverici mübarizəsi son 32 ildə olduğu kimi, bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək”.

Ali Məqamlı Rəhbər həmçinin “20 illik perspektiv plan”ın qarşıya qoyduğu hədəfləri gerçəkləşdirmək, İranın mühüm və həyati sferalar baxımından regionda bir nömrəli dövlətə çevrilməsinə nail olmaq lazım olduğunu vurğulayaraq dedi: “Regiondakı rəqiblərimiz daim çalışıb-vuruşmaqdadırlar. Perspektiv planın hədəflərinə yetişmək üçün daha artıq sürət tempinə, tədbirliliyə, intizamlı fəaliyyətə və əslində, iqtisadi cihada ehtiyac var”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin mühüm və həyati məsələlər baxımından region üzrə bir nömrəli dövlətə çevrilməsi bir həvəs yox, real və taleyüklü bir ehtiyacdır. O, əlavə etdi: “Dünya və regionun hazırkı şəraitində iqtisadi, elmi və infrastruktur baxımından lazımi qədər inkişaf etməmiş hər bir ölkə amansız işğala məruz qalır. Buna görə də ölkəni daxildən möhkəmləndirmək və iqtisadi cəhətdən inkişaf etdirməklə perspektiv planın qarşıya qoyduğu hədəfləri gerçəkləşdirmək lazımdır”.

Ölkənin istedadlı və yüksək intellektli insan resursları, təbii resurslar və coğrafi mövqe baxımından fövqəladə potensiala malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi ki, birinci dərəcəli əhəmiyyət kəsb edən bu imkanları faktiki surətdə reallaşdırmaq, İranın regionun bir nömrəli ölkəsinə çevrilməsinə nail olmaq lazımdır. Bu mühüm hədəfə yetişmək üçün isə daha artıq səy və zəhmətə ehtiyac var.

“20 illik perspektiv plan”ın icrasına başlandığı vaxtdan 5 il keçdiyinə toxunan Həzrət Ayətullah Xamenei “4-cü inkişaf proqramı” çərçivəsində həyata keçirilmiş işləri müsbət dəyərləndirdiyini desə də, aşağıdakıları əlavə etdi: “Proqramda qarşıya qoyulmuş bəzi hədəflər, o cümlədən 8 faizlik iqtisadi inkişaf, işsizlik və inflyasiyanın səviyyəsinin azaldılması, investisiya qoyuluşunun artırılması məsələləri reallaşmayıb. Buna görə də “5-ci inkişaf proqramı”nın icrası zamanı daha artıq əzm və səy göstərilməlidir ki, qeyd olunan çatışmazlıqların kompensasiya edilməsi ilə yanaşı, “Perspektiv plan”ın hədəflərinin həyata keçirilməsində bu proqramın payına düşən vəzifələr də yerinə yetirilsin”.

Konstitusiyanın 44-cü maddəsindəki siyasətlərin icrası sahəsində müsbət işlər görüldüyünə baxmayaraq, bunların kifayətləndirici olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “44-cü maddənin elan olunmuş siyasətlərinə əsasən, ölkədə özəl sektorun sərbəst iştirak edə biləcəyi bir rəqabət iqtisadiyyatı üçün zəmin yaradılmalıdır. Bunun üçün isə 44-cü maddədəki siyasətlərin tam icrası istiqamətində daha artıq dinamiklik müşahidə olunmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “44-cü maddənin ümumi siyasətlərinin icrasında məqsəd təkcə şirkət və müəssisələrin sahibkarlara həvalə edilməsi deyil. Bununla yanaşı, özəl sektorun fəallaşdırılması, müsbət idarəetmə, habelə ehtimal olunan sui-istifadə hallarının qarşısının alınması üçün ciddi nəzarət imkanlarının yaradılması sahəsində də əsaslı işlər görülməlidir”.

“İqtisadi korrupsiyaya qarşı ciddi və qətiyyətli mübarizə özəl sektoru iqtisadiyyatda sağlam və qanuni iştiraka təşviq etmək üçün zəmin yaradan münasib amillərdən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İqtisadi korrupsiyaya qarşı mübarizə olduqca mühüm əhəmiyyət daşıyan, başlıca şərt sayıla biləcək məsələdir”.

Ali Məqamlı Rəhbər dövlət rəsmilərinə xitabən aşağıdakıları qeyd etdi: “Dövlət orqanları iqtisadiyyat sahəsində ən kiçicik korrupsiya halının təzahürünə son dərəcə böyük həssaslıqla yanaşmalı, buna qarşı amansızcasına, heç kimi və heç nəyi nəzərə almadan mübarizə aparmalıdırlar. Əks halda iqtisadi korrupsiya yoluxucu xəstəlik kimi sürətlə yayılacaq”.

Özəl sektora dəstək siyasətlərinin tam icrasını mühüm məsələlərdən biri hesab etdiyini bildirən  Həzrət Ayətullah Xamenei  dedi: “İqtisadiyyatın əsasını istehsal təşkil edir. “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi haqqında qanun”un icrası çərçivəsində istehsalat sahəsinin iqtisadiyyatdakı payı, mütləq, nəzərdə tutulmalıdır”.

Ali Məqamlı Rəhbər bununla bağlı aşağıdakıları da əlavə etdi: “Əlbəttə, göstərilən dəstək və himayə müqabilində istehsalat sektorunun da öhdəsinə müəyyən vəzifələr düşür. Həmin vəzifələr sırasında enerji sərfində qənaəti, səmərəliliyin artırılmasını, texniki avadanlıqların yenilənməsini qeyd etmək olar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İstehsalat sektoruna müəyyən güzəşt və imtiyazların ayrılması, istehsalçılara dəstək verilməsi ilə yanaşı, bu sahəyə güclü nəzarət də həyata keçirilməlidir ki, bəzi sui-istifadəçilər verilən güzəşt və imtiyazlardan başqa işlər üçün istifadə etməsinlər”.

Həzrət Ayətullah Xamenei iqtisadiyyat sferasının fəalları qarşındakı çıxışının digər qismini idxalat-ixracat mövzusuna həsr etdi. İdxal prosesinin tənzimlənməsinin və bu sahəyə nəzarətin zəruri olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “İstənilən şəraitdə daxili istehsala, o cümlədən kənd təsərrüfatı məhsullarına diqqətlə yanaşmaq lazımdır. Belə bir fikir var ki, idxal daxili məhsulun rəqabət qabiliyyətinin artmasına kömək edir. Bu fikir güclü məntiqə malik deyil”.

İxracat mövzusuna toxunan Ali Məqamlı Rəhbər son illər ərzində qeyri-neft məhsullarının ixracının uğurla artdığını bildirərək əlavə etdi: “Ümidvaram, qeyri-neft məhsullarının ixracı o qədər artacaq ki, ölkədə ixracat idxalatı üstələyəcək və biz neftdən gələn gəlirlərdən asılılığa son qoya biləcəyik”.

Neft gəlirlərindən asılılığın ölkənin bəlalarından biri olduğunu deyən Həzrət Ayətullah Xamenei bir neçə il öncə səsləndirdiyi bir fikri – “Neftdən asılılığımıza elə son qoymalıyıq ki, neft quyularının ağzını istədiyimiz müddətə bağlaya bilək” sözlərini xatırladaraq dedi: “Ölkə iqtisadiyyatının neftdən gələn gəlirlərin asılılığından qurtarması İran xalqı və İslam dövlətinin böyük tərəqqi və iqtidarı üçün zəmin yaradacaq!”

Ali Məqamlı Rəhbər həmçinin aşağıdakıları da əlavə etdi: “Dövlətin ixracat sektoruna verdiyi dəstəklə yanaşı, ixracatçılar da öz məhsullarının keyfiyyətinə, qablaşdırılmasına, çeşid müxtəlifliyinə, möhkəmliyinə və estetik gözəlliyinə diqqət yetirməli, istehsal etdikləri məhsulu təyin olunmuş vaxtda müştəriyə çatdırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu məqamların gerçəkləşməsi üçün istehsalda gözəl fəaliyyət mədəniyyətinə ehtiyac var”.

“Ölkə iqtisadiyyatında vacib məqamlardan biri də kooperativlərin inkişafı üçün kompleks proqramın işlənib hazırlanmasıdır” – deyən Ali Məqamlı Rəhbər iqtisadiyyatla bağlı informasiyanı əldə etməkdə hamı üçün bərabər imkanların yaradılmasının vacibliyi məsələsinə də toxunaraq dedi: “Özəl sektorun bütün fəalları investisiya imkanları haqqında bərabər şəkildə, heç bir ayrı-seçkiliyə yol verilmədən məlumat almalıdırlar”.

İnformasiyanın şəffaf surətdə çatdırılması məsələsinə daha ciddi nəzarət etmək lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İnformasiya almaq imkanının         bəzi konkret şəxslər üçün məhdudlaşdırılması qəribə bir ayrı-seçkilik üçün zəmin yaradır. Buna qarşı mübarizə aparmaq üçün isə informasiyanın əldə olunması imkanları ümumiləşdirilməlidir”.

Söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram, bugünkü görüşümüz xalqını, ölkəsini və dövlətini sevən hər kəsə daha çox stimul verəcək, tədbirli, məqsədyönlü və ikiqat artıq fəaliyyət üçün zəmin yaradacaq”.

İqtisadi cihadla yanaşı ikiqat zəhmət və təşəbbüsə də diqqət yetirmək lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkəni gözəl bir gələcək gözləyir. Tarixi keçmişimiz, mədəni irsimiz, böyük insan potensialımız və zəngin təbii resurslarımız – bütün bunlar bir daha təsdiq edir ki, İran İslam Respublikası xalqın və rəsmilərin yorulmaq bilməyən, ardıcıl əməyi və səyləri sayəsində öz yüksək və layiqli mövqeyinə yetişə bilər”.

Görüşün əvvəlində aşağıda adları qeyd olunan xanımlar və cənablar çıxış edərək iqtisadiyyatın müxtəlif sferaları ilə bağlı rəy, tənqid və təkliflərini irəli sürdülər:

- Əsədullah Əsgərövladı – fəal iş adamı, ixracatçı;

- Seyid Məhəmməd Atabəki – Sement İstehsalçıları Assosiasiyasının sədri;

- Haşim Namvər – Bəndər-Abbas Neft Emalı Zavodunun icraçı direktoru;

- Qasim Nudə Fərahani – İran Ticarətçilər Şurasının sədri;

- Məcid Qasimi – “Pasarqad Bank”ın icraçı direktoru;

- Moctəba Şadlu – İran Bağçılar Birliyinin idarə heyətinin sədri;

- Hüseyn Qalibaf Əsl – “Bors” şirkətinin icraçı direktoru;

- Leyla Laricani – “İnformatikanın Genişləndirilməsi” şirkətinin icraçı direktoru;

- Məhəmmədrza Cəbbarzare – sinxronlaşma qrupunun icraçı direktoru;

- Həmidrza Cəmşidi – “Əlborz” əczaçılıq şirkətinin idarə heyətinin sədri;

- İrəc Rəhbər – İran Çoxmərtəbə İnşaatçıları Birliyinin sədri;

- Məhəmməd Aram Bonyar – “Əmin” maliyyə təminatı şirkətinin  icraçı direktoru;

- Əbulhəsən Xəlili – yağlı dənəvər bitkilərin emalı ilə məşğul olan kooperativlər birliyinin icraçı direktoru;

- Qolamrza Həbibi – “Fərzan” Elm, Tədqiqat və Texnologiyanın Genişləndirilməsi Müəssisəsinin icraçı direktoru;

- Əhmədhəsən Cəzəni – Suda yaşayan ekzotik canlıların süni artımı və ixracı ilə məşğul olan iş adamlarının nümayəndəsi;

- Ətaullah Ayətullahi – İran Müşavir Mütəxəssislər Cəmiyyətinin su sektoru şurasının katibi;

- Pərviz Rəhməti – İran Elektron Ticarət Sistemi Təşkilatının sədri;

- Əhməd Təvəkkoli – Parlamentin nümayəndəsi;

Çıxış edənlər, əsasən, aşağıdakı məqamlara toxundular:

- Yaxın 5 il ərzində qeyri-neft məhsullarının ixracının idxalını üstələməsinə nail olmaq üçün özəl sektorun məqsədyönlü fəaliyyətinə diqqət yetirilməsi;

- Dövlətin özəl sektorun rəy və təkliflərinə diqqət yetirməsinin zəruriliyi;

- Ötən ilin müvafiq periodu ilə müqayisədə cari ilin ilk kvartalında ixracın həcminin 25 faiz artmasını nəzərə almaqla sanksiyaların effektsizliyinin bir daha təsdiqi;

- Ölkədə abadlıq və quruculuğun bir nömrəli göstəricisi kimi, sement istehsalının görünməmiş səviyyədə artması;

- İnkişaf tempinin daha da sürətlənməsi üçün sənaye infrastrukturlarına daha artıq diqqət yetirilməsi;

- Sənaye sektoru üçün nəzərdə tutulan bank kreditlərində komision xərclərinin azaldılması;

- 44-cü maddənin icrasında iş adamlarının potensialına diqqət yetirilməsinin vacibliyi;

- Dövlətin istehsal, sənaye və kənd təsərrüfatı müəssisələrinə daha artıq dəstək verməsi;

- Dövlət sektorunun özəl sektora gücləndirici yanaşması;

- Dövlət və özəl əsaslı bankların sağlam və qanunauyğun rəqabəti üçün lazımi zəminin yaradılması;

- Subsidiyaların kənd təsərrüfatı sektoruna istiqamətləndirilməsi nəticəsində meydana çıxmış narazılıqların yoluna qoyulması;

- Kənd təsərrüfatı ilə bağlı məsələlərin həlli üzrə səlahiyyətli orqanların çoxluğunun tənqidi;

- İnformasiya texnologiyaları üzrə ali şuranın təşkil olunması təklifi;

- Ən son texnologiya sahələrinə investisiya qoyuluşunun dövlət tərəfindən dəstəklənməsinin zəruriliyi;

- Cari ildə sərmayə bazarının dəyərinin 118 trilyon tümənə qədər artırılması;

- Elmi əsaslı şirkətlərin iqtisadi potensialına diqqət yetirilməsi;

- İqtisadi tariflərin müəyyənləşdirilməsi prosesində dərindən düşünülməmiş qərarlardan çəkinməyin zəruriliyi;

- Ölkənin iqtisadi infrastrukturunun daha da möhkəmləndirilməsi məqsədilə yeni vergi mexanizmlərindən istifadə;

- İlkin tələbat məhsullarında qiymət artımının ümumi istehsal prosesinə mənfi təsiri;

- Kooperativ sektoruna qayğı və diqqətin artırılmasının zəruriliyi;

- Gərəksiz idxalın, xüsusilə də kənd təsərrüfatı məhsullarının lüzumsuz idxalının tənqidi;

- Kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin etmək üçün ölkənin əvəzsiz potensiala malik olması;

- Əkinçilikdə və məişətdə suyun aşağı səmərəlilik göstəricisi probleminin həlli üçün investisiya qoyuluşu və xüsusi tədbirlərin görülməsi;

- Hazır məhsulun və xidmətlərin qiymətinin azaldılması tendensiyasının aktivləşdirilməsi;

- Milli məhsulun istehsalı, yeni iş yerlərinin açılması və səmərəliliyin yüksəldilməsi proseslərində informasiya və kommunikasiya texnologiyalarının potensialına diqqət yetirilməsi;

- İqtisadiyyatda böyük şirkətlərlə yanaşı, kiçik müəssisələrin də əhəmiyyət kəsb etməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /