Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının müstəqim və sarsılmaz kursunu davam etdirmək bu günün gənc tələbə nəslinin vəzifəsidir!

Ölkənin müxtəlif universitetlərində təhsil alan iki min nəfərə yaxın tələbə, habelə elmi, mədəni, siyasi və sinfi təmayüllü universitet təşkilatının nümayəndəsi bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Sevinc dolu, səmimi bir atmosferdə keçən görüş zamanı Ali Məqamlı Rəhbər dünya inqilablarının öz ilkin istiqamətindən necə yayındığını izah edərək “İslam İnqilabının səbat və sarsılmazlığı” məfhumu haqda ətraflı danışdı. O vurğuladı: “İran xalqının əzəmətli inqilabı konkret hədəflərlə yaranıb və tarixdə müstəsna bir inqilab kimi, öz ilkin hədəf və dəyərlərini günü bu gün də rəhbər tutmaqdadır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dini uğrunda mübarizə aparmaq, antiimperializm, ölkənin müstəqilliyinin qorunması, insana yüksək dəyər verilməsi, məzlumun  müdafiəsi, İranın hərtərəfli inkişaf və yüksəlişi İslam İnqilabının ilkin hədəfləridir. İslam İnqilabının xalqın imanına, ideologiyasına, stimul və emosiyalarına söykəndiyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Aradan 32 il ötməsinə baxmayaraq, bu müstəqim kurs ilk gündə olduğu kimi, azacıq belə olsun yayınmadan davam etdirilir. İslam İnqilabının səbat və sarsılmazlığının gerçək mənası da bu parlaq həqiqətdir”.

İran xalqının Uca Yaradanla bağladığı əhd-peymanın üzərində möhkəm durmasını yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu tərifəlayiq səbat və möhkəmlik köhnə nəsildən indiki nəslə ötürülüb. Belə ki bugünkü görüşdə inqilabın qələbə çaldığı günləri, İmam Xomeyninin (r.ə) dövrünü yaşamamış sadiq və optimist tələbələrimiz İslam İnqilabının ilk nəslinin etiqad bəslədiyi amallara toxundular”.

“Ölkənin bugünkü tələbə nəslinin dilə gətirdiyi arzu və problemlər inqilabın ilk nəsli ilə müqayisədə daha da püxtələşmiş, sanballı və peşəkardır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müasir gəncliyimizin duyğu və emosiyaları eynilə inqilabın ilk nəslinin duyğu və emosiyalarına bənzəyir, lakin bugünkü gənclərin intellekt və rasionallığı daha yüksəkdir. Bu, olduqca dəyərli bir məqamdır”.

İnqilabın son 32 il ərzində yüksələn xətt üzrə irəlilədiyi haqda danışan Ali Məqamlı Rəhbər qeyd etdi ki, insanlığa səadət bəxş edəcək bu kursun davam etdirilməsi və daha da təkmilləşdirilməsi gənc tələbə nəslinin öhdəsinə düşən başlıca dini vəzifədir. O, əlavə etdi: “Bugünkü gənclər və tələbələr ölkəmizin gələcək rəsmiləri, qərar və ixtiyar sahibidirlər. Onlar bu kursu davam etdirib təkmilləşdirərək onu gələcək nəsillərə həvalə etməli, bu reallığı sübuta yetirməlidirlər ki, dünyada baş vermiş cürbəcür inqilabların tarixində ilk dəfə İslam İnqilabı öz ilkin sözünü, prinsip və dəyərlərini bütün varlığı ilə, bir an belə olsun durmadan davam etdirə bilib və inşallah, son hədəflərinə çatdıracaq!”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bugünkü nəslin stimulu, təpəri, şücaəti, təfəkkür qabiliyyəti və böyük əzmi inqilabın kursunun davam etdiriləcəyinə zəmanətdir. Üzünü ölkə gəncliyinə tutan Ali Məqamlı Rəhbər dedi: “Qüdrət və mübarizliklə bu yerə gəlib çatmış bir ölkə irəli getməli, müsəlman ictimaiyyəti üçün tam əyarlı bir etalona çevrilməlidir. Bu mühüm tarixi vəzifənin öhdəsindən bu günün optimist və qətiyyətli gəncləri olan siz gələcəksiniz!”

İslam İnqilabının səbatı və müstəqilliyi haqda ətraflı danışan Həzrət Ayətullah Xamenei son bir neçə yüzillikdə baş vermiş böyük xalq hərəkatları və inqilablarının öz ilkin kursundan yayındığına, onların sonrakı müqəddəratına toxunaraq dedi: “Böyük Fransa inqilabı dövrün monarxiya rejiminə qarşı çevrilmiş ən böyük xalq hərəkatlarına nümunədir. Lakin bu inqilab tədricən öz ilkin hədəflərindən – xalqın mənafeyinə xidmət edən tələblərindən uzaqlaşdı və uzun sürən əzab-əziyyətlərdən sonra, sonda Fransada yenidən monarxiya hakimiyyətə gəldi”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın müstəqillik əldə etməsini və bu dövlətin formalaşdırılmasını illər ötdükcə ilkin hədəflərindən uzaqlaşan,  daxili müharibə və qırğınlara məruz qalan xalq hərəkatlarına daha bir nümunə olaraq qeyd etdi.

O, əlavə etdi: “Digər bir nümunə Sosialist inqilabıdır. Bu inqilabın ideoloji əsasa  malik olsa da, elə ilk illərdən etibarən sürətlə öz ilkin hədəflərindən uzaqlaşdı, xalq bu hərəkatın siyasi tənasübündən və hədəfləri sırasından ləğv edildi”.

Ali Məqamlı Rəhbər miladi təqvimlə 50-ci illərin axırları 60-cı illərin əvvəlində regionda, habelə Şimali Afrika və Latın Amerikasında baş vermiş psevdoinqilabları xalq hərəkatlarının öz ilkin inqilabi hədəflərindən yayınmasına daha bir nümunə kimi qeyd etdi. O dedi: “İran İslam İnqilabı son bir neçə yüz il ərzində müstəsna bir gerçəklikdir. Çünki bu inqilab qüdrət, həmrəylik və günü-gündən artan bir optimizmlə öz ilkin hədəf və prinsiplərini davam etdirə bilib”.

Çıxışının digər bir qismində Həzrət Ayətullah Xamenei tələbə təşkilatlarına bir neçə tövsiyə etdi. Ali Məqamlı Rəhbərin birinci tövsiyəsi İslam İnqilabı və İslam dininin düşmənlərinin fəaliyyətinə vahid cəbhənin fəaliyyəti kimi yanaşmaqla bağlı idi. O dedi: “İslam İnqilabının və xalqımızın düşmənləri İslam dövləti qurmağa müvəffəq olmuş İrana qarşı mübarizədə cəbhələşmiş formada, birgə fəaliyyət göstərirlər. Onlar, bir növ, vahid proqram çərçivəsində vəzifə bölgüsü apararaq İslam İnqilabı əleyhinə cəbhə strategiyası əsasında fəaliyyət göstərirlər. Tələbə təşkilatlarının bu reallığı dərk etməsi inqilabi vəzifələrinə əməl etməkdə onlara həddən artıq yardımçı ola bilər”.

İnqilab düşmənlərinin cəbhələşmiş fəaliyyətinə misal olaraq Həzrət Ayətullah Xamenei Əliməhəmmədi, Şəhriyari və Rezayinejad kimi elm xadimlərinin terrora məruz qalmasını qeyd etdi. O dedi: “Bu cinayətlərə sırf təhlükəsizlik baxımından yanaşılarsa, insan bir neçə əzizini itirdiyi üçün kədərlənir. Lakin bu terror aktlarına vahid cəbhənin fəaliyyəti kimi yanaşdıqda bu hadisənin düşmənin kompleks tədbirləri sırasında mühüm yer tutduğu məlum olur”.

Bu terrorların başlıca hədəfinin ölkənin elmi hərəkatına zərbə vurmaq olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “İmperializm cəbhəsi İslam İnqilabına qarşı düşmənçiliyini zəncirvarı tədbirlər şəklində davam etdirir. İqtisadi sanksiyalar, yüngüllük və əxlaqsızlığın yayılması, ölkə iqtisadiyyatının əsaslarını sarsıtmaq cəhdləri bunlara misal ola bilər. İran alimlərinin gözünü qorxutmaq, ölkənin elmi hərəkatını tormozlamaq bu irimiqyaslı planın tamamlayıcı həlqəsidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Düşmənin terrorçu əməllərini bu yanaşma əsasında, açıq gözlə təhlil etdikdə insan özündə daha ağır bir məsuliyyət duyur və konkret surətdə dərk edir ki, düşmən kompleks fəaliyyəti ilə ölkənin elmi inkişafına mane olmaq, İran xalqını bu aspektdən geriliyə düçar etmək niyyətindədir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənə belə müdriklik və uzaqgörənliklə yanaşdıqda onun ölkədəki bəzi cərəyanları dəstəkləməkdə, yaxud bəzi məsələlərə müdaxilə etməkdə nə məqsəd güddüyü anlaşılır”.

Tələbə təşkilatlarına planlı, məqsədyönlü və dərin əhəmiyyətli mədəni-intellektual işlər görməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei dedi: “Hazırkı şəraitdə tələbə təşkilatları bütün diqqət və güclərini dərin mənalı intellektual işlərə, İslam sxolastikası, əxlaq, tarix, İslam İnqilabı və ölkədəki digər məsələlərlə bağlı tədqiqatlara yönəltməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Siyasi məsələlərlə bağlı olaraq da dərin mahiyyətli, emosiyalardan uzaq işlər həyata keçirilməlidir”.

Ali Məqamlı Rəhbərin tələbə təşkilatlarına daha bir tövsiyəsi mədəni-əxlaqi aşınmadan çəkinməklə bağlı oldu. O dedi: “Bu gün imperializmin yürütdüyü siyasətlərdən biri də cəmiyyətdə və gənclər arasında əxlaqsızlığın planlı surətdə genişləndirilməsidir. Odur ki düşmənin bu planına qarşı düzgün metodlarla mübarizə aparmaq lazımdır”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının hədəflərinə yetişmək, universitetlərin tələbə ictimaiyyətinə təsir göstərə bilmək üçün tələbə təşkilatlarına öz aralarında həmkarlıq etməyi, həmrəy və həmfikir olmağı tövsiyə edərək dedi: “Eyni zamanda vəzifəli şəxslərlə tələbə təşkilatları da bir-biri ilə əməkdaşlıq etməli, həmrəy olmalıdırlar”.

Universitetlərdə hökm sürən atmosferi ümumilikdə  müsbət dəyərləndirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Mənim bu dəyərləndirməm xəta və sapınmaların mövcud olmadığı anlamına gəlmir. Lakin ümumilikdə ölkə universitetlərində sevinc və optimizm, dinamiklik, dinin əsaslarına sədaqət və güclü etiqadla dolu bir atmosfer var”.

Həzrət Ayətullah Xamenei həmçinin optimist ruhlu, stimul dolu və müsbət əhval-ruhiyyəli tələbə gənclərlə görüşündən məmnunluğunu ifadə edərək dedi: “Bugünkü görüşdə qeyd olunan mətləblərdə gənclərimizin təfəkkür qabiliyyəti, bu əsasda formalaşmış istək və arzuları, həmin istəkləri cəsarət və optimizmlə bəyan etmək mədəniyyəti yüksək səviyyədə müşahidə olunurdu. Bu, ölkə gəncliyinin ehtiyac duyduğu aktual məsələlərdən biridir”.

Həzrət Ayətullah Xamenei görüş əsnasında tələbələrin etdiyi çıxışların sanballı, məntiqli və əsaslı olduğunu deyərək tələbələrdən birinin ona ünvanladığı, seçki ilə bağlı rəy və görüşlərini ifadə etmək xahişini bu şəkildə cavablandırdı: “Hələ ki seçki ilə bağlı məsələlər haqda danışmağın vaxtı çatmayıb. İnşallah, bu haqda gələcəkdə danışılacaq”.

Ali Məqamlı Rəhbər müxtəlif sahələr, o cümlədən “müqavimət iqtisadiyyatı” mövzusu üzrə mütaliə və tədqiqat klublarının təşkilinin maraqlı bir addım olduğunu dedi.

Tələbələrin müxtəlif dövlət orqanlarına bildirdikləri tənqid və iradlardan bəzilərinin haqlı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, amal və arzuların həyata keçirilməsi prosesində müxtəlif maneə və çətinliklər yaranır. Odur ki mühakimə yürüdərkən bunları da nəzərə almaq lazımdır”.

Ali Məqamlı Rəhbər başqa bir tələbənin sualına cavab olaraq qeyd etdi ki, aidiyyətli orqanların cari məsələlər və regionda gedən dəyişikliklərlə bağlı fəaliyyət dinamikası olduqca müsbətdir. O, əlavə etdi: “Tələbələrin bu barədə rəy və görüşlərini ifadə etməsi işlərin gedişinə yardım edəcək”.

Tələbələrdən birinin humanitar elmlərlə bağlı qeyd etdiyi sanballı və dəqiq fikirləri yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei dedi: “Tarix boyu xalqların uğradığı dəyişikliklərin mənbəyi və əsası düşüncə, təfəkkür olmuşdur. Humanitar elmlərə həssaslıqla yanaşma da bu gerçəklikdən qaynaqlanır”.

Qərbə xas humanitar elmlərin təqlidinin məqbul olmadığını deyən Ali Məqamlı Rəhbər vurğuladı: “Bizim təfəkkürümüzün əsasları materialist təfəkkürün əsaslarından fərqlənir. Buna görə də biz Qərbə xas humanitar elmləri təqlid etməklə heç bir problemimizi həll edə bilmərik”.

Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da əlavə etdi: “Biz humanitar elmləri, habelə Qərbə, yaxud Şərqə xas digər elmləri öyrənməkdən heç bir vəchlə başıaşağılıq hissi duymuruq, bir şərtlə ki, bu elmlərin öyrənilməsi bizim intellektimizin, biliyimizin və təfəkkür qabiliyyətimizin artması ilə nəticələnsin və onları yerliləşdirmək, özününküləşdirməklə şagirddən müəllimə çevrilək”.

Tələbələrdən birinin Əmirəl-möminin Əlinin (ə) müfsidləri və sui-istifadəçiləri rüsvay etməklə bağlı göstərişi haqda verdiyi suala cavab olaraq Ali Məqamlı Rəhbər dedi: “Müttəqilərin mövlasının bu sözü sübuta yetirilməmiş, sadəcə ittiham xarakteri daşıyan hallara heç bir vəchlə aid deyil. İslam məntiqinə görə, sırf ittiham əsasında, qətiyyən, ifşaçılıq etmək olmaz”.

Həzrət Ayətullah Xamenei dedi: “Hətta insanın günahı sübuta yetirildikdə belə, ifşaçılığa olan meyldə bir fayda və məsləhət yoxdursa, İslam buna icazə vermir. Çünki bu, günahkarın ailə üzvləri və yaxınlarının heç bir təqsirləri olmadan ziyan çəkməsinə səbəb olur”.

Ali Məqamlı Rəhbər Konstitusiyanın 44-cü maddəsinin siyasətləri ilə bağlı görülmüş işləri ümumilikdə müsbət dəyərləndirərək dedi: “Təbii ki, bu işlər də mükəmməl və qaneedici səviyyədə deyil. Lakin rəsmilərin verdiyi hesabatlara əsasən demək olar ki, bu sahədə müsbət işlər həyata keçirilib”.

Mədəni İnqilab Ali Şurasının fəaliyyət və təsir dairəsinin genişləndirilməsi məqsədilə düşünülmüş tədbirlərə toxunan Həzrət Ayətullah Xamenei tələbələrdən birinin gənc nəslin məsuliyyət meydanına daxil olmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar aşağıdakıları qeyd etdi: “Bu, yaxşı və lazımlı bir ideyadır. Lakin məsuliyyət meydanına daxil olmazdan öncə müəyyən elmi və praktik səlahiyyətlər toplamaq, yalnız məsuliyyət yükünü öhdəsinə götürməyin nə kimi tələb və şərtləri olduğunu öyrəndikdən sonra bu addımı atmaq lazımdır”.

Tələbələrin müxtəlif dövlət qurumlarına qarşı səsləndirdikləri açıq-aşkar tənqidlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Mən bu tənqidləri səmimi-qəlbdən alqışlayıram. Əlbəttə, onlardan bəzilərini qəbul etməyə bilərəm, lakin bu tənqidlərin səsləndirilməsi onu göstərir ki, ölkənin məsuliyyət yükünü çiyinlərinə götürmək üçün gənclərimiz özlərində tənqidlərə qarşı dözümlülük qabiliyyətini artırmalıdırlar. Çünki hansısa işin məsuliyyətini öhdəsinə götürən şəxs, təbii ki, tənqidlərlə üzləşəcək”.

Görüşün əvvəlində tələbələrdən və təşkilat nümayəndələrindən aşağıda adları sadalanan 11 nəfəri çıxış edərək tələbə ictimaiyyətinin müxtəlif elmi, mədəni, ictimai, siyasi və akademik problemlərlə bağlı rəy və görüşlərini ifadə etdilər:

-    Məhəmmədrza Kaşefi – Şəhid Beheşti adına Universitetin Tələbə Bəsic Təşkilatının sədri;

-    Məhəmmədsadiq Kərimi – tələbə olimpiadasının bürünc medal sahibi;

-    Əyyub Təvəkkoliyan – İran Tələbələrinin İslam Toplumu Alyansının nümayəndəsi;

-    Səmiyyə Çiti  – Vəhdətin Möhkəmləndirilməsi İdarəsinin mərkəzi şurasının üzvü;

-    Məhəmməd Zəimzadə – Müstəqil Tələbələrin İslami Təşkilatları Alyansının nümayəndəsi;

-    Hüsna Zağəri – Beynəlxalq hüquq fakültəsinin tələbəsi, ölkədə ədəbiyyat üzrə qızıl medal sahibi;

-    Məhəmməd Cəfərinejad – Ədalətpərvər Tələbələr Hərəkatının nümayəndəsi;

-    Əli Bazgir – Azad İslam Universitetində fəaliyyət göstərən təşkilatların nümayəndəsi;

-    Əmirabbas Salarkəya – Ümumdünya Fizika Olimpiadasının bürünc medalçısı;

-    Seyidabbas Rəzayi – Tələbə Cihadı Ordularının nümayəndəsi;

-    İshaq Amiri – şəhid övladı, Ümumdünya İxtiralar Müsabiqəsinin ikinci yer sahibi;

Çıxış edən gənclər aşağıdakı məqamları vurğuladılar:

-    Ali Məqamlı Rəhbərin ölkə universitetləri və tələbə ictimaiyyəti ilə bağlı göstəriş və istiqamətləndirmələrini dərindən dərk etməyin, bu məsələlərə səthi yanaşmadan çəkinməyin vacibliyi;

-    Doktoranturaya tələbələrin cəlb olunması mexanizminə yenidən baxılması;

-    “İqtisadi cihad” ilində daha artıq dinamikliyə nail olunması, ilin qarşıya qoyduğu hədəflərin gerçəkləşdirilməsi, xüsusilə də “Müqavimət iqtisadiyyatı” layihəsinin hazırlanması üçün üçlü hakimiyyət qüvvələrinin müvafiq proqram hazırlığı ilə yanaşı, bu sahəyə daha çox diqqət yetirilməsinin vacibliyi;

-    Universitetlərin islamiləşməsinə zəmin yaratmaq məqsədilə 4 əsas mehvərə: tələbə, müəllim, dərslərin mahiyyəti və ali təhsillə bağlı qanun-qaydalara diqqət yetirilməsi;

-    Tələbə hərəkatını narahat edən sualları cavablandırmaq üçün rəsmilərin universitetlərdə görüşlər keçirməsinin vacibliyi;

-    Siyasətçilərin, üzdə olan nüfuzlu şəxslərin parlament seçkilərinə qatılması və iştirakı üçün xalqın ilkin şərti kimi, onların fitnəkar iğtişaşçılardan uzaq olmasının, bu ünsürlərə etiraz bildirməsinin vacibliyi;

-    Millət vəkillərinin seçkilərdə xərclədikləri büdcəyə görə hesabat verməsi;

-    İslam İnqilabı və İranın bugünkü və həmişəlik ehtiyacı kimi, bəsirət və gözüaçıqlığın vacibliyinin vurğulanması;

-    Dini və mədəni anlayışların cəmiyyətə çatdırılmasında incəsənətin potensialına diqqət yetirilməsi;

-    Bank sistemində dəyişikliklərin həyata keçirilməsi üçün universitetlərin tələbə potensialından istifadə;

-    Bəzi siyasətçilərin və siyasi partiyaların siyasətdəki təqvasızlığının və mənfi davranışlarının tənqidi;

-    Bütün siyasi cərəyanların İmam Xomeyni (r.ə) məktəbinə qayıdışının zəruriliyi;

-    Media və mədəniyyət sahəsi ilə bağlı vahid və effektiv yol xəritəsinin mövcud olmamasının tənqidi;

-    Konstitusiyanın 8-ci maddəsinin icrasına, “əmr be məruf və nəhy əz münkər” prinsipinin cəmiyyətdə genişləndirilməsinə diqqət yetirilməsinin, bu məsələlərə qarşı insanlarda lazımi həssaslığın yaradılmasının vacibliyi;

-    Yoxsulluq və işsizlik problemlərinin həlli üçün ardıcıl səy göstərilməsi;

-    İsfənd ayında keçiriləcək seçkilərdə xalqın izdihamlı iştirakı sayəsində inqilabi və effektiv bir parlamentin formalaşdırılması zərurəti;

-    “Səda və sima” Dövlət Teleradiosunun bəzi proqramlarının tənqidi;

-    Ali təhsil rəsmilərinin humanitar elmlərə əməli surətdə dəstək verməsi, bu sahədə yerliləşdirmə siyasətinin aparılması istiqamətində fəaliyyət göstərilməsi;

-    Beynəlxalq miqyasda qeyri-elm sahələrində medal qazanan şəxslərlə yanaşı, ümumdünya bilik yarışmalarında medal qazanmış, ölkə üçün qürur və iftixar mənbəyi olan elm xadimlərinə də diqqət yetirilməsi;

-    Korrupsiyaya qarşı mübarizənin əsasında duran bir məsələ kimi, iqtisadi informasiyaların yayımında şəffaflığın təmin olunmasının vacibliyi;

-    Tələbə yataqxanalarının özəlləşdirilməsinin tənqidi;

-    Elm xadimləri üçün ölkədəki irimiqyaslı məsələlərin həllinə təsir etmək imkanının yaradılmasının vacibliyi;

-    Sənaye sektoru ilə ali məktəblər arasında dərin əlaqələrin qurulmasının vacibliyi;

-    İnkişaf və yüksəliş imkanlarının ölkənin bütün regionları arasında ədalətli bölgüsünün vacibliyi;

-    Tələbələrin ədalətpərvər tənqidləri xalqın vəzifəli şəxslərə ünvanlamaq istədiyi tələbləri dilə gətirir;

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı və tələbələr Rəhbərlə birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /