İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü günortadan sonra qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin, Xubriqan Məclisinin sədrləri, Nazirlər Kabinetinin üzvləri, parlament nümayəndələri, müxtəlif qurum və təşkilatların rəsmiləri, imam-cümələr, vəli-fəqihin vilayətlər üzrə nümayəndələri və Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüşdü. Öz mühüm çıxışı əsnasında Ali Məqamlı Rəhbər dünya və regionda bu vaxta qədər görünməmiş bir vəziyyətin mövcud olduğuna toxunaraq ölkədəki vəziyyəti yığcam surətdə təhlil etdi. O vurğuladı: “Aradan 32 il ötdükdən sonra İslam dövlətinin malik olduğu status və mövqeyi realistcəsinə dəyərləndirsək, görərik ki, hal-hazırda ölkəmiz böyük və təsəvvüredilməz tərəqqi və nailiyyətlərə imza atıb. Bu tərəqqi və nailiyyətlər zirvələrə doğru sürətli hərəkətə davam etmək üçün ümid və zəmin yaradır. Lakin bütün bunlarla yanaşı, hələ həllini gözləyən prioritet məsələlər və görüləsi işlər də var. Biz birlik və həmrəylik şəraitində, gecə-gündüz çalışıb-vuruşaraq, prinsip və dəyərlərimiz üzərində möhkəm dayanaraq, xalqın dövlətə misilsiz etimadından və gənclər arasında olan yüksək milli özünəinam əhval-ruhiyyəsindən istifadə edərək mövcud imkanlardan maksimum dərəcədə yararlanmalı, müsəlman İranını dünyada və regionda layiq olduğu statusa çatdırmalıyıq”.
Ölkədəki vəziyyəti istənilən formada dəyərləndirərkən realist yanaşmanın mühüm olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkədəki vəziyyəti real şəkildə və düzgün qiymətləndirmək üçün dünya və regionun hazırkı vəziyyətini də nəzərə almaq lazımdır. Çünki İslam İnqilabının qələbəsindən bu günə qədər hazırda regionda baş qaldırmış islami oyanışa, Qərbin üzləşdiyi heyrətamiz iqtisadi böhrana, həmçinin Qərbdə ifratçı cərəyanların bu səviyyədə artımına hələ heç vaxt rast gəlinməyib”.
Həzrət Ayətullah Xamenei dedi: “Dünya və regionda belə bir görünməmiş vəziyyətin hökm sürməsi İslam dövlətinin qarşısında böyük şanslara yol açıb. Ölkədəki vəziyyət real surətdə qiymətləndirilməsə, bu şanslar əldə çıxa, hətta ölkə üçün təhdidedici faktora çevrilə bilər”.
Ölkədəki şəraiti düzgün dəyərləndirmək üçün realist baxışın, birtərəfli yanaşmadan çəkinməyin şərt olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkədəki vəziyyəti nəzərdən keçirərkən həm güclü, həm də zəif cəhətləri görmək, mütləq mənfi, yaxud müsbət yanaşmadan çəkinmək lazımdır”.
Bəzi rəsmilər və siyasi liderlər arasında mütləq mənfi yanaşmanın mövcudluğundan narazı qaldığını bildirən Həzrət Ayətullah Xamenei bu tip yanaşmanın ictimai nəticəsinin pessimizm və ümidsizlik olduğunu qeyd etdi. O dedi: “Təəssüf ki, bəzi mətbuat orqanları da müəyyən qərəzli məqsədlər naminə yalnız neqativ məzmunlu manşetlərlə çıxış edirlər. Bu, yanlış bir metoddur”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Sırf müsbət yanaşma da qeyri-düzgündür və aldadıcı razılığa səbəb ola bilər”.
Universitetlərdə və teoloji mərkəzlərdə fəaliyyət göstərən görkəmli şəxsləri və rəsmiləri ölkədəki zəif və güclü cəhətləri dəqiqliklə və peşəkarcasına araşdırıb təhlil etməyə çağıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsbət cəhətlər ölkənin malik olduğu imkan və potensiallardır. Mənfi cəhətlər isə prioritet problemlərin üzə çıxmasına yardımçı olur. Bunların hər ikisini diqqət mərkəzində saxlamaqla tərəqqi və yüksəlişə aparan doğru yolun hansı olduğunu öyrənmək mümkündür”.
Daha sonra Həzrət Ayətullah Xamenei hazırkı şəraitdə ölkənin bəzi güclü cəhətlərinə toxunaraq aşağıdakıları vurğuladı: “Bu işıqlı və müsbət cəhətlər İran İslam Respublikasının ötən 32 il ərzində həyata keçirdiyi vahid xətt üzrə inkişaf edən, ardıcıl və sözsüz ki, enişli-yoxuşlu hərəkatın məhsuludur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dövlətinin birinci dərəcəli güclü cəhəti təhdidlərə qalib gəlmək bacarığıdır. O, əlavə etdi: “İslam dövləti İslam İnqilabının qələbə çaldığı ilk günlərdən bu günə qədər dünyanın hegemon dövlətlərinin müxtəlif siyasi, təhlükəsizlik, hərbi və iqtisadi təhdidləri ilə üzləşib. Buna baxmayaraq, öz xalqına və bacarığına arxalanaraq bütün bunlar üzərində qələbə çala bilib”.
Ali Məqamlı Rəhbərin ölkənin güclü cəhətləri sırasında qeyd etdiyi ikinci məqam xalqla dövlət arasında mövcud olan qarşılıqlı etimad oldu. O vurğuladı: “Hal-hazırda xalqımızın İslam dövlətinə göstərdiyi etimada dünyanın çox az dövlətlərində rast gəlmək mümkündür”.
“İki il öncə ölkədə baş tutan seçkilərdə xalqın 80 faizindən çoxunun iştirak etməsi və hər il baş tutan iki böyük yürüşdə – Qüds günü və 22 Bəhmən yürüşlərində insanların izdihamlı və emosional iştirakı xalqın dövlətə etimadının göz önündə olan nümunələridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Havanın çox isti olmasına baxmayaraq, bu ilin Ramazan ayında və Qüds günündə də dünya İran xalqının əzəmətini müşahidə edəcək”.
Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Özəl əhəmiyyət daşıyan bəzi digər məqamlar, misal üçün, 1388-ci il dey ayının 9-da (2009-cu il 30 yanvar) xalqımızın imza atdığı heyrətamiz hərəkat da xalqın İslam dövlətinə qarşı səmimi bağlılıq hisslərinə nümunədir”.
Ali Məqamlı Rəhbər xalqın dövlətə qarşı etimadının itirildiyi ilə bağlı, zahirən ölkənin maraqları naminə deyilən bəzi sözlərin onda təəssüf doğurduğunu bildirərək əlavə etdi: “Xalq İslam dövlətini sevir və dəstəkləyir”.
Sanksiyalar şəraitində inkişafın ölkənin daha bir güclü cəhəti olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Ölkəyə qarşı ən ağır sanksiyaların tətbiq olunduğu, düşmənin bizi iflicedici sanksiyalarla hədələdiyi bir şəraitdə İran müxtəlif sferalarda, o cümlədən elm və texnologiyada heyrətamiz irəliləyişlər edib. Bu sırada nüvə, biotexnologiya, nano texnologiyası, yeni enerji mənbələri texnologiyası, aerokosmik sənaye, superkompüterlərin istehsalı, kök hüceyrələri, müxtəlif simulyatorlar, radiodərman preparatları və xərçəng əleyhinə nanodərman preparatlarının istehsalı sahəsində əldə olunmuş nailiyyətləri sadalamaq olar. Qeyd edim ki, bu texnologiyalardan bəziləri dünya üzrə yalnız bir neçə azsaylı ölkədə var”.
Ali Məqamlı Rəhbər infrastrukturların yaradılması sahəsindəki irəliləyişə, ölkədə görülən quruculuq işlərinə də toxunaraq əlavə etdi: “Milli özünəinam məsələsində əldə olunmuş irəliləyiş də ölkənin böyük nailiyyətlərindəndir. Belə ki müasir gənclərimizin milli özünəinamı inqilabın birinci və ikinci nəsil gənclərinin milli özünəinamından dəfələrlə artıqdır”.
Ali Məqamlı Rəhbərin toxunduğu daha bir müsbət məqam İranın beynəlxalq status və nüfuzunu yüksəlməsi məsələsi oldu. O dedi: “Bu gün İran İslam Respublikası nüfuzlu, təsir gücünə, beynəlxalq arenada diqqətəlayiq çəkiyə malik olan bir ölkədir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İranın qazandığı bu beynəlxalq nüfuz xalqın və rəsmilərin İslam İnqilabının başlıca prinsip və şüarları, dəyərləri üzərində möhkəm duraraq geri çəkilməməyindən qaynaqlanır. O vurğuladı: “Bu gün İran İslam Respublikası hər zaman olduğundan daha artıq nüfuz və inam qazanıb”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bunun müqabilində dünya və regionda Amerikaya qarşı nifrət artmaqdadır. Hal-hazırda ABŞ regionda və İslam dünyasında ən etibarsız, ən mənfur dövlətdir”.
Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Əlbəttə, Avropa xalqları anlasalar ki, üzləşdikləri problemlərin əsl səbəbi Amerika və sionizmin onların ölkəsində dövlət siyasətini idarə etməsidir, heç şübhəsiz, Birləşmiş Ştatlar Avropada da sürətlə gözdən düşməyə başlayar. Bu proses o qədər də uzaq olmayan gələcəkdə baş verəcək!”
Bəzi şəxslərin İran İslam Respublikasının beynəlxalq etibarını sarsılmış kimi qələmə vermək səylərinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri demək istəyirlər ki, İslam dövləti öz prinsipləri üzərində möhkəm dayandığı üçün İranın beynəlxalq nüfuzu süquta uğrayıb. Hərçənd görürük ki, İran rəsmilərinin Qərb dövlətləri qarşısında geri çəkildiyi bəzi təəssüf doğuran dövrlərdə onların davranışı daha kəskin və daha təhqiramiz olmuşdur”.
Ali Məqamlı Rəhbər dedi: “Müəyyən dövrdə ölkə rəsmilərimiz hətta Amerika rəsmilərinin səriştəli və istedadlı olduğunu da dilə gətirdilər. Bunun qarşılığında isə ABŞ-ın yüngülbeyin prezidenti dərhal İran İslam Respublikasını “şər ocağı” adlandırdı”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Başqa bir dövrdə Avropa dövlətlərindən biri ilə zahirən müsbət əlaqələr qurulmuşdu və bu dövlət İranı yüksək dəyərləndirirdi. Lakin həmin Avropa dövləti Mikonos restoranında baş vermiş hadisə ilə bağlı İran əleyhinə məhkəmə prosesinə başladı və Avropa ölkələri öz səfirlərini Tehrandan geri çağırdılar. Bununla onlar İİR-ə möhkəm bir sillə vuracaqlarını güman edirdilər. Lakin daha möhkəm bir sillə ilə cavablarını elə hüseyniyədən aldılar”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Nə zaman İslam dövləti Amerika və Avropa qarşısında azacıq geri çəkilərək güzəştə gedibsə, onlar daha da həyasızlaşıblar. Dövlətimiz İslam İnqilabının şüar və prinsipləri üzərində möhkəm durduqda isə İran İslam Respublikasının nüfuzu daha da artıb”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər qeyd etdi ki, düşmənlərin İslam İnqilabını iflic etməkdən ümidsizləşməsi, ölkənin səbatı, başqa xalqlar üçün ilhamverici örnək olması, düşmənlərin zəifləməsi, ölkədə qanunların işlənməsi və icrası sahəsində qazanılmış böyük təcrübə İslam dövlətinin digər güclü cəhətləridir.
Güclü cəhətləri qeyd etdikdən sonra Həzrət Ayətullah Xamenei ölkənin zəif cəhətləri haqda danışmağa başlayaraq aşağıdakıları vurğuladı: “Mənfi cəhətləri görməsək, sözsüz ki, zərbə alarıq!”
O, əlavə etdi: “Siyasi, iqtisadi və mədəni sferalarda müəyyən zəif cəhətlər, məlumatsızlıq və səhlənkarlıq olub. Əksər hallarda bu kimi hallar insanların öz vəzifələrinə əməl etməməyindən qaynaqlanıb”.
Müsəlmanların Uhud döyüşündəki məğlubiyyətini və buna səbəb olmuş amilləri xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Siyasi konflikt və çəkişmələrə baş qarışdırmaq, yüksək rifah və dəbdəbəli həyat tərzinə meyllilik, cihad və fədakarlıq psixologiyasından, düşmənin mədəniyyət sferasındakı hücumlarından, daim pusquda oturmasından, ölkə mediasına təsirindən bixəbərlik, beytül-malın qorunmasında yol verilən səhlənkarlıqlar ölkənin zəif cəhətləri sırasına aiddir”.
“Zəif cəhətlərdən biri də siyasət və iqtisadiyyat sferasında rast gəlinən tayfabazlıq və qohumbazlıqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Tayfabazlıq meyarlarının mövcud olduğu yerdə insanların gördüyü işlər mahiyyət baxımından dəyərləndirilmir. Kim isə tərifləndikdə və ya tənqid olunduqda həmin insanın konkret ailə ilə qohumluq əlaqələri əsas götürülür”.
Həzrət Ayətullah Xamenei regiondakı vəziyyətə də toxunaraq aşağıdakıları vurğuladı: “Regionda hökm sürən hazırkı şərait Amerika və beynəlxalq sionizmin güman və hesablamalarına tamamilə zidd surətdə inkişaf edir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Beynəlxalq arenadakı hegemon qüvvələr iqtisadi sanksiyalarla İranı iflic vəziyyətinə salmaq istəyirdilər. Hal-hazırda isə Uca Yaradanın təqdiri nəticəsində onların özlərini şiddətli iqtisadi böhran yaxalayıb”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika və bəzi Qərb dövlətləri İranı mühasirəyə almaq məqsədilə Əfqanıstan və İraqa hərbi hücumlar etdilər. İndi isə bu iki ölkədə bataqlığa batmış kimi çətin vəziyyətdə qalıblar və özləri mühasirəyə düşüblər”.
Ali Məqamlı Rəhbər dedi: “Misirin Namübarəkinin dəmir barmaqlıqlar arxasına salınaraq mühakimə edilməsi dərin məna yükü olan, heyrətamiz bir hadisədir. Meydanın sionist rejimi üçün daralmasını da buna əlavə etmək olar”.
Çıxışının digər qismində Ali Məqamlı Rəhbər mübarək Ramazan ayı və orucluğun ilahi hədiyyə, təqvaya yetişmək üçün zəmin olduğunu qeyd etdi. Həzrət İmam Səccadın (ə) “Məkarimül-əxlaq” duasından müəyyən fraqmentlərə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müxtəlif müstəvilərdə ədaləti genişləndirmək, qəzəbini boğmaq, məntiq və arqumentlərə uyğun hərəkət etmək, ixtilaf və qarşıdurmadan çəkinmək, insanları özündən uzaqlaşdırmaq əvəzinə, onları özünə cəlb etmək üçün səy göstərmək, ətrafındakıların davranışında müsbət cəhətləri görüb qeyd etmək, kiminsə mənfi cəhətini camaat arasında açıqlamaqdan çəkinmək təqvanın şərtlərindəndir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir