Qurani-Kərimin baharı sayılan ayın – mübarək Ramazan ayının ilk günü (çərşənbə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Quranla ünsiyyət məclisi quruldu.
Bu nurlu, mənəvi təravət və sevinclə dolu olan məclisdə qarilər, hafizlər və Quran ustadları səmavi ayələri qiraət etdilər, xor qrupları Ramazan ayının fəzilətlərini vəsf edərək Uca Yaradana həmd-səna oxudular.
Görüş əsnasında Həzrət Ayətullah Xamenei çıxış edərək bildirdi ki, Quranın əzbərlənməsi, təfsirlərlə yaxından tanışlıq və ilahi ayələrin mənası haqqında dərindən düşünmə ölkənin Quran maarifi baxımından çiçəklənməsinə səbəb olacaq. Cəmiyyətdə bunun üçün münasib zəminin, Qurana kifayət qədər həvəs və marağın mövcud olduğuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram, ölkəmizdə Quran hərəkatı o qədər yayğın və davamlı olacaq ki, İran xalqı ən azı 10 milyon Quran hafizi ilə təmsil olunan, polad kimi möhkəm bir xalqa çevriləcək”.
Quran tilavəti ilə peşəkar səviyyədə məşğul olan gəncləri “ölkənin Quran maarifi baxımından çiçəklənməsinə aparan ümummilli hərəkatda cəmiyyətin avanqardları” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkəmizdə 10-15 milyon nəfər Quran maarifinə dərindən yiyələnsə, Qurandakı ibrət dərslərini, xəbərdarlıqları və müjdələri öz təfəkküründə, qəlbində və əməlində reallaşdırsa, cəmiyyətin Qurana uyğun formalaşmasına nail olmaq olar”.
“Quran bəşərin bütün ehtiyaclarının təminatçısı, dünya və axirət səadətinə aparan yolda xalqların bələdçisidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam ümmətinin zəif cəhətləri, geridə qaldığı məqamlar və problemlər yalnız Quranla tanışlıq və ona əməl etmək sayəsində aradan qalxa bilər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, despotların İslam dünyasında ağalığı müsəlman xalqlarının iqtisadi mənafe və resurslarının talan edilməsinə, onların mədəni cəhətdən simasızlaşmasına səbəb olur. O vurğuladı: “Quran xalqların maddi və mənəvi yüksəlişinin mənbəyidir. İran xalqı bu tarixi reallığa ən bariz nümunədir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İran xalqının tükənməz və coşqun istedadı böyük bir xəzinədir, Pəhləvi və Qacar dövrünün despotları isə onun üzə çıxmasına, çiçəklənməsinə mane olmuşdular. O, əlavə etdi: “Günü-gündən İranın daha artıq nüfuz və iftixarına səbəb olan, xalqına yaxşı ad qazandıran çoxlu sayda fəal, optimist, ölkəsinin tərəqqisində maraqlı olan gənc həmin taleyüklü istedadın cilvəsidir. İran xalqının Qurana tərəf meyllənməsi sayəsində bu istedad despotların işğalından azad oldu və ölkəni inkişaf və yüksəlişə sövq etdi”.
İslam İnqilabını “Qurani-Kərimə doğru atılmış bir addım” adlandıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Həmin addımın bərəkəti sayəsində bu gün İran xalqı dünyanın ən dinamik və qüdrətli xalqlarından biridir. Qurandan dördəlli yapışmasının bərəkətli nəticəsi olaraq, Uca Yaradan bu xalqa nüfuz, gözüaçıqlıq və qüdrət bəxş edib”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir