Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İradəsini toplayıb qarşısına məqsəd qoyan hər bir xalq İran xalqı kimi, nüfuz, qüdrət və sərvət əldə edə bilər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən axşam Ordu və Keşikçi Korpusun Bəndər-Abbasdakı dəniz qüvvələrində xidmət edən minlərlə hərbçisi və onların ailə üzvləri ilə izdihamlı bir şəraitdə görüşdü. Görüş əsnasında çıxış edən Həzrət Ayətullah Xamenei bildirdi ki, İİR Dəniz Qüvvələrinin Fars körfəzi və Oman dənizi sahillərində səriştəli iştirakı, həmçinin bu qüvvələrin beynəlxalq sulardakı strateji fəaliyyəti İran xalqının milli qürurunun, İslam Respublikasının qüdrətinin göstəricisi olmaqla yanaşı, xalqların qürur və heysiyyətinin müjdəçisidir. Düşmənin İran xalqının milli iqtidarını zəiflətmək cəhdləri qarşısında ayıq-sayıq olmağın vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər xalqın bütün nümayəndələrini, xüsusilə də rəsmiləri, siyasi partiya və cərəyanları, cürbəcür etnik qrup və məzhəbləri birlik və həmrəyliyi qoruyub saxlamağa, hər cür ixtilaf və parçalanmadan çəkinməyə çağırdı. 

Keşikçi Korpusun dəniz qüvvələrinin komanda məntəqəsində keçirilən görüşdə Həzrət Ayətullah Xamenei donanmada xidmət edən hərbçilər və onların ailə üzvləri ilə görüşündən məmnun olduğunu deyərək səy və zəhmətlərinə görə onlara təşəkkürünü bildirdi. O, əlavə etdi: “Ordu və Keşikçi Korpusun dəniz qüvvələrinin Oman dənizinin ən uzaq şərq sahillərindən Fars körfəzinin ən uzaq qərb sahillərinə qədər böyük bir ərazidə göstərdikləri səriştəli və məsuliyyətli xidməti fəaliyyət hər iki donanma heyətinin ölkənin heysiyyətini və milli iqtidarını qorumaq üçün böyük əzmə malik olduğunu göstərir”.         

Ordu və Keşikçi Korpusun dəniz qüvvələrinin strateji roluna toxunan Ali Məqamlı Rəhbər dedi: “Dəniz qüvvələrinin beynəlxalq sulardakı səriştəli fəaliyyəti də xalqların qürur və heysiyyətinin müjdəçisidir. Çünki bu fəaliyyət onun göstəricisidir ki, İran xalqı böyük bir düşmən cəbhəsi ilə qarşıdurma şəraitində, tam təklənmiş vəziyyətdə, lakin Allaha arxalanaraq və öz gücünə inanaraq tərəqqi və bacarığın bu səviyyəsinə yetişə bilib”. 

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Ordu və Keşikçi Korpusun dəniz qüvvələrində xidmət edən hərbçilərin, habelə onların ailə üzvlərinin səy və əziyyətlərinin nəticəsi olan bu strateji iştirak eyni zamanda bütün bəşəriyyətə xidmətdir”.        

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı öz prinsipləri üzərində mətin və möhkəm durub yoluna davam etməklə, bu yoldan heç sapınmamaqla sübut etdi ki, xalqların milli əzm və milli istiqlal yolu heç vaxt çıxmaza dirənə bilməz. İradəsini toplayıb qarşısına məqsəd qoyan hər bir xalq İran xalqı kimi, nüfuz, qüdrət və sərvət əldə edə bilər”. 

Xalqlar arasında pessimizm əhval-ruhiyyəsi yaymaq, onların milli iradəsini zəiflətmək üçün düşmənlərin işlətdiyi cürbəcür fəndlərə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, gizli siyasi məqsədlərlə narkotik maddələrin yayılması, daxili ixtilafların qızışdırılması da bu metodlardandır. O vurğuladı: “Müxtəlif etnik qruplar və məzhəblər, siyasi partiya və cinahlar, təşkilat və qurumlar arasında qəsdən ixtilafların yayılması milli iradə və əzmi zəiflətmə metodlarındandır. İran xalqı isə düşmənlərin bütün məkr və hiylələri üzərində qələbə çalıb. Ordu və Keşikçi Korpusun dəniz qüvvələrində xidmət edən hərbçilər və onların ailə üzvlərinin iştirakı ilə belə bir görüşün təşkil olunması İran xalqı arasındakı səmimiyyət və həmrəyliyə nümunədir”. 

واعتصموا بحبل الله جمیعا ولا تفرقوا

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” surəsi, ayə 103)

– ayəsini xatırladan Ali Məqamlı Rəhbər dedi: “Bu gün bu ilahi kəlam İran xalqının hər bir üzvünə, xüsusilə də rəsmilərə, siyasi partiya və cinahlara, ölkədəki cürbəcür etnik qrup və məzhəblərin təmsilçilərinə ünvanlanır. Biz hamılıqla Allahın ipindən dördəlli yapışıb, ixtilaflardan çəkinməyi öz milli və dini vəzifəmiz hesab etməliyik!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyanın cürbəcür cazibələri, nəfsin istək və həvəsləri, həsəd və paxıllıq, bədbinlik, qəlbiqaralıq, bədxahlıq və hakimiyyət marağı məhvedici bir bataqlığa bənzəyir. Bu bataqlıqdan xilas olmağın yeganə yolu birgə və hamılıqla Allahın ipindən (dinindən) möhkəm yapışmaqdır”.  

İran xalqının böyük inqilabına, bu əzəmətli hərəkatın geniş, hələ də dərk olunmamış aspektlərinə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Dünya imperializminin və onun əlaltılarının bütün təzyiqlərinə və məkrli planlarına baxmayaraq,  İran xalqı ötən 33 il ərzində öz imanı, vəhdəti və gözüaçıqlığı sayəsində irəli gedərək düşməni geridə qoyub”. 

Müqavimət əhval-ruhiyyəsini qoruyub saxlamağın, İslam İnqilabının əsl kursundan yayınmamağın vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Region xalqlarının yeganə nicat yolu bu kurs üzrə addımlamaqdır. Bunun nəticələri isə tədricən aşkara çıxacaq”. 

Xaricilərin İran xalqı və İslam dini əleyhinə apardıqları təbliğata, reallıqları təhrif etmək cəhdlərinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərbin təbliğatına nümunə olaraq, son günlər Şimali Avropa ölkələrindən birində baş vermiş terror hadisəsini qeyd etmək olar. Onlar elə ilk saatlardan etibarən baş verənlərdə müsəlmanları ittiham etməyə çalışırlar. Bu, Qərbin təbliğatının nə qədər xəbis və yalançı olduğunu göstərir”. 

Bu tip təbliğat və ittihamların İran xalqının, habelə digər müsəlman xalqlarının iradəsinə təsir edə bilməyəcəyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Biz İran xalqının dünya və axirət səadətinin yalnız İslam dini çərçivəsində təmin olunacağına inanırıq. Bu günə qədər də İslam dövlətinin irəliyə doğru hərəkatı İslam dininin, region xalqlarının iradəsinin yenidən oyanışına səbəb olub”. 

“İran xalqının mütərəqqi hərəkatının davam etdirilməsində mühüm olan amillərdən biri də durmadan işləmək, çalışıb-vuruşmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Haqq və batil cəbhələrinin qarşıdurmasında əgər zəhmət və səyə paralel olaraq, qarşıya qoyulan məqsəd də itirilməsə, özünəinam əhval-ruhiyyəsi, siyasi-ictimai meydanlarda fəallıq güclənsə və dolğun çalarlar kəsb etsə, haqq cəbhəsinin qələbəsi mütləqdir!”          

Məcburən qoşulduğu müharibə dövründə, xüsusən də hərbi əməliyyatların başladığı ilk günlərdə İran xalqının son dərəcə ağır şəraitdə olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müharibənin ilk günlərində bir qrup insan pessimizmə qapılmışdı. Böyük ilahi nur mənbəyi ilə əlaqəli olan dahi İmam Xomeyni (r.ə) isə qüdrətlə ayağa qalxıb: “Biz bunu bacaracağıq!” – dedi və ən nəhayət biz bunu bacardıq”. 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məcburi müharibə dövründən fərqli olaraq, bu gün İran xalqı böyük irəliləyişlərə və möhtəşəm insan resurslarına malikdir, lakin yenə də tərəqqi və yüksəliş yolunu yalnız belə bir əhval-ruhiyyə sayəsində davam etdirmək mümkündür”. 

Gəncləri “İran xalqının misilsiz xəzinələri” adlandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu xəzinələr rəsmilərin tədbirli fəaliyyəti və İran xalqının əzmi sayəsində aşkara çıxarılmalıdır ki, İslam İnqilabının coşub-daşan çayları daha da bol sulu və təravətli olsun. Sözsüz ki, bu arzu o qədər də uzaq olmayan gələcəkdə gerçəkləşəcək!” 

Görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı keşikçi briqada generalı Fədəvi Ali Baş Komandana xoşgəldin edərək dedi: “Korpusun  dəniz qüvvələrinin Ordunun dəniz qüvvələri ilə çiyin-çiyinə, ailələri ilə birlikdə Fars körfəzi sahillərində olması bu qüvvələrin istənilən təhdidlə mübarizə üçün ciddi əzm və hazırlığa malik olduğunu göstərir”. 



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /