Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Baş Komandan Ordunun Bəndər-Abbasdakı birinci donanma zonasına baxış keçirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şənbə günü səhər Bəndər-Abbasa gələrək İİR Ordusunun Dəniz Qüvvələrinin birinci donanma zonasına və zavodlarına baxış keçirdi.

Ordunun Dəniz Qüvvələrinin qabaqcıl qərargahı sayılan Cənub Donanmasının ərazisinə daxil olan Ali Baş Komandan şəhidlərin anıldığı məkanı ziyarət etdi, “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə həlak olmuş şəhidlərin xatirəsini böyük ehtiramla yad etdi.

Daha sonra Həzrət Ayətullah Xamenei meydandakı müxtəlif hərbi birləşmələrin təntənəli düzülüşünə baxış keçirdi.

Ordunun Dəniz Qüvvələrinin qabaqcıl qərargahının komandanları və heyəti, silahlı qüvvələrin regiondakı nümunəvi birləşmələri qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dəniz sərhədlərinin olması hər bir ölkə və xalq üçün böyük, strateji bir şansdır. O vurğuladı: “Bu dənizlərin faydası və mənfəəti xalqlara məxsusdur. İran xalqı ölkəsinin Fars Körfəzi və Oman dənizindəki mənafeyini qorumaq üçün kifayət qədər qüdrətlidir. Ordu və Keşikçi Korpusun dəniz donanmaları bu faktın təzahürüdür”.  

Ali Məqamlı Rəhbər əlavə etdi: “Despot hökumətlər İrana ağalıq etdikləri uzun illər boyunca ölkəmizdə dənizçiliyin inkişafına, İranın regional və beynəlxalq su səthində iştirakına mane olmuşlar. Bu gün isə siz ikiqat çalışıb keçmişin uzunmüddətli geriliyini kompensasiya etməlisiniz”.

Həzrət Ayətullah Xamenei hegemon dövlətlərin son dərəcə strateji əhəmiyyət kəsb edən Fars Körfəzi və Oman dənizi regionundakı keçmiş fəaliyyətinə toxunaraq dedi: “Bugünkü şərait keçmişdəkindən çox fərqlidir. Regionun ucsuz-bucaqsız sahilləri müstəqil bir dövlətin, özünün milli qüdrətinə bələd olan, vüqarlı və ayıq-sayıq bir xalqın ixtiyarındadır. Uca Yaradana arxalanan bu xalq öz iradəsini istənilən siyasi və hərbi qüvvəyə qəbul etdirərək onu geri çəkilməyə məcbur edəcək!”

Ali Baş Komandan bu barədə aşağıdakıları da əlavə etdi: “Müsəlman İranının qüdrətli iştirakının bərəkəti sayəsində, bu gün Fars Körfəzi və Oman dənizi azad və müstəqil bir regiondur”.

Ali Baş Komandan Amerika və Avropa gəmilərinin regionda olmasını zərərli və arzuolunmaz bir hal kimi dəyərləndirərək vurğuladı: “İmperialist dövlətlərin hərbi müdaxilə ilə xalqların müqəddəratını təyin etdiyi dövr artıq keçib. Hətta regiondakı bəzi dövlətlər hələ də imperialistlərin tapşırıqlarını yerinə yetirməyə meylli olsalar belə, region xalqları artıq oyanıblar, yadellilərin hərbi iştirakını regionda təhlükəsizliyin pozulması üçün şərait yaradan amil hesab edirlər”.

“Xalqın iqtidarı onun dəniz resurslarından və dəniz maraqlarından bəhrələnməsi üçün zəmin yaradır” – deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, regionda yerləşən silahlı qüvvələr bu iqtidarı cihad və fədakarlıq sayəsində təmin edə bilərlər.

Ali Baş Komandan həmçinin aşağıdakıları da vurğuladı: “Biz heç bir ölkəni qarşıdurma və müharibəyə təşviq etməmişik, etməyəcəyik və istənilən təsadüfi, yaxud planlaşdırılmış qarşıdurmadan da bacardığımız qədər çəkinəcəyik. Lakin öz inkişafını hegemonluq və zorakılıq sayəsində təmin edənlər qarşılarında güclü bir dövlətin durduğunu hiss etməlidirlər”.

Dəniz qüvvələrini “İran xalqının güc və iqtidarının dənizdəki təzahürü” adlandıran Ali Məqamlı Rəhbər regionda yerləşən silahlı qüvvələrə xitabən belə bir tövsiyə etdi: “Var gücünüzlə, sədaqət və ixlasla öz cihad fəaliyyətinizi davam etdirin!”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkəmiz və İslam Respublikası quruluşu xalqın iqtidarını təcəssüm etdirən gənclərə borcludur”.

O, qeyd etdi ki, hökumət orqanları və rəsmilər böyük miqyaslı işlərini həyata keçirmək üçün regionda yerləşən silahlı qüvvələrlə əməkdaşlıq etməlidirlər.

Ali Məqamlı Rəhbər bildirdi ki, Bəndər-Abbasa və Ordunun birinci donanma zonasına gəlməkdə məqsədi regiondakı silahlı qüvvələrə baş çəkmək, onlara səmimiyyətlə “Yorulmayasınız!”, “Allah qüvvət versin!” diləklərini çatdırmaqdır. O, əlavə etdi: “Bu regionda xidmət edən İran gənclərinin sükut, ixlas və sədaqətlə çəkdiyi zəhmətlər Allah dərgahında qorunub saxlanan gözəl əməllərdən biridir”.        

Görüşün əvvəlində Ordunun Dəniz Qüvvələrinin komandanı admiral Səyyari ölkələrin inkişaf və yüksəlişində dəniz sərhədlərinin rolu haqda məlumat verərək dedi: “İranın dəniz sərhədləri üzərindəki hakimiyyəti Oman dənizi və beynəlxalq sularda qüdrətli iştirakı ilə təmin olunur. Ali Baş Komandanın dəniz qüvvələrinə strateji yanaşması sayəsində bu sahədə möhkəm addımlar atmağa müvəffəq olmuşuq”.  

Admiral Səyyari əlavə etdi: “Bu müddət ərzində öz fəaliyyət proqramımızda infrastrukturlara diqqətə, dəniz sənayesində və donanmanın müasirləşdirilməsində cihad ruhlu hərəkata, təlimlərin həyata keçirilməsinə, mömin və professional kadrlardan yararlanmaya, universitet və elmi mərkəzlərlə əməkdaşlığa önəm vermişik”.

İİR Ordusunun birinci donanma zonasında olduğu müddət ərzində Ali Baş Komandan sualtı və suüstü birləşmələrə, sənaye və təmir zavodlarına, Ordunun Dəniz Qüvvələrinin təlim-tədris mərkəzlərinə də baş çəkdi.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei Ordunun Dəniz Qüvvələrində xidmət edən mütəxəssis və mühəndislərin bəzi hərbi gəmi və freqatların, hərbi-nəqliyyat birləşmələri və hava balışı üzərində üzən gəmilərin təchizat və optimallaşdırma səviyyəsinin yüksəldilməsi sahəsindəki bacarıqları ilə də yaxından tanış oldu.

Ali Məqamlı Rəhbər sualtı təlim mərkəzinə, sualtı naviqasiya üzrə simulyasiya mərkəzinə və “Yunis” sualtı gəmisinə də baxış keçirdi. “Yunis” sualtı gəmisi bu yaxınlarda Qırmızı dənizə 68 günlük səfərdən vətənə – İran İslam Respublikasına dönmüşdür.

Ali Baş Komandan həmçinin sualtı gəmilərin, xüsusilə də “Qədir” sinifli sualtı qayıqların təmir və saxlanma mərkəzinə də baxış keçirdi.

Mərkəzdə Ordunun Dəniz Qüvvələri mütəxəssislərinin sualtı qayıqların təmiri, mürəkkəb quruluşlu detal və təchizatların konstruksiyası sahəsindəki imkanlarına da baxıldı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /