İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bazar günü səhər ertə Ordunun dəniz qüvvələrinin əsas hərbi-dəniz bazası olan Cənub Donanmasında oldu. Ali Baş Komandan Ordunun donanma birləşmələrinin Fars körfəzi, Oman dənizi və beynəlxalq sulardakı fəaliyyəti, habelə görülən tədbirlərlə yaxından tanış oldu. Ali Məqamlı Rəhbərin Cənub Donanmasının komandanlıq-nəzarət mərkəzində olduğu müddətdə ikinci “Vilayət” və üçüncü “Kunarək” məntəqəsinin komandanları birbaşa vizual əlaqə vasitəsilə ona öz əməliyyat məntəqələrinin vəziyyəti haqda ətraflı məlumat verdilər. Ali Baş Komandan zəhmət və səylərinə görə bu məntəqələrin komandanlarına və şəxsi heyətinə təşəkkürünü bildirdi. Görüşün ardında Ali Baş Komandana Ordunun donanma birləşmələrinin Fars körfəzi və Oman dənizi üzrə dislokasiyası, təyinatı və trans-regional donanma birləşmələrinin yerləşdirilməsi haqqında məlumat verildi. Cənub Donanmasının komandanlıq-nəzarət mərkəzinin yüksək rütbəli hərbçiləri Ali Baş Komandana xüsusi təyinatlı donanma birləşmələrinin beynəlxalq sulardakı əməliyyatları, ticarət gəmiləri və neft tankerlərinin dəniz quldurlarından qorunması tədbirləri haqqında da ətraflı danışdılar. Əsas hərbi-dəniz bazasının rabitə-kommunikasiya mərkəzində də olan Ali Baş Komandan “Cəmaran” gəmisinin heyətinə radiomüraciət edərək gəminin layihələndirilməsi və konstruksiyasında çəkdikləri zəhmətə görə İİR Ordusunun dəniz qüvvələrinin komandanlarına və digər kadrlara təşəkkürünü bildirdi. Daha sonra regionda yerləşmiş silahlı qüvvələrin yüksək rütbəli zabitləri qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei dəniz qüvvələrinin daha artıq inkişafı üçün geniş potensialın və müxtəlif sferaların mövcudluğuna toxunaraq vurğuladı: “Beynəlxalq sularda İrana məxsus dəniz qüvvələrinin manevr qabiliyyətinin və iştirakının genişlənməsi, bu iştirak üçün infrastrukturlarının təmin edilməsi donanmamızın həqiqətən strateji bir qüvvəyə çevrilməsi üçün zəmin yarada bilər”. “Dəniz qüvvələrinin Babülməndəb boğazı, Ədn körfəzi, Qırmızı dəniz və Süveyş kanalındakı fəaliyyəti qlobal miqyaslı təsirlərə malikdir və özündə İran İslam Respublikasına nüfuz və qüdrət qazandıran mesajları ehtiva edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu fəaliyyətlər düşməni həddən artıq çaşdıraraq qorxuya salıb. Çünki İran İslam Respublikasına məxsus donanma birləşmələrinin beynəlxalq sularda qüdrətli iştirakı xalqlara ümid və ilham bəxş edir”. Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İran İslam Respublikasının niyyəti hansısa ölkəyə təcavüz etmək yox, beynəlxalq sularda varlığını qoruyub saxlamaqdır. Çünki beynəlxalq sular mədəniyyətlərin tranzitinə xidmət etməli olan, hamıya məxsus açıq bir müstəvidir”. Ali Baş Komandan əlavə etdi: “Bu cür strateji keyfiyyətlərə malik olan dəniz qüvvələri ölkənin siyasəti, milli nüfuzu və istiqlalı üçün həlledici rola malikdir”. Ordu və Keşikçi Korpusun dəniz qüvvələrinin biri-birini tamamlamalı olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müsbət təşəbbüs və yeniliklərə malik olan bu dəniz qüvvələri öz aralarında təcrübə mübadiləsi apara bilərlər”. Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı ki, silahlı qüvvələrdə xidmət edən kadrlara və onların ailələrinə lazımi dəstək verilməsi, problem və ehtiyaclarının aradan qaldırılması üçün icra strukturlarının bu qüvvələrlə əməkdaşlıq etməsi vacibdir. Görüşün əvvəlində İİR Ordusunun baş komandanı diviziya generalı Salehi Ali Baş Komandana xoşgəldin edərək qeyd etdi ki, Ordunun dəniz qüvvələrinin beynəlxalq sularda iştirakı və funksiya dairəsini genişləndirməsi böyük bir nailiyyətdir. Keşikçi Korpusun baş komandanı briqada generalı Cəfəri də çıxış edərək Keşikçi Korpusun dəniz qüvvələri qərargahının qısa müddət ərzində Bəndər-Abbasa köçürülməsi məsələsinə toxundu. O dedi: “Keşikçi Korpusun dəniz qüvvələri dəniz, hava və raket qabiliyyətini artırmaqla Fars körfəzinə kontrol və nəzarət imkanlarını genişləndirərək gücləndirib”. Ordunun dəniz qüvvələrinin baş komandanı kontr-admiral Səyyari də komandanlığı altında olan qüvvənin fəaliyyəti haqqında məlumat verərək dedi: “Dəniz qüvvələrinin missiyasının 10 dərəcəyə qədər dəyişdirilərək genişləndirilməsi, üçüncü “Kunarək” donanma zonasının genişləndirilməsi, hərbi-dəniz bazalarının sayının artırılması və təkmilləşdirilməsi, beynəlxalq sulara hərbi gəmi qruplarının ezam olunması, təchizatların modernləşdirilməsi, raket sistemlərinin, rabitə və kibermüharibə imkanlarının təkmilləşdirilməsi görülən tədbirlər sırasına aiddir”. Keşikçi Korpusun dəniz qüvvələrinin komandanı briqada generalı Fədəvi də bu qüvvələrin fəaliyyəti haqqında məlumat verərək dedi: “Keşikçi Korpusun dəniz qüvvələrinin gördüyü tədbirlər sırasında hərbçi kadrlar və onların ailə üzvləri üçün bəsirət kurslarının təşkilini, əməliyyat hazırlığının artırılmasını, bəzi strateji region və adalarda xüsusi təyinatlı birləşmələrin yerləşdirilməsini, radar sistemlərinin artırılmasını, raket imkanlarının yüksəldilməsini, dəniz və hava patrulunun genişləndirilməsini qeyd etmək olar”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir