İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin böyük və ümumi kitabxanalarının rəhbər işçiləri və sıravi kitabxanaçılardan bir qrupu ilə bugünkü görüşü zamanı müsəlman İran xalqının kitab istehsalı və kitab mütaliəsində qədim tarixi keçmişə malik olduğuna toxunaraq qeyd etdi ki, kitab istehsalı və nəşri sahəsində ölkədə mövcud olan hazırkı şərait və kitab mütaliəsi ilə bağlı statistika qaneedici deyil. Ali Məqamlı Rəhbər mədəniyyət qurumlarının, habelə kitab və mütaliə sferasına aidiyyəti olan orqanların bütün rəsmilərini kitab oxuma mədəniyyətinin, faydalı və sağlam kitabların mütaliəsinin özəlliklə yeniyetmə və gənclər arasında genişləndirilməsi üçün bu sahədə ciddi islahatlar aparmağa, yeni və əhatəli fəaliyyətlər həyata keçirməyə çağırdı.
Görüş zamanı Həzrət Ayətullah Xamenei çəkdikləri zəhmətə görə kitabxanaların rəhbər işçilərinə və kitabxanaçılara təşəkkürünü bildirərək qeyd etdi ki, belə bir görüşün keçirilməsi kitaba və kitab mütaliəsinə böyük ehtiramın ifadəsi üçün simvolik bir addımdır. O, əlavə etdi: “Kütləvi informasiya vasitələri sahəsində əldə edilmiş son nailiyyətlərə, ən yeni kommunikasiya texnologiyalarının mövcudluğuna baxmayaraq, kitab heç vaxt diqqətdən kənarda qalmayacaq və heç bir yeni mədəniyyət və kommunikasiya texnologiyası kitabın yerini tuta bilməz”.
Ali Məqamlı Rəhbərin müxtəlif aspektlərini açıqladığı mövzulardan biri də kitab mütaliəsi idi. Həzrət Ayətullah Xamenei qeyd etdi ki, kitaba münasibətdə diqqət və marağın artırılması üçün düşünərək kitab oxuma vərdişini genişləndirmək lazımdır.
Düşünərək kitab oxuma mədəniyyətinin genişləndirilməsində bütün təhsil və mədəniyyət qurumlarının öhdəsinə müəyyən vəzifə düşdüyünü vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kitab mütaliəsinin genişləndirilməsi işində Təhsil Nazirliyi və orta məktəblərdən tutmuş mətbuat və Dövlət Teleradiosu da daxil olmaqla bütün kütləvi informasiya və təbliğat qurumlarının öhdəsinə məsuliyyət düşür”.
“Kitabın və kitab oxunuşunun təbliği mediada və reklam agentliklərində geniş miqyas almalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün mətbuatda, habelə “Səda və sima” Dövlət Teleradiosunda bəzi əhəmiyyətsiz, hətta zərərli məhsullar geniş reklam olunur. Əzəmətli və dəyərli bir məhsul olan kitab üçün isə lazımi təbliğat-təşviqat işi həyata keçirilmir”.
Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”.
Çıxışının davamında Həzrət Ayətullah Xamenei kitabxanalar, habelə oxucuların istiqamətləndirilməsində kitabxanaçıların mühüm rolu mövzusuna toxunaraq əlavə etdi: “Kitabxanalarda ən mühüm və ağır vəzifə kitabxanaçıların öhdəsinə düşür”.
“Kitabxanaçılar oxucuların daim müraciət etdiyi, istiqamətləndirici mənbədir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hazırda ehtiyac duyulan məsələlərdən biri də kitabsevərlər arasında sistemli mütaliə vərdişinin genişləndirilməsidir. Kitabxanaçılar oxucuları düzgün istiqamətləndirməklə bu boşluğu aradan qaldıra bilərlər”.
Oxucuları düşünərək mütaliə etməyə istiqamətləndirməkdə kitabxanaçıların mühüm rolu olduğunu qeyd edən Ali Məqamlı Rəhbər kitab mütaliəsi ilə bağlı proqramların əhəmiyyətinə toxunaraq dedi: “Cəmiyyətin, xüsusilə də yeniyetmə və gənclərin ən ümdə ehtiyaclarından biri rəngarəng mövzulu, müvafiq müxtəlifliyə malik kitabları ehtiva edən mütaliə kurslarının layihələndirilməsidir”.
Həzrət Ayətullah Xameneinin çıxışı əsnasında vurğuladığı məqamlardan biri də bu idi ki, oxuculara sağlam kitablar təqdim olunmalı, zərərli nəşrlərin kitab bazarına daxil olmasının qarşısı alınmalıdır.
Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları qeyd etdi: “Əlbəttə, hər kitab faydalı deyil. Kitab bazarını sərbəst buraxmaq, bununla da zərərli kitabların cəmiyyətə yol tapmasına imkan vermək olmaz”.
Yaxşı və sağlam kitabların yayılmasının vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər qeyri-sağlam mənəvi qidanın qarşısını almaq lazım olduğunu bildirərək əlavə etdi: “Bəzən kitab bazarında zahirən maarifləndirici, lakin siyasi və azdırıcı məqsədlər güdən işlərə rast gəlinir. Bu məsələyə ciddi diqqət yetirilməlidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Kitab istehsalı, tərcüməsi və nəşri cəmiyyətin intellektual ehtiyaclarının, bu sahədəki boşluqların aradan qaldırılmasına xidmət etməlidir”.
Ölkənin bütün mədəniyyət və reklam qurumlarını kitabın və kitab mütaliəsinin təbliği işində yeni və geniş əhatəli fəaliyyətə çağıran Ali Məqamlı Rəhbər dedi: “Hal-hazırda müşahidə olunan bir neçə minlik tirajlar və təkrar nəşrlər 75 milyonluq əhalisi və geniş miqyaslı gəncliyi olan bir ölkəyə yaraşmaz”.
Ölkədə savad göstəricisinin çox yüksək olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu imkandan istifadə edərək cəmiyyətin ehtiyac duyduğu kitabları, düşünərək kitab oxuma vərdişini genişləndirmək lazımdır”.
Görüşün əvvəlində İslam Mədəniyyəti və İrşadı Naziri cənab Hüseyni kitab və kitab oxuma sahəsində həyata keçirilmiş tədbirlərə toxunaraq dedi: “Həyata keçirilmiş tədbirlər sırasında ötən 6 il ərzində ölkədə ümumi kitabxanalarının sayının 48 faiz, kitab satışının isə 20 dəfə artmasını, “Faydalı mütaliə hərəkatı planı” adlı mütaliə proqramının və “Kitabxana Fondunun perspektiv planı”nın icrasına başlanmasını, çoxsaylı mütaliə müsabiqələrinin və kitab konfranslarının, ümumi və konkret ixtisaslar üzrə kitab sərgilərinin keçirilməsini, ayrı-ayrı peşələr üzrə oxucu şəbəkəsinin yaradılmasını, kitabxanaçıların təhsili və elmi səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri qeyd etmək olar”.
Ölkənin Ümumi Kitabxanaları Fondunun baş katibi cənab Vaizi də ümumi kitabxanaların vəziyyəti və fondun hazırladığı mədəniyyət proqramları haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir