Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənlərin İrana iqtisadi təzyiqlər göstərməkdə məqsədi xalqı ümidsizliyə düçar etməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İran və Tehran Ticarət Palatalarının sədrləri və idarə heyəti üzvləri ilə görüşü zamanı cari ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq qeyd etdi ki, bu böyük cihadda müvəffəqiyyət qazanmağın ilkin şərti ölkədəki şəraiti düzgün və optimist qiymətləndirmək və bunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif sferalarda, xüsusilə də iqtisadiyyatda əldə etdiyi böyük irəliləyişlərə toxunaraq dedi: “Hər bir təklifin, hər bir layihənin ilk addımı məhz bu optimist, ümidverici yanaşma olmalıdır. Vəziyyəti şərh edərkən pessimist yanaşmadan çəkinmək lazımdır, çünki sevinc və stimul ümiddən doğur”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Konstitusiyanın 44-cü maddəsinin ümumi siyasətləri ölkə iqtisadiyyatını yeni bir relsə salmış, dəqiq bir dönüşlə iqtisadi problemləri başqa səmtə yönəltmişdir.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, böyük iqtisadi arenalarda iştirak üçün özəl sektorda cəsarət və özünəinam yaratmaq ticarət palatalarının mühüm vəzifələrindən biridir. Ölkədə geniş imkanların mövcudluğuna toxunan Ali Məqamlı Rəhbər fəal olan potensial iqtisadi subyektlərin tanınmasının vacibliyini vurğuladı. O, əlavə etdi: “Ticarət Palatalarında bir araya gələn fəal iqtisadi subyektlər məsuliyyət və ümid hissi ilə ölkənin hazırkı şəraitində öhdələrinə düşən rolu müəyyənləşdirməli və ifa etməlidirlər”.

“Amerika və İslam Respublikasının digər düşmənləri iqtisadi sanksiyalardan və başqa hiylələrdən istifadə etməklə ölkəyə zərbə vurmağa çalışırlar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənlərin İrana bu təzyiqləri göstərməkdə məqsədi xalqı ümidsizliyə düçar etmək, İslam İnqilabını məğlubiyyətə sürükləmək idi. Lakin onlar İran xalqının Allahdan ilham alan, ümumxalq hərəkatına qalib gələ bilməyəcəklər, çünki biz əminik: nə qədər ki qəlblərimiz ümidlə doludur, zəhmət və çətinliyə qatlaşmağa hazırıq, bütün bu məkrli planlara qalib gələcəyik!”

Görüşün əvvəlində İran Ticarət Palatasının sədri cənab Nəhavəndiyan, palatanın idarə heyətinin üzvü cənab Mirməhəmməd Sadiqi, Tehran Ticarət Palatasının sədri cənab Ale-İshaq fəaliyyətləri ilə bağlı hesabat təqdim etdilər. Onlar iqtisadi idarəçiliyin özəl və kooperasiya sektoruna həvalə edilməsinin, hökumətlə daha sıx əməkdaşlığın, özəl sektorda məsuliyyət hissinin yaradılmasının, qanun və qərarlara yenidən baxılmasının, iqtisadiyyatda halal standartının tətbiqinin, makroiqtisadi qərarların qəbulu zamanı iqtisadiyyatın fəal subyektlərinin rəylərindən istifadənin və iqtisadiyyat sferasının mücahidlərini himayənin vacibliyi ilə bağlı müəyyən məqamları qeyd etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /