Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmamın (ə.f) zühuruna mənəvi və ictimai cəhətdən hazırlıqlı olmaq lazımdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei mehdiçilik üzrə ixtisaslaşmış ustadlar, mütəxəssislər, müəlliflər və məzunlarla bugünkü görüşü zamanı tarix boyu peyğəmbərlərin fəaliyyətinin və qatlaşdıqları əziyyətlərin hədəfi kimi, mehdiçilik mövzusunun çox yüksək əhəmiyyət kəsb etdiyinə toxunaraq qeyd etdi ki, İmamın (ə.f) zühurunu gözləmək mehdiçilik əqidəsinin ayrılmaz hissəsidir. O vurğuladı: “Mehdiçilik məsələsində ən mühüm və zəruri olan işlərdən biri də mövzunun əsl mütəxəssisləri tərəfindən dəqiq, elmi cəhətdən əsaslandırılmış işlərin artırılması, avamyana, cahilanə, qeyri-mötəbər, təxəyyül və fantaziyaya əsaslanan işlərdən çəkinməkdir”.

Həzrət Ayətullah Xamenei əvvəlcə mehdiçilik mövzusunun əhəmiyyətini açıqlayaraq vurğuladı ki, bu əqidə ali din təlimlərində önəmli yer tutan bir neçə başlıca məsələlər sırasında yer alır. O, əlavə etdi: “Peyğəmbərlərin fəaliyyətinin və Yer üzünə göndərilmə missiyasının hədəfi tövhid çərçivəsində, ədalətə, insanın varlığındakı bütün potensiallardan istifadəyə əsaslanan bir dünyanın qurulmasıdır. İmam Zamanın (ə.f) zühuru dövrü isə tövhid, mənəviyyat, din və ədalətin insanların fərdi və ictimai həyatının bütün sferalarına həqiqətən hakim olacağı bir dövrdür”.

Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Mehdiçilik olmasa, peyğəmbərlərin bütün səyləri, çəkdikləri əzab-əziyyətlər faydasız və təsirsiz olar”.

İlahi dinlərdə mehdiçilik mövzusunun nə kimi yer tutduğu haqda danışan Həzrət Ayətullah Xamenei dedi: “Demək olar, bütün ilahi dinlərdə mehdiçiliyin həqiqəti ilə bağlı ümumi məqamlar öz əksini tapıb. İslam dinində isə bu mövzu qeyd-şərtsiz real hesab olunan məsələlərdən biridir. İslam məzhəbləri arasında şiə məzhəbi mehdiçilik məsələsini açıq-aşkar sübutlarla, zühuru gözlənən şəxsin ailəsi və kimliyi haqda şiə və qeyri-şiə mənbələrindəki rəvayətlərdən götürülmüş detallarla qeyd edir”.

Ali Məqamlı Rəhbər mehdiçilik mövzusunun əhəmiyyətini, ilahi dinlər və İslam məzhəblərindəki mövqeyini açıqladıqdan sonra bu ideologiyanın ayrılmaz hissəsi kimi, zühurun intizarında olmaq məsələsi haqda danışdı. O dedi: “İntizar canlı bir insanı, mütləq bir həqiqəti gözləmək, gəlişinə ümid bəsləmək mənasındadır. Bu mənada intizarın müəyyən şərtləri var ki, onların sırasında insanın gözlədiyi dövrə, o dövrdə müşahidə olunacaq xüsusi şəraitə mənəvi-psixoloji, həmçinin ictimai cəhətdən hazırlıqlı olması da yer alır”.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da qeyd etdi: “Zühurun intizarında olan şəxs gözlədiyi dövrün xüsusiyyətlərini daim özündə qorumalı və gücləndirməlidir. Bu elə bir intizardır ki, heç vaxt onun nə uzunmüddətli olacağını, nə də çox qısa sürəcəyini güman etmək lazım deyil”.

Həzrət Sahibəzzamanın (ə.f) zühur edəcəyi dövrün özəlliklərinə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “O həzrətin dövrü tövhid, ədalət, haqq, ixlas və Allaha ibadətin hakimiyyət dövrü olacaq. Elə buna görə də zühurun intizarında olan insanlar daim bu keyfiyyətlərə daha da yaxınlaşmaq üçün çalışmalı, mövcud vəziyyətləri ilə qane olmamalıdırlar”.

Həzrət Ayətullah Xameneinin mehdiçilik mövzusu ilə bağlı toxunduğu üçüncü məqam dəqiq, elmi cəhətdən əsaslandırılmış işlərin həyata keçirilməsinin vacibliyi oldu. O dedi: “Mehdiçilik mövzusu ilə bağlı böyük təhlükələrdən biri də avamyana, cahilanə, mənbələrlə əsaslandırılmamış, təxəyyül və fantaziyalar üzərində qurulan işlərdir. Bunlar yalançı iddiaçıların ortaya çıxması, camaatın zühurun intizarında olmağın gerçək mahiyyətindən uzaqlaşması üçün zəmin yarada bilər”.

Özündə, yaxud başqa bir şəxsdə zühur əlamətlərinin olduğunu iddia edən yalançı insanlara tarix boyunca rast gəlindiyini qeyd edən Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Bu kimi halların hamısı yanlış və azdırıcı əməllərdir. Çünki zühurun əlamətləri ilə bağlı qeyd olunmuş bəzi məsələlər istinad edilməsi üçün zəifdir. Mötəbər hesab olunan məqamları isə kiməsə asanlıqla şamil etmək mümkün deyil”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Belə yanlış və azdırıcı hallar mehdiçilik və intizarın əsl mahiyyətinin diqqətdən kənarda qalmasına səbəb olur. Buna görə də avamyana işlərdən və şayiələrdən kəskin surətdə çəkinmək lazımdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, mehdiçilik mövzusunda mənbələrə əsaslanan elmi işlər görmək də hədis və rical elmlərini yaxşı bilən, fəlsəfi məsələlər və düşüncə tərzi ilə tanışlığı olan mütəxəssislərin öhdəsinə düşür”.

Ali Məqamlı Rəhbərin mehdiçilik mövzusu ilə bağlı toxunduğu sonuncu məsələ İmam Zamana təvəssül etmək, o həzrətlə mənəvi ünsiyyətdə olmaq məsələsi idi.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları qeyd etdi: “Mehdiçilik əqidəsi ilə düzgün və elmi tanışlıq insanın Həzrət Sahibəzzamanla (ə.f) daha çox mənəvi ünsiyyət yaratması, ali məqsədlərə doğru daha da sürətlə irəliləməsi üçün zəmin yarada bilər”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Həzrətlə ünsiyyətə girmək və Ona təvəssül etmək məsələsində də düzgün və nəzərdə tutulan variant uzaqdan təvəssül, həzrətin diqqətini uzaqdan cəlb etməyə can atmaqdır. Həzrət Mehdi (ə.f), inşallah ki, bunu qəbul edir. Həzrətlə əyani görüş yolu ilə ünsiyyət qurmaq haqqında bəzi avamyana iddialar və bu barədə gəzən söz-söhbətlər, əksəriyyət etibarilə, yalandır, təxəyyülün məhsuludur”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei məsul şəxslərə təşəkkürünü bildirərək Höccətül-İslam vəl-mislimin Qiraətinin müxtəlif sferalardakı, xüsusilə də namaz, zəkat, təfsir, mehdiçilik, savadsızlıqla mübarizə məsələləri ilə bağlı saysız-hesabsız xidmətlərinə toxunaraq dedi: “Cənab Qiraəti çox gözəl nümunə, layiqli bir örnəkdir. Çünki o, daim çoxsaylı boşluq və ehtiyacların hiss olunduğu sferalarda xidmətlər göstərib. Belə bir səy və əzmin dəyəri isə ikiqatdır”.

Sırf Allah naminə, ixlaslı niyyətin işlərin irəliləməsinə heyrətamiz təsir göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər müxtəlif sferalarda görülmüş işləri davam etdirmək lazım olduğunu da vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /