Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Regionda gedən dəyişikliklər dünya tarixində yeni bir fəslin başlanğıcıdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları və Vəli-fəqihin Korpus üzrə Nümayəndəliyinin rəsmiləri ilə bugünkü görüşündə qeyd etdi ki, İslam İnqilabının həqiqi keşikçisi olmaq İslam dövlətinin müəyyən edilmiş uca amallara doğru mütərəqqi, sürətli, optimist və inqilabi hərəkatını qorumaqdır. Ali Məqamlı Rəhbər vurğuladı: “İslam İnqilabının irəliyə doğru təkamül hərəkatını davam etdirmək üçün mühüm və zəruri olan məqamlardan biri cəmiyyətə ixtilaf, səs-küy, mübahisə atmosferi aşılamaqdan,  bu kimi halları körükləməkdən çəkinməkdir. Bütün strukturlar, ideoloji və siyasi cərəyanlar vəhdətin qorunmasında əməli surətdə maraqlı olmalıdır”.

Şəban ayının 3-ü – İslam dininin keşikçisi Həzrət Seyidüş-şühəda Hüseynin (ə) əzəmətli doğum günü və bu münasibətlə ölkədə qeyd olunan İnqilab keşikçiləri günü ərəfəsində baş tutan görüş zamanı Həzrət Ayətullah Xamenei iştirakçıları şəban günləri, özəlliklə də 3 şəbanla əlaqədar təbrik edərək qeyd etdi ki, Həzrət İmam Hüseynin (ə) doğum gününün Keşikçilər günü kimi bayram edilməsi dərin məna yükü daşıyan, istiqamətləndirici bir təşəbbüsdür. Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamın keşiyində durmağın həqiqi mənası – özünün bütün aspektləri ilə – Həzrət Əba-Əbdillahın (ə) 10 illik imaməti dövründə gerçəkləşdi. Buna görə də o həzrətin imamət dövründəki rəftar və davranışları ilə tanış olmağımız İslamın keşiyində durmağın əsl prinsip və meyarlarını müəyyənləşdirməyimizə imkan verir”.

Həzrət Seyidüş-şühədanın (ə) 10 illik imamət dövrünü geniş surətdə açıqlayan Ali Məqamlı Rəhbər həzrətin davranışlarının ana xəttini təşkil edən ən mühüm məqamlara toxundu, o cümlədən imamın insanlara zəruri xəbərdarlıqlar etməsi, təbliğat aparması, elitanı təmsil edən şəxsləri mövcud vəziyyət haqqında məlumatlandırması, bununla da onları mənəvi-psixoloji cəhətdən hazırlaması, dövrün son dərəcə təhlükəli, yanlış tendensiyasına qarşı həyatı bahasına mübarizə aparıb mücahidə nümayiş etdirməsi, daim İslamın göstərişlərinə uyğun davranması haqda danışdı. O dedi: “İmam Hüseynin (ə) çoxaspektli hərəkatı və fədakarlığı, xüsusilə də həzrətin ailəsinin üzləşdiyi faciə bu hərəkatın tarixdə qalmasına, İslamı və dəyərləri qoruyub saxlamasına səbəb olub”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Həzrət Seyiddüş-şühədanın (ə) hərəkatının çətin tərəflərindən biri də dövrün adlı-sanlı adamlarının, elita nümayəndələrinin onu yolundan daşındırmaq, bu yolun doğruluğuna şübhə kölgəsi salmaq cəhdləri qarşısında imamın etdiyi səbirdir. O dedi: “İmam Hüseyn (ə) üçün ən çətin olan səbir nüfuzlu şəxslərin zahirən onun xeyri üçün dediyi, vəsvəsə dolu sözlərə dözmək idi. Onlar zahirən şəriətə əsaslanan bəhanələrlə imamı (ə) tutduğu yoldan çəkindirirdilər. Lakin Həzrət Əba-Əbdillah (ə) əyanların onu tərəddüdə salma cəhdləri qarşısında səbir etdi, əzm və iradə ilə meydana girdi və İslamın cərəyanını böyük bir sapıntıdan xilas etdi”.

İslamın keşiyində durmağın İmam Hüseyn (ə) hərəkatı çərçivəsində gerçək mənasını izah etdikdən sonra Ali Məqamlı Rəhbər əlavə etdi: “3 şəban tarixinin Keşikçilər günü kimi bayram edilməsinin mənası İslam İnqilabı Keşikçiləri Korpusunun daim Həzrət Seyiddüş-şühədanın (ə) yolu ilə getmək istədiyini çatdırmaqdır. Korpusun inqilabın qələbəsindən bu günə qədər olan fəaliyyətini ədalətlə nəzərdən keçirsək, görərik ki, Silahlı Qüvvələrin bu qolu, doğrudan da, bu yolda addımlayaraq mübarizlik nümayiş etdirib”.

“Keşikçi Korpusda xidmət üçün müəyyən edilmiş xüsusiyyət və meyarları nəzərə alaraq demək olar ki, Silahlı Qüvvələrin bu qolunun yüksələn xətt üzrə irəliləyişini davam etdirmək üçün korpusun hərbi qüdrətini, keyfiyyətini və uzaqgörənliyini hər cəhətdən artırmaq lazımdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Korpusun ötən nəsli inqilabın ilk illərini, daha sonra isə Müqəddəs Müdafiə dövrünü yaşamış, həmin şəraitdən aldığı stimul sayəsində inkişaf edərək təkmilləşmişdisə, yeni və gənc nəsil də dini biliklər, məlumatlılıq, gözüaçıqlıq, fədakarlıq, öhdəsinə düşən vəzifəni vaxtında və layiqincə yerinə yetirmək baxımından dəfələrlə yüksək səviyyədə və güclü olmalıdır. Belə ki bu gün hərbi əməliyyatlar şəraiti yaşanmasa da, daha həssas və əlbəttə ki, təhlükəli müharibə gedir”.

Daha sonra Ali Məqamlı Rəhbər korpusun keşikçilik missiyasının gerçək mahiyyətini izah edərək dedi: “İnqilabın keşiyində durmaq” anlayışı mühafizəkarlıq, inqilabın mövcud vəziyyətini qoruyub saxlamaq mənasında başa düşülməməlidir”.

“İnqilab, təbiəti etibarilə, qarşıya qoyulmuş amallara doğru aparan, yüksək sürət tempinə malik, mütərəqqi bir hərəkatdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabın keşiyində durmaq İslam dövlətinin mütərəqqi inqilabi hərəkatını qorumaq mənasındadır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dövlətinin mütərəqqi inqilabi hərəkatının keşiyində dura bilməsi üçün korpusda iki: daxili və xarici hərəkat həyata keçirilməlidir. O dedi: “Korpusun daim ehtiyac duyduğu daxili hərəkatın özünün də iki: mənəvi və maddi aspekti var. Mənəvi aspekt dəyərlərə xüsusi önəm verilməsindən, inqilab keşikçiləri üçün dəyər meyarlarının müəyyən olunmasından, inkişaf məqsədilə bütün komandanların və ümumilikdə korpusun həmin meyarlar əsasında dəyərləndirilməsindən ibarətdir”.

Ali Məqamlı Rəhbər korpusun daxili hərəkatının maddi aspekti haqqında aşağıdakıları qeyd etdi: “Təşkilati məsələlər, elmi-tədqiqat işləri və hərbi təlimlər korpusun daxili hərəkatının maddi aspektini təşkil edən komponentlərdir. Bu komponentlər mənəvi aspektə daxil olan komponentlərlə yanaşı gələrsə, korpusda dinamik, optimist və həmişəcavan bir kollektiv yaranacaq”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Belə bir kollektiv mənəviyyat, gözüaçıqlıq, prinsiplərə sədaqət, təfəkkür, dərin düşüncə və doğru yolda hərəkət nümunəsi kimi, İslam İnqilabının ümumi hərəkatının irəli aparılmasına effektiv təsir göstərə bilər”.

“İslam dövlətinin dəyişikliklərə aparan, mütərəqqi hərəkatının keşiyində durmağın son dərəcə mühüm və zəruri şərtlərindən biri də bu hərəkat üçün faydasız və zərərli olan  işlərdən çəkinməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin zərərli işlərdən biri ixtilafları qızışdırmaq, ikitirəlik, hay-küy və qalmaqal atmosferini körükləməkdir. Bütün dövlət orqanları və rəsmi qurumlar bu məsələyə qarşı diqqətli olmalıdır”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Fikir ayrılıqlarını, siyasi görüşlərin qarşıdurmasını mümkün qədər azaltmalı, mübahisə və ixtilafların alovunu daha da körükləməməliyik”.

Ölkədəki bəzi hərc-mərcliklərdən, mübahisə və ixtilaflardan son dərəcə böyük təəssüf hissi keçirdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “İxtilafları qızışdıranlar məgər yadelli təbliğat orqanlarının bundan necə razı qaldıqlarını, baş verənləri hansı formada analiz etdiklərini görmürlər? Düşmənlərin sevinci bu məsələnin bizim zəif cəhətlərimizdən biri olduğunu göstərir, odur ki bu kimi halların davam etdirilməsinin qarşısını almaq lazımdır”.

“Fikir ayrılığı və hər hansı bir cərəyanın islami hakimiyyətə qarşı çıxması fərqli şeylərdir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hansısa cərəyan İslam İnqilabının əleyhinə çıxış etməyə qalxıbsa, o zaman, sözsüz ki, hər kəsin vəzifəsi inqilabın müdafiəsində durmaqdır. 2009-cu il hadisələri zamanı da məhz belə oldu”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da qeyd etdi: “Əgər ortada inqilabın əleyhinə çıxmaq faktı yox, fikir ayrılığı, siyasi tendensiya müxtəlifliyi varsa, bu şəraitdə hər kəsin vəzifəsi budur ki, həmin fikir ayrılıqlarını qızışdırmaya, bəzi yanlış fikirlərin bütün aspektlərini nəzərə alaraq onların müqabilində maarifləndirmə, həqiqəti açıqlama yolunu tuta”.

Həzrət Ayətullah Xamenei dedi: “Mən yanlış fikirlərin qarşılığında maarifləndirmə işi aparmağın, arqumentlərlə əsaslandırılmış, məntiqi açıqlamalar verməyin əleyhinə deyiləm, lakin həmin yanlış düşüncə tərzini də geniş surətdə ictimaiyyətə açıqlamaq, hər kəsi bu haqda məlumatlandırmaq lazım deyil”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “İstənilən maarifləndirmə işi hay-küy və qalmaqaldan uzaq şəkildə aparılmalıdır, çünki qalmaqal məntiqli sözü belə, puç edir”.

Cəmiyyətdə birliyi əvvəlkindən də artıq qorumaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Düşmənə qarşı hamı vahid cərgədə, sarsılmaz divar kimi durmalıdır!”

İslam İnqilabı Keşikçiləri Korpusunun heyətinə optimist ruh və əzmi, tərəqqipərvər fəaliyyəti qoruyub saxlamağı və gücləndirməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Korpus üçün vacib olan məqamlardan biri də ardıcıl şəkildə fəaliyyət proqramlarının hazırlanmasıdır”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər regionda gedən dəyişiklərə toxunaraq qeyd etdi ki, bu proseslərin indiyə qədər analoquna rast gəlinməyib və baş verənlər, region və dünya tarixində yeni bir fəslin başlanğıcıdır. O vurğuladı: “Baş verən dəyişikliklərdə din və təkallahlılıq ideologiyasını rəhbər tutan xalq kütlələrinin, sözün həqiqi mənasında, meydanlarda var olduğu müşahidə olunur. Region və dünyanın tarixində yeni bir fəsil başlayıb”.

“Amerika və sionistlər İslam Respublikasının region xalqlarına örnək olacağından qorxurlar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika və İsrail KİV-də apardıqları təbliğatda bu məsələni – regiondakı xalq hərəkatlarının islami tendensiyasını nə qədər inkar etməyə çalışsalar da, mövcud həqiqi reallıqları dəyişə bilməzlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Hal-hazırda regionda start götürmüş hərəkatın sonrakı dalğası regiondan kənar ölkələri əhatə edəcək. Belə bir hadisə reallığa çevriləcək!”

Görüşün əvvəlində vəli-fəqihin İnqilab Keşikçiləri Korpusu üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Səidi iştirakçıları mübarək şəban günləri və Keşikçilər günü münasibətilə təbrik edərək Vəli-fəqihin Korpus üzrə Nümayəndəliyinin fəaliyyəti, xüsusilə də inqilab keşikçilərinin dəyər meyarlarının müəyyənləşdirilməsi barədə məlumat verərək dedi: “Nümayəndəliyin həyata keçirdiyi proqramlar sırasında ideoloji təlimlərin genişləndirilməsi və dərinləşdirilməsini, korpusda kadrların layiqli seçimi, dəyərləndirilməsi, yetişdirilməsi və vəzifə təyinatı üçün zəmin yaradılmasını qeyd etmək olar”.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, briqada generalı Cəfəri də Keşikçilər günü münasibətilə hər kəsi təbrik edərək bildirdi ki, həyata keçirilən proqramların başlıca məqsədi korpus heyətinin mənəvi ruhunu qoruyub saxlamaq və gücləndirməkdir. O dedi: “Mənəvi özünütərbiyə, dini biliklərin, şüur və özünüdərkin, inqilabçı uzaqgörənliyinin inkişaf etdirilməsi və etibarlı strategiyaların hazırlanması “Korpusun yenidən qurulması” layihəsinin əsas mehvərlərini təşkil edir”.

General Cəfəri həmçinin “İnqilab keşikçisinin layiqli keyfiyyətləri, dəyər və mənəviyyat meyarları” adlı toplunun hazırlandığını da vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /