Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Quran müsəlman vəhdətinə nail olmaq üçün böyük və sonsuz potensiala malikdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkədə keçirilmiş 28-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, münsiflər, Quran hafizləri və qarilərlə, habelə ölkənin Quran ictimaiyyətinin bir qrup təmsilçisi ilə görüşdü. Ali Məqamlı Rəhbər Quranı İslam ümmətinin vəhdət, izzət və iqtidarının ən mühüm amili adlandıraraq qeyd etdi ki, region xalqlarının qiyamı Quranda əksini tapmış ilahi vədlərin qəti surətdə gerçəkləşməsinin açıq-aydın nişanəsidir.

“Beynəlxalq Qurani-Kərim müsabiqələri bu səmavi kitabın müsəlmanları bir araya gətirmək, aralarında vəhdətə nail olmaq üçün nə qədər böyük və sonsuz potensiala malik olduğunu göstərir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün müsəlman xalqları bu misilsiz ilahi bəxşiş qarşısında itaətkardırlar, ondan dərs almağa hazırdırlar. Bu fakt müsəlman vəhdətinə nail olmaq üçün çox mühüm fürsət yaradır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Qurani-Məcidin vəhdət yaratma potensialına qarşı diqqətsizlik müsəlman xalqlarının böyük qəflətidir. O, əlavə etdi: “Quran məfhumlarına və ilahi vədlərə inanmamaq İslam ümmətinin vəhdətinə, izzət və iqtidarına, faktiki olaraq,  əngəl törətmiş daha bir qəflət təzahürüdür”.

Quranda verilən ilahi vədlərin mütləq surətdə gerçəkləşməsi haqda danışan Həzrət Ayətullah Xamenei İran xalqının müqəddəratının necə dəyişdiyinə toxunaraq dedi: “Biz – İran xalqı

”انَّ الله لا یُغَیِّرُ ما بِقَومٍ حَتّی یُغَیِّروا ما بِاَنفُسِهِم “

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (halını) dəyişməz”. (“Rəd” surəsi, ayə 11)

– ayəsini əməldə təcrübədən keçirmişik, Allah naminə qiyam etməyimiz, Allahın dininə yardım etməyimiz sayəsində, müqəddəs kitabda möminlərə vəd olunmuş ilahi yardımı və qalibiyyəti mükəmməl dərəcədə hiss etmişik”.

Həzrət Ayətullah Xamenei şah diktaturası dövründəki İranı “Amerikanın İranı”, “sionistlərdən asılı olan İran” adlandıraraq dedi: “İranın imperializm və sionizmə qarşı mübarizə aparan güclü bir qütbə çevrilməsi göz qabağında olan bir möcüzə, Allah-Taalanın Quranda möminlərə müjdə verdiyi qələbə vədinin gerçəkləşməsidir”.

“Region xalqlarının, o cümlədən Misir xalqının qiyamı Qurandakı ilahi vədlərin mütləq və qaçılmaz olmasının bariz göstəricilərindən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika, xəbis sionist cəbhəsi və regionda onlardan siyasi cəhətdən asılı olan qüvvələr Misir xalqının qiyam edəcəyini hətta ağıllarına belə, gətirmirdilər. Lakin Misir xalqı “Allahu-Əkbər!” şüarları, cümə və camaat namazları ilə meydanlara çıxıb Allahın dininə yardım etdi. Allah-Taala da bu xalqa qalibiyyəti nəsib etməklə bir daha sübuta yetirdi ki, əgər Yaradan bir kəsə yardım etsə, heç bir qüvvə ona qalib gələ bilməz”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Quranı əzbərləmək müqəddəs kitabdakı ayələrin mənası haqda dərindən düşünmək üçün daha çox fürsət yaradır. Yeniyetmə və gənclərə Quranı əzbərdən öyrənməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Qurandakı dərin məna və məfhumları dərk etməyin əsl açarı ayələrin mənası haqda düşünmək, onları təfəkkürün süzgəcindən keçirməkdir. Şərif ayələrin əzbərlənməsi bunun üçün daha yaxşı və daha çox fürsət yaradır”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, Xeyriyyə Qurumları və Xeyriyyə İşləri Təşkilatının başçısı Höccətül-İslam vəl-muslimin Məhəmmədi Tehranda keçirilmiş 28-ci Beynəlxalq Quran Müsabiqəsinin gedişi haqda məlumat verərək dedi: “5 gün davam etmiş budəfəki müsabiqədə dünyanın 61 ölkəsini təmsil edən 96 Quran hafizi və qari, həmçinin 13 münsif iştirak etdi”.

Höccətül-İslam vəl-muslimin Məhəmmədi bildirdi ki, cari Quran müsabiqəsinin proqramı çərçivəsində Quran tədqiqatlarına həsr olunmuş məqalələrin təqdimatının, Quran sferasında fəal olan xanımların simpoziumunun, qiraət və hifz üzrə seminarların, Quran məhsulları sərgisinin və müxtəlif Quran məclislərinin keçirilməsi də nəzərdə tutulur.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /