Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq oyanıbsa, ölümü gözə alaraq meydanlara çıxıbsa, onu diz çökdürmək mümkün deyil

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. İran xalqını və İslam ümmətini mübarək Məbəs bayramı münasibətilə təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, besət günü – yəni İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün seçildiyi gün Allahın ən böyük neməti, ilin ən gözəl və bərəkətli günüdür. O həmçinin aşağıdakıları vurğuladı: “Region xalqlarının islami oyanışı Peyğəmbər (s) kursu üzrə gedən bir hərəkatdır. Müsəlman xalqları və böyük İran xalqı sayıq duraraq imkan verməyəcəklər ki, Amerika və sionistlər ixtilaf yaratmaq, həmçinin başqa hiylələr işlətməklə bu əzəmətli hərəkatı doğru istiqamətdən sapındıra, yaxud ondan istədikləri kimi istifadə edələr”.

Sonuncu peyğəmbərin (s) 23 illik missiyasının tarixdə və bəşəriyyətin müqəddəratında həlledici, dərin və mütərəqqi rol oynadığını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Böyük İslam peyğəmbəri (s) yalnız 10 ilini İslam rejiminin bərqərar edilməsinə həsr etdiyi bu qısa müddət ərzində iman, rasionallıq, mücahidə və vüqara söykənən bir cəmiyyət qurmağa müvəffəq oldu. Bəşəriyyətin müasir sivilizasiyaları belə, sadaladığım əsaslar üzərində formalaşdırılmış İslam sivilizasiyasına borcludurlar”.

İslam ümmətinin dünənki, eləcə də bugünkü dərd və problemlərinin əzəmətli besət nemətinə naşükürlükdən qaynaqlandığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlman xalqları qəlblərində və əməllərində imanı gücləndirsələr, Allahın insana verdiyi böyük bir bəxşiş kimi ağıl və rasionallıqdan bəhrələnsələr, siyasət, iqtisadiyyat və mədəniyyət meydanlarında Allah yolunda cihadı həyata keçirsələr, insanlıq qürur və heysiyyətinin dəyərini bilsələr, sözsüz ki, öz layiqli yerlərini tutacaqlar”.

“Şimali Afrika və Orta Şərqin bəzi ölkələrində baş verən hadisələr müsəlman xalqlarının insanlığa səadət bəxş edəcək İslam nemətinə diqqət yetirdiyini göstərir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Misir, Tunis və başqa ölkələrdəki böyük islami oyanış bunu göstərir ki, müstəmləkəçi Qərbin və ondan asılı olan hökumət başçılarının son 150 ildə region xalqlarına zorla qəbul etdirdikləri zülmkar, təhqiramiz balans artıq pozulub, regionun tarixində yeni bir səhifə açılıb”.

Allahın fəziləti sayəsində, regionda gedən dəyişikliklərin aydın bir sabahı olacağını deyən Ali Məqamlı Rəhbər imperialist dövlətlərin bu dəyişikliklərin islami xarakterini gizlətməkdə israrlı davrandıqlarına toxunaraq əlavə etdi: “Amerika və sionistlər, həmçinin onların regiondakı muzdurları xalqların hərəkatını doğru istiqamətdən yayındırmaq, asılı ünsürləri iş başına keçirərək keçmişdəki zülmkar balansın hakimiyyətini yenidən bərpa etmək üçün bütün imkanlarını səfərbər ediblər. Lakin xalq oyanıbsa, ölümü gözünün qabağına alaraq meydanlara çıxıbsa, onu diz çökdürmək mümkün deyil”.

“Müsəlman xalqları və İslam dünyasının görkəmli şəxsiyyətləri Amerikanın, eləcə də qəsbkar İsrail rejiminin dolaşıq plan və səylərinə qarşı ayıq-sayıq, gözüaçıq olmalıdırlar” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, imperialistlərin siyasi manevrləri ayağa qalxmış xalqlara müəyyən başağrısı gətirəcək, lakin müsəlman xalqlarının, İslam dünyasının görkəmli şəxsiyyətlərinin  sayıqlığı, ehtiyatı əldən verməməyi sayəsində, regionda başlanmış işıqlı kurs, inşallah, tam gücü ilə davam etdiriləcək”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər İslam düşmənlərinin İran İslam İnqilabının qələbəsi müqabilində qurduğu cürbəcür hiylə və planlara toxunaraq dedi: “İmperialistlərin İran xalqının əzəmətli hərəkatını zəiflətmək məqsədi ilə işlətdiyi uğursuz manevrlər sırasında ixtilaf yaratmaq, kənardan təsir göstərmək cəhdləri, terror aktları, etnik və məzhəb qarşıdurmalarını körükləmə, cürbəcür provokasiyalar, xarici düşməni İrana hücuma təhrik etmə və s. var idi. Hazırda ayağa qalxmış region xalqlarına qarşı da həmin planlar, yaxud analoji hiylələr hazırlanaraq həyata keçiriləcək”.

Bu tip məkrli planlara qarşı prinsipial mübarizə yollarının nədən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müsəlman xalqları və İslam dünyasının görkəmli xadimləri boş və əhəmiyyətsiz mübahisələrdən çəkinməli, etnik, məzhəb və siyasi tendensiya ixtilaflarına etinasız yanaşmalı, müsəlman xalqlarının qiyamının tarixi əhəmiyyətini dərk etməlidirlər.

“İran xalqı və İslam dövləti istənilən ədalətpərvər və antiimperialist hərəkatı həmişə olduğu kimi dəstəkləyir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika və sionizm əleyhinə haradasa bir hərəkat baş qaldırsa, hansısa xalq Amerikanın beynəlxalq diktaturasına və daxili diktatorlara qarşı qiyam etsə, müdrik İran xalqının dəstək və himayəsi ilə üzləşəcək!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerikanın dolaşıq hiylələrindən biri də simulyasiyadır. Suriya hadisələrinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar Misir, Tunis, Yəmən və Liviya hadisələrini Suriyada simulyasiya etməyə çalışmaqla müqavimət kursu götürmüş bu ölkə üçün problem yaratmaq istəyirlər. Lakin Suriya hadisələrinin mahiyyəti regionun digər ölkələrində gedən proseslərin mahiyyətindən fərqlənir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Region ölkələrindəki islami oyanışın  mahiyyətini Amerika və sionizm əleyhinə hərəkat təşkil edir. Suriya hadisələrində isə Amerika və İsrailin əli olduğu aşkar görünür. Bizim – İran xalqının məntiqi və meyarı budur ki, Amerika və sionizmin xeyrinə şüarların səsləndiyi istənilən yerdə hərəkatın istiqaməti yanlışdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, İran xalqının və islam dövlətinin bu məntiq və meyar üzərində möhkəm durması İslam Respublikasının düşmənlərini qəzəbləndirir, onların xəbis planlarını daha da artırır. Lakin çətin sınaqlardan çıxmış, mübariz İran xalqı öz mövqeyindən çəkilməyəcək”.

Bəhreyn xalqının məruz qaldığı zülmlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bəhreyn xalqının hərəkatı mahiyyət etibarilə Misir, Tunis və Yəməndəki hərəkatlara bənzəyir və bu iki oxşar proseslər arasında fərq qoymağın mənası yoxdur. Təəssüf ki, bəziləri xalqların qəlbinin səsini eşitmək əvəzinə, İslam düşmənlərinin arzuladığı yol ilə gedirlər”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei müxtəlif dövlət orqanlarının ölkənin dörd bir yanında geniş işlər apardığını, gələcəyə ümidlə baxdığını xatırladaraq nazirliklərin birləşdirilməsi və hökumətin kiçildilməsi məsələsinin çox mühüm olduğunu qeyd etdi. Hökumət və parlamentin bu məsələdə əməkdaşlıq etməsinin zəruriliyinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə işlərlə ciddi şəkildə məşğul olmaq lazımdır”.

Düşmənlərin ölkə daxilindəki bəzi problem və olaylara qərəzli yanaşdığını qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran xalqı öz mübarizliyi, Allahın yardımına və ölkəsinin rəsmilərinə sonsuz ümid və etimadı sayəsində, həmkarlıq və söz birliyi ilə bir daha düşmənlərin ümidlərini məyusluğa çevirəcək”.

Müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə keçən görüşün əvvəlində ölkə prezidenti sonuncu peyğəmbəri (s) “Yaradanın bəşəriyyətə ən böyük hədiyyəsi” adlandıraraq dedi: “Besət bəşəriyyəti nurlu tövhid kəlməsinin yolu ilə aparıb, gözəl həyata, həqiqi xoşbəxtliyə yetişdirə biləcək ən böyük tarixi hadisədir”.

Cənab Əhmədinejad qeyd etdi ki, insanların cəhalət və qəfləti, şeytan xislətli despotların zülm və ədalətsizliyi bəşər cəmiyyətinin əzəmətli peyğəmbərin (s) besətinin həyatbəxş mesajlarından bəhrələnməsinə əngəl törədən başlıca maneələrdir. O, əlavə etdi: “Amerika” adlı böyük şeytan və qəsbkar İsrail rejimi xalqları əzməklə bəşəriyyəti Allahın doğru yolundan saxlayır”.

“Bu gün bəşəriyyət besətin daşıdığı mesajlara həmişəkindən daha böyük ehtiyac duyur” – deyən ölkə prezidenti əlavə etdi: “İmam Mehdi Sahibəzzamanın (ə.f) zühuru tarixi besət hadisəsini təkmilləşdirəcək və bəşəriyyətə həqiqi səadəti müjdə verəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /