Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın Orta Şərq siyasəti zəifləməyə doğru gedir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Cəlal Talebani ilə bu gün günortadan sonra baş tutan görüşü zamanı bildirdi ki, İraq və regionun problemlərinin mənşəyi amerikalıların bu ölkəyə qəsbkar müdaxiləsidir. O dedi: “Bu müstəmləkəçi müdaxiləyə baxmayaraq, regionda gedən proseslər Amerikanın Orta Şərq siyasətinin zəifləməyə doğru getdiyini göstərir və xalqlar bu reallıqdan yararlanmalıdır”.

İraq hökumətinin və xalqının problemlərin həlli yolunda möhkəm addımlar atmasından məmnun olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Çətinlikləri arxada qoymuş böyük İraq xalqı və bu ölkənin rəsmiləri son illərin ağrı-acısından çıxmaq üzrədirlər. Onlar İraqda hələ qalmaqda olan problemləri səbir, müdriklik və şücaətlə həll etməlidirlər”.

İran-İraq əlaqələrinin mümkün qədər çox genişləndirilməli və möhkəmləndirilməli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bu əməkdaşlığın təbii bir proses olduğunu, iki xalq arasında həqiqi dostluq və qardaşlıqdan xəbər verdiyini dedi. O, əlavə etdi: “İran və İraqın silahlı qüvvələri 8 il bir-biri ilə vuruşublar. Buna baxmayaraq, hal-hazırda iki xalq arasında heç bir kin-küdurət yoxdur. Çünki onlar iki dost və qardaş xalqın arasına zorla müharibə salmış amilin devrilmiş Səddam rejimi olduğunu bilirlər”.

İraq rəsmilərinin İran İslam Respublikası ilə müsbət əlaqələrinə toxunan Həzrət Ayətullah Xamenei İran-İraq arasındakı dostluq əlaqələrini zəiflətmək məqsədi güdən bəzi cəhdlərin uğursuzluğa məhkum olduğunu bildirdi. Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr bizi birləşdirən sıx dini və mədəni bağlar sayəsində, günü-gündən daha da möhkəmlənəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İraqdakı siyasi cinahların mümkün qədər sıx birləşməsi bu ölkənin mövqelərinin möhkəmlənməsinə səbəb olacaq. O dedi: “Amerikalılar İraqda daha uzun müddət qala bilmək üçün ölkənin siyasi cinahları arasında ixtilaf və çəkişmə yaratmağı planlaşdırıblar. İraq partiyaları onların hədəflərinin gerçəkləşməsinə ayıq-sayıqlıqla mane olmalıdırlar”.

Ölkə başçısı cənab Mahmud Əhmədinejadın da iştirak etdiyi görüşdə İraq Respublikasının prezidenti İran və İraq xalqları arasında sıx tarixi bağların mövcudluğuna toxunaraq dedi: “Tehran və Bağdad arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr genişlənməkdədir. Biz İranın texnoloji imkanlarından və təcrübələrindən yararlanaraq İraqda infrastrukturları yenidən quracağımıza ümid edirik”.

Cənab Talebani əlavə etdi: “İraqdakı müxtəlif siyasi partiya və cinahlar İraqın inkişaf və quruculuğunda həmfikirdirlər və Amerika hərbçilərinin ölkədə qalmaqda davam etməsinin yekdilliklə əleyhinədirlər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /