Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika hərbçiləri Əfqanıstanda olduğu müddətdə ölkədə həqiqi asayiş və təhlükəsizlik bərqərar olunmayacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstan Respublikasının prezidenti cənab Hamid Kərzay və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, İran İslam Respublikası yadellilərin Əfqanıstandan çıxarılmasını, əfqan xalqının həqiqi hakimiyyət və istiqlalının bərqərar edilməsini arzulayır. O vurğuladı: “Qədim tarixi, mədəni və dini keçmişə, cihad təcrübəsinə malik olan əfqan xalqı öz müqəddəratını təyin etmək üçün kifayət qədər ləyaqətli və qüdrətlidir.  Yadellilərin qara kölgəsi Əfqanıstanın üzərindən nə qədər tez çəkilsə, bu, əfqanların, eləcə də region xalqlarının bir o qədər xeyrinə olar”.

Əfqan xalqının yadelli işğalçılara qarşı mübarizədə yüksək qəhrəmanlıq əhval-ruhiyyəsinə malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Əfqan xalqının o dövrün iki super-dövlətindən biri sayılan keçmiş Sovet İttifaqına qarşı nümayiş etdirdiyi müqavimət tarixdə misilsizdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Əfqan xalqı Amerika hərbçilərinin onun ölkəsində olmasından əziyyət çəkir. Çünki bu, əfqanlar, eləcə də bütün region üçün əzab və işgəncədir”.

Ali Məqamlı Rəhbər Amerikanın daxili vəziyyətinin və beynəlxalq mövqeyinin ötən illərlə müqayisədə son dərəcə fərqli olduğunu və zəiflədiyini qeyd edərək əlavə etdi: “Amerikalılar regionda və hətta dünyada əvvəlkinə nisbətən xeyli zəifləyiblər. Bu dövlətin başında duranlar regionda məruz qaldıqları zəifləməni kompensasiya etmək istəsələr də, heç bir nəticə əldə edə bilməyəcəklər”.

Cənab Hamid Kərzayın Birləşmiş Ştatlar prezidentinin öz hərbçilərini Əfqanıstandan çıxaracağı vədi ilə bağlı dediklərinə toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Amerika prezidentinin bu vədi daha çox daxili mənafe və məqsədlərə xidmət edir. Hətta bu sözlər belə, Amerikanın daxilində müxalifətlə üzləşib”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar Əfqanıstanda özlərinə daimi əsaslar qurmaq məqsədi güdürlər. Bu isə təhlükəli bir məsələdir, çünki Amerika hərbçiləri Əfqanıstanda olduğu müddətdə bu ölkədə həqiqi asayiş və təhlükəsizlik bərqərar olunmayacaq”.

İran İslam Respublikasının Əfqanıstanın struktur quruculuğu və inkişafı istiqamətində hər cür yardım və əməkdaşlığa hazır olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İstedadlı əfqan gəncləri öz ölkələrində quruculuq işləri aparmağa qadirdirlər və İran İslam Respublikası müxtəlif sferalardakı təcrübəsini və texnoloji biliklərini onlarla bölüşməyə hazırdır”.

Görüş əsnasında Əfqanıstan Respublikasının prezidenti cənab Hamid Kərzay əfqan xalqına etdiyi çoxsaylı yardımlara görə İran İslam Respublikasına qədirdanlığını ifadə edərək aşağıdakıları vurğuladı: “Ölkədə quruculuq işlərini həyata keçirmək, məhv olmuş infrastrukturları yenidən bərpa etmək üçün Əfqanıstan İran mütəxəssislərinin  yüksək bilik və peşəkarlığına ehtiyac duyur”.

Birləşmiş Ştatlar prezidentinin Amerika hərbçilərinin bir qismini Əfqanıstandan çıxaracağı barədə verdiyi son vədə toxunan cənab Kərzay dedi: “Ümidvarıq ki, yaxın 3 il ərzində başqa ölkələrin bütün hərbçiləri Əfqanıstandan çıxarılacaq, ölkədə bütün hakimiyyət və idarəetmə əfqan xalqına və gənclərinə həvalə olunacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /