Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərblilər Liviyada islamyönlü bir hökumətin təşkil olunmasından çox qorxurlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan qabaq Sudan Respublikasının prezidenti Ömər Əl-Bəşir və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Ali Məqamlı Rəhbər son dövrdə regionda baş qaldırmış xalq hərəkatlarının müsəlman ölkələrində və regionda əsaslı bir dəyişikliyin başlanğıcı olduğunu qeyd edərək bildirdi: “Ümidvaram ki, yaxın gələcəkdə Şimali Afrikada möhkəm bir müsəlman ittifaqının şahidi olacağıq”.

Misir, Tunis və Liviyadakı islami oyanışın onu sevindirdiyini bildirən Həzrət Ayətullah Xamenei son zamanlar regionda baş qaldırmış xalq hərəkatlarının Amerika, Qərb və sionistlərin istək və mənafeyinə uyğun olmadığını deyərək əlavə etdi: “Məhz buna görə də ayıq-sayıq olmaq lazımdır ki, Amerika və Qərb bu xalq hərəkatlarının öz təbii məcrası ilə davam etməsinə mane olmasın, onlardan öz xeyrinə istifadə etməsin”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, Amerika və Qərb bu qısa müddət ərzində heç bir iş görə bilməyəcək. Lakin, hər halda, regiondakı xalq hərəkatlarının istənilən formada yanlış bir istiqamətə yönəldilməsindən, yaxud yadellilərin bu hərəkatlardan sui-istifadə etməsindən ehtiyatlı olmaq lazımdır”.

Misir hadisələrini regiondakı dəyişikliklərə mühüm təsir etmiş bir amil kimi dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika və İsrailin Misirdəki möhkəm mövqeləri bu gün sarsılıb. Amerika və ondan asılı olan bəzi digər dövlətlər yaxın gələcəkdə olmasa belə, illər sonra Misiri başqa istiqamətə yönəltməyə çalışırlar”.

Tarix boyu şəxsiyyətlərin və inqilabi hərəkatların zaman keçdikcə tədricən dəyişikliklərə uğraması faktlarına rast gəlindiyini qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Regionumuzda gedən proseslərin belə bir halla nəticələnməsinə imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei Liviyada baş verən hadisələrlə bağlı aşağıdakıları dedi: “Liviyadakı vəziyyət bizi son dərəcə narahat edir. Çünki Liviyadakı xalq hərəkatı ciddi və real bir qiyamdır. Qərblilər isə bu gerçək xalq hərəkatının müsbət sonuclanmasına imkan verməməkdə qərarlıdırlar”.

“Qərbin Liviyaya hərbi müdaxiləsinin səbəbi də məhz budur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərblilər Liviyada – Qərbin bir addımlığında islamyönlü bir hökumətin təşkil olunmasından çox qorxurlar və buna mane olmaq istəyirlər”.

Söhbətinin digər hissəsində Sudanla bağlı məsələlərə, Qərbin bu ölkəyə etdiyi təzyiqlərə toxunan Həzrət Ayətullah Xamenei vurğuladı: “İran İslam Respublikası öz müstəqilliyini, islamçılığını və ərazi bütövlüyünü qoruyub saxlamaqda qərarlı olan Sudan dövlətini, xalqını və hakim islami rejimi dəstəkləyir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sudan dövlətinin və xalqının Amerika, İsrail və Qərbin məkrli planları, təzyiqləri qarşısındakı mübarizliyi, mətinliyi təqdirəlayiqdir”.

Ali Məqamlı Rəhbər həmçinin aşağıdakıları da vurğuladı: “Hazırkı şəraitdə Sudandakı bütün partiya və cinahlar ayıq-sayıq olmalı, bir yumruqda birləşməlidir”.

Ölkə prezidenti cənab Mahmud Əhmədinejadın da iştirak etdiyi görüşdə Sudan Respublikasının prezidenti cənab Ömər Əl-Bəşir Sudan-İran əlaqələrini möhkəm və müsbət əlaqələr kimi dəyərləndirdi. Ölkəsinə verdiyi dəstəyə görə İran İslam Respublikasına qədirdanlığını bildirən Sudan prezidenti dedi: “Qərbin təzyiqlərinə baxmayaraq, Sudan dövləti və xalqı bu təzyiqlərin qarşısında möhkəm durub, gələcəyə ümidlə baxırlar”.

Regionda gedən dəyişiklikləri müsbət dəyərləndirən və proseslərin İslam ölkələrinin xeyrinə olduğunu bildirən Sudan prezidenti dedi: “Regionun vəziyyəti xalq hərəkatlarından öncəki dövrə, qətiyyən, qayıtmayacaq. Regiondakı dəyişikliklərdən əsl ziyan çəkən Amerika və sionist rejimi olacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /