Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmperialistlər terrorizmdən qeyri-qanuni məqsədlərinə çatmaq üçün yararlanırlar!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Terrorizmlə Qlobal Mübarizə Konfransının işə başlaması ilə əlaqədar konfrans iştirakçılarına müraciət ünvanladı. Ali Məqamlı Rəhbərin müraciətində qeyd olunur ki, imperialist dövlətlər xeyli müddətdir terror əməlləri üçün şərait yaradır, terrorçu sionist rejimini dəstəkləyirlər. Onların mütəşəkkil terrorizmə göstərdiyi maliyyə və təbliğat dəstəyi isə artıq uzun bir siyahı əmələ gətirir. İmperialist dövlətlərin bütün bunlara baxmayaraq, terrorla mübarizə iddiasında olduqlarına toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Cari iclasın qarşısında duran əsas işlərdən biri də terrorizmə dəqiq və aydın tərif verməkdir. İran İslam Respublikası bu şeytani təzahürlə mübarizəni özü üçün danılmaz vəzifə hesab edir və bu böyük mübarizə yolunda səylərini var gücü ilə davam etdirəcək!”

Ali Məqamlı Rəhbərliyin Terrorizmlə Qlobal Mübarizə Konfransına ünvanladığı müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz qonaqlar, möhtərəm iştirakçılar! Bəşəriyyətin ən müsibətli təzahürlərindən birini, yəni terrorizmi araşdırmaq üçün toplaşdığınıza görə sizə təşəkkür edir və “Xoş gəlmisiniz!” deyirəm! Bu araşdırmalar, heç şübhəsiz, davam etdirilməli və dünya ictimaiyyətində şüurlu bir əzm, səmimi bir səylə sonuclanmalıdır. Cari konfransda əldə olunacaq nəticələr, inşallah, terrorizmin cilovlanması, bəşəriyyətin bu acınacaqlı bəladan nicat tapması yolunda başlıca addımlardan biri olacaq. Biz Allahın yardımına və hidayətinə inanaraq böyük ümidlərlə bu işin arxasınca gedirik və terrorizmə qarşı mübarizəyə səmimi-qəlbdən can yandıran, bu işdə məsuliyyət hiss edən hər kəsin həmkarlığı sayəsində bu yolda daha da irəliləyəcəyik.  

Terrorizm son dövrlərin məhsulu olan yeni bir təzahür deyil, lakin dəhşətli silahların meydana çıxması, kütləvi və faciəli qətllərin asanlaşması bu çirkin təzahürün yüz dəfələrlə daha qorxulu və təhlükəli xarakter almasına gətirib çıxarıb.

Daha bir mühüm və sarsıdıcı məqam dünyaya ağalıq etmək istəyən imperialist dövlətlərin şeytan xislətli planlarıdır.  Onlar öz qeyri-qanuni məqsədlərinə çatmaq üçün siyasi oyunlarında və proqramlarında terrordan bir vasitə kimi istifadə edirlər.              

Müstəmləkəçi dövlətlərin Fələstini işğal etmək, məzlum fələstinliləri yurd-yuvasından didərgin salmaq üçün Beynəlxalq Sionizm Agentliyini və onlarla digər silahlı terror qruplaşmasını necə təşkilatlandırdıqları, Deyr-Yasin faciəsini və buna bənzər faciələri necə törətdikləri regionumuzdakı xalqların tarixi yaddaşından heç vaxt silinməyəcək.  

İsrail rejimi yarandığı ilk gündən bu günə qədər Fələstinin daxilində və xaricində öz terrorist əməllərini aşkar surətdə davam etdirib və bu barədə həyasızcasına açıqlamalar da verib. Sionist rejiminin əvvəlki və hazırkı başçıları özlərinin terrorçu keçmişi, hətta bəzi hallarda terror əməliyyatlarında iştirakı ilə açıq-aşkar fəxr edirlər.

Daha bir nümunə son bir neçə onillik ərzində öz terrorist davranışları, region ölkələrində mütəşəkkil terrorizmə göstərdiyi maliyyə və silah dəstəyi ilə uzun bir siyahı əmələ gətirmiş ABŞ rejimidir. Pilotsuz təyyarələrin Əfqanıstan və Pakistanın yoxsul kənd və yaşayış məntəqələrində köməksiz ailələrə ölüm saçan hücumları, bununla da insanların toy mərasimlərinin dəfələrlə yasa çevrilməsi, “Black Water”in İraqda törətdiyi cinayətlər, İraq vətəndaşlarının və görkəmli şəxsiyyətlərinin qətlə yetirilməsi, İran, İraq və Pakistanda partlayışlar törədən qruplara edilən yardımlar, “Mosad”la  əməkdaşlıq sayəsində İranda nüvə alimlərinin terror edilməsi, İrana məxsus sərnişin təyyarəsinin Fars Körfəzində qəzaya uğradılması və nəticədə 300-ə yaxın qadın və uşağın qətli bu utancverici, yaddaşlardan silinməyəcək siyahının bir neçə sətridir.               

Amerika, İngiltərə və bəzi başqa Qərb ölkələrinin terror əməlləri ilə dolu, qara bir cinayətkar dosyesi var. Buna baxmayaraq, onlar cürbəcür hərzə-hədyan iddialarına terrorizmə qarşı mübarizə iddiasını da əlavə ediblər. 80-ci illərdə yüzlərlə adamı rəhmsizcəsinə qanına qəltan etmiş, törətdikləri faciəli bir hadisə ilə İranın 72 nəfər elm və siyasət xadimini, yüksək vəzifəli dövlət rəsmisini, başqa bir hadisədə isə ölkəmizin prezidentini və baş nazirini şəhid etmiş terroristlər bu gün Avropa dövlətlərinin və dövlət başçılarının himayəsi altında yaşayırlar.      

Belə əməllərin fonunda terrorla mübarizə iddiaları çox həyasızcasına görünür. Bununla belə, Amerika və onun yolu ilə gedən Avropa ölkələri vətəninin azadlığı uğrunda məzlumcasına mübarizə aparan Fələstin mücahid dəstələrini “terrorist” adlandırırlar. Terrorizmə belə azdırıcı tərif verilməsi müasir dünyada bu problemin əsasında duran başlıca məsələlərdən biridir.   

İmperializmin başında duranlar üçün onların qeyri-qanuni mənafeyini təhdid edən hər bir şey terrorizmdir. Onlar işğalçılara və müdaxiləçilərə qarşı mübarizədə öz qanuni hüquqlarından istifadə edən mübariz insanları terrorçu bilirlər, himayə etdikləri, günahsız insanların həyatı və təhlükəsizliyi üçün bəlaya çevrilmiş xəbis və muzdur terror özəklərini isə terrorçu hesab etmirlər.  

Cari iclasınızın qarşısında duran başlıca işlərdən biri də terrora dəqiq və aydın tərif verməkdir.

İnsanın ucalıq və ehtiramı İslam təlimlərinin əsas müddəalarındandır və bu təlimlərdə bir günahsız insanın qətlə yetirilməsi bütün bəşəriyyətin qətlinə bərabər hesab olunur. Biz İslam təlimlərini rəhbər tutan, həmçinin son 30 il ərzində amansız terrorizmin ağır zərbələri ilə üzləşmiş bir xalq kimi, bu şeytani təzahürlə mübarizəni özümüz üçün danılmaz vəzifə hesab edirik. Allahın yardımı və dəstəyi ilə, bu böyük mübarizə yolunda səylərimizi var gücümüzlə davam etdirəcəyik!

Sizə və bütün mömin bəndələrə Allahın salamı olsun!

Seyid Əli Xamenei
25 iyun, 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /