Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yaxın gələcəkdə ölkəmizdə poeziya sənəti zirvəyə ucalacaq!

Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) mübarək doğum günü ərəfəsində Ali Məqamlı Rəhbərin görüşünə gələn şer-sənət adamlarından bir qrupu əksəriyyət etibarilə din, əxlaq, habelə islami oyanış mövzularına həsr etdikləri əsərlərindən bəzilərini onun üçün oxudular.

Görüş əsnasında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şairlər arasında güclü və zəngin istedada malik olan sənətkarların varlığı poeziya sənətinin öz əvvəlki təntənəsini geri qaytaracağını, yenə də zirvələrə yüksələcəyini müjdə verir. O dedi: “İstedadlı gənclərin sənət potensialının daha da dərinləşməsi və püxtələşməsi ilə yaxın gələcəkdə ölkədə poeziya sənətinin zirvəyə ucaldığının şahidi olacağıq”.

Tanrı payı olan istedadı işlətmək üçün dini poeziya sahəsində geniş potensialın mövcud olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları əlavə etdi: “Şairlər bu ilahi nemətin şükrünü dərin məzmunlu, dəyərli, dini həqiqətlərin və ilahi bilgilərin bəyanı üçün, doğrudan da, gözəl bir xəzinə, qəlib rolunu oynaya biləcək poeziya nümunələri yaratmaqla yerinə yetirə bilərlər”.

Əhli-Beyti (ə) mədh edən sənətkarlara xalqın və gənclərin qarşısında əxlaq, ilahi mərifət və ürfan məzmunlu şerlər oxumağı tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Bu ali mövzular qəlbləri işıqlandırır və onlarda mənəvi bir inqilab yaradır. Sanballı və faydalı məzmunlu şerlər eyni zamanda auditoriyanın təfəkkürünü və sənət duyumunu da yüksəldir ki, Əhli-Beyti (ə) mədh edən şairlərin öhdəsinə düşən vəzifələrdən biri də elə budur”.

Minacat janrının dini mövzuda şerlər yaratmaq üçün daha bir münasib sfera olduğunu bildirən Həzrət Ayətullah Xamenei bu barədə daha ətraflı danışaraq dedi: “Minacatlar üçün ən gözəl mövzuları “Səhifeyi-Səccadiyyə” kimi dualardan əxz etmək olar. Ölkənin gənc və istedadlı şairləri bu dualarla ünsiyyətdə olsalar, su kimi saf bir poeziya üçün gözəl mövzular yaranar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Seyyidüş-şühəda Həzrət Hüseynin (ə)  “Ərəfə” və İmam Səccadın (ə) “Əbu-Həmzə” duaları minacat şerinin tematikası, “Camee-ye kəbirə” ziyarəti isə məsum imamların (ə) ali keyfiyyətlərinin tərifi üçün gözəl mənbələrdir. O dedi: “Dini poeziya auditoriyanın düşüncəsinə təsir etmək üçün geniş imkanlara malikdir. İstedadlı şair İslamın, tövhid əqidəsinin, Quran və “Nəhcül-Bəlağə”nin ehtiva etdiyi ali bilgilərdən istifadə edərək oxucusunun ruhunu büllur kimi saf ilahi mərifətlə sirab edə bilər”.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei dini mövzuda şerlər yazan şairlərə bir neçə tövsiyə də etdi. Həmin tövsiyələr sırasında həqiqətlərin ustalıqla çatdırılması üçün güclü tematikadan, yeni-yeni formalardan, söz və ifadələrdən istifadə, dil və ədəbiyyatın norma və prinsiplərinə riayət etmək, İslam İnqilabı ilə bağlı mövzuların, o cümlədən Müqəddəs Müdafiə savaşı və xalqın o illərdə həyata keçirdiyi böyük hərəkat mövzusunun işlənməsinə daha artıq təşəbbüs göstərmək də var idi.

Dini poeziya janrında yazan şairlərin aralarındakı əlaqələri möhkəmləndirməli olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sizlər – mömin, Əhli-Beyti (ə) sevən, Peyğəmbər ailəsinə mənən bağlı olan gənclər – qəlbinizdəki bu eşq və həvəsi qoruyub saxlamalı, daim özünüzə qarşı tələbkarlıqla yanaşaraq bu yolda sabitqədəm olmalısınız. Bunun yollarından biri isə Əhli-Beyti (ə) mədh edən şer-sənət adamlarının aralarındakı əlaqəni möhkəmləndirməsidir”.

“Müqəddəs Müdafiə məfkurəsini və bu tarixi qəhrəmanlıq salnaməsindən doğan saf ilahi stimulu davam etdirmək vacibdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şairlər də o ixlas və mənəviyyat əmanətini qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vəzifəsini çiyinlərində daşıyanların sırasına aiddirlər. Qeyd edim ki, o illərdə baş vermiş cürbəcür hadisələr, misal üçün, elə şəhidlərin fədakarlığının özü poeziya üçün ayrıca bir mövzudur”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, mərsiyə və emosional poeziya ilə yanaşı, əxlaqi-didaktik mövzulara da diqqət yetirmək dini mövzuda yazan şairlərin vəzifəsidir. O dedi: “Mərsiyələrdə Əhli-Beytin (ə) çəkdiyi müsibətləri bəyan edərkən hadisələri ustalıqla təsvir etməkdən əlavə, imamların şəxsiyyətini və əzəmətini də çox incə bir tərzdə tərənnüm etmək olar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /