Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zəngin mədəniyyəti olan bir xalq bəzi siyasi-iqtisadi problemlər yaşasa belə, qüdrətlidir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə bu gün günortadan sonra baş tutan görüşündə xalqın milli kimliyini, mənəvi portretini ifadə edən bir anlayış kimi mədəniyyətin olduqca yüksək rola malik olduğunu qeyd etdi. Mədəniyyətin geniş bir dairəni əhatə etdiyini, fərdi və sosial həyatın müxtəlif sferalarına dərindən təsir göstərdiyini vurğulayan Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının öhdəsinə böyük və önəmli vəzifə düşdüyünü bildirərək dedi: “İmperializm cəbhəsinin mədəniyyət sahəsində İslam dövləti əleyhinə geniş əhatəli və dolaşıq hücumlar həyata keçirdiyi bir şəraitdə aidiyyəti olan mərkəz və qurumlar, habelə icraçı sektorlar üçün strateji siyasətləri müəyyən etmək, onları istiqamətləndirmək vəzifəsi bu meydanda baş qərargah sayılan Mədəni İnqilab Ali Şurasının öhdəsinə düşür”.

Müsbət fəaliyyətinə, həyata keçirdiyi təqdirəlayiq tədbirlərə görə Mədəni İnqilab Ali Şurasına, şuranın baş katibliyinə və yardımçı şuralara təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər hər bir xalqın zahiri və mənəvi portretini ifadə edən bir anlayış kimi mədəniyyətin əhəmiyyətinə toxunaraq aşağıdakıları əlavə etdi: “Bir xalqın mədəni səviyyəsini, milli kimliyini, mənəvi tendensiyasını əqidə, əxlaq, etik normalar, fərdi və ictimai davranışlar, milli mentalitet kimi göstəricilər əsasında müəyyən etmək olar”.

Həzrət Ayətullah Xamenei dedi: “Zahirən inkişaf etmiş kimi görünən bir xalq daxilən – yəni mədəni cəhətdən lazımi səviyyədə deyilsə, yoxsul sayılır. Zəngin mədəniyyətə malik olan bir xalq isə bəzi siyasi-iqtisadi problemlər yaşasa belə, faktiki olaraq, qüdrətlidir”. 

“Xalqın milli-mənəvi kimliyinin qorunub saxlanması mədəniyyət sahəsindəki mümkün nöqsan və boşluqların aradan qaldırılmasından asılıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Başda hakim rejimlər və dövlət başçıları olmaqla ziyalılar, görkəmli şəxsiyyətlər, din alimləri və siyasi liderlər xalqların mədəniyyətinə təsir etməkdə nüfuza malik olan ən önəmli faktorlardır. Onlar həm xalqın mədəniyyətini gücləndirə, həm də bu baxımdan zəifləməsi və tənəzzülü üçün zəmin yarada bilərlər”.         

Bir neçə il öncə Mədəni İnqilab Ali Şurasını “ölkədə mədəniyyətin baş qərargahı” adlandırdığını xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mədəniyyət sferası ilə bağlı bir məsələdə hərbi termindən istifadə olunması o zaman bəzilərində sual doğurmuşdu. Halbuki müasir dünyada mədəniyyət baxımından mövcud olan vəziyyətə diqqət yetirsək, bu sahədə genişmiqyaslı və dolaşıq bir hücumun həyata keçirildiyinin şahidi olarıq”.

Həzrət Ayətullah Xamenei dedi: “İnformasiya və kommunikasiya sahəsində həyata keçirilmiş dəyişikliklər nəticəsində müasir dünyada mədəni müharibə müxtəlif müstəviləri əhatə edən, genişmiqyaslı və mürəkkəb bir sferaya çevrilib”.

“Mədəni müharibənin əsl lideri imperializm cəbhəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm cəbhəsinin mədəni hücumları bütün dünya ölkələrini əhatə edir. Lakin bu hücumların ən önəmli hədəfi İslam Respublikasıdır. Çünki İslam Respublikası imperializmə qarşı çıxaraq mübarizəsində sadiq olduğunu, imperialistlərlə üz-üzə durmağa, inkişaf edib irəliləməyə qadir olduğunu sübuta yetirib”.

İslam İnqilabının mədəni missiyası haqqında danışan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmperializm cəbhəsinin mədəni hücumlarına qarşı mübarizə aparmağın yolu İslam İnqilabının mədəni missiyasını əxlaq, fərdi və sosial davranışlar, dini ideologiya və siyasət sferasında geniş miqyasda və dərindən tətbiq etməkdir”.

İslam İnqilabının hazırkı gənc nəslinin mömin, inqilab əhval-ruhiyyəli və intellektual gənclərlə təmsil olunduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən bu gənc nəslə çox inanıram. Hazırkı gənc nəsil həm ideologiyası və dini etiqadı, həm də uzaqgörən siyasi fəallığı baxımından özünü dəfələrlə parlaq, dərin və dolğun şəkildə nümayiş etdirir. Lakin qəbul etməliyik ki, müsəlman toplumunun və gənclərimizin potensialı hazırkından dəfələrlə artıqdır”.

İslam əxlaqının cəmiyyətdə mükəmməl formada reallaşmalı olduğunu, xalqın ümumi mədəni tendensiyasının düzgün, dini istiqamətə yönəlməli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Bunun üçün dini əqidə və inancların xalqın, gənclərin canına-qanına işləməsinə nail olmaq, cəmiyyətdə günah üçün şərait yaradan amilləri aradan qaldırmaq lazımdır. Eyni zamanda təlim-tərbiyə, ailə münasibətləri, ictimai münasibətlər, kollektiv əmək, əmək vicdanı ilə bağlı mövcud olan bəzi nöqsan və çatışmazlıqlar da aradan qalxmalı, islah edilməlidir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /