Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin, heç şübhəsiz, İslamın ağuşuna qayıdacaq!

Bu gün – ümmətin İmam Xomeynidən (r.ə) ayrı düşdüyü günün 21-ci ildönümündə mömin və qədirbilən İran xalqı “Ruh-e xoda” (Allahın ruhu) adı verdiyi imamın müqəddəs hərəmini İran insanının İmam Xomeyni məktəbinə və kursuna dərin sədaqətinin təcəssüm etdiyi məkana çevirdi, ən coşqun emosiyalarını ifadə etməklə bir daha dahi Xomeyninin layiqli davamçısı Həzrət Ayətullah Xameneiyə ayıq-sayıq, gözüaçıq və mübariz olacağını söz verdi.  

Ölkənin müxtəlif təbəqələrinin təmsil olunduğu möhtəşəm və nurlu izdihamın qarşısında etdiyi çıxışda Ali Məqamlı Rəhbər region xalqları arasında müşahidə olunan islami oyanışı İmam Xomeyninin (r.ə) mübarək proqnozlarının gerçəkləşməsi kimi səciyyələndirdi. “Xalqın öz əzəmətli imamına dərin və təqdirəlayiq mənəvi bağlılığının gerçək mənası o dahi şəxsiyyətin kursunu və məktəbini hamılıqla qəbul etməsi, bu yola sadiq qalmasıdır” – deyən Həzrət Ayətullah Xamenei “mənəviyyat, rasionallıq və ədalət” prinsiplərini vahid xətli, lakin çoxcəhətli İmam Xomeyni məktəbinin başlıca aspektləri kimi şərh edərək aşağıdakıları vurğuladı: “İmam Xomeyninin (r.ə) bu dəyərli irsinə sədaqətin bərəkəti sayəsində, keçmişdə olduğu kimi, gələcəkdə də nüfuz, tərəqqi və yüksəliş İran xalqının nəsibi olacaq!”

14 xordad tarixinin İmam Xomeyni ilə bağlı şirin xatirələrin təzələnməsi üçün gözəl fürsət olduğunu deyən Ali Məqamlı Rəhbər bu il həmin günün ilahi nurla dolu rəcəb ayının başlanğıcına təsadüf etdiyinə toxunaraq dedi: “Bu il imamın vəfatının ildönümü region xalqlarının islami oyanışı kimi tarixi bir qəhrəmanlıqla da müşayiət olunur. O müqəddəs insanın proqnozlarının gerçək olduğu, Allahın fəziləti sayəsində, sübuta yetməkdədir”.

İmam Xomeyni məktəbinin İran xalqı üçün dəyərli bir potensial olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı bu əzəmətli potensiala arxalanaraq son 32 il ərzində üzləşdiyi çətinliklərə uğurla sinə gərə bilib və bu, gələcəkdə də belə olacaq!”

Xalqın qəlbində “Ruh-e xoda” İmam Xomeyniyə qarşı yeni-yeni duyğu və emosiya dalğalarının təlatümə gəldiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının İmam Xomeyniyə mənəvi bağlılığı təkcə bu gözəl duyğularla xülasələnmir. Bu taleyüklü bağlılığın gerçək mənası xalqın İmam Xomeyni məktəbini “ümummilli, işıqlı hərəkat kursu” olaraq qəbul etməsi və bu kursa sadiq qalmasıdır”.  

İmam Xomeyni məktəbinin İran xalqı, habelə dövlət rəsmiləri üçün nəzəri və əməli bələdçi olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “İmam Xomeyni məktəbi mükəmməl və çoxaspektli bir məcmudur. İmamın yolunu qət edərkən bu aspektləri birgə, paralel surətdə diqqətdə saxlamaq və onlara əməl etmək lazımdır ki, bu yoldan sapınmayasan, xətaya yol verməyəsən”.

Mənəviyyat, rasionallıq və ədalətin İmam Xomeyni məktəbinin başlıca aspektləri olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei imamın öz danışığında və davranışında bu aspektlərə paralel surətdə diqqət yetirdiyinə toxunaraq dedi: “İmam Yaradana doğru mənəvi yüksəliş, zikr, Allah qarşısında tam itaətkarlıq və sitayiş əhli idi. O, Allaha sonsuz ümid və təvəkkül etsə də, daim rasionallığa, ağıl və tədbir əsasında davranmağa, yüz ölçüb, bir biçməyə böyük önəm verirdi. Eynilə mənəviyyat və rasionallıq kimi, ədalətə də dində və Quranda buyurulan formada riayət edirdi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, imamın dini demokratiyanı ölkədə qurulan siyasi rejimin başlıca təməli olaraq seçməsi onun rasionallığına bariz nümunədir. O, əlavə etdi: “Xalqın rəyinə söykənmək, xalqın seçimini və iştirakını fundamentallaşdırmaq, özü də bunu əsrlər boyu istibdad və diktaturanın pəncəsində çapalamış bir ölkədə həyata keçirmək – bütün bunlar onu göstərir ki, ölkənin idarəçiliyində rasionallıq həyatverici və səadət bəxş edən İmam Xomeyni məktəbinin başlıca aspektlərindəndir”.

“Düşmənləri vaxtında tanıması, onlara qarşı tam sayıqlığı və mübarizliyi İmam Xomeyninin ağıl və müdrikliyinin daha bir təzahürüdür” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi situasiyalarda düşmənin qarşısında geri çəkilməyin ağlın tələbi olduğunu düşünənlərdən fərqli olaraq, öz mükəmməl düşüncəsinə və müdrikliyinə arxalanan İmam Xomeyni hesab edirdi ki, düşmən qarşısında geri çəkilmək, yumşaqlıq etmək irəli gəlmək üçün ona fürsət verməkdir. Məhz buna görə də İmam Xomeyni bərəkətli həyatı boyunca düşmənlərin qarşısında daim dağ kimi möhkəm durdu”.      

İmam Xomeyninin daim rasionallığa əsaslanmasının digər təzahürlərini sadalayan Ali Məqamlı Rəhbər imamın xalqa özünəinam əhval-ruhiyyəsinin aşılanması məsələsinə böyük önəm verdiyi haqda danışdı.

İmperialistlərin, habelə ölkə daxilində onlardan asılı olan Qacar və Pəhləvi kimi ünsürlərin durmadan xalqa həqarət, bacarıqsızlıq psixologiyası aşılamağa çalışdıqlarına toxunan Həzrət Ayətullah Xamenei dedi: “İmam Xomeyni belə bir xalqa özünəinam və özünəgüvənmə əhval-ruhiyyəsi aşıladı, “Biz bacarırıq!” şüarının onun canına-qanına işləməsinə nail oldu”.

Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin gənc alimlərinin müxtəlif elm, texnologiya və sənaye sferalarında əldə etdiyi diqqətəlayiq nailiyyətlər İmam Xomeyninin İran xalqında “güc və bacarıq” hisslərini dirçəltmək uğrunda göstərdiyi müdrik səylərin göz qabağında olan nəticəsidir.

“İran İslam Respublikası Konstitusiyasının tənzimlənmə prosesi bu dövlətin banisinin aydın düşüncəsinə, bariz rasionallığına daha bir nümunədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər şeyi dəqiqliklə nəzərə alan İmam Xomeyni həm konstitusiyanı tənzimləyəcək şəxslərin seçimini xalqın öhdəsinə buraxdı, həm də işlənib hazırlanmış konstitusiyanı ümumxalq referendumuna çıxardı”.

İmam Xomeyni məktəbində xalqın məmləkətin sahibi olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “İmam bağlı yolları açan müdrikliyinə və rasionallığına arxalanaraq xalqa başa saldı ki, ölkənin sahibi şah diktaturası dövründə özünü ölkənin yiyəsi hesab edən istibdadçılar yox, o özü – İran xalqıdır”.

Çıxışının bu qismini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları da əlavə etdi: “Dahi imamımız sadaladığım müdrik tədbirlərlə ölkənin hüquqi, ictimai və siyasi bazasını o qədər möhkəm qurub ki, bu güclü qayda və normalar üzərində möhtəşəm bir müsəlman sivilizasiyası ucaltmaq mümkündür”.

Mərhum İmam Xomeyninin (r.ə) Tanrı dərgahına yüksəlişinin ildönümündə böyük insan izdihamı qarşısında etdiyi çıxışın davamında Ali Məqamlı Rəhbər imamın məktəbinin başlıca aspektlərindən biri olan “mənəviyyat” haqqında danışdı.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İmam Xomeyninin ali mənəvi keyfiyyətlərinin ən parlaq təcəssümü onun ixlası idi. O bildirdi ki, mübarizəyə başladığı ilk gündən imamın motivi şəri vəzifəsinə əməl etmək hissi olmuş və o, vəzifəli şəxslərə də şəri vəzifələrini yerinə yetirməyi, Allah naminə işləməyi tövsiyə etmişdir.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İmam Xomeyni məktəbində əxlaqa riayət etmək mənəviyyatın parlaq göstəricilərindən biridir. O, əlavə etdi: “Günahdan, iftiradan, qeybətdən, bədgümanlıqdan, qəlbiqaralıqdan, təkəbbürdən və bu tip əməllərdən çəkinmək saf mənəviyyatın təcəssümüdür. İmam bu prinsipə sadiq idi, xalqı və vəzifəli şəxsləri də buna dəvət edirdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmam həmişə rəsmilərə xatırladırdı ki, özlərini camaatdan yuxarı tutmasınlar, nöqsan və tənqiddən uzaq hesab etməsinlər, tənqidləri dinləməyə, səhvlərini etiraf etməyə hazır olsunlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İmam Xomeyninin (r.ə) yol verdiyi bəzi səhvləri etiraf etməsi ərşin sevimlisi olan bu insanın ruhunun əzəmətindən irəli gəlir. O, əlavə etdi: “İmamın bütün rəsmilərə verdiyi böyük mənəviyyat dərsi budur ki, heç vaxt özlərini səhv və xətadan uzaq hesab etməsinlər”.

İmam Xomeyni məktəbinin daha bir aspekti kimi “ədalət” haqqında danışan Həzrət Ayətullah Xamenei imamın yoxsul təbəqəyə xüsusi qayğı və diqqətlə yanaşdığına toxunaraq dedi: “İmam yoxsul təbəqənin problemlərinin həlli məsələsini daim təkidlə vurğulayır, “yalın ayaqlılar”, “alaçıqda yaşayanlar” kimi ifadələri dönə-dönə təkrarlamaqla vəzifəli şəxsləri dəbdəbəli həyatdan çəkinməyə, kasıb təbəqəyə yardımçı olmağa çağırırdı. Bu böyük dərslər heç bir halda unudulmamalıdır!”

“Vəzifəli şəxslərin şəxsi rifaha can atması, mal-sərvət toplamağa çalışması çox böyük bir bəladır” – deyən Ali Məqamlı Rəhbər qeyd etdi ki, İmam Xomeyni bu bəladan tamamilə uzaq idi və rəsmilərin ölkənin dörd bir yanında yaşayan əhali ilə yaxından ünsiyyət qurmasını arzu edirdi.

İmamın vəzifəli şəxslərin xalqın içərisindən seçilməsinə daim təkid etdiyini deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İmam Xomeyni adlı-sanlı ailələr və şəxsiyyətlərlə qohumluğu vəzifə səlahiyyəti daşımaq üçün meyar hesab etmirdi. Qacar və Pəhləvi rejimləri dövründə 1000-ə yaxın ailənin hakimiyyəti əldə saxlaması faktına ürək ağrısı ilə yanaşan İmam Xomeyni vəzifə məsuliyyəti daşımaq üçün qüdrət və sərvətə arxalanmağı böyük bir təhlükə hesab edirdi”.

İmam Xomeyni məktəbinə sadiqliyin İran xalqına milli qürur və beynəlxalq arenada nüfuz qazandıracağını deyən Həzrət Ayətullah Xamenei bu məktəbin müxtəlif aspektlərinə kompleks və paralel yanaşmağın vacibliyini bir daha vurğulayaraq əlavə etdi: “Hansısa şəxs, yaxud cərəyan “rasionallıq” adı ilə dəyərlərdən üz çevirmək fikrinə düşsə, düşmənin məkrindən və dolaşıq planlarından bixəbər halda onun qarşısında geri çəkilsə, bu, doğru yoldan sapınma və xəyanətdir”.

“Ədalətpərvərlik” və “inqilabçılıq” bəhanəsi ilə İmam Xomeyni şəxsiyyətinin mənəvi-əxlaqi aspektlərinə etinasız yanaşmağın da imamın məktəbindən bir başqa formada yayınmaq olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Mömin qardaşlarımızı, İslam dövlətini qəbul edən, İslam dininə etiqad bəsləyən, lakin ideoloji cəhətdən bizə müxalif olan şəxsləri təhqir edib incitsək, imamın kursundan kənara çıxmış olarıq”.

Cəmiyyətdə müxtəlif rəy və ideologiyaların mövcud olduğuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Kiminsə əməlində cinayət məzmunu olarsa, rəsmi orqanlar bununla məşğul olmalıdırlar. Lakin bizim siyasi tendensiya və düşüncəmizə müxalif olan biri düşmənin tapşırıqlarını yerinə yetirmək fikrində deyilsə, ona qarşı ədalətsiz davranmamalı, təhlükəsizliyini pozmamalı, nüfuzdan salmamalıyıq. Çünki Qurani-Kərimdə buyurulduğuna görə, kiməsə müxalif çıxmağımız ədalətsizliyə, təqvadan uzaqlaşmağımıza səbəb olmamalıdır. Bu məsələlərdə hər kəs diqqətli olmalı, ehtiyatla davranmalıdır”.

İran xalqının mənəvi yüksəlişə, təvəssülə və Allahla rabitəyə can atan bir xalq olduğunu deyən Həzrət Ayətullah Xamenei eyni zamanda aşağıdakıları da qeyd etdi: “Bu mənəviyyat daim inqilabi və ictimai məsuliyyətini hiss etməklə paralel olub. Din, mənəviyyat adı altında xalqın və gənclərin siyasi fəallığını zəiflətmək istəyənlərsə yanlış addım atırlar”.

Dəyərli İran xalqının İmam Xomeyni kursuna yüksək sədaqətini, dini, inqilabi dəyərlərin qorunmasında və daha da gücləndirilməsində mübarizlik nümayiş etdirərək öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirdiyini vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən elə bilirdi ki, İmam Xomeyninin dünyadan getməsi ilə İslam dövləti dağılmağa başlayacaq. Lakin xalqın imamın dəfn mərasimində hamılıqla iştirakı və Xubriqan Məclisinin qərarını dəstəkləmək üçün nümayiş etdirdiyi möhtəşəm emosionallıq onları məyus edərək İran əleyhinə onillik proqramlar hazırlamaq fikrinə sövq etdi”.

1378-ci (1999) ildə – imamın vəfatından 10 il sonra baş vermiş hadisələrə toxunan Ali Məqamlı Rəhbər dedi: “1378-ci il tir ayının 23-də xalqımız düşmənin 10 ərzində hazırladığı məkrli planı puça çıxardı”.

Düşmənin ikinci onillik planı haqqında danışan Həzrət Ayətullah Xamenei aşağıdakıları qeyd etdi: “1388-ci ildə (2009) onlar elə güman etmişdilər ki, müəyyən zəmin hazırlamaqla, habelə İslam dövlətinə sadiq olan İran xalqında irad doğuran bəzi məqamları şişirtməklə planlarını həyata keçirə biləcəklər. Lakin Tehranda 2-3 ay davam etmiş təlatümdən sonra Qüds və Aşura günlərində xalq onların əsl niyyətini anladı, 9 dey günü imza atdığı tarixi qəhrəmanlıqla bu qarışıqlığa son qoydu. Allahın mənəvi dəstəyi sayəsində, xalqımız gələcəkdə də öz nurlu yoluna bu sayıqlıq, əzm, iman və iradə ilə davam edəcək”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın ictimai-siyasi meydanlarda iştirakı ölkənin təhlükəsizliyini, düşmənin məkrli planlarının nəticəsiz qalmasını təmin edir. Respublikada çoxlu sayda infrastruktur layihələrin həyata keçirildiyinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “İnşallah, xalqımız görülən işlərin nəticəsini həm yaxın müddətdə, həm də illər sonra müşahidə edəcək”.

“Gənc iranlı alimlərin dünya elminin inkişaf etmiş sahələrində ön sıralarda durması xalqla rəsmilər arasındakı həmrəylik və qarşılıqlı etimadın səmərəli nəticələrindən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın ictimai-siyasi meydanlarda həlledici iştirakı, rəsmilərlə xalqın qarşılıqlı etimadı nə qədər çox davam etsə, İmam Xomeyni amallarının gerçəkləşməsi və ölkənin tərəqqisi bir o qədər sürətlənəcək”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 22-ci ildönümündə sədaqətli İran xalqı qarşısında etdiyi çıxışın ikinci hissəsini regionda gedən proseslərin analizinə həsr etdi.

Şimali Afrika və Orta Şərq regionunda müşahidə olunan islami oyanışı “son dərəcə mühüm və tarixi əhəmiyyətli bir hadisə” adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Misir, Tunis, Liviya, Yəmən və Bəhreyndə baş verən hadisələrdən hər birini özünəməxsus şəkildə dəyərləndirmək, analiz etmək olar. Lakin xalq oyanmış, özündə güc və bacarıq hiss etmişdirsə, onun qələbəsinə heç nə mane ola bilməz”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm sistemi, böyük şeytan olan Amerika və qaniçən sionistlər çalışırlar ki, xalqların qəti qələbəsi gerçəkləşməsin. Buna baxmayaraq, oyanmış xalqlar Quranın səbir və dözüm çağırışına sadiq qalsalar, ilahi vədlərin doğruluğuna əmin olsalar, şübhəsiz ki, qələbə çalacaqlar”.

Qərbin Liviyada zəif və gücsüz bir dövlət qurmaq siyasəti apardığına toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Liviya zəngin neft resurslarına malik olan əhəmiyyətli bir ölkədir və Avropanın bir addımlığında yerləşir. Qərb vətəndaş müharibəsini alovlandırmaqla bu ölkəni zəiflətmək istəyir ki, daha sonra birbaşa, yaxud dolayısı ilə ona nəzarəti ələ alsın”.

Yəməndə də Liviyaya oxşar proseslərin getdiyini deyən Həzrət Ayətullah Xamenei Bəhreynlə bağlı aşağıdakıları qeyd etdi: “Bəhreyn xalqı tam məzlumiyyət içərisində yaşayır. Qərb və onun havadarları “şiə hərəkatı” adı qoymaqla Bəhreyn xalqının hərəkatını tayfa qiyamı kimi qələmə vermək istəyirlər. Doğrudur, tarix boyu Bəhreyn camaatının əksəriyyəti şiə olub, lakin Bəhreynin problemi şiə-sünni problemi deyil. Bu məzlum xalq özünün təməl hüququnu – hökumət və dövlətin formalaşmasında seçimini etmək, həlledici rol oynamaq hüququnu təmin etmək istəyir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnsan haqları və demokratiyanı dəstəklədikləri barədə bütün iddialarına baxmayaraq, yalançı və hiyləgər amerikalılar Bəhreyn xalqının hərəkatını boğmaqda fəallıq nümayiş edirlər. Əlbəttə, onlar Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərdiyini deyirlər. Lakin hər kəs bilir ki, Amerikanın razılığı olmadan Səudiyyə Ərəbistanı bunu heç vaxt edə bilməzdi. Odur ki Bəhreyn olaylarına görə amerikalılar da məsuliyyət daşıyırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, regionda gedən xalq hərəkatlarının üç əsas aspekti onların islami mahiyyət daşıması, Amerika və sionizm əleyhinə çevrilməsi və xalqın içərisindən baş qaldırmasıdır. O, əlavə etdi: “Bu xüsusiyyətlər özəlliklə Misir xalqının parlaq inqilabında mükəmməl formada təzahür etdi”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İran İslam Respublikası sadaladığım xüsusiyyətlərə malik hərəkata harada rast gəlsə, onu dəstəkləyəcək. Lakin işin içində Amerika və sionizmin əli olduğunu görsək, həmin hərəkatı heç vaxt dəstəkləmərik! Çünki “böyük şeytan” və onun havadarlarının xalqların mənafeyinə uyğun heç bir iş görməyəcəyinə əminik”.

Region və Şimali Afrika xalqlarını Qərbin provokasiyalarına qarşı ayıq-sayıq olmağa çağıran Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Amerikanın zahirən dostcasına görünən dəstəyi xalqların üzərində ağalığı ələ keçirməyin yollarından biridir. Region xalqları, xüsusilə də zəngin mədəni-islami irsə malik olan Misir xalqı diqqətli olmalıdır ki, yağışdan çıxıb, yağmura düşməsin, qapıdan qovduğu düşmən pəncərədən geri qayıtmasın”.

“Misir camaatının Fələstin və Qəzza məsələləri, Rəfəh sərhəd-keçid məntəqəsi ilə bağlı möhtəşəm davranışları olduqca yüksək dəyərə malikdir” –deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “Bu tip hərəkatlar davam etdirilməlidir ki, Allahın fəziləti sayəsində, Misir inqilabının hədəfləri tam olaraq gerçəkləşsin”.

İmperializmin region xalqlarını İran xalqından uzaqlaşdırmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bəzi ölkələrdə, o cümlədən Misirdə təkfirilər və vəhhabilər camaat arasına da ixtilaf salmağa çalışırlar. Bütün bunlara qarşı ehtiyatlı olmaq lazımdır!”

Çıxışı əsnasında Fələstin probleminə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Fələstin bölünə bilməz, bütövlüklə müsəlmanlara məxsusdur və heç şübhəsiz, İslamın ağuşuna qayıdacaq!”

Həzrət Ayətullah Xamenei dedi: “Amerikanın Fələstin probleminin həlli üçün ortaya qoyduğu çıxış yolları heç bir nəticə verməyəcək. Problemin həlli yolu İran İslam Respublikasının bir neçə il öncə verdiyi təklifdir. İİR-in təklif etdiyi variantda bütün Fələstini idarə edəcək rejim ümumxalq referendumuna əsasən müəyyən olunmalıdır”.

Ali Məqamlı Rəhbər sözünə belə bir əlavə də etdi: “Fələstinin dörd bir yanında xalqın bəyənib seçdiyi hökumət bərqərar edildikdən sonra fələstinlilər bu ölkəyə xaricdən gəlmiş sionistlərin sonrakı taleyi haqqında qərar qəbul etməlidirlər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /