Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının amallarını unudanlar bağışlanmaz günaha yol veriblər!

Bu gün səhər İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının məzunlarının birgə buraxılış mərasimində iştirak edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin mömin, cihad əhval-ruhiyyəli, novator, enerji dolu və uzaqgörən hərbçilərə günü-gündən daha artıq ehtiyac duyduğunu bildirərək dedi: “Amerika” adlı böyük şeytanın siyasətlərinin son dərəcə həssas Orta Şərq regionunda məğlubiyyətə uğraması, təlatümə gəlmiş region xalqları arasında İslam şüarlarının ümidverici dirçəlişi İran xalqına verilmiş ilahi vədlərdən bir hissəsinin həyata keçməsi deməkdir. Bu yolda dözümlülük və sabitqədəmlik ilahi zəfərin tam olaraq gerçəkləşməsi ilə sonuclanacaq”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İslam İnqilabı Keşikçiləri Korpusunun son 32 il ərzində müxtəlif meydanlarda parladığına toxunaraq qeyd etdi ki, bu qurumun inqilabın və İslam rejiminin ümumi hərəkatında fəal, uğurlu və effektiv iştirak nümayiş etdirməsi onun möhkəm bazaya, güclü bünövrəyə malik olmasından irəli gəlir. O dedi: “Bu möhkəm bünövrə inqilabın ilk illərinə aid ağır olaylarda iştirak etmiş mömin, mücahid, inqilab əhval-ruhiyyəsi ilə dolub-daşan insanlar tərəfindən qoyulub”.

“Korpusun formalaşmasında iştirak etmiş insanların imanı və yüksək inqilabi ruhu hərbi qüvvələrin bu qolunda novatorluq və intellekt əhval-ruhiyyəsinin günü-gündən daha da coşmasına səbəb olub” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın içərisindən formalaşmış bu qurum mərhum İmam Xomeyninin (r.ə) göstərdiyi yol ilə gedərək həm Müqəddəs Müdafiədə – təcavüzkar düşmənə qarşı döyüş meydanında yüksək səviyyədə parladı, həm də İslam İnqilabının amalları uğrunda cihadda – ölkə daxilində baş verən son dərəcə anlaşılmaz və dolaşıq olaylar meydanında imtahandan yaxşı çıxdı”.

“Bu gün Keşikçi Korpusda xidmət edən gənc kadrlar gələcək illərdə və onilliklərdə qurumun möhkəm bünövrəsi, bazası olacaqlar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “30 il əvvəlki ilə müqayisədə bu gün İslam İnqilabı daha yüksək statusa malikdir. Bu statusa uyğun olaraq, hazırda Keşikçi Korpusda xidmət edən gənclər də korpusun birinci nəslindən daha qabaqcıl, daha mücahid, daha uzaqgörən, daha savadlı və daha dindar olmalı, təmsil etdikləri qurumun möhtəşəm missiyasını davam etdirməyə hazırlaşmalıdırlar”.

“Ölkədə və regionda mövcud olan hazırkı şərait bəzi ilahi vədlərin İran xalqının timsalında gerçəkləşdiyini göstərir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika” adlı böyük şeytan İslam İnqilabını və İran xalqını məğlub etmək üçün inqilabın ilk illərindən etibarən var gücünü səfərbər edərək bütöv bir hərbi, maliyyə, təbliğat və siyasət imperatorluğunu meydana çıxardı. Lakin İranın və regionun siyasi müstəvidəki reallıqları göstərir ki, bu gün Amerikanın özü İslam İnqilabı qarşısında diz çöküb”.

“Siyasi analitiklər Amerikanın son dərəcə strateji və həlledici siyasətlərinin Orta Şərqdə məğlubiyyətə düçar olduğunu etiraf edirlər” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da əlavə etdi: “30 il əvvəl “böyük şeytan” ondan asılı olan korrupsiyaçı hakimlərdən yalnız birini – Pəhləvi rejimini əldən vermişdi. Bu gün isə onun sözü ilə oturub-duran genişmiqyaslı rejimləri itirdiyinin şahidi olur”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerikanın regionda təklənməsi, region xalqları arasında İslam dininin ümidverici dirçəlişi ilahi vədlərin gerçəkləşməsinin digər nişanələrindəndir. O, əlavə etdi: “İmperializm sisteminin aramsız səyləri heç bir nəticə vermədiyi üçün bu gün İslam dini və Quran region xalqları, bu xalqların gəncləri arasında aktual bir mövzuya çevrilib. Bu isə o deməkdir ki, İran xalqının 1357-ci ildə doğma diyarımızda göylərə ucaltdığı din bayrağı parlaq bir şəkildə ehtizaza gəlib”.

Amerikanın Fələstin məsələsində üzləşdiyi məğlubiyyəti “böyük şeytanın uğursuzluğunun daha bir nişanəsi” adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Elə bu son həftələrdə regionun müxtəlif ölkələrindəki fələstinli gənclər aradan 60 il keçdikdən sonra qondarma İsrail dövlətinin yaradılmasının ildönümündə misilsiz bir addım ataraq sionist rejiminin sərhədlərini pozdular. Bu sevindirici fakt İslamın və müsəlmanların qəti qələbəsini müjdə verən ilahi vədin gerçəkləşməsinin bir işartısıdır”.

“İlahi vədlərin tam olaraq gerçəkləşməsi üçün İran xalqı və rəsmiləri ayıq-sayıq, sabitqədəm olmalıdırlar” – deyən Ali Baş Komandan aşağıdakıları da vurğuladı: “Hamımız diqqətli olmalıyıq ki, bu əzəmətli və yüksək sürət tempinə malik hərəkatda ayağımız titrəməsin, əsas hədəfləri yaddan çıxarmayaq, fikrimiz başqa problemlərə qarışmasın”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının ümummilli hərəkatı prosesində xalqın inqilabi amallarını yaddan çıxaranların, başı şəxsi məsələlərə, hakimiyyətpərəstliyə qarışanların günahı böyük və bağışlanmazdır. Əlbəttə ki, Allahın fəziləti sayəsində, xalq belə şəxslərdən nümunə götürmür və onlara etinasız yanaşır”.

Çıxışının sonunda Ali Baş Komandan İnqilab Keşikçiləri Korpusunda xidmət edən gənc zabitləri nəfslərini saflaşdırmağa, hazırlıq səviyyələrini günü-gündən artırmağa, mənəvi stimullardan doğan nizam-intizama çağıraraq qeyd etdi ki, İran Ordusunda, İnqilab Keşikçiləri Korpusunda, Polis və Bəsic Qüvvələri sıralarında mömin gənclərin təmsil olunması İran xalqına işıqlı gələcəyi müjdə verir.

Mərasimin başlanğıcında İran İslam Respublikasının himni səsləndi. Daha sonra Ali Baş Komandan şəhidlərin məqbərəsini ziyarət edərək Uca Tanrıdan İslam dini və İslam İnqilabı uğrunda canından keçmiş vüqarlı şəhidlərə dərgahında ali dərəcələr nəsib etməsini dilədi. Ardınca Həzrət Ayətullah Xamenei meydandakı hərbi birləşmələrin sıra düzülüşü paradını qəbul etdi.

Mərasim əsnasında çıxış edən İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Cəfəri korpusun İslam İnqilabının, İmam Xomeyninin və dini hökumətin məqsədlərini həyata keçirmək üçün kifayət qədər güc və bacarığa malik olduğunu qeyd edərək bildirdi ki, mənəvi-əxlaqi saflaşma və islami tərbiyə, gənc və enerjili ordu təlimçilərindən bəhrələnmək, ixtisaslaşmış təlimlərin sayının artırılması İnqilab Keşikçiləri Korpusunun prioritetləri sırasındadır.

İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının Komandanı keşikçi admiral Mürtəza Səffari də çıxış edərək məlumat verdi ki, mövcud modellərin yenidən işlənməsi, zəngin Müqəddəs Müdafiə mədəniyyətinin gənclərə ötürülməsi, döyüş və taktiki biliklərin genişləndirilməsi, mənəvi-əxlaqi intizama xüsusi diqqət yetirilməsi universitetin nəzərdə tutduğu fəaliyyət proqramlarındandır.

Tədbirin davamında andiçmə mərasimi keçirildi və müdavimlər xorla tələbə andı oxudular. Daha sonra müharibə veteranlarından, hərbi akademiyada dərs deyən nümunəvi  müəllimlərdən, rəhbər kadrlardan, hərbi təlimçilərdən və tələbələrdən bir qismi şəxsən Ali Baş Komandan tərəfindən mükafat, hərbi rütbə və poqonlarla təltif olundular.

Sonda müdavimlərin döyüş qabiliyyəti və özünəinam əməliyyatı nümayiş olundu və Ali Baş Komandan meydandakı hərbi birləşmələrin təntənəli paradını izlədi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /