Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən İran iqtisadiyyatının əsaslarını iflic vəziyyətə salmağa çalışır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin Sədri və deputatlarla bu gün səhər baş tutan görüşündə imperialistlərin İran iqtisadiyyatını zəiflətmək, rəsmilər arasında ixtilaf yaratmaq, dini əqidə və emosiyaları donuqlaşdırmaq üçün hazırladıqları ssenari haqda ətraflı danışaraq parlament və hökumət arasında qarşılıqlı koordinasiyanın vacibliyini, son sözün qanuna aid olduğunu vurğuladı.

Ali Məqamlı Rəhbər Amerika və imperialistlərin yersiz tələbləri qarşısında nümayiş etdirdiyi açıq-aşkar, qətiyyətli və qürurverici mövqeyə görə parlamentə  səmimi təşəkkürünü bildirərək qeyd etdi ki, böyük İran xalqının qlobal bloklaşmanın mahiyyətini, imperializm maşınının məqsədlərini dəqiqliklə və aydın dərk etməsi Allahın fəzilətlərindəndir. O dedi: “Beynəlxalq istibdadın apardığı hərtərəfli təbliğatın başlıca məqsədi anlaşılmaz bir atmosfer yaratmaq, xalqların dərkinə və gözüaçıqlığına mane olmaqdır. Lakin İran xalqı müdrikliyini və uzaqgörənliyini günü-gündən daha da artırıb”.

“Parlament və hökumət İslamın, İranın düşmənləri qarşısında qətiyyətli mövqe nümayiş etdirməkdə davam etməlidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabı ilə imperializm arasındakı qarşıdurma o vaxta qədər davam edəcək ki, imperialistlər bu inqilaba zərbə vurmaqdan ümidlərini üzsünlər. Əlbəttə ki, Allahın yardımı və dəstəyi, xalqın və hökumətin mübarizliyi sayəsində, vaxt keçdikcə bu qarşıdurmada İslam Respublikasının mövqeyi güclənib, düşmən isə zəifləyib”.

“İmperialistlərin ssenarilərini öncədən duyub dərk etmək, buna qarşı düzgün fəaliyyət proqramları hazırlamaq və tədbirlər görmək düşmənin mütləq məğlubiyyətinə səbəb olacaq” – deyə vurğulayan Ali Məqamlı Rəhbər imperializmin hazırda həyata keçirməyə çalışdığı ssenarinin hədəflərini şərh edərək dedi: “Düşmən açıq-aşkar diqqətini iqtisadi problemlərə yönəldib ki, İran iqtisadiyyatının əsaslarını iflic vəziyyətə salsın və xalqı ümidsizliyə düçar etsin. Düşmənin bu açıq-aşkar oriyentasiyası parlamentə, hökumətə və müxtəlif sferalara rəhbərlik edən bütün vəzifəli şəxslərə bir növ xəbərdarlıqdır. Belə ki onlar məhz bu səbəbdən “iqtisadi cihad” ili adlandırılmış cari ildə diqqəti hansı sferaya yönəltmək, hansı sahədə daha çox səy göstərmək lazım olduğu haqda dərindən düşünməlidirlər”.

İmperializmin ikinci aşkar hədəfinin ölkənin administrasiya orqanları arasında ikitirəlik yaratmaq olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Rəsmilər ayıq olmalı, aralarındakı fikir ayrılığının, siyasi baxışlarındakı fərqliliyin qarşıdurmaya çevrilməsinə imkan verməməlidirlər”.

Bu mövzuda söhbətini davam etdirən Ali Məqamlı Rəhbər 2009-cu ildə  törədilmiş fitnə və iğtişaşlara toxunaraq dedi: “Hətta həmin olaylara optimist yanaşsaq belə, iğtişaşçıların böyük və bağışlanmaz günahı bundan ibarətdir ki, onlar beyinlərindəki şübhələri hökumətlə qarşıdurmaya çevirdilər, ölkəyə və dövlətə zərbə vurdular”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ixtilafdan çəkinmək dinin, İslam İnqilabının və İranın müdafiəsində hər bir iranlının milli borcudur. O dedi: “Parlamentdəki müxtəlif fraksiyalar öhdələrinə düşən və siyasi tendensiyadan daha yüksəkdə duran vəzifəyə əməl etməli, düşmənin olduqca çirkin hədəfinə – ölkədə ixtilaf yaratmaq səylərinə qarşı mübarizə aparmalıdırlar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, hazırkı şəraitdə İslam düşmənlərinin planlarının üçüncü məqsədi islami ideya və emosiyaları donuqlaşdırmaq, İran xalqı və müsəlman xalqları arasında ateizmi və buna bənzər təfəkkür tərzlərini yaymaqdır.

Bu mövzuda söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei Qərb təbliğat maşınının Misir və Tunisdəki, habelə regionun digər ölkələrindəki gənclərin təfəkkürünə təsir etmək üçün apardığı genişmiqyaslı təbliğata toxunaraq dedi: “Fəsad və əxlaqsızlığın cürbəcür növlərini yaymaq, dini əqidəni sarsıtmaq imperializmin İrana və regiondakı islami oyanışa qarşı hazırladığı kompleks ssenarinin konkret hədəfidir”.

Bu ssenari ilə necə mübarizə aparmaq lazım olduğunu açıqlayan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Şübhəsiz, güclü fəlsəfi-ideoloji bazaya, işini sevən, professional insan potensialına malik olan İslam dövləti düşmənin bu çoxcəhətli ssenarisinə qarşı mübarizə aparmağa kifayət qədər qadirdir. Bir şərtlə ki, iki məqamı nəzərdən qaçırmayaq”.

Həzrət Ayətullah Xamenei düşmənin planlı hücumlarına qarşı mübarizədə iki vacib məqamın qəflət və təkəbbürdən çəkinmək olduğunu deyərək əlavə etdi: “Əsas işləri diqqətdən qaçırıb başımızı ikinci dərəcəli işlərlə qatsaq, yaxud müştəbehlik edib düşməni cılız, çarəsiz təsəvvür etsək, məğlubiyyət bizim üçün real bir təhlükəyə çevrilər”.

Parlamentdə təmsil olunan 290 millət vəkilini, hökumət nümayəndələrini və ədliyyə sistemində çalışan rəsmiləri, habelə bütün xalqı bu məsələdə tam diqqətli və ayıq-sayıq olmağa çağıran  Həzrət Ayətullah Xamenei dedi: “İstənilən sahədə səlahiyyətə malik olan hər kəs özünü İran xalqı ilə dinin, İslam İnqilabının düşmənləri arasındakı böyük qarşıdurma meydanında hiss etməli, öhdəsinə düşən vəzifələri məhz belə bir yanaşma əsasında yerinə yetirməlidir”.

İmperializm sisteminin gizli və aşkar planları qarşısında sayıq olmağın əhəmiyyətini açıqlayan Həzrət Ayətullah Xamenei aşağıdakıları əlavə etdi: “Dahi İmam Xomeyninin (r.ə) təbiri ilə desək, hökumət və xalqın düşmənin arzuladığı kurs üzrə hərəkət etməsinə səbəb olacaq, ölkəyə və xalqa zərbə vuracaq hər bir iş Allahın heç kəs üçün keçməyəcəyi böyük günahlar sırasındadır. Çünki belə işlərdən tövbə etmək, uzaqgörən olmayan bu tip addımların xalqa vurduğu zərbələri kompensasiya etmək, faktiki olaraq, mümkün deyil”.

Həzrət Ayətullah Xamenei aşağıdakı məqamı da rəsmilərin diqqətinə çatdırdı: “Yaradan bizim çiyinlərimizə ağır bir əmanətin yükünü qoyub. Biz onu bacarıqla, yüksək əmanətdarlıq hissi ilə məqsədə çatdırmalıyıq”.

Düşmənin İran xalqına zərbə endirmək üçün pusquda durmasını “təbii bir reallıq” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Döyüş meydanında hər kəs rəqibinə zərbə endirmək fikrində olur. Hətta yumşaq sözlərinin arxasında belə, sıyrılmış xəncər gizlədən imperialistlər İran xalqının və rəsmilərinin qəflətdə olacağı münasib fürsəti gözləyirlər ki, bu xəncəri xalqın ciyərinə vursunlar. Buna görə də hazırkı ayıq-sayıqlığımızı qoruyub saxlamalı və gücləndirməliyik”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, fərdlərlə yanaşı, kollektivlərin də təqvalı olması çox vacibdir. O dedi: “Qruplar, kollektivlər və müxtəlif siyasi cərəyanlar üzvlərinin fərdi təqvası ilə yanaşı, ümumilikdə kollektivin təqvalı olmasına da əhəmiyyət verməlidirlər. Əks təqdirdə həmin cərəyanlarda təmsil olunan təqvalı insanlar kollektivin ümumi xətası ucbatından səhvə düçar ola, düz yoldan sapına bilərlər”.

Bu barədə misal çəkən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabın əvvəllərində “solçular” adı ilə tanınan, çox yaxşı şüarlar irəli sürən cərəyanın sıralarında təqvalı insanlar olduğuna baxmayaraq, bu kollektivdə ümumi təqva, Allahın bəyənmədiyi əməllərdən çəkinmək ruhu yox idi. Sonda isə iş o yerə çatdı ki, İmam Hüseynə (ə), İslam dininə və İmam Xomeyniyə (r.ə) qarşı çıxan fitnəkarlar onlardan dəstək aldılar. Bu fakt göstərir ki, kollektivdə təqva ruhunun olmaması böyük təhlükə kəsb edir”.

Parlamentin irəli sürdüyü “Özünənəzarət layihəsi”nin kollektiv təqvanın göstəricilərindən biri olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, qıraq-bucaqda bəziləri bu layihənin deputatların müstəqilliyinə zidd olduğunu dedilər. Əslində isə bu, belə deyil. Sözügedən layihənin məqsədi bəzi deputatların ehtimal olunan yanlış davranışlarına nəzarəti həyata keçirmək, yüksək mövqeyə malik olduğu İmam Xomeyni (r.ə) tərəfindən dönə-dönə vurğulanmış bu əsas, qanunverici orqanın bəzi millət vəkillərinin davranışları ucbatından bədnam olmasına yol verməməkdir”.

Ali Məqamlı Rəhbər parlament nümayəndələrinə belə bir tövsiyə etdi: “Özünənəzarət” layihəsini elə formada tənzimləyin ki, kimlərinsə biri-birinə üzgördülük etməsi, öz aralarında razılaşması layihənin effektivliyinin azalmasına səbəb olmasın”.

Parlamentdə müxtəlif siyasi cərəyanların təmsil olunmasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Heç kəs parlamentdə yalnız bir siyasi tendensiyanın olmasına israr etmir. Çünki insanlar arasında siyasi tendensiyaların müxtəlifliyi, fikir ayrılığı təbii bir şeydir. Lakin bu cərəyanlar aralarındakı rəy və siyasi tendensiya müxtəlifliyini qarşıdurmaya, mübarizəyə çevirməməli, danışarkən Amerika və İsraili, İslam dininin və İmam Xomeyninin (r.ə) düşmənlərini yaddan çıxarmamalıdırlar”.

Cari ilin 8-ci çağırışda təmsil olunan deputatlar üçün parlamentdəki fəaliyyətlərinin sonuncu ili olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Diqqətli olun ki, cari ilin isfənd ayında baş tutacaq seçki səbəbindən millət vəkillərinin fəaliyyətində tənəzzül və durğunluq müşahidə olunmasın, növbəti çağırışda fəaliyyətinə davam etmək uğrunda səylər deputatların vəzifələrinin icrasına mənfi təsir göstərməsin”.

Bu niyyətlə qüdrət və sərvət sahibi olan insanlara yaxınlaşmağın çox böyük bir təhlükə olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər kimsə parlamentdə nümayəndəliyini təmin etmək üçün qüdrət və sərvət sahiblərinə yaxınlaşarsa, Yaradan onun bu son dərəcə çirkin əməlini bağışlamayacaq və Allahın intiqamı onun müqəddəratında, hökmən, öz təsirini buraxacaq. Bu cür işlər eynilə cəmiyyətə də mənfi təsir göstərir”.

Ali Məqamlı Rəhbərin deputatlara etdiyi daha bir konkret tövsiyə icraedici hakimiyyətlə koordinasiyaya nail olmaqla bağlı idi.

Mövzu ilə əlaqədar, qanununun əldə yeganə əsas olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Parlamentin müstəqilliyini tam surətdə təmin etməklə bərabər, dövlətin fəaliyyət metodlarını və tendensiyalarını nəzərə almaq, qanunu elə formada tənzimləmək mümkündür ki, onun icrası prosesi hökumət üçün asan və problemsiz olsun”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Əlbəttə, hökumət də parlamentdə təsdiq olunmuş qanunu rəhbər tutaraq əlindən gələni əsirgəmədən və heç bir bəhanə gətirmədən fəaliyyət göstərməlidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İcraedici hakimiyyət gözəl struktura malikdir və hökumət gərgin fəaliyyət nümayiş etdirir. Parlament və hökumət biri-birinə kömək etməlidir”.

Həzrət Ayətullah Xamenei parlament və hökumət arasında qarşılıqlı anlaşma, tolerantlıq və koordinasiyanın arzulanan hal olduğunu bildirərək əlavə etdi: “Düşmənlə anlaşmaya girmək yaxşı bir şey deyil. Ölkə daxilində, parlament və hökumət arasındakı münasibətlərdə dostluq və tolerantlıq əhval-ruhiyyəsinin olması isə vacib və lazımlıdır”.

Qarşıda – cari ilin isfənd ayında keçiriləcək 9-cu parlament seçkilərinə toxunan Ali Məqamlı Rəhbər seçkiləri İslam dövləti rejiminin mühüm atributu adlandıraraq dedi: “Bütün səy və təbliğatlara baxmayaraq, İslam dövlətində bütün seçkilər təxirə salınmadan baş tutub. Bu, seçkinin İslam dövləti üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərən bir faktdır”.

Son 30 ildə ölkədə 30-a yaxın seçkinin baş tutmasını “İslam dövlətinə iftixar qazandıran faktlardan biri, ölkədə hakim olan demokratiyanın nişanəsi” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bütün xoşagəlməz davranışlara və iddialara baxmayaraq, müxtəlif dövrlərdə seçkilər müsbət və şəffaf bir atmosferdə baş tutub, heç kəs bu reallığın əksini deyən iddiasını sübuta yetirə bilməyib”.

Üçlü hakimiyyət qüvvələrinin rəsmilərinə seçkinin nüfuzunu qorumağı ciddi surətdə tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Seçkiyə heç kəs heç bir formada müdaxilə etməməlidir ki, seçki prosesi öz qanuni məcrası ilə getsin, parlament xalqın seçiminə və qərarına əsasən formalaşsın”.

İran İslam Respublikasında parlamentin birinci çağırışının fəaliyyətə başlamasının ildönümünə təsadüf edən bu görüşün başlanğıcında İslami Şura Məclisinin Sədri cənab Laricani  çıxış edərək məlumat verdi ki, son 3 il ərzində 8-ci məclis 238 qanun layihəsi təsdiq etmiş, dövlət orqanlarının fəaliyyəti və ölkənin mühüm problemləri ilə bağlı 42 nəzarət protokolu hazırlayıb”.

Parlamentin nəzarət funksiyasının sistematik surətdə gerçəkləşməsi üçün göstərilən səylərə toxunan parlament sədri aşağıdakıları əlavə etdi: “90-cı maddənin icrası ilə məşğul olan komissiyaya daxil olmuş 4800-dən artıq şikayət ərizəsi araşdırılıb, yaxud araşdırılma mərhələsindədir”.

Cənab Laricani əlavə etdi: “Parlament xalqın hüquqlarının müdafiəsi üçün qanunların düzgün icrasına təkid edir”.

Parlament sədri Konstitusiyanın 44-cü maddəsinin icrası, iqtisadi dəyişikliklər və iqtisadi cihadla bağlı xüsusi komissiyaların formalaşdırıldığına toxunaraq dedi: “Parlament nümayəndələri çalışırlar ki, siyasi mövzularda haşiyəyə çıxmadan bütün səylərini ölkənin başlıca problemlərinin həlli ətrafında cəmləsinlər, digər hakimiyyət qüvvələri ilə rasional və qanuni əməkdaşlıq edərək öz vəzifələrini Ali Məqamlı Rəhbərin istiqamətləndirməsinə uyğun şəkildə  icra etsinlər”.

Ölkədəki bütün məsələlərlə bağlı fikir bildirməkdə millət vəkillərinin hamısı üçün azad atmosfer yaradıldığını deyən cənab Laricani aşağıdakıları vurğuladı: “Millət vəkilləri imperializmə, xüsusən də Amerikanın tamahkarlığına qarşı qətiyyətli mövqe nümayiş etdirərək İslam dinini və İslam İnqilabını müdafiə edirlər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /