Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının yolunda dünyanın heç bir qüdrətli dövləti əngəl ola bilməz!

İki aləmin ən üstün xanımı, sonuncu peyğəmbər Məhəmmədin (s) qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) və xanımın bərəkətli övladı İmam Xomeyninin (r.ə) mübarək doğum günündə  İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu iffətli və əsl-nəcabətli qadının fəzilətli, tərifəlayiq keyfiyyətlərinin şerin-sözün dili ilə mədh olunduğu mövlud mərasimi keçirildi.

Əsərlərini pak və məsum Əhli-Beytə (ə) həsr edən şer-sənət adamlarından bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən mərasimdə Həzrət Ayətullah Xamenei iki aləmin xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibəti ilə hamını təbrik edərək o həzrətin əziz İslam Peyğəmbərindən (s) və Əmirəl-möminin Əlidən (ə) sonra nuraniyyət baxımından varlıq aləminin müqəddəs, ilahi və misilsiz bir elementi olduğunu dedi. Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabının bütün mərhələlərində İslam maarifinin digər daşıyıcıları ilə müqayisədə Həzrət Fatimeyi-Zəhranın (ə.s) və İmam Mehdi Sahibəz-zamanın (ə.f) mübarək adlarının dönə-dönə və daha çox vurğulanması qəlblərdən, səmimi duyğulardan və imanlardan baş qaldıran ilahi bir hadisədir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu il Həzrət Fatimeyi-Zəhranın (s.ə) miladının İmam Xomeyninin (r.ə) doğum günü ərəfəsinə təsadüf etməsi olduqca xoş və ürəkaçandır. O dedi: “İmam Xomeyni (r.ə), doğrudan da, Allah yolunda imanlı, ixlaslı, ibadətkar, qeyrətli və mübariz  olan o  parlaq həqiqətin bir nümunəsi, simvolu idi”.

“İslam İnqilabı boyunca müxtəlif əlamətdar hadisələr zamanı Həzrət Zəhranın (s.ə) adının xatırlanması bu ilahi şəxsiyyətin ölkəmizə xüsusi diqqətlə yanaşmasının nişanəsidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da əlavə etdi: “Olduqca dəyərli və ümidverici olan bu diqqət qəlblərə və qədəmlərə son hədəfə çatmaq üçün qətiyyət, möhkəmlik və arxayınlıq bəxş edir”.

İslam İnqilabından sonra İran İslam Respublikasının 32 illik çətin, zəhmətli, cürbəcür maneə və qarşıdurmalarla dolu bir yol keçdiyinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam İnqilabının ən mühüm xüsusiyyətləri bu inqilabın dahi İmam Xomeyninin (r.ə) açıq-aydın və qətiyyətli bəyanının bərəkəti ilə öz düzgün kursuna davam etməsi, bu kursun doğru istiqamətdən sapınmaması, inqilabın şüar və hədəflərinin qorunub saxlanmasıdır”.

Fikrini daha açıq ifadə edən Ali Məqamlı Rəhbər dedi: “Başladığı hərəkata optimist ruhla davam edən, möhkəm addımlarla irəliləyən bu inqilabın yolunda dünyanın heç bir dövləti əngəl ola bilməz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam İnqilabının səbatı, mübarizliyi, davamlılığı, xalqın bu inqilabın dəyər və prinsiplərinə sadiq qalması müsəlman xalqlarının, habelə İslam Respublikasındakı həqiqətləri bütün dünyada müşahidə edənlərin qəlbində ümid qığılcımları yandırıb. O, əlavə etdi: “Bu əzəmətli İslam İnqilabının spesifik cəhəti budur ki, Allahın fəziləti sayəsində o bahar bu günə qədər hələ xəzana dönməyib”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “İran xalqı dünya imperializminin təhdidləri qarşısında geri durub, öz prinsiplərindən əl çəksəydi, xalqların qəlbindəki bu ümid qığılcımları sönərdi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Həzrət Zəhranın və Mehdi Sahibəz-zamanın (ə.f) mübarək adlarının, məsum imamların (ə) xalqımıza qarşı xüsusi diqqətinin bərəkəti və İran xalqının mübarizliyi sayəsində bu ümid fidanları qol-budaq atıb bəhərini verdi. Buna görə də çalışmalıyıq ki, mənəviyyatımızda Allaha qarşı diqqət və təvəssülü qoruyub saxlayaq,  hər bir şeyin Ondan qaynaqlandığını unudub özümüzlə qürrələnməyək”.

Çıxışının digər bir qismində Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) məddahlığı kimi gözəl, incə və effektiv təsirə malik bir peşədə yaxşı şer, musiqi və səs seçiminin vacib olduğunu bildirdi. O dedi: “Oxunan parçalar düzgün seçilməli, məna və forma kimi cəhətləri nəzərə alınmalıdır”.

“Şəriətdə bəyənilməyən, əyləncə xarakterli melodiyalar məddahlıq sənətinə yol tapmamalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mətn və musiqidə yeni formalardan istifadəyə təşəbbüs göstərməyin heç bir eybi yoxdur”.

Məsum imamların (ə) vəsfi və tərifi üçün münasib mövzular seçmək lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Mötəbər dəlil və mənbələrə əsaslanan keyfiyyətlərin vəsfi insanları sevindirir, qəlblərdə şövq və həvəs yaradır”.

Əxlaqi baxımdan inkişaf edib yüksəlmək üçün cəmiyyətin məsum imamların (ə) nəsihətlərinə, o böyük insanların rəftar və davranışlarından yararlanmağa ehtiyac duyduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsbət keyfiyyətləri təbliğ etməklə cəmiyyətdə həmrəylik, qardaşlıq və səmimiyyət ruhunu yüksəltmək, xeyirxahlıq, yardımlaşma, səbir, ehsan, fədakarlıq, güzəşt kimi xüsusiyyətlərə rəvac verərək xırdaçılıqdan, bədbinlikdən, bədxahlıqdan və paxıllıqdan çəkinmək lazımdır”.

Əhli-Beyt (ə) Məddahları Cəmiyyətinin müsbət istiqamətdə inkişaf etdiyini bildirən Ali Məqamlı Rəhbər məddahlıq sənətində uzaqgörənliyin əhəmiyyətini vurğulamaqla yanaşı, başqalarına söz atıb, hücumlar etməyi də məzəmmət etdi. O, əlavə etdi: “İran xalqı məhz uzaqgörənliyi sayəsində müqavimət göstərə, öz müstəqilliyini, mübarizliyini, dini təfəkkürünü və imanını qoruyub saxlaya bildi”.

Məddahlar üçün daim Quranla ünsiyyətdə olmağın, müqəddəs kitabı və hədisləri oxumağın vacib olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei üzünü şerlərində Əhli-Beyti (ə) vəsf edən sənətkarlara tutaraq dedi: “Nəsihət məzmunlu ayə və hədisləri özünüz üçün qeyd edərək dönə-dönə oxuyun!”

“Dua, təvəssül və zikr, ibadətdə tam itaətkarlıq, nafilə namazlarının qılınması, Quran əzbərləmək və əzbər öyrənilən ayələri daim zehində möhkəmlətmək həyatdakı çətinliklərin tədricən öz həllini tapmasına səbəb olur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Vahid və yeganə olan Allahla bu formada – Əhli-Beytə (ə) təvəssül edərək əlaqə qurmaq qəlbi və zehni aydınlaşdırır”.

Görüşün əvvəlində Əhli-Beyti (ə) vəsf edən məddah və şairlərdən bir neçəsi Həzrət Zəhranın fəzilətli və təqdirəlayiq keyfiyyətlərini tərif etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /