Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbin qadın mövzusu ilə bağlı yanlış prinsiplərini çəkinmədən, ciddi surətdə tənqid etmək lazımdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəz və universitetlərində dərs deyən ziyalı xanımlarla, habelə zərif cinsin müxtəlif sferalardakı yüzlərlə görkəmli nümayəndəsi ilə  bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İslamda qadın evin böyüyü, ailənin gülüdür. Qərb ictimaiyyətində qadının mövqeyinin böhranlı bir vəziyyətdə olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətində qadının həqiqi statusunun bərpası üçün bir sıra işlər görülüb, lakin hələ də bir çox problemlər var. Xüsusilə də ailədə qadına münasibətlə bağlı bəzi xoşagəlməz hallar özünü göstərir ki, bunlar hüquqi bazanın yaradılması və icrası yolu ilə həll olunmalıdır”.

İki dünya xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) miladı və bu münasibətlə ölkədə qeyd olunan Qadınlar Günü ərəfəsində baş tutan görüşdə Həzrət Ayətullah Xamenei iştirakçıları bu mübarək təvəllüd münasibətilə təbrik edərək bildirdi ki, ölkənin görkəmli ictimai xadimi və ziyalısı olan xanımların iştirakı ilə belə bir tədbirin təşkil olunması, onların müxtəlif problemlər, o cümlədən qadın və ailə problemləri ilə bağlı dəqiq və dərin mənalı fikirlərinin öyrənilməsi İran İslam Respublikasında qadınların inkişaf və yüksəlişə doğru möhtəşəm hərəkatının simvoludur. Ali Məqamlı Rəhbər həmçinin aşağıdakıları da vurğuladı: “İran İslam Respublikası uca bir zirvəyə yol tapmağı bacarıb. Bu zirvə intellektual, ziyalı, cəmiyyətin ən incə və həssas problemləri ilə bağlı özünəməxsus rəy və görüşləri olan xanımların yetişdirilməsindən ibarətdir”.  

Həzrət Ayətullah Xamenei bildirdi ki, müasir dünyanın qadın məsələsi ilə bağlı üzləşdiyi problemlərin kökündə Qərb sivilizasiyasının qadının cəmiyyətdəki statusuna yanlış baxışı, ailə münasibətlərinə qeyri-düzgün yanaşma tərzi durur. O vurğuladı: “Bu iki amil qadın mövzusunun dünyada özünəməxsus böhrana çevrilməsinə səbəb olub”.   

Qərb sivilizasiyasının qadına zülmkar yanaşması haqda ətraflı danışan Həzrət Ayətullah Xamenei dedi: “Qərbin müxtəlif toplumlara tədricən təbliğ edib aşıladığı qeyri-bərabər münasibətlər sistemində bəşəriyyət iki qrupa bölünür: mənafeyi daim ön planda duran tərəf hesab olunan “kişilər” və daim mənafeyi qurban verilən, istifadəyə məruz qalan tərəf olan “qadınlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu yanlış prinsip və yanaşmaya əsasən, Qərb sivilizasiyasında özünü və şəxsiyyətini təsdiq etmək istəyən qadın, hökmən, kişinin – yəni mənafeyi daim ön planda duran tərəfin istədiyi və bəyəndiyi kimi davranmalıdır. Bu formada təhqirə məruz qalması isə qadına qarşı ən böyük zülm və haqsızlıqdır”.    Qərb siyasi strategiyaçılarının bu yanlış mədəniyyəti xalqların təfəkkürünə yerləşdirmək üçün tədricən və təşkilatlanmış formada fəaliyyət göstərdiklərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Məhz buna görə də bu gün qadının gözəllik və cazibəsinin ictimaiyyət içərisində nümayiş olunmasını qınayan hər kəs Qərbin siyasət və təbliğat mexanizmlərinin hücumlarına məruz qalır, hay-küylü müzakirə və tənqidlərin obyektinə çevrilir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Qərbdə hicab əleyhinə aşkar surətdə mübarizə aparılması qadına  qarşı zülmkar yanaşmanın nəticələrindən biridir. O, əlavə etdi: “Qərblilər hicabın dini atribut olduğunu, dünyəvi cəmiyyətdə açıq-aşkar nümayişinin məqsədəuyğun olmadığını iddia edirlər. Lakin Qərbin baş örtüsünə qarşı müxalifətinin əsl səbəbi budur ki, hicab onların qadınla bağlı yürütdüyü prinsipial və strateji siyasətə, yəni qadının ucuzlaşdırılmasına, asanlıqla əldə olunan bir əşya kimi təqdim olunmasına qarşı mübarizə aparır, bu siyasətin gerçəkləşməsinə əngəl törədir”.

Qlobal tədqiqat mərkəzlərinin rəsmi məlumatlarına istinad edən Həzrət Ayətullah Xamenei bildirdi ki, ailənin əsaslarının sarsılması, rüsvayçı qadın alverinin, qeyri-qanuni doğulan uşaqların, nikaha daxil olmadan birgə yaşama hallarının sayının sürətlə artması Qərbin qadına sui-istifadəçi yanaşmasının acınacaqlı nəticələrindəndir. O, əlavə etdi: “İslam Respublikası Qərbin qadına yanaşmasındakı yanlış prinsipləri açıq-aşkar, heç nəyi ört-basdır etmədən, bir an belə olsun dayanmadan ciddi tənqid və hücumlara məruz qoymalı, qadınların həqiqi status və mövqeyinin müdafiə olunmasında öhdəsinə düşən məsuliyyəti yerinə yetirməlidir”.

Ali Məqamlı Rəhbər ailəyə yanlış baxışın Qərb cəmiyyətində qadınlarla bağlı böhranın ortaya çıxmasına səbəb olmuş ikinci problem olduğunu dedi.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları qeyd etdi: “Qərb dünyasından fərqli olaraq, İslam dininin ailəyə və qadının statusuna yanaşması açıq-aydındır. Əziz İslam peyğəmbəri (s) və məsum imamlarımız (ə) qadının yüksək statusa malik olduğunu müxtəlif bəyanlarında vurğulamışlar”.

İslamın qadına və ailəyə yanaşma prinsiplərinin cəmiyyətdə reallaşması üçün qanuni bazaya və bu bazanın icrasına zəmanətə ehtiyac olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabından sonra görülmüş bütün işlərə baxmayaraq, hələ də ailədə qadına münasibət məsələsi ilə bağlı aradan qaldırılmalı olan bir sıra nöqsanlar var”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Qadın üçün ailədə təhlükəsiz – qürurunu zədələməyən, ona sakitlik və asayiş bəxş edən bir atmosfer olmalıdır ki, o, əsas vəzifəsini – ailə yuvasının qorunub saxlanması işini ən gözəl şəkildə icra edə bilsin”.

İslam İnqilabından öncə ölkədə qadınlara qarşı dəhşətli bir yanaşmanın hökm sürdüyünü bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran qadını mənəviyyatındakı saf iman gövhəri sayəsində o dağıdıcı dalğaya qalib gələ bildi, bununla da inqilabın qələbəsinin və sarsılmazlığının daşıyıcı sütunlarından birinə çevrildi”.           

Ali Məqamlı Rəhbər qeyd etdi ki, son 30 il ərzində İran cəmiyyətində qadınların statusunun getdikcə yüksəlişi müşahidə olunub və bu optimist yanaşma reallığı özündə tam olaraq əks etdirir. Qadınların müxtəlif sferalarda – siyasət, ictimaiyyət, mədəniyyət və xüsusilə də elm sahələrində təqdirəlayiq irəliləyişə nail olduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu prosesin ən iftixarlı zirvəsində səbir və mübarizənin liderləri – şəhidlərin, cəsur döyüşçülərin, əlil və veteranların anaları və həyat yoldaşları dağ kimi möhkəm durmuşlar və başqalarına fədakarlıq, iman dərsi keçirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, bu optimist yanaşma zəif cəhətləri görməyimizə mane olmamalıdır. Əksinə, nöqsan və problemləri dəqiqliklə müəyyən edib aradan qaldırmaqla İslam Respublikasının “qadın” məsələsi ilə bağlı uğurlu fəaliyyət tempini sürətləndirməli, dünyada geniş yayılmış yanlış Qərb mədəniyyətinə qalib gəlməliyik”.

Həzrət Ayətullah Xamenei dedi: “Qadın” problemi ilə bağlı işlərin mühüm bir hissəsi qadınların özlərinin tədqiqatlar aparması, rəy və görüşlərini, problemin həlli strategiyalarını ortaya qoyması yolu ilə həyata keçirilməlidir ki, Allahın köməyi ilə, gənc qadınlar və qızlar bu sahədə daha böyük addımlar atsınlar və müsəlman İranı uca amallarına günü-gündən daha da yaxınlaşsın”.

“Qadın və ailə” probleminin araşdırma, müzakirə və hərtərəfli düşünülmə üçün əhəmiyyətli bir mövzu olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Məhz buna görə də gələcəkdə silsilə strateji ideya konfranslarından birinin “Qadın və ailə” mövzusuna həsr olunması planlaşdırılır”.

Ali Məqamlı Rəhbər xanım mütəfəkkirlərin hamısını strateji ideya konfransları çərçivəsində baş tutan müzakirələrdə iştirak etməyə dəvət edərək əlavə etdi: “Qadın” məsələsi ilə bağlı başlıca problemlər  elmi-professional səviyyədə, islami mənbələr, əsl inqilabi ideyalar əsasında araşdırılaraq strateji ideya konfranslarında müzakirəyə çıxarılmalıdır ki, əldə olunan nəticələr fəaliyyət proqramlarının hazırlanması və icrası üçün baza rolunu oynaya bilsin”.

Görüşün əvvəlində ziyalı xanımlardan aşağıda adları qeyd olunan 10 nəfəri  müxtəlif mədəni, ictimai və siyasi problemlərlə bağlı rəy və görüşlərini dilə gətirdilər:

-    Xanım Şayəste Xu – teoloji mərkəz və universitetin müəllimi, Məşhəd şəhərindəki Nərgiz Dini Təhsil Mərkəzinin direktoru;

-    Dr. Fereşte Ruhəfza – universitet müəllimi, elektronika ixtisası üzrə elmlər namizədi;

-    Dr. Nəfisə İsmaili – universitet müəllimi, Razi klinikasının direktoru;

-    Dr. Fatimə Fərahani – universitetin elmi şurasının üzvü, “Mədəniyyət sahəsində marketinq və planlaşdırma” ixtisası üzrə elmlər namizədi;

-    Dr. Şəkiba Mohebbitəbar – şəhid övladı, “Radioterapiya və onkologiya”  üzrə elmlər namizədi;

-    Sorur Fazelipur – “Menecment” ixtisası üzrə magistrant;

-    Dr. Şayeqan – Əllamə Təbatəbayi adına Universitetin sosiologiya müəllimi;

-    Dr. Qənbəri – teoloji mərkəzin və Camiətüz-Zəhra Universitetinin müəllimi;

-    Məsumə Hacıhüseyni – teoloji mərkəz və universitetin müəllimi;

-    Xanım Qəvvi – universitetin elmi şurasının üzvü;          

Çıxış edənlər aşağıdakı məqamları özəlliklə vurğuladılar:

-    Teoloji təhsil müəssisələrində keyfiyyətə önəm verilməsinin və kəmiyyət baxımından rəqabətdən çəkinməyin vacibliyi;

-    Teoloji təhsil müəssisələrinin idarəetmə şurasında ziyalı qadınların təmsil olunması;

-    Qarşıya çıxan yeni məsələlərin cavablandırılması məqsədilə qadınlar üçün fiqhi şuranın təşkili təklifi;

-    Qızların təhsil aldığı teoloji təhsil müəssisələrinin ziyalı xanımların rəhbərliyi altında mərkəzləşdirilməsi;

-    Qərb sivilizasiyasında qadınların fərdi və ictimai həyatda üzləşdiyi problem və çətinliklər liberalizm və Qərbin qadın haqlarının müdafiəsi ilə bağlı iddialarının yalan olduğuna sübutdur;

-    Qadınların sosial statusunun yaxşılaşdırılması və yüksəldilməsi üçün planlı fəaliyyətin vacibliyi;

-    “İqtisadi cihad” ili üçün qarşıya qoyulmuş hədəflərin reallaşmasında qadınların çoxcəhətli rolu;

-    İffət və hicab mədəniyyətinin gücləndirilməsi üçün ardıcıl surətdə səy göstərilməsi;

-    Qadınların ailədəki rolunun gücləndirilməsi ilə paralel olaraq, onların cəmiyyətin müxtəlif sferalarında iştirakını artırmaq məqsədilə “Tərəqqinin İran-İslam modeli”nin mahiyyətinin ictimaiyyətə açıqlanması;

-    Qadın problemləri ilə məşğul olan rəsmi orqan və qurumlarda dini təlimlərə əsaslanan, sistematik yanaşmanın zəruriliyi;

-    Mühüm qərarların qəbul olunduğu səlahiyyətli şuralarda qadınların daha yüksək səviyyədə təmsil olunması;

-    Cəmiyyətin üzvü olan fərdlərin mənəvi sağlamlığına lazımi diqqət yetirilməsi;

-    Qadınlar üçün nəzərdə tutulan ixtisaslaşmış və yüksək ixtisaslı klinikaların sayının artırılması və mövcud klinikaların genişləndirilməsi;

-    Qadın problemləri ilə bağlı elmi-nəzəri komitələrin fəaliyyətə başlaması;

-    Ailə institutunun status və rolunun, düşmənin apardığı “soyuq müharibə”yə qarşı mübarizənin əhəmiyyəti;

-    Ailə qanunvericiliyindəki boşluqların aradan qaldırılması məsələsini önə çəkərək qadınların ədliyyə sistemində üzləşdiyi problemlərin həllinə səy göstərilməsi;

-    KİV-in, xüsusilə də Milli Teleradionun İslam dininin qadına yanaşma tərzinin incəliklərinə ciddi diqqət yetirməsinin vacibliyi;

-    KİV-in milli və dini dəyərlərə zidd olan, xarici modelləri birbaşa, yaxud dolayısı ilə təbliğ etməkdən çəkinməsinin vacibliyi;

-    İnsan haqları iddiaçılarının Bəhreyn və Fələstin qadınlarının hüquqlarının pozulmasına, bu ölkələrdə qadınların məruz qaldığı saysız-hesabsız zülmlərə etinasız münasibətinin qınanması;

-    Qadın məsələsinə ifratçı, yaxud soyuqqanlı yanaşmadan, doqmatik və ya feminist baxışdan çəkinmək;

İştirakçılar arasında şəhid Seyid Həmzə Səccadiyanın həyat yoldaşı, 4 şəhid anası olan xanım da var idi. Görüş əsnasında şəhid övladlarından birinin həyat yoldaşı ananın müraciətini oxudu. Müraciətdə İran qadınlarının İslam dini, İmam Xomeyni (r.ə) və şəhidlərlə bağladıqları əhd-peymana daim sadiq və vəfalı olduqları vurğulanırdı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /