Bu gün səhər İran İslam Respublikasında “Ədalət” mövzusuna həsr edilmiş II Strateji İdeyalar Konfransı keçirildi. Konfransda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, habelə universitetlərdə və teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla alim, mütəfəkkir, professor və tədqiqatçı bir araya gələrək fikir mübadiləsi apardılar.
4 saat davam etmiş konfransda əvvəlcə ekspertlərdən və görkəmli elm xadimlərindən 10 nəfəri “Ədalətin əsasları, anlayışları, aspektləri, funksiyası və zəruri şərtləri” mövzusu ilə bağlı iki istiqamətdə: nəzəri və tətbiqi müstəvidə rəy və görüşlərini ifadə etdilər.
İran İslam Respublikasında ilk Strateji İdeyalar Konfransı ötən ilin azər (dekabr) ayında keçirilmiş və “Tərəqqinin İran-İslam modeli” mövzusuna həsr edilmişdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu strateji seminarda vurğuladı ki, İslam dinin ədalətlə bağlı əsl təlimlərini ortaya qoymaq üçün alim və mütəfəkkirlər ciddi surətdə çalışmalı və fikir mübadiləsi aparmalıdırlar. Ali Məqamlı Rəhbər sosial ədalətin bərqərar edilməsi istiqamətində son üç onillik ərzində görülmüş işləri müsbət dəyərləndirərək əlavə etdi: “Hazırkı səviyyə, sözsüz ki, qaneedici deyil, çünki İslam dövləti ədaləti maksimum təmin etməyi, cəmiyyətdə ədaləti mütləq və ümumi bir dəyər anlayışında mükəmməl formada reallaşdırmağı qarşısına məqsəd qoyub”.
Ali Məqamlı Rəhbər bu seminarda müzakirəyə çıxarılan problemlərin dolğun və faydalı olduğunu bildirərək dedi: “Bugünkü iclas yalnız bir başlanğıcdır və ümidvarıq ki, ölkəmizdəki böyük ekspert potensialından istifadə olunacaq və “ədalət” mövzusu yüksək elmi dairələrdə bir diskursa çevriləcək, ardıcıl və layiqli səviyyədə araşdırılaraq bərəkətli bir nəticə ilə sonuclanacaq”.
Həzrət Ayətullah Xamenei ədalətin bəşəriyyəti daim narahat edən məsələlərdən biri olduğunu, bəşər tarixində müxtəlif alim və mütəfəkkirlərin bu mövzuya müraciət etdiklərini bildirdi. O dedi: “Dəqiq araşdırmalar göstərir ki, mütəfəkkirlərin “ədalət” mövzusu ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürməsinə baxmayaraq, bu məsələdə ilahi dinlər misilsiz və müstəsna rol oynamışlar”.
Qurani-Kərimə istinad edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, ədalətin bərqərar edilməsi dinlərin başlıca hədəfidir. O, əlavə etdi: “Ədalət dinlərin sosial münasibətləri tənzimləmə sisteminin və bəşəriyyətin din çərçivəsində hərəkətinin başlıca hədəfi olub. Bəşəri məktəb və cərəyanların heç birində ədalətə belə ciddi surətdə can atmaya rast gəlinmir”.
Dinlərin və bəşəri məktəblərin təlimlərindəki ədalətin fərqli cəhətlərini daha geniş izah edən Ali Məqamlı Rəhbər dedi: “Peyğəmbərlər ədalətin nə demək olduğunu insanlara açıqlamaqdan əlavə, onun cəmiyyətdə reallaşması üçün zalım despotlarla əməli surətdə mübarizəyə girmiş, “zalım – məzlum” qarşıdurmasında daim məzlumların cəbhəsində yer almışlar. Nəzəriyyəçilər isə “ədalət”lə yalnız sözlər və müzakirələr səviyyəsində məşğul olmuşlar”.
“İlahi dinlərin və bəşəri məktəblərin ədalət anlayışları arasındakı üçüncü fərq budur ki, bütün ilahi dinlər bəşər tarixinin ədalətli bir dövranla sonuclanacağına etiqad bəsləyirlər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İlahi dinlər varlıq aləminin və bəşəriyyətin başlanğıcı, xalqların tarixdəki hərəkət istiqaməti ilə bağlı görüşlər irəli sürərkən, habelə bu yolun sonu, yəni ölümdən sonrakı həyat haqda danışarkən daim “ədalət” elementini vurğulayırlar. Bu, müstəsna əhəmiyyət daşıyan, misilsiz bir məsələdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məhz dinin bu yanaşmasına əsasən, İslam İnqilabında da ilk başlanğıcdan “ədalət” prinsipi misilsiz mövqeyə malik oldu, xalqın şüarlarında, konstitusiyada, İmam Xomeyninin (r.ə) çıxışlarında və görüşlərində, İslam Respublikasının 32 illik həyatının müxtəlif etaplarında mütləq bir dəyər kimi vurğulandı”.
“Ədalət” prinsipinin İslam Respublikasını daim narahat edən məsələlərin başında durduğunu deyən Ali Məqamlı Rəhbər İslam İnqilabından sonra sosial ədalətin bərqərar edilməsi istiqamətində çoxlu sayda, genişmiqyaslı işlər görüldüyünü dedi. O, əlavə etdi: “Görülən işlər müsbət olsa da, qaneedici deyil, çünki biz İslam dininin yanaşma tərzinə əsasən, ədalətin mükəmməl surətdə reallaşmasını, hər cür zülmün yox edilməsini qarşımıza məqsəd qoymuşuq. Hazırkı səviyyə ilə sosial ədalətin tam bərqərar edilməsi arasında mövcud olan kifayət qədər böyük boşluğu doldurmaq üçün ardıcıl, ciddi və hərtərəfli surətdə çalışmaq lazımdır”.
“Bu gün İslam dövləti İslam dininin ədalətlə bağlı əsl nəzəriyyəsinin araşdırılıb ortaya qoyulmasına ciddi diqqət yetirir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu günə qədər ədalət haqqında xülasə formalı bilgi və təriflər mövcud olub, lakin çalışmalıyıq ki, ədalət ölkənin müxtəlif sferalarında daim dinamik və aktual bir diskursa çevrilsin və üzdə olan görkəmli şəxslər, rəsmilər və xalq, xüsusilə gənc nəsil arasında daim başlıca bir məsələ kimi söhbət və müzakirə obyekti olsun”.
Ölkədə ədalət mövzusu ilə bağlı strateji ideyalar konfransı keçirilməsinin başlıca hədəflərini daha geniş açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Ədalətin maksimal səviyyədə gerçəkləşməsi ilə hazırkı səviyyəsi arasındakı boşluğu doldurmaq üçün yeni və effektiv strategiyalar tapılmalıdır. Bunun üçün isə mütəfəkkirlərin birgə səylərinə və fikir mübadiləsinə ehtiyac var”.
Ədalət məsələsində sınaq və yanlışlıqlar mərhələsinin artıq geridə qaldığını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Son 30 ildə bir çox hallarda ədalət məsələsinə yanaşmada yanlışlığa yol vermiş, sınaq formasında davranmışıq. Lakin bundan sonra əsaslı nəzəriyyə və metodlara uyğun hərəkət etməliyik”.
Ali Məqamlı Rəhbər bildirdi ki, ədalət məsələsinə daha artıq diqqət yetirilməsi zərurətini doğuran amillərdən biri də ölkənin sürətli və sıçrayışlı tərəqqi yollunda irəliləməsidir. O, əlavə etdi: “Bu sürətli irəliləyişin davam etdirilməsi üçün böyük qərarların qəbul edilməsinə ehtiyac var. Əgər həmin qərarlarda “ədalət”, habelə “ədalət və tərəqqinin qarşılıqlı əlaqəsi” elementləri nəzərdən qaçırılsa, bu, saysız-hesabsız ziyanlarla nəticələnəcək”.
Çıxışının davamında ədalətin nəzəri problemləri mövzusuna diqqət çəkən Həzrət Ayətullah Xamenei dedi: “Məqsədimiz İslam dininin ədalətlə bağlı irəli sürdüyü əsl, kənar müdaxiləsiz nəzəriyyəni araşdırıb üzə çıxarmaqdır. Bu olduqca mühüm məqsədə çatmaq üçün dini mənbələrə yenidən proqressiv və novator yanaşma əsasında müraciət etməli, işin özünəməxsus metod və üslublarından istifadə edərək “ədalət” anlamı ilə bağlı İslam dininin irəli sürdüyü gerçək nəzəriyyəni araşdırıb ortaya qoymalıyıq”.
Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da vurğuladı: “İslamın ədalət haqqında nəzəriyyəsini əldə etmək üçün eklektik yanaşmadan və kənar nəzəriyyələrin sintezindən kəskin surətdə çəkinmək, əsl İslam mənbələrinə müraciət etmək lazımdır”. Hər bir fəlsəfi məktəbdə ədalətə həmin məktəbin ontoloji görüşləri əsasında tərif verildiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məhz buna görə də İslamın ədalətlə bağlı nəzəriyyəsini öyrənərkən başqa fəlsəfi məktəblərdən istifadə etmək lazım deyil”.
Ali Məqamlı Rəhbər İslam dini ilə bəşəri fəlsəfi məktəblərin ədalət məsələsinə yanaşma tərzi arasında kəskin fərq olduğunu qeyd edərək dedi: “İslam dinində ədalət Allahdan qaynaqlanır və ədalətlə hərəkət etmək dini vəzifə hesab olunur. Bəşəri məktəblərdə isə belə bir yanaşma yoxdur”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, rəy müxtəlifliyi və qızğın polemikalar İslam dininin ədalətlə bağlı əsl nəzəriyyəsinin üzə çıxarılması prosesində real olan ehtiyaclardan biridir. O, əlavə etdi: “Heç kəs düşünməsin ki, bu məsələdə biz, bir növ, öncədən mühakimə yürütməklə fikrimizdə tutduğumuz nəticəyə gəlib çıxmaq istəyirik. Əksinə, çalışmalıyıq ki, müxtəlif rəy və görüşləri qarşı-qarşıya qoymaq, qızğın elmi polemikalar aparmaqla həqiqi və düzgün olan nəticəni əldə edək”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Hətta İslamın ədalətlə bağlı gerçək nəzəriyyəsini öyrəndikdən sonra da bu sahədə polemikalar daim davam etdirilməlidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu etapda, əslində, ədalət məsələsi ilə bağlı tutarlı, mötəbər, arqumentlərlə əsaslandırılmış və daxilən ardıcıl surətdə qurulmuş yekun müddəalardan ibarət bir konsepsiyanın əldə olunmasına çalışmaq lazımdır ki, uzunmüddətli fəaliyyət proqramları buna əsasən tərtib olunsun”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Belə bir konsepsiya hazır olduqdan sonra isə özəlliklə nəzəriyyənin tətbiqi mexanizmi və icra metodları ilə bağlı yeni layihələr işlənməlidir. Bu sahədə artıq başqalarının faydalı təcrübəsindən istifadə edə bilərik”.
Ali Məqamlı Rəhbər belə bir fikirlə çıxış etdi ki, universitetlərdə və teoloji mərkəzlərdə ədalət mövzusunun öyrənilməsi üçün ayrıca ixtisas sahəsinin yaradılması ədalət diskursunun formalaşdırılması və möhkəmlənməsi, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində faydalı yatırım ola bilər. O, əlavə etdi: “Mühüm nəzəri işlərdən biri də sosial ədalətin gerçəkləşmə səviyyəsini öyrənmək üçün konkret meyarın nədən ibarət olduğunu müəyyənləşdirməkdir”.
Həzrət Ayətullah Xamenei dedi: “Qərb nəzəriyyəçilərinin təklif etdiyi bəzi meyarlardan konkret situasiyalarda istifadə oluna bilər, lakin onların əksəriyyəti qüsurlu, yaxud tamamilə yanlışdır. Odur ki İslam nöqteyi-nəzərindən ədalətin gerçəkləşməsi üçün ayrıca meyarlar müəyyən olunmalıdır”.
Qanunvericilik prosesində parlament və Keşikçi Şuranın istənilən halda ədalət prinsipinə diqqət yetirməsinin zəruri məsələlərdən biri olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Praktik müstəvidə sosial ədalətin icrasını təmin etmək üçün də bir sıra işlər görülməlidir”.
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei ədalət məsələsində ilahi başlanğıca və məada – ölümdən sonrakı həyata etiqad bəsləməyin başlıca rol oynadığını bildirərək əlavə etdi: “Məada, Qiyamət günü əməllərin hesabının ortaya gələcəyinə inanmaq insanda ədalətpərvərliyə qarşı şövq və stimul yaradır. Əslində, ilahi başlanğıca və məada etiqadı olmayan bir cəmiyyətdə həqiqi ədaləti bərqərar etmək mümkün deyil”.
“Hər fərdin ədaləti öz timsalında tətbiq etməyə çalışması bu prinsipin bərqərar edilməsində mühüm məqamlardan biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hər bir fərdin özünə ədalət prizmasından baxması onun günahdan uzaq durmasına, tam itaətkarlıqla Allaha təslim olmasına səbəb olacaq. Bu isə sosial ədalətin formalaşmasına yardım edəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!