İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətində xalqın seçilən nümayəndələrindən, möhtərəm şəhid ailələrindən, ruhani alimlərdən və vəzifəli şəxslərdən bir qrupu ilə görüşündə bu vilayəti “elm, ədəbiyyat və incəsənət”, “səmimiyyət, maariflənmə və sədaqət”, “qəhrəmanlıq, şücaət və mərdanəlik diyarı” adlandıraraq dedi: “İran xalqı özünün uzaqgörən, qətiyyətli, fasiləsiz və doğru hərəkatı sayəsində elmi və ictimai cəhətdən, siyasi nüfuz və milli qürur baxımından keçmişdəkindən daha yüksək status qazanıb”.
Kürdüstan vilayətinə iki il öncəki səfərinin ürəkaçan, maraqlı və xoş təəssüratlarla zəngin bir səfər olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əhali tərəfindən sevgi və səmimiyyətlə, olduqca emosional bir atmosferdə qarşılandığına toxunaraq dedi: “Kürdüstan əhalisi İslam Respublikasına qarşı az-az rast gəlinən fövqəladə səviyyəli sədaqət və səmimiyyət nümayiş etdirir”.
İslam İnqilabının əvvəllərində cürbəcür qruplaşmaların göstərdiyi təzyiqlərə, Kürdüstan əhalisi arasında qorxu və vəhşət atmosferi yaratmaq səylərinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kürdüstan əhalisi İslam dövlətinə qarşı sədaqətini daim nümayiş etdirib. Hətta düşmənin dolaşıq təbliğatı belə, bu dəyərli xüsusiyyətə təsir göstərə bilməyib”.
Kürdüstanın ruhani alimlərinin və böyük şəxsiyyətlərinin, xüsusən şəhid Şeyxül-İslam Möctəhidinin xatirəsini yad edən Ali Məqamlı Rəhbər dedi: “Milli birliyimizə və ölkəmizin tərəqqisinə düşmən olanlar Kürdüstan səfərinin ortaya qoyduğu gerçəklikləri həzm edə bilmədikləri üçün şəhid Şeyxül-İslamdan alçaqcasına intiqam alaraq bu məzlum və ziyalı şəxsiyyəti şəhid etdilər”.
Həzrət Ayətullah Xamenei Kürdüstan torpağının yetirməsi olan, bu diyarın vəhdəti və qüruru yolunda şəhadət feyzinə nail olmuş şəhidlərin və ruhani alimlərin tarixçəsini qələmə almağın vacibliyini vurğuladı.
“Düşmən İran İslam Respublikasının regiondakı qüdrətini, nüfuzunu və yüksək mövqeyini etiraf edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənin təbliğat mafiyası İslam İnqilabının qələbəsinin ilk günündən etibarən bu dövlətin əleyhinə bacardığı qədər təbliğat aparıb. Buna baxmayaraq, İslam dövləti boş iddialarda yox, əməldə – inkişaf və tərəqqi yolunda irəliləməklə – bu məkrli planları puça çıxardı”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün İran İslam Respublikası, onun görkəmli şəxsiyyətləri və uca amalları haqqında xalqlar arasında sevgi və əzəmətlə danışılır. Bu ölkə xalqların qəlbində yüksək nüfuza malikdir”.
“İranın tərəqqisinin dayağı xalqın iman və uzaqgörənliklə həyata keçirdiyi, qətiyyətli və dinə əsaslanan hərəkatdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “İran xalqı öz gərgin əməyi ilə düşməni bu nailiyyətləri qəbul etməyə məcbur etdi və ölkəmizin bugünkü vəziyyəti gələcəyin daha gözəl və işıqlı olacağını müjdə verir”.
“Ədalət və tərəqqi” onilliyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Ölkəmizdə birlik, tərəqqi, elmi hərəkata meyl müşahidə olunur. Eyni zamanda ədalət sferasında da misilsiz və diqqətəlayiq işlər görülüb”.
Ölkənin inkişaf və tərəqqisində hər bir vilayətin rolu olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei aşağıdakıları qeyd etdi: “Hər bir vilayət ölkəmizdə gerçəkləşən zəhmət və tərəqqi marafonunda payına düşən vəzifəni vahid kollektiv formasında yerinə yetirməlidir. Kürdüstan vilayəti və onun üzdə olan şəxsiyyətləri də bu sahədə qabarıq rola malik olduqlarını nümayiş etdirməlidirlər”.
Kürdüstanlı gənclərin coşqun istedadından istifadə etməyin, onların məşğulluğu üçün zəmin yaratmağın zəruri olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Kürdüstan enerji və ruh yüksəkliyi ilə dolu olan, dinamik bir vilayətdir. Bu vilayətin vəzifəli şəxsləri və görkəmli xadimləri gənclərə daha çox diqqət ayırsınlar!”
Göstərdiyi səylərə görə Höccətül-İslam vəl-muslimin Hüseyni Şahrudiyə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei iştirakçılardan onun salamını, ürəkdən gələn, səmimi sevgisini Kürdüstan camaatına çatdırmalarını xahiş etdi.
Görüşün əvvəlində vəli-fəqihin Kürdüstan vilayəti üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Seyid Məhəmməd Hüseyni Şahrudi Ali Məqamlı Rəhbərin vilayətə xeyir-bərəkət dolu səfərinin, dini hakimiyyətə ürəkdən bağlı olan, sədaqətli kürdüstanlılarla görüşünün üzərindən iki il ötdüyünü böyük sevgi və ehtiramla qeyd edərək dedi: “Vilayətin əhalisinin və vəzifəli şəxslərinin təqdirəlayiq birliyi, həmrəyliyi, məlumatlılığı və gözüaçıqlığı sayəsində Kürdüstan tərəqqi və quruculuq yolunda addımlayır. Düşmənin təfriqə yaratmaq üçün göstərdiyi bütün səylər, qurduğu bütün planlar puç olub”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!