Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasında xalqın rəyinə və istəklərinə ilk gündən ciddi diqqət yetirilib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Vilayətlər üzrə Ali Şuranın rəhbəri və üzvləri, habelə vilayət mərkəzlərinin bələdiyyə başçıları ilə bu gün səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhər və kəndlərdə fəaliyyət göstərən islami şuralar İran İslam Respublikasının iftixar mənbəyi olan, xalqın müxtəlif rəy və görüşlərinə, istəklərinə əsaslanan bir strukturdur. Xalqa xidmət etmək üçün həmrəylik, koordinasiya və müsbət rəqabətin lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Düşmənləri sevindirən, onlara hay-küy qaldırmaq üçün bəhanə verən, dostların isə narahatlığına səbəb olan istənilən addım qınanır və ondan çəkinmək lazımdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Fəaliyyətimizin nəticəsi həmkarlıq, birlik və həmrəylik olsa, sözsüz ki, bu, Uca Yaradanın bizə qarşı rəhmət və inayətini günü-gündən artıracaq”.  


“İslami şuraların təsis edilməsi olduqca mühüm, incə, strateji və dərin mənaya malik olan məsələlərdən biridir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Şəhər və kəndlərdə islami şuraların təsis edilməsi ilə bağlı maddələrin Konstitusiyada öz əksini tapması İran İslam Respublikası quruluşunun ölkənin idarəçiliyində müxtəlif rəy və görüşlərə, məsləhətləşmə və ortaq məxrəcə gəlinməsinə nə qədər diqqətlə yanaşdığını göstərir. Bu prinsip mürtəce və istibdadçı rejimlərdəki vəziyyətin tam əksini nümayiş etdirir”.      


Həzrət Ayətullah Xamenei dedi: “İran İslam Respublikasına qürur bəxş edən fakt budur ki, xalqın rəy və görüşlərinə, istəklərinə ilk gündən ciddi diqqət yetirilib”.


Şəhər və kənd islami şuralarının vəzifələri ilə bağlı mövcud olan fikirlərə toxunan Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Bu vəzifələrin müəyyən edilməsi üçün başlıca meyar Konstitusiyadır, Konstitusiyadakı maddələri şərh etmək səlahiyyətinə malik olan yeganə mənbə isə Keşikçi Şuradır”. 


Keşikçi Şuranın rəyinin hər zaman əldə yeganə əsas olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Şuralara gəlincə də, onların vəzifəsinin sırf nəzarət etmək olduğunu, yoxsa nəzarətlə yanaşı, müəyyən icra səlahiyyətlərinə də malik olduqlarını öyrənmək üçün meyar Keşikçi Şuranın rəyi olmalıdır”.


Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Əlbəttə, nəzarət üçün də elə bir mexanizm müəyyən etmək olar ki, həm icra funksiyasına malik olmasın, həm də effektsiz monitorinqə çevrilməsin”.


Şuraların ölkədəki əhəmiyyətli rolunu, bu strukturları qoruyub saxlamaq və gücləndirmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Şuralarla bağlı mühüm məqamlardan biri də budur ki, bu xalq qurumunda ölkədəki iqlim və adət-ənənə müxtəlifliyinin tələblərinə cavab vermək üçün zəmin mövcuddur”.   


“İslami şura və bələdiyyələrin ən mühüm vəzifələrindən biri də şəhər və kəndlərdə mədəniyyət sferası ilə əlaqəli məsələlərə ciddi diqqət yetirməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şəhər və kəndlərdə xalqa göstərilən xidmətlər, o cümlədən binaların inşası, küçə və prospektlərin salınması, onlara adların verilməsi, abadlaşdırma və dizayn işləri müasir nailiyyətlərə, İran memarlığına, xalqın dini əqidəsinə, sosial strukturuna və regiondakı iqlim şəraitinə uyğunlaşdırılmalıdır”.


İstiqlal və milli qürurun İslam Respublikası quruluşunun bariz xüsusiyyətlərindən biri olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Biz İslam dininin bərəkəti sayəsində öz iranlı kimliyimizi qoruyub saxlaya bilmişik və bu həqiqət şəhərlərdə aparılan bütün işlərdə, bütün xidmət sektorlarında  özünü göstərməlidir”.  


Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkənin inkişafına və gerçək nüfuza nail olmağın başlıca amili şəhər və kəndlərdə dindarlıq, dinə rəğbət atmosferinin qorunması və gücləndirilməsidir”.


İslami şuralar, habelə ölkədəki bütün qurumlar arasında birlik və koordinasiyanın vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İstənilən formada koordinasiyasızlıq və mənfi rəqabət ölkə üçün olduqca zərərlidir”.


İmam Xomeyninin (r.ə) meyarlarından birini – düşməni sevindirə biləcək istənilən addımın və işin qınanması prinsipini xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənin hay-küy və ajiotaj yaratmasına, dostların isə narahatlığına səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır”.


Görüşün əvvəlində Vilayətlər üzrə Ali Şuranın sədri cənab Çəmran ölkədə 110 000
insanın şəhər və kənd islami şuralarında, 31 vilayətdən 75 nəfərin isə Vilayətlər üzrə Ali Şurada üzv qismində təmsil olunmasının dini demokratiyanın çox gözəl təcəssümü olduğunu bildirərək dedi: “Şuraların hazırkı problemlərindən biri onların statusu və vəzifəsi məsələsidir ki, hələlik bu, nəzarət səviyyəsində müəyyən olunub”.


Şura və bələdiyyələrin digər probleminin davamlı maddi gəlir məsələsi olduğunu deyən cənab Çəmran bu arzusunu ifadə etdi ki, KİV, xüsusilə “Səda və Sima” Dövlət Teleradiosu islami şuralara, Vilayətlər üzrə Ali Şuraya daha diqqətli yanaşsınlar, məhkəmələr, Administrativ Ədalət Komitəsi, Baş Təftiş İdarəsi ilə şuralar arasında daha artıq koordinasiya əldə olunsun. 


Tehran şəhərinin bələdiyyə başçısı cənab Qalibaf da vilayət mərkəzi bələdiyyələrinin nümayəndəsi qismində çıxış edərək bələdiyyə strukturunun öhdəsinə düşən vəzifələrin sırf xidmətdən daha geniş və rəngarəng olduğunu bildirdi. O dedi: “Qanunsuz tikililərin qarşısının alınması, maliyyə şəffaflığı, genişmiqyaslı layihələrin həyata keçirilməsi, yerlərdə əməli işlərin görülməsi, ucqar və yoxsul regionların problemlərinin həllinə təşəbbüs göstərilməsi, xalqa bilavasitə hesabat vermək, informasiya texnologiyalarından istifadə, ekologiya və mədəniyyət sferası ilə bağlı məsələlərə diqqət yetirilməsi şəhər bələdiyyə başçılarının prioritetləridir”.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /