Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qeyrətli İran zəhmətkeşi öz əməyini ölkəsinin iqtisadi tənəzzülü üçün çalışanlara qarşı mübarizə hesab edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin dörd bir yanından gəlmiş fəhlə və zəhmətkeşlərlə görüşündə qeyd etdi ki, tərəqqi İran xalqının işıqlı və dəyişməz alın yazısıdır. O, zəhmətkeşliyin İslam dinində və rasional məntiqdə tutduğu yüksək mövqeyə toxunaraq dedi: “Bütün dövlət və qeyri-dövlət müəssisələrinin, habelə bütövlükdə xalqın “İqtisadi cihad” ilinin tələblərinə ciddi maraq göstərməsi böyük və vüqarlı İranımızda sıçrayışa səbəb olacaq”. 

Ümumdünya Zəhmətkeşlər Günü ərəfəsində baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər qeyd etdi ki, rasional məntiq aspektindən yanaşdıqda “zəhmət və zəhmətkeş insan” elementi fərdin və bütövlükdə cəmiyyətin həyat ehtiyaclarının təmin olunmasında əvəzsiz və olduqca mühüm bir bənddir.

Zəhmətin və zəhmətkeşlərin mövqeyini daha ətraflı açıqlayan Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Zəhmətkeş insanın İslam dinindəki statusu rasional məntiqdə olduğundan da yüksəkdir. Çünki dinimiz zəhmətkeş insanın əməyini ibadət, saleh əməl hesab edir. Peyğəmbər (s) zəhmətkeş insanın əlini Cəhənnəm odunun toxunmayacağı əl kimi qiymətləndirərək öpmüşdür”.

Həzrət Ayətullah Xamenei xalqın şah diktaturasına qarşı mübarizəsinin müsbət sonuclanmasında fəhlə ictimaiyyətinin oynadığı mühüm rolu xatırladaraq əlavə etdi: “İslam İnqilabının əvvəllərində də o dövrün solçu ünsürləri, yəni kommunistlər ölkənin fəhlə ictimaiyyətini İslam dininə, dövlətə qarşı qoymaq üçün çox çalışdılar. Lakin fəhlə və zəhmətkeşlər dinin çağırışını özləri üçün doğma və arzulanan bir çağırış hesab etdilər və bu məkrli planın əleyhinə çıxdılar”. 

Ali Məqamlı Rəhbər qeyd etdi ki, fəhlə və zəhmətkeşlərin Müqəddəs Müdafiədə, həmçinin müharibədən sonra səy, zəhmət və tərəqqi meydanında genişmiqyaslı iştirakı ölənin fəhlə ictimaiyyətinin İslam dininə, İslam İnqilabına və öz ölkəsinə – İrana qarşı nə qədər məsuliyyətli olduğunu göstərir. O dedi: “Qeyrətli və şərəfli İran zəhmətkeşi öz əməyini döyüş, mübarizə hesab edir, gərgin səylə, təşəbbüskarlıqla, İran insanının xarakterinə və istedadına uyğun tərzdə işləyərək imperializm dünyasına, ölkəsinin iqtisadi tənəzzülünü arzu edənlərə qarşı mübarizə aparır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dövlətin və rəsmilərin ümumi siyasəti “əmək” kontekstinə daxil olan elementlər arasında həmrəylik və səmimiyyət yaratmaq prinsipi üzərində qurulub. O həmçinin dedi: “Əlbəttə, ölkədə elələri var ki, fəhlələrə zülm edir, onların hüquqlarını pozurlar. Lakin İslam dövlətinin ümumi siyasəti fəhlələr, müəssisə rəhbərləri və rəsmi orqanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyə əsaslanır”.

Dövlətin fəhlə ictimaiyyətinin problemlərini həll etmək və şəraitini daha da yaxşılaşdırmaq üçün həyata keçirdiyi mühüm tədbir və layihələrə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə proqramlar hazırlamaq və tədbirlər görmək lazımdır ki, fəhlə ictimaiyyəti ölkənin uğurlu və maddi cəhətdən təmin olunmuş təbəqələrindən biri olsun”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei “İqtisadi cihad” ilinə toxunaraq dedi: “Düşmən mədəniyyət, təhlükəsizlik, siyasət və digər sferalarda səylərini davam etdirməklə yanaşı, İslam dininə və İslam Respublikasına qarşı mübarizəsini əsasən iqtisadiyyat üzərində mərkəzləşdirib ki, xalqla dövlət və rəsmilər arasında uçurum yaratsın. Buna görə də saf ilahi niyyət, dərrakə və gözüaçıqlıq kimi keyfiyyətlərə arxalanaraq var gücümüzlə düşmənlə mübarizə və cihada tələsməliyik”.

“İqtisadi cihad” ilində hər kəsin – dövlət, qeyri-dövlət sektorlarının və bütövlükdə xalqın öhdəsinə məsuliyyət düşdüyünü vurğulayan Ali Məqamlı Rəhbər fəhlə ictimaiyyətini işlərində qətiyyətli olmağa səsləyərək əlavə etdi: “İşi dəqiq, düzgün və sarsılmaz şəkildə yerinə yetirmək lazımdır”.

“İran istehsalı olan məsulların keyfiyyətinin yüksəldilməsi fəhlə ictimaiyyətinin və müəssisə rəhbərlərinin öhdəsinə düşən daha bir məsuliyyətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə etməliyik ki, İran istehsalı olan məhsullar iranlı və xarici istehlakçıların gözündə keyfiyyətli, davamlı və estetik cəhətdən gözəl bir məhsul olsun. Əlbəttə ki, dövlət strukturları bu hədəfin reallaşması üçün tələb olunan ön şərtləri, o cümlədən müxtəlif təcrübə və bacarıqların mənimsənilməsini təmin etməlidirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran insanının hünər və bacarığının  uğurlu çulğaşması  ölkədə istehsal olunan malların keyfiyyətinin yüksəlməsi üçün zəmin yarada bilər. O, əlavə etdi: “Ölkəmizdə istehsal olunan bəzi məhsullar xarici məhsullarla rəqabətə girməyə qadirdir, bəziləri isə analoji xarici məhsullardan dəfələrlə üstündür. Bu xüsusiyyət istehsal olunan bütün mallara – qida, tekstil və məişət texnikası məhsullarına nüfuz etməlidir”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da qeyd etdi: “Fəhlələrin, mühəndislərin və investorların əzmi sayəsində “daha yaxşı daxili məhsulun istehsalı” meydanını “Biz bacarırıq!” şüarının gerçəkləşdiyi bir meydana çevirməliyik”.

Bəzilərinin xarici məhsulun istehlakını özləri üçün bir növ “başucalığı və üstünlük” hesab etdiyinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Yad məhsullardan ötrü əldən-ayaqdan getmək, İran zəhmətkeşinin əməyinə biganə yanaşmaq bir xəstəlik, ölkənin pulunu və sərvətini xarici fəhlənin cibinə axıdan pis bir adətdir”.

“Daxili məhsulun istehlakı “İqtisadi cihad” ilində vacib olan məsələlərdən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın daxili məhsulu müsbət qarşılaması ilə yanaşı, bu məhsulların keyfiyyət göstəriciləri də qaneedici həddə çatdırılmalıdır”.

Cari ildə rəsmilərin öhdəsinə düşən vəzifələr haqqında danışan Ali Məqamlı Rəhbər yeni iş yerlərinin açılması və məşğulluğun təmin edilməsinin son dərəcə mühüm olduğunu bildirərək əlavə etdi: “Ölkənin hər yerində iqtisadi infrastrukturların qurulması, sənaye və kənd təsərrüfatı sahələrindəki problemlərə diqqət yetirilməsi də çox vacib məsələlər olmaqla yanaşı, Allah yolunda cihaddır”.   

Ali Məqamlı Rəhbər fəhlə və zəhmətkeşlər qarşısındakı çıxışının yekun qismini regionda gedən proseslərə və düşmənin İranla bağlı planlarının puç olmasına həsr etdi.

Bəşəriyyətə düşmən kəsilmiş imperializm maşınlarının daim İslam Respublikasına zərbə vurmağa çalışdıqlarını xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar istəyirdilər ki, İranı təcrid etməklə İslam dövlətinin – dinin və insanlığın bu şərəf, əzəmət simvolunun – başqa xalqlara ruh və stimul verməsinin qarşısını alsınlar. Lakin hal-hazırda – regionda möhtəşəm silsilə qiyamların həyata keçirildiyi bir vaxtda İran xalqı və İslam Respublikası həmişəkindən də çox xalqların diqqət və hörmət obyektinə  çevrilib. Amerika dövləti isə region xalqlarının gözündə ən mənfur dövlətdir”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da qeyd etdi: “Xalqların İslam yolunda hərəkatının və əzminin bərəkəti sayəsində regionun sabahı bu günündən dəfələrlə yaxşı olacaq!”

Düşmənlərin bütün planlarının puç olmasını, İran xalqının isə günü-gündən daha böyük uğurlar qazanmasını “ilahi vədlərin doğruluğunun əlaməti” adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Xalqımız, dövlətimiz və rəsmilərimiz fikirlərində Allahı tutaraq Allah yolunda səy və irəliləyişlərinə davam edirlər. Kəramətli Allah da öz fəzilət və rəhmətini daim bu xalqa nəsib edəcək!”      

Görüşün əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Şeyxül-İslami iqtisadiyyatın inkişafında və bu sferada dəyişikliklərin həyata keçirilməsində insan potensialının əvəzsiz rola malik olduğunu qeyd edərək dedi: “Fəhlələrin və müəssisə rəhbərlərinin nümayəndələri ilə əməkdaşlıq edən nazirlik məşğulluğun artırılması, işçi qüvvəsinin mühafizəsi, əmək və istehsalat hüquqlarının müdafiəsi məqsədilə “Layiqli əmək” adlı milli proqram layihəsini işləyib hazırlayaraq təsdiq etmiş, mövcud qanun və strategiyaların təkmilləşdirilməsi üçün müsbət addımlar atmışdır”.

Cənab Şeyxül-İslami əlavə etdi: “Gənclərin məşğulluğuna diqqət yetirilməsi, evdə iş imkanlarının genişləndirilməsi, nümunəvi əməkçilərin və müəssisə rəhbərlərinin ictimaiyyətə tanıtdırılması, “ədalət səhmləri”nin paylanması, fəhlələrin əlavə sığortasının həyata keçirilməsi, mənzil kreditlərinin və alış-veriş üçün kredit kartlarının verilməsi nazirlik tərəfindən həyata keçirilmiş, yaxud hal-hazırda görülən tədbirlər sırasındadır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /