İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əkinçilik, Su və Təbii Resurslar Komissiyasının sədri və komissiya üzvləri ilə görüşündə əhalinin ərzaq tələbatının ödənilməsi və məşğulluq probleminin həllində oynadığı rol baxımından əkinçilik sektorunu “ölkənin birinci dərəcəli problemi” adlandırdı. O dedi: “Parlament və hökumətin birgə səyləri nəticəsində qanunvericilikdə əkinçilik sektoru ilə bağlı boşluqların aradan qaldırılması, məsələyə genişmiqyaslı və hərtərəfli yanaşma əkinçiliyin statusunun yüksəlməsi və bu sahədəki problemlərin aradan qalxması üçün zəmin yarada bilər”.
Əkinçilik sektorunda ehtiyac duyulan qanunların qəbulunda parlamentin roluna işarə edən Ali Məqamlı Rəhbər dedi: “Təsdiq olunan hər bir qanun icra edilməsi üçün nəzərdə tutulur. Buna görə də qanunun icrasının nə dərəcədə mümkün olacağı ölkədə mövcud olan şərait və tələblərə, genişmiqyaslı, prinsipial və hərtərəfli yanaşmaya əsasən, əvvəlcədən nəzərə alınmalıdır”.
Əkinçilik sektorunda prinsipial yanaşmaya nail olmaq üçün parlament və hökumət arasında səmimi əməkdaşlığa ehtiyac duyulduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi dövrlərdə belə bir yanlış təsəvvür mövcud olub ki, hökumət və parlament hökmən ayrı-ayrılıqda fəaliyyət göstərməli, bu iki hakimiyyət qüvvəsindən hər biri öz müstəqilliyinin təminatını digərini inkar etməkdə görməlidir. Halbuki problemlər parlament və nazirlər kabinetinin müştərək fəaliyyəti sayəsində həll oluna bilər”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Sözsüz ki, Rəhbərlik parlamentdə təsdiqini tapmış qanunları dəstəkləyir və qanuna əməl olunmalıdır. Lakin parlament də qanunları təsdiq edərkən hökumətin ehtiyaclarını nəzərə almalıdır”.
Görüş əsnasında Ali Məqamlı Rəhbər əkinçilik sahələrinin vahid mexanizmdə birləşdirilməsi, texnikanın müasirləşdirilməsi yolu ilə istehsal xərclərinin azaldılması, elmi yanaşma sayəsində layihələrin inkişaf etdirilməsi kimi məsələləri vurğuladı.
Həzrət Ayətullah Xamenei subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi tədbirlərinə və əkinçilik sektoruna dövlət dəstəyi paketinin işlənib hazırlanmasına toxunaraq dedi: “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi haqqında qanunun icrası, doğrudan da, dövlətin böyük və cəsarətli addımlarından biridir. Bəzi çətinlikləri bəhanə edərək bu addımı zəiflətmək lazım deyil”.
Ali Məqamlı Rəhbər göstərdiyi səylərə görə Əkinçilik, Su və Təbii Resurslar Komissiyasına təşəkkürünü bildirməklə yanaşı, komissiya üzvlərinin elmi səviyyəsini və iş bacarığını yüksək qiymətləndirdiyini dedi. O, əlavə etdi: “Komissiya əkinçilik sektorundakı problemlərin prioritet ardıcıllığını müəyyənləşdirməklə bərabər, işlərin gedişini də ciddiyyət və əzmlə izləməlidir”.
Görüşün əvvəlində Əkinçilik, Su və Təbii Resurslar Komissiyasının sədri və iki nəfər komissiya üzvü rəy və görüşlərini bildirdilər, komissiyanın üzləşdiyi problemlər haqda danışdılar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!