Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İslami Təbliğat Komitəsinin və Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin sədrlərini və rəyasət heyəti üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qarşıdakı 5 il müddətinə Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin yeni sədrinin və rəyasət heyəti üzvlərinin təyin olunması barədə sərəncam verdi.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin möhtərəm rəyasət heyətinin səlahiyyət müddətinin başa çatmasını nəzərə alaraq, Höccətül-İslamlar cənab Məhəmmədcəfəri Gilani, cənab Seyid Həsən Rəbbani, cənab Seyid Əbülhəsən Nəvvab, cənab Əli Məhəmmədi Xorasani və cənab Hüseyn Rəhimiyanı, Qum Teoloji Mərkəzi rəhbərliyinin nümayəndəsini və Camiətül-Mustafanın rektorunu qarşıdakı 5 il müddətinə Sosial Dəstək Mərkəzinin rəyasət heyətinin üzvləri, heyət üzvü olan möhtərəm cənabların rəyini nəzərə alaraq Höccətül-İslam Seyid Həsən Rəbbanini isə mərkəzin sədri vəzifəsinə təyin edirəm.

Ümidvaram ki, Allahın lütfü sayəsində, Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin yeni sədri bu müəssisələrə aid olan mühüm mədəni sferalarda uzunillik rəhbərlik və xidmət təcrübəsinə malik olduğu üçün rəyasət heyətinə üzv olan möhtərəm cənabların düzgün rəylərindən, mərkəzdə çalışan məsuliyyətli rəhbər işçilərlə və mütəxəssis kadrlarla həmkarlıqdan faydalanaraq teoloji təhsil müəssisələrinə layiqli və effektiv xidmət edəcək və qurumu daha da zənginləşdirəcək.

Sonda ötən mərhələlərdə mərkəzin rəyasət heyətinin üzvü olmuş möhtərəm insanların, xüsusilə də cənab Qazinin (Allah ona rəhmət etsin!) çəkdiyi zəhməti yüksək qiymətləndirdiyimi bildirərək mərkəzin təsis olunduğu ilk gündən indiyə qədər öz çalışqanlığı və rəhbərlik səriştəsi sayəsində əziz ruhanilərə sosial xidmətin müxtəlif sahələrində başlıca infrastrukturları yaratmaq, lazımi tədbirlər görməkdə böyük səylər göstərmiş Höccətül-İslam Seyid Əbülhəsən Nəvvaba səmimi təşəkkür etməyi özümə borc bilirəm.

Seyid Əli Xamenei

23 bəhmən 1389


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmçinin ayrıca bir sərəncamla qarşıdakı 5 il müddətinə İslami Təbliğat Komitəsinin yeni sədrini və Qəyyumlar Şurasının üzvlərini təyin etdi.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslami Təbliğat Komitəsinin möhtərəm Qəyyumlar Şurasının səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Höccətül-İslamlar cənab Məhəmmədcəfəri Gilani, cənab Məhəmmədi İraqi, cənab Əhməd Vaizi, cənab Seyid Abbas Salehi, cənab Əbdülriza İzədpənah, cənab Həmid Parsaniya, cənab Əhməd Abidi, cənab Əlirza Əmini və cənab Əbdülhüseyn Xosrovpənahı, həmçinin Qum Teoloji Mərkəzinin rəhbərinin təbliğat işləri üzrə müavinini qarşıdakı 5 il müddətinə İslami Təbliğat Komitəsinin Qəyyumlar Şurasının üzvü, möhtərəm cənabların rəyini nəzərə alaraq Höccətül-İslam cənab Əhməd Vaizini isə komitənin sədri təyin edirəm. Ümidvaram ki, qurumun teologiya sahəsində dərin biliklərə malik, parlaq simalardan biri olan yeni sədri Qəyyumlar Şurasının üzvü olan möhtərəm cənabların dəyərli və yüksək təfəkkür qabiliyyətindən, Təbliğat Komitəsinin kollektivində çalışan peşəkar və məsuliyyətli kadrlardan yararlanacaq, teoloji mərkəzlərdəki məsuliyyətli, uzaqgörən və inqilabçı ziyalıları əməkdaşlığa daha artıq cəlb etməklə komitənin əsl İslam maarifinə (Quran və Əhli-Beytə) əsaslanan fikir və ideyaların ərsəyə gətirilməsi, müsbət funksional tədbirlərin həyata keçirilməsi baxımından uğurlu və daim yenilənən bir qurum kimi fəaliyyət göstərməsinə nail olacaq.          

Komitəyə uğurla rəhbərlik etdiyi 5 il ərzində çəkdiyi böyük zəhmətlərə, göstərdiyi unudulmaz səy və xidmətlərə görə Höccətül-İslam cənab Seyid Həsən Rəbbaniyə səmimi qəlbdən təşəkkür və qədirdanlıq ifadə etməyi özümə borc bilirəm.

Seyid Əli Xamenei

23 bəhmən 1389


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /