İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Daxili İşlər Naziri və Polis Qüvvəsinin yüksək vəzifəli rəsmiləri ilə bu gün günortadan sonra baş tutan görüşündə cəmiyyətdə asayiş və təhlükəsizliyin, xüsusən də əxlaqi-psixoloji asayişin təmin edilməsini polisin başlıca vəzifəsi adlandırdı. Xalqın mənəvi-psixoloji asayişinin qorunmasında KİV-in, mətbuatın, partiya nümayəndələrinin və cəmiyyətdə nüfuza malik insanların öhdəsinə ağır məsuliyyət düşdüyünü qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı ki, hazırda ölkədə asayiş və əmin-amanlıq şəraiti hökm sürür, xalqın ümumi əhval-ruhiyyəsi yüksəkdir. Buna görə də məsul şəxslər, siyasi liderlər və görkəmli mədəniyyət adamları, fəal mətbuat orqanları və saytlar elə fikirlər səsləndirməməli, elə yazılar dərc etməməlidirlər ki, bunlar ölkədə asayiş və təhlükəsizliyin pozulduğu, ikitirəlik yarandığı barədə təsəvvür oyatsın.
Bəzi aktual məsələlərlə bağlı ötən gün səsləndirdiyi fikirlərə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, bəzi qəzetlərin bu fikirlərə yanaşma tərzi ölkədə asayiş və təhlükəsizliyin yox, qütbləşmə və hərc-mərcliyin olduğu barədə təsəvvür oyatdı”.
Həzrət Ayətullah Xamenei üzünü yazarlara və cəmiyyətə səslənmək imkanına malik olan hər kəsə tutaraq dedi: “Cəmiyyətə gərginlik və münaqişə ab-havasının yaşandığını aşılayan sözlər danışmaq, yaxud bu tip yazılarla çıxış etmək lazım deyil. Çünki bu kimi fikirlər ölkədəki mövcud şəraitlə uyğun gəlmir”.
İmam Xomeyni (r.ə) dövründə rəsmilər və siyasi liderlər arasında mövcud olmuş bəzi fikir ayrılıqlarına toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “O dövrdə dahi lider dəfələrlə rəsmilərə müraciət edərək demişdi ki, iclaslarda nə istəsəniz danışın, amma bu söz-söhbətləri cəmiyyətə daşımayın. Çünki camaatın heç bir günahı yoxdur”.
Xarici KİV-in ölkədə rast gəlinən bəzi fikir ayrılıqlarını şişirtmək cəhdlərinə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Danışığımızdan, yaxud yazılarımızdan ixtilaf və ikitirəlik mənası çıxmamalıdır. Ortada fikir ayrılığı varsa da, xalqın gözü qarşısında üz turşutmaq, yadelli KİV-in əlinə bəhanə vermək lazım deyil”.
Xalqın yüksək və güclü əhval-ruhiyyədə olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Cəmiyyətimizdə mövcud olan asayiş, xalqın mətinlik və gözüaçıqlıqla öz amallarına doğru irəliləməsi yalnız və yalnız Uca Yaradanın lütfü, mərhəməti və qüdrəti sayəsindədir. Bu nemətin qədrini bilmək lazımdır”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei yeni ilin tətil günlərində, eləcə də il boyu göstərdikləri səylərə görə Polis Qüvvəsi sıralarında çalışan rəhbər işçilərə və sıravi kadrlara qədirdanlığını bildirərək dedi: “Camaat bu səy və xidmətləri görür və qiymətləndirir”.
“Polisin ən mühüm vəzifələrindən biri cəmiyyətdə asayişi, xüsusilə də əxlaqi-psixoloji asayişi təmin etməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Cəmiyyətdə mənəvi-əxlaqi asayişin mövcud olması o deməkdir ki, insanlar övladlarının cəmiyyətdə yolunu azacağından nigarançılıq keçirməsinlər”.
Cəmiyyətdə mənəvi-əxlaqi asayişin bərqərar edilməsi üçün vacib olan amillərdən biri də polisin daxilində əxlaqi aşınmalara qarşı müqavimət gücü yaratmaqdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Bu daxili müqavimətə yalnız Allahın mənəvi dəstək və mərhəmət ipindən ikiəlli yapışaraq nail olmaq mümkündür”.
Polis strukturunun vəziyyətində keçmişlə müqayisədə xeyli irəliləyişlər olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Strukturda çalışan yüksək vəzifəli kadrlar hazırkı səviyyə ilə kifayətlənməməli, zirvəyə yetişmək əzmində olmalıdırlar”.
Ali Məqamlı Rəhbər Daxili İşlər Nazirliyi və Polis Qüvvəsi arasında mövcud olan koordinasiyadan da məmnun qaldığını bildirərək bu koordinasiya və əlaqələrin əvvəlkindən də çox gücləndirilməsini istədi.
Görüş əsnasında Polisin Qüvvəsinin komandanı briqada generalı Əhmədi Moqəddəm çıxış edərək dedi: “Polis Qüvvəsinin qarşıya qoyduğu məqsədlər sırasında İslam dövlətində layiqli polis strukturunun yaradılması, elmin, ağılın və düşünülmüş tədbirlərin köməyi ilə geniş əhatəli və dayanıqlı bir “yumşaq güc” mexanizminin bərqərar edilməsi də yer alır”.
O həmçinin sosial məsələlərin və münasibətlərin mürəkkəb xarakter almasına, rabitə və kommunikasiya sferasında baş verən dəyişikliklərə toxunaraq dedi: “Polis Qüvvəsi yeni texnologiyalar sahəsində əldə etdiyi müsbət nailiyyətlər, habelə həyata keçirdiyi struktur, maddi-texniki və funksional dəyişikliklər sayəsində bütün sferalarda təhlükəsizliyi əhatəli və davamlı şəkildə gerçəkləşdirmək niyyətindədir”.
Görüşün əvvəlində Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!