Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zəhmət və xidmət kursunu daim dəstəkləyəcəyəm!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Fars vilayətində yaşayan minlərlə insanla görüşündə olduqca mühüm məsələlərə toxundu. Hazırda dünya və regionda müşahidə olunan həssas şəraiti analiz edən Ali Məqamlı Rəhbər islami oyanışa diqqət çəkdi, xalqa və bütün rəsmilərə birlik və həmrəyliyi qorumağı, durmadan işləyib çalışmağı, İslam dövlətinin düşmənlərinin əlinə bəhanə verməməyi tövsiyə edərək aşağıdakıları vurğuladı: “Bu gün üçlü hakimiyyət qüvvələri, xüsusilə dövlət, həqiqətən, çalışır, xalqa xidmət edir. Xalq və Rəhbərlik ölkədə zəhmət və xidmət kursunu daim dəstəkləyəcək. Lakin Rəhbərlik xalqın mənafeyinə xidmət edən böyük bir məsələyə hansısa məqamda məsuliyyətsiz yanaşıldığını hiss etsə, işə müdaxilə edəcək,  həyatda olduğu müddətdə İran xalqının uca amallara doğru əzəmətli hərəkatının düz yoldan zərrə qədər olsun sapınmasına heç vaxt imkan verməyəcək”.         

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dövlətinə edilən təzyiqlərin və bu dövlətin əleyhinə düşməncəsinə aparılan təbliğatın əsas səbəbi İran xalqının öz hüquqlarının müdafiəsində nümayiş etdirdiyi mübarizlik, bu xalqın region xalqları üçün örnəyə çevrilməsidir. O, əlavə etdi: “Bütün bu təzyiqlərə baxmayaraq, İslam dövləti möhkəm durub, heç kəsdən qorxub çəkinməyib. Məhz İslam dövlətinin bu mətinliyi onların qılıncının kütləşməsinə, qayalara çırpılmasına səbəb olub”.

“Xalq və hökumət İslam dövlətinin bu qayalar kimi möhkəm duruşunu qoruyub saxlamalıdır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “İmkan verməyin ki, aranıza ikitirəlik və uçurum düşsün, düşmənin öz təbliğatında və məkrli siyasətində qarşıya qoyduğu məqsədlər reallaşsın”.

Həzrət Ayətullah Xamenei son bir neçə gün ərzində Kəşfiyyat Naziri ilə bağlı baş verən olaylara toxunaraq dedi: “Xarici xəbər agentliklərinin o qədər də əhəmiyyət daşımayan bu insidentlərlə bağlı apardığı səs-küylü təbliğata fikir verin! Onlar öz təhlillərində deyirlər ki, İslam Respublikasında ikitirəlik, ikiqütblü hakimiyyət yaranıb, prezident Ali Məqamlı Rəhbərliyin sözünü qulaqardına vurub”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənlərin son günlər ərzində apardığı təbliğat onların bəhanə arxasınca gəzdiyini, hücum etmək üçün ac qurd kimi necə pusquda durduğunu göstərdi.”    

Ali Məqamlı Rəhbər hökumət nümayəndələrinin və şəxsən ölkə prezidenti Əhmədinejadın, həqiqətən də, ölkəyə xidmət etdiyini vurğulayaraq dedi: “Xalq və Rəhbərlik zəhmət və xidmət kursunu daim dəstəkləyir. Meyar isə ayrı-ayrı şəxslər deyil. Əsas meyar zəhmət və xidmət kursudur”.

Vəzifə və səlahiyyətlərin Konstitusiya ilə müəyyən olunduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəhbərlik heç vaxt dövlətin işlərinə və qəbul etdiyi qərarlara müdaxilə etmək niyyətində olmayıb; yalnız bir hal istisnadır: hansısa məqamda xalqın və ölkənin mənafeyinə məsuliyyətsiz yanaşıldığını hiss edə”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “O qədər də əhəmiyyət kəsb etməyən son olayda da ölkənin və xalqın böyük bir mənafeyinə məsuliyyətsiz yanaşıldığı hiss olundu”.

Hökumət nümayəndələrinə və ölkəyə can yandıran insanlara hərc-mərclikdən, biri-birinin əleyhinə mənasız fikirlər səsləndirməkdən çəkinməyi, yadelli təbliğatlar üçün zəmin yaratmamağı tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “İslam dövləti qüdrətli bir rejimdir, Ali Məqamlı Rəhbərlik də öz düzgün mövqeyi üzərində möhkəm durub”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nə qədər ki mən sağam və əlimdə səlahiyyət var, İran xalqının uca amallara doğru əzəmətli hərəkatının düz yoldan zərrə qədər belə olsun sapınmasına imkan verməyəcəyəm!” 

“Nə qədər ki xalq yüksək əhval-ruhiyyə, stimul, gözüaçıqlıq və böyük əzmlə meydandadır, Allahın lütfü də ona şamil olunacaq” – deyə vurğulayan Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Rəsmilər şəxsi məsələlərin arxasınca düşsələr və əsas hədəfləri yaddan çıxarsalar, Tanrının yardımı da azalacaq”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün xalqdan əlavə, üçlü hakimiyyət qüvvələrini təmsil edən rəsmilər də iş, zəhmət və mücahidə meydanında – öhdələrinə düşən ağır vəzifələrə əməl etməkdədirlər”.

Cari ilin “İqtisadi cihad” ili adlandırıldığına toxunan Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Bütün xalq və rəsmilər əl-ələ verməlidirlər ki, bu hərəkata başlansın. Çünki hər yeni ilə yeni bir ad verilməsi seçilən şüara və hədəfə doğru irəliləyişə başlamaq üçün zəmin yaratmaq məqsədi daşıyır”.         

Üçlü hakimiyyət qüvvələri başçılarının və rəsmilərin qüsursuz olmadıqlarını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Daim Allaha sığınmalı, öz qüsurlarımızı dərk edib azaldaraq İran xalqının irəliyə doğru yolunda əngəl törətməməliyik”.

Ali Məqamlı Rəhbər çıxışı əsnasında regionda baş verən dəyişikliklərə də toxunaraq dedi: “Bu gün İslam dininin və İslam İnqilabının bərəkəti sayəsində regionda ümumi islami oyanış baş qaldırıb və sözsüz ki, bu oyanış indiyə qədər bəzi yerlərdə olduğu kimi, hər yerdə istənilən nəticəni verəcək”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Camaatın fədakarlıq üçün əzmi, imanı və mənəvi hazırlığı nə qədər artsa, qələbə ehtimalı bir o qədər böyükdür”.

Regionda gedən dəyişikliklərin Amerika, Avropa və İsrail üçün gözlənilməz olduğuna və onları çaşqın vəziyyətə saldığına toxunan Ali Məqamlı Rəhbər dedi: “İmperialist dövlətlər regionda gedən dəyişiklikləri ələ alaraq kontrol altında saxlamaq üçün əllərindən gələni edirlər. Lakin bu islami oyanış sona çatmayacaq, irəliyə aparan bu hərəkatın geriyə yolu olmayacaq!” 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu hərəkatın sonucu və gələcəyi region xalqlarının xeyrinə olacaq. Lakin onlar tam ayıq-sayıq və ehtiyatlı olmalıdırlar, çünki düşmən bu hərəkatı yolundan sapındırmaq üçün pusquda oturub”. 

Bəhreyn, Yəmən  və Liviya xalqlarına açıq-aşkar zülm olunduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Regionda, xüsusən bu üç ölkədə baş verən hadisələr haqqında vicdanla mühakimə yürütdükdə aydın olur ki, Qərb dövlətləri camaata zülm ediblər, bağışlanmaz müqəssir və cinayətkardırlar”.

Amerika və Qərbin region xalqlarına etdiyi zülmün başlıca səbəbkarının qondarma İsrail dövləti olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Regionda baş verən hazırkı dəyişikliklərdə ən çox Bəhreyn xalqına zülm olunub”.

Qərbin İran əleyhinə apardığı geniş təbliğata toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası haqlı mövqe seçdiyinə və onu çəkinmədən elan etdiyinə görə Qərb dövlətləri bütün təbliğat hücumlarını İrana tərəf yönəldiblər”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “İmperialist dövlətlərin arzuladığının əksinə olaraq, İran İslam Respublikası regionda gedən dəyişikliklərə qarşı biganə seyrçi mövqeyi tutmur. İran xalqı, dövləti və siyasi liderləri imperialistlərin etdiyi bu zülmkarlıqlar qarşısında seyrçi rolunda çıxış etməyəcəklər!”

İranın region xalqlarının işinə müdaxilə etməsi ilə bağlı iddialara toxunan Ali Məqamlı Rəhbər bu fikrin əsassız olduğunu deyərək əlavə etdi: “İran İslam Respublikası öz mövqeyini açıq-aşkar bəyan etməkdən savayı Bəhreyn, Yəmən və Liviyaya nə müdaxilə edib?”

Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “İran İslam Respublikası özünün haqlı və açıq-aşkar mövqeyini bəyan etməkdə dünyanın saxta qüdrətli dövlətlərinin qaşqabağından heç vaxt çəkinməyib və çəkinməyəcək, heç onların rəyini də nəzərə almayacaq!”  

Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Bəhreyn xalqının etirazları yerində və haqlıdır. Bəhreyn camaatının vəziyyəti, bu ölkədəki hakimiyyət quruluşu, hökumət başçılarının hakimiyyətdən istifadə metodu haqda sağlam düşüncəli bir insana danışsan, sözsüz ki, Bəhreyn hökumətinin davranışına haqq qazandırmaz və onu qınayar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəhreyn hökumətinin xalqın qarşısını almaq üçün etdikləri yanlışdır, çünki belə addımların xalqın aqressiyasını artırmaqdan, konflikti qızışdırmaqdan başqa heç bir faydası yoxdur. Xalqın qəzəbi yenidən elə bir anda baş qaldıra bilər ki, hökumətin əlindən heç bir iş gəlməz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Bəhreyn hökumətindən başqa, xaricdən bu ölkəyə hərbi qüvvə göndərənlər də səhvə yol veriblər.

“Liviyada baş verənlər imperialist dövlətlərin camaata etdiyi zülmə daha bir nümunədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərblilər Avropanın yaxınlığında yerləşən və neftlə dolu olan Liviyada xalqın və dini hökumətin hakimiyyətə gəlməsini istəmirlər. Buna görə də Liviya xalqı ilə siyasi oyun oynamaq fikrindədirlər. Lakin xalq qərblilərin bu siyasətinin fərqinə varıb”.

Regionda baş verən son olayların əsl günahkarının dünya imperialistləri və beynəlxalq sionist şəbəkəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar hazırkı şəraitdən istifadə edərək Qəzza əhalisinə təzyiq göstərir və hər gün insanları şəhid edirlər. Regiondakı xalqlar və dövlətlər İsrail rejiminin əməllərini nəzərdən qaçırmamalıdırlar! ”

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər Fars vilayətində, xüsusən də Şirazda yaşayan əhalinin, buranın ruhani alimlərinin mübarizə, cihad, dindarlıq, elm, ədəbiyyat, siyasi-ictimai problemlər sferasında görkəmli rola və parlaq tarixi keçmişə malik olduqlarını deyərək əlavə etdi: “Fars vilayətinin əhalisi daim qabaqcıllar sırasında olub. Bu vilayət, doğrudan da, bir zirvədir!”

Həzrət Ayətullah Xamenei bildirdi ki, Fars vilayəti əhalisinin Əhməd ibn Musanın (ə) və o həzrətin qardaşlarının hərəminə günü-gündən daha artıq sevgi və ixlas nümayiş etdirməsi, həmçinin Müqəddəs Müdafiə illərində 14 600 şəhid verməsi bu diyarın əhalisinin dindarlığına və fədakarlığına bariz nümunədir. Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Xalqların inkişaf və tərəqqisinin əsas sirri onların öz haqq sözləri üzərində möhkəm durmasındadır. İran xalqı seçdiyi yolun üstündə möhkəm durması sayəsində nəinki təkcə müxtəlif sferalarda günü-gündən artan inkişaf və tərəqqiyə nail olmağı, hətta başqa xalqlara da nümunə olmağı bacarıb”.              

Görüş əsnasında vəli-fəqihin Şirazdakı nümayəndəsi və şəhərin imam-cüməsi Höccətül-İslam vəl-muslimin İmani çıxış edərək üçüncü Əhli-Beyt (ə) hərəminin Şirazda yerləşməsini, bu torpaqdan böyük ruhani alimlərin çıxmasını, vilayət əhalisinin ölkədə həyata keçirilən islami hərəkatda və İslam İnqilabının qələbəsindən sonra oynadığı rolu, Müqəddəs Müdafiə illərində 14 600 şəhid verməsini Fars vilayətinin dindar, şerə-sözə qiymət verməyi bacaran insanlarının diqqətəlayiq xüsusiyyətləri sırasında sadaladı. 

Keşikçi Korpusun Fars vilayətində yerləşən hərbi birləşmələrinin komandanı briqada generalı Qeybpərvər də çıxış edərək Fars vilayətinin şəhid komandirlərinə və 14 600 şəhidinə həsr olunmuş qurultay haqqında məlumat verdi. 



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!
 
700 /