İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İslam İnqilabının Arxiv İdarəsinin rəhbər işçiləri və idarədə çalışan tədqiqatçılarla görüşündə qeyd etdi ki, İslam İnqilabının tarixinin onun ilhamverici, effektiv dalğaları nöqteyi-nəzərindən dəqiq və düzgün araşdırılaraq yazıya alınması olduqca əhəmiyyətli və vacibdir. O, vurğuladı: “İslam İnqilabının tarixi yazılarkən başlıca olaraq, yüksək keyfiyyətə, habelə İslam İnqilabı və onunla bağlı məsələlər haqqında dəqiq məlumatı olmayan milyonlarla gənc nəsil auditoriyasına önəm verilməlidir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, tarixi mövzuda yazılan əsərlər oxucu auditoriyasında, xüsusilə gənclərdəki təcrübə boşluğunu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. O, əlavə etdi: “Tarixin düzgün formada tədqiqi və yazıya alınması insanların müəyyən təcrübə toplamasına, cəmiyyətin məlumatının artmasına səbəb olacaq”
Ali Məqamlı Rəhbər müasir tarixə aid olan və bolluca təcrübə toplamaq imkanı verən hadisələrə nümunə kimi, Məşrutə inqilabına toxunaraq dedi: “İran İslam İnqilabı kimi, Məşrutə inqilabının da təzahür etməsinin səbəbi xalqın fikirləri, ideyaları, amalları və istəkləri idi. Canından keçməyə hazır olan xalq ruhanilərin rəhbərliyi ilə meydanlara çıxdı, amma təəssüf ki, bu inqilab ingilislərin əli ilə düz yoldan sapındı və bundan 15 il sonra xaricdən asılı olan Rzaxanın “qara diktatura”sı hakimiyyətə gəldi.
Həzrət Ayətullah Xamenei Məhəmmədrza Pəhləvi dövründə baş vermiş acı hadisələrin də kökünün Məşrutə dövrünə, xalqın inqilabının yanlış istiqamətə çevrilməsinə gedib çıxdığını qeyd edərək aşağıdakıları vurğuladı: “Məşrutə inqilabı xarakteri baxımından İslam İnqilabı ilə eyni olsa da, İran İslam İnqilabının məna aspektləri ondan daha yüksək və dərindir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz bu səbəbdən, həmçinin cəmiyyətin siyasi intellektinin, beynəlxalq əlaqələrin və xalqın möhtəşəm oyanışının artması baxımından İran İslam İnqilabının tarixinin işlənməsi digər tarixi tədqiqatlardan çox fərqlidir”.
Həzrət Ayətullah Xamenei belə bir əzəmətli inqilabın tarixini araşdırıb qələmə alarkən işin keyfiyyətinə ciddi diqqət yetirmək lazım olduğunu vurğulayaraq dedi: “İslam İnqilabının tarixi qələmə alınarkən dil, mövzuların işlənməsi və təqdimatı, prioritet mövzuların müəyyən edilməsi baxımından keyfiyyətə ciddi önəm verilməlidir”.
Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Mövzular oxucunu qane edəcək formada işlənməlidir”.
İslam İnqilabının gedişində diqqət çəkən prioritet məsələlərin xronologiyasını əks etdirən cədvəlin hazırlanmasının da zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilab tarixinin işlənməsi prosesində oxucu auditoriyasının nəzərə alınması da əhəmiyyətli məsələlərdən biridir. Belə ki bu tarixin əsas oxucu auditoriyası İslam İnqilabının gedişində baş vermiş hadisələr, detallar, inqilabın motivləri və nəticələri haqda məlumatı olmayan gənc nəsildir”.
Ali Məqamlı Rəhbər İslam İnqilabı mövzusunda yazılan tarixi əsərlərin daha bir oxucu auditoriyasının başqa ölkələrin xalqları olduğunu bildirərək dedi: “Əksər hallarda dünya xalqlarının İran İslam İnqilabının tarixi ilə bağlı dəqiq məlumatı olmur. Halbuki dünyada baş vermiş digər inqilablar haqda çoxsaylı və olduqca maraqlı kitablar, romanlar yazılıb, tərcümə olunub”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabının Arxiv İdarəsinin inqilabi mövzuda əsərlər yaradan yazıçılar, incəsənət xadimləri və sənədli film müəllifləri ilə əməkdaşlıq etməsinin vacibliyini də vurğulayaraq əlavə etdi: “Bu gün ölkədə inqilab mövzusunda bədii və sənədli filmlər çəkən, romanlar yazan bir çox insanlar var ki, onlara iş üçün dəyərli material verilməlidir”.
Ali Məqamlı Rəhbər virtual aləmin imkanlarından istifadənin də əhəmiyyətli olduğunu vurğulayaraq dedi: “Mötəbər və istiqamətverici sənədlərin virtual məkanda yerləşdirilməsi yazıçı və tədqiqatçıların çoxuna layiqli töhfə ola bilər”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabının tarixi ilə bağlı şifahi xatirələrin yazıya alınması məsələsinə də toxunaraq dedi: “Tarixin şifahi xatirələrə əsasən qələmə alınmasının bəlalı nəticələrindən biri də bugünkü qeyri-real, təhrif olunmuş fikirlərin nəzərdə tutulan tarixi mərhələ ilə bağlı gerçək fikirlərin yerini tutmasıdır”.
Görüşün əvvəlində İslam İnqilabının Arxiv İdarəsinin rəisi Höccətül-İslam vəl-muslimin Hüseyniyan çıxış edərək dedi: “İdarəmizin tədqiqatçıları İslam İnqilabının tarixini öyrənməyə, bu əzəmətli hadisəni heç bir təhrif və dəyişikliyə yol vermədən təsvir etməyə çalışırlar”.
Höccətül-İslam vəl-muslimin Hüseyniyan rəhbərlik etdiyi qurumun təqdim olunan işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində göstərdiyi səylərə toxunaraq əlavə etdi: “Ümidvarıq ki, alim və tədqiqatçılarımızın daha gərgin əməyi sayəsində, idarəmizin ortaya qoyduğu işlər elmi ictimaiyyətimiz və gənclərimiz üçün dəyərli mənbəyə çevriləcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!