İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hərbi və polis qüvvələrinin bir qrup yüksək çinli qulluqçusu və rəsmi şəxsləri ilə bu gün baş tutan görüşü zamanı belə bir fikir səsləndirdi ki, yaşanan günlərin, illərin, habelə xalqların həyata keçirdiyi hərəkatların mübarək olması, xeyir-bərəkət gətirməsi insanların Allaha təvəkküllə yanaşı, enerji dolu, yorulmaq bilməyən əmək və çalışqanlıq, novatorluq, kreativlik və uzaqgörənlik nümayiş etdirməsindən asılıdır. O vurğuladı: “Bu gün regionumuzda başlamış mübarək hərəkat İran xalqının mübarizliyinin, böyük əzm və şücaətinin, öz gücünü, iradəsini və ruh yüksəkliyini meydana çıxarmağın bəhrələrindən bir qismidir və regionu gələcəkdə daha böyük dəyişikliklər gözləyir”.
Ali Məqamlı Rəhbər canlanma, inkişaf və yüksəlişlə müşayiət olunan bahar fəslinin və Novruz bayramının özəlliklərindən danışaraq dedi: “İnsanlar da təbiət aləmi ilə harmoniyaya girə, bu fürsətdən inkişaf etmək, yüksəlmək, çalışmaq, yeniliklər etmək və təşəbbüs göstərmək üçün istifadə edə bilərlər”.
İlahi hədəflərə doğru irəliləməyin və Allahın yardımına inanmağın inkişaf və yüksəliş üçün zəmin yaratdığını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allaha inanmaq və ümid bəsləmək, çətinliklərin qarşısında ruhdan düşməmək, hadisələrə uzaqgörənliklə və tarixin prizmasından yanaşmaq inkişaf və irəliləyişin sirridir. Bu əhval-ruhiyyəni, bu psixologiyanı əvvəlkindən də çox gücləndirmək lazımdır”.
İslam İnqilabının qələbəsini, İran xalqının çətinlik və təzyiqlər qarşısında müqavimətini “inkişaf və yüksəlişlə müşayiət olunan hərəkata nümunə” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Demək olar, dünyanın bütün siyasi analitikləri etiraf edirlər ki, Orta Şərq regionunda və Şimali Afrikada gedən hazırkı proseslər İran xalqının inqilabından qaynaqlanır”.
İran İslam İnqilabının qələbəsinin regional, eləcə də beynəlxalq siyasi tarazlığın dəyişilməsinə, o cümlədən Fələstin məsələsinə və imperializmin təntənəli obrazının dağıdılmasına göstərdiyi təsirlərdən danışan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Regionda gedən hazırkı proseslər tədricən bir yerə toplanmış stimul, ideya və qərarların hal-hazırda özünü büruzə vermiş nəticəsidir. Bunun özü də İran xalqının müqavimətindən və sabitqədəmliyindən, İslam qanunları əsasında idarə olunan İranda inkişafın müsbət əlamətlərinin müşahidə olunmasından irəli gəlir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam İnqilabı pak bir ağaca bənzəyir ki, onun 32 illik mübarizə və müqaviməti öz bəhrələrini milli qürur, İslam dövlətinin siyasi başucalığı, elm və iqtisadiyyatın müxtəlif sferalarında irəliləyiş və yeniliklər, hegemon dövlətlərdən qorxub-çəkinməmək formasında vermiş və hal-hazırda region xalqları üçün örnəyə çevrilmişdir”.
“Nüvə məsələsi ətrafında baş vermiş olaylar İran xalqının mübarizliyinə nümunədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nüvə olayında imperialist dövlətlər bütün siyasi, təbliğat və iqtisadi imkanlarını səfərbər edərək çalışdılar ki, ajiotaj yaratmaq, təzyiq və sanksiyalar yolu ilə İran İslam Respublikasının bu məsələdən vaz keçməsi üçün zəmin yaratsınlar. Lakin aradan 8 il ötdükdən sonra – hal-hazırda müsəlman İranı imperializmin bütün təzyiq və səylərinə qələbə çalıb, nüvə məsələsində diqqətəlayiq irəliləyiş əldə etməklə yanaşı, iradə savaşında dünyanın ən böyük dövlətlərindən güclü olduğunu göstərib”.
Ali Məqamlı Rəhbər bunu da vurğuladı: “İran imperialist dövlətlərə qarşı 32 illik savaşda nəinki təkcə onların qlobal zülm maşınına təslim olmadı, hətta müəyyən qədər irəli də getdi və hal-hazırda başda Amerika olmaqla qarşı tərəf ötən illərə nisbətən daha zəif və sınmış vəziyyətdədir”.
Çıxışının digər qismində Ali Baş Komandan Silahlı Qüvvələrə ruh yüksəkliyini daha da gücləndirməyi, daim işləyib-çalışmağı və mövcud imkanları düzgün nizamlamağı tövsiyə edərək dedi: “Silahlı Qüvvələrdə müsbət bir irəliləyişə başlanıb. Bu irəliləyiş daha da böyük sürət, dinamiklik və ruh yüksəkliyi ilə davam etdirilməlidir”.
Silahlı Qüvvələrdə səmərəli əməkdaşlığın, hərbi bilik, təşkilatçılıq, döyüş hazırlığı və müdafiə avadanlıqlarının səviyyəsini əvvəlkindən də artıq yüksəltməyin zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İran İslam Respublikasında Silahlı Qüvvələr xalqı qoruyan bir sədd, qaladır və bu qala daim möhkəm olmalıdır”.
Görüş əsnasında Bəsici general-mayor, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Doktor Firuzabad Silahlı Qüvvələrdə ötən il ərzində görülmüş işlər haqqında məlumat verərək dedi: “Görülən işlər sırasında hərbi qüvvə və təşkilatların kompleks planının təqdim olunmasını, müxtəlif bölmələrin, o cümlədən dəniz donanması və aero-kosmik qüvvələrin müdafiə qabiliyyətinin və döyüş hazırlığının yüksəldilməsini, “Orduda dəyişiklik” layihəsinin icrasındakı müsbət irəliləyişi qeyd etmək olar”.
Cənab Firuzabad qeyd etdi ki, Silahlı Qüvvələrin 1390-cı ildə qarşıya məqsəd qoyduğu başlıca proqramlar sırasında təşəbbüskar və kreativ strategiyalar ətrafında birləşmək, şəxsi heyətin hərbi biliklərinin, informasiya texnologiyalarının səviyyəsinin yüksəldilməsi, “V inkişaf planı” başa çatana qədər “Bəsic Təşkilatının fəaliyyət proqramlarının gücləndirilməsi” layihəsi əsasında müdafiə sənayesində dəyişikliklərin həyata keçirilməsi yer alır.
Görüşün sonunda Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!