Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis, texnik və fəhlələr, habelə məntəqədə yaşayan möhtərəm şəhid ailələri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yeni ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq dedi: “İran xalqı dünyanın zalım və hegemon dövlətləri qarşısında 32 il müqavimət göstərib. Bu cihad və mübarizə iqtisadi müstəvidə daha da kompleks surətdə, ciddi və strateji formada davam etdiriləcək”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin müdafiə, elm və siyasət arenalarında ardıcıl inkişafının sirlərindən biri də İran xalqının cihad mədəniyyəti ilə tanışlığı və bu mədəniyyətə səmimi qəlbdən bağlılığıdır. O, əlavə etdi: “İqtisadi cihadın iqtisadiyyat sahəsində gərgin əməkdən fərqi budur ki, iqtisadi cihad qarşı tərəfdə ölkənin inkişafının əleyhinə olan düşmənin varlığını dərk etmək deməkdir və bu, əslində, elə bir mübarizədir ki, ondan həm xalqın hər bir üzvünün, həm də vəzifəli şəxslərin öhdəsinə pay düşür”.
Düşmənin İran xalqının inkişaf və tərəqqi yolunda əngəllər törətməyə çalışdığını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Cənubi Pars məntəqəsində həyata keçirilmiş bu möhtəşəm iş də, bir növ, Allah yolunda iqtisadi cihaddır. Çünki İslamı və Haqqın sözünü göylərə ucaltmaq, İran xalqının nüfuz və tərəqqisini artırmaq niyyəti ilə görülmüşdür”.
Cənubi Pars məntəqəsində həyata keçirilən istehsal və inkişaf layihələrində çalışan bütün mütəxəssislərə və fəal kadrlara təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei dedi: “Cihad əzmi ilə görülən bu cür işlər elmi əsaslı istehsala söykəndiyi üçün ölkənin stabil inkişaf və yüksəlişinin qarantı ola bilər”.
“İran xalqının son 32 il ərzindəki ardıcıl və fasiləsiz inkişafı Allahın verdiyi labüd vədin – “Allah yolunda cihad edənlər qələbə qazanacaqlar” vədinin gerçəkləşməsinin əlamətidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqımız və müxtəlif sahələrdə çalışan vəzifəli şəxslər bu il var qüvvələri ilə Allah yolunda iqtisadi cihad və mübarizəni həyata keçirəcək, Allah-Taala da bu mübarizəyə bərəkət bəxş edəcəkdir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bütün dərd və problemlərə əlac etməyin yolu gənc nəslin istedadına, öz güc və bacarığına arxalanmaq, yadlara ehtiyac duymamaq, yalnız xalqın coşub-daşan iradəsindən kömək gözləməkdir. İqtisadi cihad və mübarizənin mahiyyəti haqqında daha geniş danışan Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Düzgün istehlaka diqqət yetirmək, israfçılıqdan və lüzumsuz yerə sağa-sola pul xərcləməkdən çəkinmək, “Allah naminə əmək və səy” mədəniyyətini formalaşdırmaq və bu nicatverici mədəniyyəti gənclərə aşılamaq, ədalət və tərəqqi yolunda çalışmaq, xalqın problemlərini həll etmək, ehtiyaclarını aradan qaldırmaq uğrunda durmadan səy göstərmək İran xalqının və vəzifəli şəxslərin “İqtisadi cihad” ilində hamılıqla həyata keçirəcəyi kompleks cihadın komponentləridir”.
“İran xalqının İslamın və İranın düşmənlərinə qalib gəlməsinin həmişəki sirri onun söz birliyi, həmrəyliyi, həmkarlığı, qardaşlıq və hamılıqla çalışma duyğusudur” – deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İran xalqı nüfuz və əzəmətini yüksəltmək yoluna əvvəlki kimi davam edəcək!”
Cənubi Pars məntəqəsində həyata keçirilən layihələrlə yaxından tanış olmasından məmnunluğunu bildirən Həzrət Ayətullah Xamenei neft və qaz sahəsində dərin elmi araşdırmaların vacibliyini vurğulayaraq əlavə etdi: “Bu möhtəşəm işlər göstərir ki, güc və bacarıq hissi İran xalqının başlıca sərmayəsidir. Bu əhval-ruhiyyədə köklənmiş xalqımız qarşıya məqsəd qoyduğu istənilən işi həyata keçirəcək”.
Neft və qazı “İran xalqının ümumi sərvəti” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Tərəqqi və yüksəliş zirvələrinə yetişmək üçün ölkəmizin başlıca və möhtəşəm sərmayəsi bu hədəfə çatmaqda maraqlı olan, istedadlı və bacarıqlı insan potensialıdır”.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər bunu da qeyd etdi ki, Buşəhr əhalisinin tarixi keçmişi milli istiqlal və nüfuz yolunda gərgin səylərlə doludur. O, əlavə etdi: “Xoşbəxtlikdən, ölkəmizdə ümumilikdə əmək, səy və həmrəylik atmosferi vardır və İran xalqı heç vaxt yaddan çıxarmayacaq ki, inkişaf etmək, yüksəlmək kimi tarixi bir şans ona şəhid və veteranların çəkdiyi əziyyət, etdiyi fədakarlıqlar sayəsində verilmişdir”.
Görüşün əvvəlində Vəli-fəqihin vilayət üzrə nümayəndəsi və Buşəhrin imam-cüməsi Ayətullah Səfayi Buşəhri Ali Məqamlı Rəhbəri salamlayaraq dedi: “Buşəhr vilayəti iqtisadi cihadın mühüm meydanlarından biridir və vilayət sakinləri cihad və mübarizənin digər meydanlarında olduğu kimi, bu meydanda da birlik, gərgin əmək və ciddiyyətlə uğur qazanacaqlar”.
Neft Naziri cənab Mirkazimi də Ali Məqamlı Rəhbəri neft sənayesində çalışan kadrların adından bir daha salamlayaraq bunları əlavə etdi: “Neft sənayesi sahəsində çalışan həmkarlarım bütün səylərini ədalət və tərəqqi yolunda qarşıya qoyulmuş başlıca hədəflərə doğru irəliləməyə yönəldiblər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!